post-title

Aqşin İbişov:Azərbaycanlının faicəsi

21-ci əsrdə bir insan xəstəxanada bu gün rahat danışıb sabah ölməməlidir. Başqa ölkələrdə insanın başına güllə vururlar, o belə xilas olunur, bizdə isə insan bu gün müsahibə verir, sabah isə vəfat edir. Deməli biz hələ də müdrik olmağa müqavimət edirik, dövlət niyə var, təhsil nə üçündür, səhiyyə nə üçündür, bütün bunları dərk etməmişik və etmək də istəmirik.

 

Bəri başdan deyim ki, bir az uzun yazı olacaq. Fikirləri qısa, sadə və konkret izah etməyin tərəfdarıyam. Fikri qısa və sadə izah edə bilmək bir məziyyətdir, həqiqəti dərk etməyin və intellektin meyvəsidir. Sadəcə olaraq bu mövzu özü bir az geniş və ümumidir, ona görə ortalama yazıdan bir az uzun olacaq. Həvəsi olmayan yazını burda saxlaya bilər, biz isə getdik.


Yaxın bir dostum var, o şablon işlədilən ifadələrdə olan tək-tük dostlardan. Həyat bir neçə dəfə ağır faciələrlə onu sınağa çəkib. Üstündən elə də uzun vaxt keçməyib; uşaqlıq sevgisi olan gözəl bir insanla evlənmişdi. Xoş və pozitiv ailə idi, övlad da gözləyirdilər. Keçmişdə başından keçən naxoş dövrlərin fonunda hər şey lap əla idi. Problemli yol ayrıcında baş verən avtomobil qəzası ilə hər şey birdən məhv oldu. Onun xanımı vəfat elədi. Əlbəttə ki, səhiyyə sistemimizin “səyi” də burda öz işini gördü. Məsələnin səhiyyə tərəfinə aşağıda toxunacağım üçün indi başqa məsələdən bəhs etmək istəyirəm. Sonralar maşınla qəza baş verən həmin yol ayrıcından keçəndə görürəm ki, artıq ora svetofor quraşdırılıb, yolayrıcı artıq svetoforla nizamlanır və insan istər-istəməz qarışıq hislər keçirir; “gərək ölüm olsun, faciə olsun, ondan sonra fəaliyyətə keçirilsin, niyə o svetofor oraya kiminsə qanı hesabına quraşdırılmalıdır, olmazdı ki, elə əvvəldən qurulsun”. İnsanıq, istər-istəməz hərdən emosionallaşırıq, yazıda isə bunu kənara qoyaq. Əslində işin ibtidaisində və təməlində hər bir xeyirli iş, məhrumiyyətlər və çətinliklər bahasına, tarixi proqreslər isə qan, ölüm və inqilablar bahasına baş tutub. Məsələnin başqa tərəfi ondadır ki, biz indi işin ibtidaisində deyilik, olmamalıyıq. Qarşımızda doğrunu və xeyirlini daha asan yolla seçə bilmək üçün fürsətlər çoxdur, sadəcə bir az ayıq olmalı və yaxşını pisdən ayıra bilməliyik. Tarixin fərqli-fərqli vaxtlarında bəşəriyyətin proqressiv dəyərləri fərqli coğrafiyanın, fərqli millətlərin üstündə ola bilərdi, bu müzakirə mövzusu ola bilər, bir neçə əsrdir isə bu Avropa coğrafiyasındadır, sülh və əmin-amanlıq, qardaşlıq və bərabərlik, azadlıq və təmizlik, elm və texnologiya, haqq və hüquqların qorunması öz həllini Avropa dəyərlərində tapır, “bu dünyamızı cənnətə çevirək” amalı özünü Avropada doğruldur. Avropa isə indiki inkişaf səviyyəsinə vəhşiliklər, din və məzhəb müharibələri, iyrənc ideyalar, qan tökmələr, kütləvi qətllər, ən qanlı müharibələr, kral başı kəsmələr, imperator devirmələr, boş-boş avantüralar, mənasız cəngavərlik bahasına gəlib, biz isə bu ağır təcrübəni keçmədən də o inkişaf səviyyəsinə çata bilərik, bir daha vurğulayıram ki, o ağır təcrübəni keçmədən də o səviyyəyə çatmaq olar. Müdriklər başqasının səhvlərindən dərs götürür, doğrularını isə gecikdirmədən tətbiq edirlər . O doğru dəyərlərdən biri də insan həyatına verilən əhəmiyyətdir. Bəzən rastınıza çıxıb bəlkə, qərb şirkətlərində, iş yerlərində olan həddindən artıq təhlükəsizlik qaydaları, yeri gəldi-gəlmədi başa taxılan kaskalar, pilləkəni elə yox, belə çıxmaq lazımdır kimi nüanslar, maşın gəlmədiyi halda da qırmızı işığı gözləyən piyadalar. Mədəni təkamüldə geri qaldığımıza görə bunların bəzisi bizə lazımsız, gülməli görünə bilər, amma qəbul etməliyik ki, gülməli vəziyyətdə olan bizik. Hələ də ciddi işlərdə müqavimət göstəririk, dərs götürmək istəmirik. 


