post-title

Seymur Baycan: Təxəyyül çatışmazlığının fəsadları haqqında

“Əgər mən lap əvvəldən yanılmışamsa, bunu nə qədər tez etiraf etsəm, o qədər yaxşıdır, çünki mənim bu səhvimin qurbanı ola biləcək insanlara görə məsuliyyət daşıyıram. Bu məsələdə eqoizm insana mane olmamalıdır”. Andre Jid, “SSRİ-dən qayıdış” əsərindən

“Əgər mən lap əvvəldən yanılmışamsa, bunu nə qədər tez etiraf etsəm, o qədər yaxşıdır, çünki mənim bu səhvimin qurbanı ola biləcək insanlara görə məsuliyyət daşıyıram. Bu məsələdə eqoizm insana mane olmamalıdır”.

Andre Jid, “SSRİ-dən qayıdış” əsərindən

 

Dəqiq tarix yadımdan çıxıb, təxminən iki-üç il əvvəl hörmətli Mirmehdi Ağaoğlu Alim Qasımovdan geniş müsahibə almışdı. Müsahibənin girişində Mirmehdi Alim Qasımova babat bəy tərifi vurmuşdu. Bu bəy tərifinə görə aramızda qızğın mübahisə baş vermişdi. Müsahibənin girişindəki yersiz bəy tərifini nəzərdə tutaraq ona demişdim ki, ağıllı, savadlı, istedadlı adamsan, sən Alim Qasımovun ucuz hoqqalarına, saxtakarlığına, səydəş gedişlərinə, guya buludlarla, ruhlarla əlləşməsinə, guya dərvişlik, zahidlik eləməsinə necə heyran ola bilərsən?

Tam ciddi və tam səmimi deyirəm, insanların Alim Qasımovun saxtakarlığına, ucuz hoqqalarına, səydəş gedişlərinə heyran olmaqlarını, Alim Qasımovun saxtakarlığını görə bilməmələrini başa düşmək doğrudan da mənim üçün çətindir. Yaxşı, adi adamların bu saxtakarlıqlara, ucuz hoqqalara, səydəş gedişlərə aldanmaqlarını çətin də olsa, haradasa başa düşmək və qəbul etmək olar. Axı Mirmehdi adi adam deyil. Savadlı, istedadlı, yazıçılığa iddia edən adamdır. Ona görə də onun Alim Qasımovun ucuz gedişlərinə, saxtakarlığına heyran olmağını həzm etmək dəhşətli, məşəqqətli dərəcədə çətindir. Burada o qədər zəruri olmayan bir haşiyə açmaq istərdim.

Yaxın keşmişi götürsək, üç adamın adı muğam sözünün yanında dayana bilər: Şahmalı KürdoğluYaqub MəmmədovHacıbaba Hüseynov. Qalanları təfərrüatdır. Arvad cinsinə mənsub olan muğam ifaçılarından heç kimin adın çəkə bilmərəm. Çünki nəsr yazmaq, film çəkmək kimi (Larisa Şepitko istisna olmaqla) muğam oxumaq da arvad işi deyil. Özlərinə boş yerə əziyyət verməsinlər. Gedib başqa peşə tapsalar, bəlkə də həm özlərinə, həm də bəşəriyyətə bir fayda vermiş olarlar. Nəsə, təhlükəli mövzulara girməyək. Tez qayıdaq öz mövzumuza.

Alim Qasımov adlı bir dərdim yoxdur. Sadəcə yaradıcılıqla məşğul olan adamların həqiqi sənətlə ucuz saxtakarlığı bir-birindən ayıra bilməməsi, ucuz saxtakarlığın parıltısına aldanması mənim üçün çox kədərli mənzərədir. Özümdən asılı deyil, yaradıcılıqla məşğul olan adamların həqiqi sənətlə saxta sənəti bir-birindən ayıra bilməməsini görəndə, istər-istəməz kədərlənirəm. Xətrini istədiyim adamlar saxta sənətlə həqiqi sənəti bir-birindən ayıra bilməyəndə, kədərimin dozası birə beş artır. Çünki, həmin adamların gələcəkdə yaxşı məhsul ortaya qoya biləcəklərinə inamım azalır…

Mirmehdi mübahisə zamanı bəndənizə belə bir sual verdi: Yaxşı, Alimə də qulaq asmayaq, bəs kimə qulaq asaq?

