post-title

25 Azər

22 azərbaycanlı gəlir çıxır Tiflisə sağ-salamat. Tiflis aeroportunda onları xalq çalğı alətləri, güllər-çiçəklərlə qarşılayırlar. Qənirə xanım Paşayeva da burdadır. Orda bir nitq irad edir. "Nümunəvi davranış"larına görə, 22 Azərbaycan vətəndaşının hər birinə novostroykada mənzil verilir. İrəvanda həlak olan üç nəfərə isə milli qəhrəman adı.

 
Alman dramaturqu Bertold Brext qırxıncı illərdə, “Qalileyin həyatı”nda, Qalileyin dilindən yazırdı: “Qəhrəmanlara ehtiyac duyan ölkə bədbəxtdir”.
 
Guya biz xoşbəxtik?
 
Qəhrəmanlara ehtiyac nə zaman yaranır? O zaman ki, dövlət mexanizmi və sosial-siyasi institular problemlərin həllində aciz qalırlar. O zaman ki, toplum normal həyat standartını əldə etmək üçün, ayrı-ayrı fərdlərdən qəhrəmanlıq dərəcəsində fədakarlıqlar gözləyr.
 
Tələbatları, reaksiyaları çağdaş, rəqəmsal dünyanın gedişatına uyğunlaşsa da, insan insandır – ətdən, qandandır, instinktləri dəyişməzdir. Qəhrəmanların qüsurları görülməz, onların ifşası baş ağrısı gətirər. Qəhrəmanlar ona görə lazımdır ki, adamlar öz uğursuzluqlarına haqq qazandırsınlar. Bəzi qəhrəmanlar birləşdiricidir, hökumət-müxalifət tanımır, bunlar ümummilli qəhəmanlardır. Bəzi qəhrəmanlar isə konkret düşərgələrə aiddir. Bütün hallarda, mahiyyəti dərk edənlər susmağa məcburdur, qəhrəmanlar toxunulmazdır.
 
Müasir avtoritar rejimlər isə, zənn edilənin əksinə olaraq, xalqın nəzdində qəhrəmanlaşan adamlara savaş elan etməzlər, qəhrəmanlardan qorxmazlar. Sistem bu gün, qəhrəmanları idarə edə biləcək çeviklikdə işləyir. Vətəndaşlarını razı sala bilməyən iqtidar, xalqın narazılığını kanalizə edə biləcəyi ünvanların yaranmasında maraqlıdır. Bu baxımdan, xalqın nəzərində qəhrəman olanların idarə edilməsi texnologiyalarının tətbiqi çox vacibdir.
 
Ukrayna təyyarəsinin, göyərtəsində 25 azərbaycanlı ilə Yerevana məcburi eniş etməsi xəbərini oxuyanda, ağlıma Rüstəm İbrahimbəyov gəldi. Əslində beynimdə canlanan ssenari və rejissorluq üçün ən uyğun namizəd Vaqif Mustafayev olsa da, o bu gün incəsənət xadimindən çox, məmur obrazındadır. Bu film üçün nə nəfəsi, nə digər imkanları yoxdur. Amma Rüstəm müəllim bu işin öhdəsindən layiqincə gələ bilərdi.
 
Gürcülər son zamanlar kinematoqrafda qan eləyirlər. Gürcü filmləri Oskara namizədliyə qədər gedib çıxa bilir. Biz nə üçün belə uğurlara sevinə bilmirik? Çünki bizim “Oskarlı” rejissorlarımız kino çəkmək yerinə, prezidentlik eşqinə düşürlər. Kinonu çəkəndə də Rusiyada, ABŞ-da çəkirlər, vətən yadlarına düşmür. Ya da siyasi məhbuslarla məzələnir, onların atalarının adını və peşəsini səhv salırlar. Rüstəm müəllim Leyla Yunusun qəlbində elə dərin bir yara açıb ki, bundan sonra nə etsə də, Leyla xanım onu bağışlayan deyil.
 
Müharibə və onun nəticələri haqda tragikomik film və əsərlərə hər zaman tələbat var. Balkan müharibələri haqda yazılan və çəkilənlərə baxıb güldüyümüz, düşündüyümüz, ağladığımız azmı olub? İndi bizə Rüstəm İbrahimbəyov lazımdır ki, Ukrayna təyyarəsinin Yerevana məcburi enməsi və içindəki 25 azərbaycanlının dramı haqqında film çəksin. Dünyadakı bütün nüfuzlu mükafatları silib-süpürsün, vətənə gətirsin.
 
Bir anlıq özünüzü bu təyyarənin içində təsəvvür edin. Pilot elan edir ki, “təyyarə Yerevana enməlidir, ən optimal havalimanı budur”. Siz nə edərsiniz? Onsuz da hamı stressdə, adamlar dərk edir ki, onları doldurublar alüminium borunun içinə, göndəriblər on kilometr göyə, üstəlik indi də Yerevana enməlidirlər.
 
