post-title

Mesenatlıq və yəhudilik

Yazıçı Stefan Sveyq “Dünənin dünyası” adlı əsərində yazır ki, varlı olmaq bir yəhudi üçün sadəcə bir pillədir, əsl hədəfə yetişmək üçün bir vasitədir, qətiyyən əsl hədəf deyildir. Bir yəhudinin əsl istəyi, əsl idealı fikir dünyasında yüksəlmək və daha yüksək mədəni səviyyəyə gəlməkdir.

 
 
Sveyqin özü də yəhudi əsilli idi. 
 
O da zəngin ailədə böyümüşdü, sonralar həyatı təlatümlü hadisələrin içində keçsə də, fikir arealında da özünə səltənət qura bilmişdi.  
 
Sveyqin bu dəqiq ifadəsi ilə biz neçə yüzillərdir yəhudilərin necə həm beynəlxalq sərmayədə, həm də fikir və elm dünyasında üstünlüyünün səbəbini başa düşürük.  
 
Yəhudi zənginliyi - harınlamaq, ərəblər kimi dəbdəbəli saraylar tikib, kef məclisləri düzəltmək kimi deyildi. 
 
Yəhudi zənginliyi öz vətənləri olmaya-olmaya yaşadıqları hər yerdə nüfuz sahibi olub, oranın həm kapitalında, həm də sənətində söz sahibi olmaq idi.  
 
Yəhudilər üçün zənginlik çağdaş yaşamın, əsilzadəliyin, bilginin qarantı idi. Ona görə də hər bir yəhudi zəngini digər yəhudinin inkişafı üçün əlindən gələni edirdi.  
 
Bizdə də ötən əsrin əvvəllərində bu cür insanlar vardı.
 
Onlardan biri də iki gün öncə anım gününü qeyd etdiyimiz H.Z.Tağıyev idi.  
 
Başmaqçı oğlu idi, neft quyularının sayəsində zəngin bir insana çevrildi, əli imperator sarayına qədər çatdı. 
 
Çağdaşlığı, Avropa həyat tərzini, təhsilini başa düşürdü, ona görə də əlindən gəldiyi qədər ölkə gənclərini xaricə oxumağa göndərirdi.  
 
Mətbuatın müasir insanların həyatında nə cür əvəzedilməz nemət olduğunu dərk edirdi, ona görə də bir sıra qəzetlərə sponsorluq edirdi.  
 
Dönəmin yazıçılarının, naşirlərinin mətbuat açmalarına icazəni dolayısı ilə o təşkil edirdi.  
 
XX əsrdə cinsi ayrı-seçkiliyin qəbuledilməz bir anlayış olduğunu dərk edirdi, ona görə də bir neçə dəfə Bakıda müsəlman qızların təhsil almaları üçün imperatora müraciət edir.  İlk müraciəti uğursuz olur, amma yorulmur, növbəti imperatorun tacqoyma mərasimində fürsətdən istifadə edib bu istəyinə nail olur.  
 
Bütün bu fədakarlıqlarına görə el arasında “El atası” namını qazanır.    
 
Tağıyev nümunəsi yüz il ötsə də, bugünkü Azərbaycan gəncini də düşündürür. 
 
Çünki bugün də nə qədər Azərbaycan gəncinin maddi dəstəyə, sponsorluğa ehtiyacı var.  
 
Bu gün elə gənclər var ki, nəinki bir milyonçunun dəstəyi ilə xaricdə təhsil almaq, adicə bir kitab çapının puluna ehtiyacı var. 
 
Nə qədər layihələr, ideyalar, planlar sadəcə atası yəhudi olmadığına görə xəyal olaraq qalan insanlar var.  
 
Bu gün hər bir gəncə qoyulan kapital həmin gəncin təkcə fərd olaraq güvəndə yaşamasına səbəb olmayacaq, həmin xərclənən pullar mütləq yenidən Azərbaycanın inkişafına səbəb olacaq.   
 
Dilqəm Əhməd
 
Kultura.az
Yuxarı