Dedim get Şahmalı Kürdoğluna qulaq as. Tamam başqa fm-dir. Şahmalı Kürdoğlunun ifasındakı şirinliyi, koloriti Alimin ifasında görə bilməzsən. Alim Qasımovla Şahmalı Kürdoğlunun ifasını tərəzinin eyni gözünə qoymaq İsi Məlikzadə ilə Yusif Səmədoğlunun nəsrini tərəzinin eyni gözünə qoymaq kimi bir şeydir və bu, tərtəmiz cinayətdir. Burada mübahisəmizdə təzə qafiyə açıldı. Mirmehdi bəndənizə növbəti lazımsız sualı verdi: “Bəyəm Qətl günü pis əsərdir?”

Offfff… Dedim Qətl günü Azərbaycan ədəbiyyatında ən mənasız əsərlərdən biridir. Əsərin dili ölüdür, enerjisizdir, qurudur, mövzusu isə tamam süni və saxtadır. Mübahisəmiz daha da qızışdı. Ayıbdır söyləməsi, böyüklük göstərərək, öz tərəfimdən mübahisəni dayandırdım. Çünki hörmət etdiyim bir insanla münasibətin korlanmasını heç istəmirdim.

İndi hörmətli Mirmehdi Ağaoğlu götürüb Seymur Baycanın faşistliyi adlı yazı yazıb. Guya mənim bəzi yazıçıları çox bəyənməyim və bəzi yazıçıları heç bəyənməməyim xalis faşizmdir. Nə gizlədim, nifrət etdiyim bir ideologiya ilə adımı yanaşı hallandırmasını, məni faşist adlandırmağını Mirmehdi kimi mərifətli adamdan gözləmirdim. Ta keçmişdi, yazının üstündəki şəklimə kulis.az əməkdaşları Hitlerin bığını, telini də əlavə etsəydilər, qoluma da “qırmızı lent” bağlayıb, sinəmə də dəmir xaçdan zaddan bir şey yapışdırsaydılar mənzərə lap tamamlanardı.

Əslində Mirmehdi müəllifi olduğu bədnam yazıda özü özünə gözəl cavab verib. Məsələn, Mirmehdi yazır:

“Hardasa on il əvvəl Meksika yazıçısı, magik realizmin atalarından sayılan, Markes, Kortasar və neçə-neçə başqa Latın Amerikası yazıçısının şöhrət yolunun açılmasında xidməti olmuş Xuan Rulfonun “Pedro Paramo” əsərini oxuyub gördüm ki, deyildiyi qədər yoxmuş. Mənə çox adi bir əsər təsiri bağışladı. Heç bir yeni hiss yaşamadım. O zaman “Pedro Paramo” bütün dünyada niyə bu qədər bəh-bəhlə təqdim olunur? Nədir axı onun məziyyəti? Məziyyəti varsa da mənə aydın olmadı. Qısacası, əsəri bəyənmədim. Və bu haqda kiçik bir yazı da yazdım. Həmin yazıdan sonra əsərin Azərbaycan dilinə tərcüməçisi hörmətli Yaşar müəllim mənə zəng vurub hardasa yarım saat izah etməyə çalışdı ki, “Pedro Paramo” romanını düzgün anlamamışam. Lakin nə illah elədisə də məni döndərə bilmədi. Öz fikrimdə qaldım.”

Mirmehdi Pedro Paramo kimi məşhuri-cahan əsərin adi bir əsər olduğunu deyəndə, bu tənqid olur, amma mən Gecəyarısı uşaqları əsərinin mənasız, şişirdilmiş əsər olduğunu deyəndə, bu olur faşizm. Xeyir ola, nə baş verir? Mirmehdinin Pedro Paramo əsəri haqqında dediklərini mən də Salman Rüşdinin Gecəyarısı uşaqları əsəri haqqında demişəm. Arada yeganə fərq ancaq fikrimizi ifadə etməyin formasındadır. Boynuma alıram, mən fikirlərimi Mirmehdi kimi mədəni, savadlı formada ifadə edə bilmirəm və çox vaxt sözümün kəsəsini deyirəm. Birbaşa deyirəm ki, Gecəyarısı uşaqları əsəri zibildir. Fikrimi əsaslandırmağa da ehtiyac görmürəm. Çünki, zibilə birbaşa elə zibil demək lazımdır. Durub zibilin zibil olduğunu uzun-uzadı əsaslandırmağa, camaatın vaxtını və enerjisini almağa nə ehtiyac var?