Nə isə, bizimkilər bunu eşidcək cumurlar pilot kabinəsinə, qapını sındırıb daxil olurlar kokpitə. Pilotdan tələb edirlər ki, “Yerevana yox, Gəncəyə endir”. Filmdə xoxol pilot gərək təəccüblənməsin, onlara tərs-tərs baxmasın, deməsin ki “gedin işinizlə məşğul olun”. Əksinə, pilot gərək onları başa düşsün, empatiya qursun və birtəhər başa salsın ki, “bu, mümkün deyil, Gəncə uzaqdır, yolunu tapmaq çətindir, hamımız ölə bilərik, mən də istəməzdim Yerevana enim, Allah vurmuşdu erməniləri, tale utansın ki, mən bunu etməyə məcburam, əfv edin məni, hisslərinizlə oynadığım üçün...”
 
Güc-bəla həmyerlilərimiz Yerevana enməyə razı olurlar. Bildiyiniz kimi, təyyarədə Azərbaycanın hüquq-mühafizə əməkdaşları da olub. Onlar heç həyəcanlanmırlar, sərinqalılıqlarını qoruyurlar. Dərhal bir plan fikirlərşirlər. Madam ki, biz bu düşmən paytaxtına enməyə məcburuq, o zaman vətənə, millətə bir faydamız toxunsun, aeroportu partladaq, orda bir təxribat törədək.
 
Birincisi ona görə ki, aeroportun adı “Zvartnots”dur. Belə adı olan aeroport mütləq partlamalıdır, onun belə bir adla mövcud olmağa haqqı yoxdur. İkincisi də, əlimizə belə fürsət düşmüşkən, bundan yararlanmasaq xalq, vətən bizi bağışlamaz.
 
Mən kino adamı deyiləm, dramaturq heç deyiləm. Detallar artıq Rüstəm müəllimin işidir. Baxsın, görsün hansı şansı əldən buraxıb və utansın. Peşman olsun. Milli Şuraya qoşulmasaydı, indi çəkilişlərə başlamışdı. Belə bir material əldən çıxır, Rüstəm müəllim rahat yuxu yata bilirmi?
 
Təyyarə enir Zvartnosa. Ermənilər bizimkiləri təyyarədən düşürdə bilmirlər. Həmyerlilərimiz dirəşirlər ki, “düşmən torpağına ayaq basmaq istəmirik”. Hüquq-mühafizə orqanlarımızın əməkdaşları isə düşmək istəyirlər. Təxribat törədəcəklər axı.
 
Onlar həmyerlilərimizə izah edirlər ki, “İrəvan bizim qədim torpağımızdır, narahat olmayın, enə bilərsiniz, biz otveçatıq sizə”. Nə isə, bizimkilər enirlər. Bu səfər də pasport problemi yaranır. Ermənilər təklif edirlər ki, gərək ölkə ərazisinə daxil olasınız və tranzit olaraq, avtobusla Tiflisə gedəsiniz. Amma pasportlara möhür vurulacaq. Bizimkilərdən kimsə Kiyevdəki səfirliklə əlaqə saxlayır, səfirliyin əməkdaşı düşür mandraja. Özünə görə yox e! Həmyerlilərimizə görə narahatdır ki, bu qədər adamın pasportunda Ermənistan möhürü olsa, sonra o pasportların müddəti bitənə qədər Azərbaycan sərhədini hər keçəndə, başları ağrıyacaq. Gəl indi bizim sərhədçilərə izah elə ki, təyyara Ermənistana məcburu enmişdi falan-filan. Adamı rəsmən mələdərlər.
 
Bu minvalla, bizimkilər pasport verməkdən imtina edirlər. Ermənilər baxır ki, camaat saatlardır ac-susuz qalıb, onlara su, çay təklif edir. Bizimkilər bunlardan da imtina edirlər ki, düşmənin suyu içilməz. Bu arada, üç nəfər hüquq-mühafizə əməkdaşımız aradan çıxıb, aeroportun zirzəmisinə enirlər, orda nəsə düzüb-qoşurlar və aeroport bir saat sonra partlamalıdır. Amma bir problem var – zirzəmiyə düşə biliblər, geriyə qayıtmağa isə yol yoxdur. Rüstəm müəllim gərək burda fantaziyasını işə salsın, nə cürsə eləsin ki, bizimkilər qayıda bilməsinlər. Qərəz, onlar da həlak olacaqlar bu aeroportda.
 
Amma onlar özlərini yox (çünki vətən uğrunda həlak olmağa hazırdırlar), yuxarıdakı 22 həmyerlimizi düşünürlər. Nə isə ki, handan-hana ermənilər Tiflisə uçan bir təyyarə təşkil edirlər, bizimkilər minir bu təyyarəyə və təyyarənin təkərləri yerdən ayrılan saniyədə, Zvartnotsda güclü partlayış baş verir, hətta təyyarə də göydə silkələnir. Partlayışın dalğası o qədər güclüdür yəni.
 
22 azərbaycanlı gəlir çıxır Tiflisə sağ-salamat. Tiflis aeroportunda onları xalq çalğı alətləri, güllər-çiçəklərlə qarşılayırlar. Qənirə xanım Paşayeva da burdadır. Orda bir nitq irad edir. "Nümunəvi davranış"larına görə, 22 Azərbaycan vətəndaşının hər birinə novostroykada mənzil verilir. İrəvanda həlak olan üç nəfərə isə milli qəhrəman adı.
 
Kinonun da adı olsun “25 Azər”. Lap “21 Azər” kimi. Lap “300 spartalı” kimi.
 
Rüstəm İbrahimbəyov, canım-gözüm, sənə Milli Şura lazım idi? 
 
Musavat.com
Yuxarı