Yaxşı, Mirmehdi, Qismət Rüstəmov gəncdirlər, ola bilsin yaşları artdıqca bədii təfəkkürlərində yaxşılığa doğru dəyişikliklər baş versin. Maraqlıdır, bəs Şərif Ağayar, İlqar Əlfioğlu kimi saçı-saqqalı ağarmış adamlar hansı əsaslarla Gecəyarısı uşaqları adlı cəfəngiyyata bəy tərifi vururlar. Ayıb deyilmi? Mən elə bilirdim bu adamlar Salman Rüşdinin tirajından, mükafatlarından qorxub Gecəyarısı uşaqları adlı cəfəngiyyata bəy tərifi vururlar. Demə doğrudan da o mənasız əsərə heyran olublar. Deməli, vəziyyət biz düşündüyümüzdən də ağırdır. Vallah, o əsəri bir Azərbaycanlı yazıçı yazsaydı yuxarıda adlarını sadaladığım adamlar onu hoydu-hoyduya qoyardılar… 

Daha sonra Mirmehdi yazısında yazır “…hərdən mənə elə gəlir ki, Seymur bu cür radikal fikirləri qəsdən dilə gətirir. Bilə-bilə ki, Borxes nəhəng yazıçıdır, qəsdən onu kiçildir ki, qıcıq yaratsın. Lap ola bilsin, Seymur həqiqətən Borxesi bəyənmir. Əvəzində Çezare Pavezeni bəyənir.

Əvvala, indi o yaşım deyil ki, durub qıcıq oyatmaq üçün qəsdən hansısa radikal fikirlər dilə gətirim. Qəsdən radikal fikirlər dilə gətirməli olsam, elə fikirlər dilə gətirərəm ki, aləm qarışar. Düzdür, bu fikirlər ədəbiyyatdan daha çox, ictimai-siyasi məzmunlu olar, amma yenə də…

 

İkincisi, Mirmehdi oxumayıbsa Çezare Pavezenin Ay və tonqallar əsərini oxusun. Dəhşətli əsərdir. Borxes hara Çezare Paveze hara? Bu nə səriştəzsizlikdir? Saxta deputat Erkin Qədirlinin vicdan, ədalət, mənəviyyat sözlərinə nə qədər dəxli varsa, Borxesin də ədəbiyyata bir o qədər dəxli var. Belə səriştəsiz fikirləri oxuyanda məyus oluram.

İllər əvvəl bir yazımda oxuculara Çezare Pavezenin Ay və tonqallar əsərini oxumağı tövsiyyə etmişdim. Bir gənc əsəri oxumuşdu və mənə demişdi: bəy, əsəri oxudum, heç nə başa düşmədim. Dedim, fikrini səmimi olaraq ifadə etdiyin üçün sənə şəxsim və millətim adından dərin təşəkkürümü bildirirəm. Afərin. Sükanı belə saxla. Sağ ol ki, əsərin məşhurluğundan qorxmamısan. Əsərin məşhurluğundan qorxmadığına, ay əsəri oxuyanda darmadağın oldum, ay məhv oldum, ay damarımı doğramaq istədim sözlərini demədiyinə görə sənə hörmətim artdı. Belə davam etsən səndən nəsə çıxa bilər. Amma Ay və tonqallar əsərindəki mesajları tutmaq sənin üçün bir az tezdir. Cavansan. ALLAH ömür versin, yaşın otuz beşi keçəndən sonra əsəri bir daha oxuyarsan. Onda yəqin ki, Çezare Pavezenin Ay və tonqallarda nə demək istədiyini tutacaqsan. Yaşın qırxı keçəndən sonra Ay və tonqalları oxusan, deyəcəksən ki, bu Çezare Paveze dəlidir, xəstədir nədir, niyə belə amansız əsər yazıb? Belə ağır fikirlərlə, hisslərlə o necə yaşayıb? Belə ağır fikirlərlə, hisslərlə necə yaşamaq olar?

Əslində, Çezare Paveze adlı yazıq bəndə artıq heç yaşamağı bacarmırdı. Həyat onu çox amansız imtahanlara çəkmişdi. Həyat tərəfindən o qədər amansız imtahanlara çəkilmək bir adam üçün həddindən artıq çox idi. Paveze canıyla əlləşirdi. Nəhayət, əla bəhanə tapdı, günahı atdı bir arvadın üstünə, son şakasını yapdı, son oynunu oynadı, həyatla könüllü vidalaşdı. İndi də çiy adamlar Çezare Paveze haqqında danışanda deyirlər ki, bir arvada görə özünü öldürdü. Dayanın görək siz Allah. Çezare Paveze və arvada görə özünü öldürmək! Güldürməyin məni. Hər şeyin bir həddi olmalıdır. Həmçinin çiy fikirlərin də.

Söhbətimizə davam edək. Mirmehdi yazır: “Kimisə bəyənməmək olar. Hətta lazımdır. Ədəbiyyat bir-birini bəyənməyən yazıçı-şairlərlə doludur: Axundov Füzulini, Tolstoy Şekspiri, Nabokov Dostoyevskini bəyənməyib. Amma ən azı onlar niyə bəyənmədiklərini sübut etməyə çalışıblar. Nabokov Dostoyevski haqqında yazdığı məqalədə haqlı olduğunu faktlarla göstərir. Daha Seymurdan fərqli olaraq Dostoyevskini bəyənənləri ittiham etməklə məşğul olmur. Onları ədəbiyyatı bilməməkdə, yaxud, hansısa mükafata, tiraja aldanmaqda günahlandırmır. Çünki, bilir ki, bir əsəri bəyənməyib, onu bəyənənləri ittiham etmək, bilgisizlikdə günahlandırmaq yüngül desək ədəbi faşizmdir, etnik təmizləmə siyasətidir. Hitlerin tərəfdarlarının qeyri-ari irqinə mənsub insanlara elədiklərini ədəbiyyata, sənətə eləməkdir, Osvensim törətməkdir.”

Hitler, faşizm, etnik təmizləmə, Osvensim… Bu nə isterikadır belə? Mən nə vaxt Dostoyevskini bəyənənləri ittiham etmişəm? Onlara qarşı hansı soyqırımı törətmişəm? Sadəcə yazılarımdan birində demişdim ki, gəncliyimdə qatı Dostoyevski heyranı olmuşam. O vaxt adamlar mənim üçün iki yerə ayrılırdı: Dostoyevski oxuyanlara və Dostoyevski oxumayanlara. Hətta nənəmin üzünə baxırdım, ona yazığım gəlirdi, öz-özümə deyirdim ki, bu arvad dünyanı Dostoyevskini oxumadan tərk edəcək. Bunu bir insanın faciəsi kimi qəbul edirdim. Yaş artdıqca Dostoyevski həm bir yazıçı olaraq, həm də bir şəxs olaraq gözümdən düşməyə başladı. İndi Dostoyevskinin əsərləri mənə çox səs–küylü, qarmaqarışıq görünür. Hesab edirəm ki, Dostoyevski heyranlığı maksimum otuz yaşda bitməlidir. Tolstoy isə zaman keçdikcə həm yazıçı, həm də şəxsiyyət olaraq gözümdə daha da ucalmaqdadır. Vəssalam. Bu qədər. Durum Dostoyevskini oxuyanları ittiham edim, bilgisizlikdə günahlandırım, belə şey olmayıb axı. Mirmehdi burada rəsmən mənə şər atıb. Şiə qardaşının, əməli-saleh bir bəndənin üstünə şər atmaq seyid adama yaraşarmı? Məncə heç yaraşmaz.

Mirmehdi isterik notlarla zəngin yazısında Orxan Pamuka istinad edir: “Orxan Pamukun “Saf və düşüncəli romançı” adlı kiçik bir əsəri var. Nobelli yazıçı həmin kitabda üç yazıçı növünü təsnifatlaşdırır: saf yazarlar, yəni qəlbi ilə yazanlar, düşüncəli yazarlar, yəni beyni ilə yazanlar, bir də saf və düşüncəli yazarlar, yəni beyni ilə qəlbi arasında get-gəl edib, siratəl-müstəqimi, yəni orta yolu tutub yazanlar.”

Orxan Pamuk kimdir ki, qəlbi ilə yazan yazıçılar haqqında danışır? Onun buna mənəvi haqqı çatmır. Orxan Pamukun qəlbi ilə yazan yazıçılar haqqında danışması İlqar Məmmədovun vicdandan, ədalətdən, mənəviyyatdan danışması kimi bir şeydir. İndi Nobel alıb deyə Pamukun dediyi hər sözü Quran ayəsi kimi qəbul etməliyik? Orxan Pamuk tutaq ki, Lermontovun Zamanəmizin qəhramanı, Platonovun Takır, nə bilim Knut Hamsunun Misteriyalar əsərlərini başa düşə bilməz. Onluq deyil. Çünki o əsərlərdə yazılan hisslərin heç birin keçirməyib. Keçirsəydi, özü də qəlbi ilə nəsə yazmağı bacarardı. Orxan Pamuk yaxşı olar ki, getsin özünün qlamur-burjua kədərləri haqqında dekorativ, surroqat romanlar yazsın və dekorativ, surroqat romanlarının parıltısı ilə Zamin Hacı kimi bədii təfəkkürü təzə-təzə iməkləməkdə, bədii təfəkkürü təzə-təzə formalaşmaqda olan adamların gözünü qamaşdırsın. Ümumiyyətlə, haqqımda yazılan yazıda Orxan Pamuka bir hakim kimi niyə istinad edilməlidir? Orxan Pamuk indidən belə beş ömür yaşasa mənim Sentimental səyahət hekayəmdə girdiyim dərinliklərə girə bilməz. Sentimental səyahət hekayəsin ataram Orxan Pamukun üstünə, aldığı Nobel mükafatı, yazdığı dekorativ, surroqat romanları ilə bir yerdə Sentimental səyahət hekayəsinin altında qalıb xıncım-xıncım olar.

Orxan Pamuka bir cəhətinə görə böyük hörmətim var. İstər böyük yazıçılar olsun, istərsə də kiçik, kimdən bəhrələnibsə, formalaşmağında hansı yazıçı rol oynayıbsa, hamısına bu və ya digər formada minnətdarlığını bildirib. Sağ olsun. Minnətdarlıq hissi ali hissdir. Məhz bu cəhətinə görə Orxan Pamuk böyük ehtirama layiqdir.

İsterik notlarla zəngin yazının sonunda yoldaş Mirmehdi Ağaoğlu sanki əlinə ciddi bir arqument keçibmiş kimi həvəslə yazır: “Seymura məsləhət görərdim “Gecəyarı uşaqları” əsərini bir daha oxusun. “Gecəyarı uşaqları”nı oxumağa ərinirsə də tez-tez istinad elədiyi Milan Kunderanın “Pozulmuş vəsiyyətlər” kitabına göz gəzdirib, orada Salman Rüşdi haqqında yazdıqlarına baxsın. Elə əsərin birinci fəslindəcə Rabledən başlayıb dərhal Rüşdinin ən çox tənqid olunan “Şeytan ayələri” romanına keçməsinə nəzər yetirsin… Onu oxusa görəcək ki, Kundera Rüşdi haqqında nə qədər yüksək düşüncədədir, onu hansı böyük yazıçılarla yanaşı qoyur. Mənə inanmır, Kunderaya inansın.”

Bu nə təkəbbür, bu nə yekaxanalıqdır belə? Birincisi, mən Kunderanın Pozulmuş vəsiyyətlər əsərini oxuyanda Mirmehdi əynində iranski Adidas, Nefçalada ərəb dili kursuna gedirdi. İkincisi, lap tutaq ki, doğrudan da Kundera Rüşdiyə bəy tərifi vurub. Kundera Rüşdiyə bəy tərifi vurub deyə, mən də Rüşdiyə bəy tərifi vurmalıyam? Hansı dəftərdə, hansı kitabda belə qanun yazılıb? Bəlkə haradasa belə qanun icad olunub, xəbərimiz yoxdur? Böyük, dərin adamlar o qədər axmaq-axmaq hərəkətlər, səhvlər ediblər ki… Böyük, dərin adamlar axmaq-axmaq hərəkətlər, səhvlər ediblər deyə, biz də o hərəkətləri, o səhvləri təkrarlamalıyıq? Məsələn, bir dəfə oxumuşdum ki, Amper kimi əjdaha adam ildırım çaxanda qorxusundan qaçıb çarpayının altında gizlənirmiş. Amper ildırımın çaxmasından qorxubsa, qaçıb çarpayının altında gizlənibsə, bu o demək deyil ki, mən də ildırım çaxanda qaçıb çarpayının altında gizlənməliyəm.

Müharibədə iştirak etmiş, dəfələrlə ölümlə üz-üzə gəlmiş, yaralanmış, bədənində Allah bilir neçə qəlpə gəzdirən bir dostum var. Bu insan siçovuldan bərk qorxur. Əvvəllər siçovuldan bərk qorxduğunu deyəndə, elə bilirdim zarafat edir. Xeyli tanınmış adamdır, adın çəkməyi münasib bilmirəm… Əşi, Allahdan gizli deyil, sizdən niyə gizli olsun. Söhbət Qarabağ qazisi, müharibədə kəşfiyyatçı olmuş, jurnalist Rey Kərimoğludan gedir. Bir dəfə Reylə dönər yeyə-yeyə Xəqani küçəsində yerləşən bir qəzetin redaksiyasına gedirdik. Redaksiya da öz növbəsində köhnə həyətlərdən birində yerləşirdi. Həyətə girəndə zibil yeşiyinin altından bir yağlı siçovul çıxıb tam sürətlə qarşımızdan keçdi. Müharibə görmüş, dəfələrlə ölümlə üz-üzə gəlmiş, yaralanmış, bədənində neçə-neçə qəlpə daşıyan adam elə hallara düşdü ki, dəryalar mürəkkəb, meşələr qələm olsa onun düşdüyü vəziyyəti yazıb qurtarmaq olmazdı. Tir-tir əsirdi. Dişlərinin şaqqıltısından qulaq tutulurdu. Dedim bu dəqiqə adam öləcək. Həm də istər-istəməz fikirləşdim ki, müharibədə kəşfiyyatçı olmuş adam siçovuldan belə qorxursa, erməni gəlib Nəvai postuna qədər çıxmayıbsa, bunun özü böyük işdir. Tez sakitləşdirici dərman almaq üçün yaxınlıqdakı aptekə qaçdım.

İşin tərsliyindən aptekdə qrup yoldaşıma rast gəldim. İki daşın arasında, o soxasoxda qrup yoldaşım da qayıdıb deyəsən ki, bəs universitetin bufetində verilən peraşkidən ötürü darıxmışam. Dedim, peraşki nostalgiyasının zamanı deyil. Tələsirəm. Dostumun halı xarabdır. Tez dərman çatdırmalıyam. Sonra zəngləşib görüşərik, nə qədər istəsən universitetin bufetində verilən peraşkini vəsf edərsən. Bu da Yasamal uşağıdır. Elə bildi ki, nəsə dava zad düşüb, kömək lazımdır. Soruşdu nə olub. Dedim heç nə, həyətə girəndə zibil yeşiyinin altından siçovul çıxıb qarşımızdan keçdi, dostum da bərk qorxdu. Halı pisdir. Özü də Qarabağ qazisidir, kəşfiyyatçı olub müharibədə. Qrup yoldaşım elə bildi onu dolayıram. Onun yerində kim olsaydı elə fikirləşərdi. Qarabağ qazisinin, müharibədə kəşfiyyatçı olmuş adamın qabağından siçovul keçib, o da qorxub, halı pisləşib, mən də sakitləşdirici dərman almaq üçün aptekə qaçmışam. Bütün bunlar nə deməkdir? Hansısa filmdə belə səhnəyə rast gəlsən, əsəbi halda fikirləşərsən: bu nə şitlikdir, bu nə təxəyyül çatışmazlığıdır belə. Sözümün canı var. Əgər Rey siçovuldan qorxursa, bu o demək deyil ki, mən də siçovuldan qorxmalıyam. Qorxuram e, ta o dərəcədə yox.

Nəticə

Elə cümlələr, elə səhnələr, elə hisslər, elə təsvirlər var ki, onları imitasiya etmək mümkün deyil. Məsələn, Platonovun əsərlərində imitasiyası mümkün olmayan cümlələr, səhnələr, hisslər, təsvirlər az qala hər səhifədə adamın qarşısına çıxır. Rüşdi nədir, Orxan Pamuk nədir, Kortasar nədir, Borxes nədir, Sartr nədir… Qurtarın bu komediyanı. Platonov təkcə Qayıdış hekayəsi ilə onların topasını qatlayıb qoyar dizinin altına, heç mıqq da eləyə bilməzlər.

 

Nə bilim, mənə elə gəlir ki, çox aydın söhbətlər edirəm. Başım çıxmır söhbət niyə bu qədər uzanır. Yazan-pozan adama bu söhbətlər aydın olmalıdı. Yaxın bir dostum deyir ki, səndə pedogogika çatışmır. İbtidai sinifdə dərs desən, uşaqlara Tolstoyun Dirilmə əsərindən danışarsan. Ola bilsin haqlıdır.

Azlogos.eu 

Yuxarı