Gələk yenicə baş vermiş hadisəyə. Jurnalist Rasim Əliyev futbolçu Cavid Hüseynovu tənqid etdiyinə görə döyüldü (futbolçunun qohumları və ya fanatları tərəfindən) və sonra vəfat etdi. Məsələ üzdən budur, əslində isə bu iki insan üçün yuxarıda yazılanlar kimi tipik Azərbaycan vətəndaşı faciəsidir. Bir az daha izah etməyə çalışım.
Cavid Hüseynov doğulduğu rayon işğal olunmuş və atası şəhid olmuş bir insandır. Bunlar onun seçmədiyi və bu ölkədə doğulduğu üçün başına gələn məhrumiyyətlərdir. Bu məhrumiyyətlərlə bərabər o bəxtin, zəhmətin və s nəticəsində Azərbaycan səviyyəsində yaxşı futbolçu ola bilib, hər bir halda ortadan bir az artıq gəlirlidir, danışıq qabiliyyəti var, az-çox ingiliscə başa düşür, daha nə olmalıdır ki. Kiprlilər üzərində qələbə əldə etdikdən sonra Azərbaycan bayrağı ilə yanaşı Türkiyə bayrağı da qaldırdı. Türkiyə bayrağını qaldırmağa onun subyektiv və obyektiv səbəbləri var. Türkiyə bizə ölkə səviyyəsində bir çox məsələdə dəstək olub, Qarabağ müharibəsində Türklər gəlib vuruşublar. Ümumiyyətlə ölkənin ərazi bütövlüyünə və müstəqilliyinə bu qədər təhdit və təhlükə olduğu bir coğrafiyada vətənpərvərlik və vətəndaş millətçiliyi vacibdir. Videosuna baxdım, oyundan sonra yunan jurnalist ittihamedici şəkildə Cavid Hüseynovdan niyə Türk bayrağı qaldırdığını soruşur, o da cavab olaraq ortabab ingiliscəsi ilə Türklərin dost olduğuna və xarici dili zəif bilənlərin bədən dilindən istifadə etdikləri kimi, iki əlini birləşdirərək birlik və bərabərliyə işarə vurur. Jurnalist Rasim Əliyev nəyəsə görə bunu səhv anlayıb və alçaldıcı ifadələr yazıb: “Bu cür əxlaqsız, tərbiyəsiz və özünü idarə etməyi bacarmayan bir futbolçunun, məni Avropa meydanlarında təmsil etməsini istəmirəm”. Stresli ölkədə olmağımız, gəlir ədalətsizliyi, bürokratik problemlər, havaların isti keçməyi bizi bir-birimizə qarşı bax belə sərt edir. Bu yazıdan sonra əvvəlcə Cavid Hüseynovun qohumu jurnalistə zəng edib sərt danışıb, sonradan isə Cavid Hüseynov özü zəng edib vəziyyəti yumşaq izah edib və bundan sonra Rasim Əliyev bunları yazıb: “Cavid Hüseynovla aramızda söhbət oldu və mənə bildirdiyinə görə etdiyi bu əl hərəkətləri heç də təhqiramiz hərəkət yox, Azərbaycan və Türkiyənin dost ölkələr olmasını bildirən işarədir.”. Sonradan Cavid Hüseynovun qohumu çay içib məsələni xoşluqla yoluna qoymaq adı ilə jurnalistdən görüş alıb və bir neçə nəfərlə zorakılıq edərək onu xəstəxanalıq ediblər. Cavid Hüseynovun zəng etməyindən və xəstəxanadan jurnalistin özünün verdiyi müsahibədən də anladığım qədəri ilə Cavid Hüseynov yetkin davranıb. Əvvəlki davranışları onun zorakılığa meyli olmayan biri olduğunu göstərsə də, yenə də bu hadisədə əlaqəsi olub olmadığını istər-istəməz dəqiq deyə bilmirik. 


Təhqirə görə, tənqidə görə zorakılıq etmək, xəsarət yetirmək olmaz, müasir humanist dəyərlərin gəldiyi nəticə budur. (Burda təhqiri zülüm və ədalətsizliklə qarışdırmamaq lazımdır). Bu nəticəyə gəlmək üçün də Avropa duel yolunu keçib, o zamanlar təhqir bağışlanmırdı və şərəf məsələsini dueldə həll edirdilər. Bir də ki, bu aristokratcasına olurdu. Orada ləyaqəti alçaltmaq elə ancaq bildiymiz söyüş söymək, təhqiramiz söz demək sayılmırdı. Tutaq ki, birinə rüşvət təklif edəndə, kimisə pulla ələ almağa çalışanda o bunu ləyaqət məsələsi edib səni duelə çağıra bilərdi. Yəni, “sən məni niyə belə aşağı səviyyəli hesab edirsən ki, rüşvət alacağımı, məni pulla ala biləcəyini düşünürsən”. Beləcə yenə də qan bahasına, neçə-neçə insanın ölümü, yaralanması, əlil olması bahasına onlar dərk etdilər ki, duel mənasızdır və ən əhəmiyyətlisi insan həyatıdır və məsələlər sivil yolla həll olmalıdır. 


Yəqin ki, heç üstündən bir-iki ay keçməz, bir xəstəyə rəfaqətlik etmək üçün Odlar Yurdunun paytaxtının ən işlək xəstəxanası olan xalq dilində “Semaşko” adlanan xəstəxanaya getməli oldum, jurnalist Rasim Əliyevin bu gün müsahibə verib sabah vəfat etdiyi yeri nəzərdə tuturam. Onsuz da ora gedəndə həyəcanlı olursan, bir də o auranı görəndə məni qara hislər bürüdü, Çexovun 6 nömrəli palata hekayəsini xatırladım. Bizdən sonra içib əlini yaralamış bir otuz- otuz beş yaşlı bir nəfəri iki yoldaşı gətirdi. Tibb bacısı adlandırılan tibb xalasının bunları görən kimi işini görüb, xəstəni sağaltmaq yerinə çöldən eşidiləcək şəkildə ilk reaksiyası bu oldu: “Gündə biri-birinin başını, gözünü əzib gəlirlər üstümüzə”. Bundan az sonra da xəstə ayaqda durduğu yerdə huşunu itirib yerə düşdü. İnsanlarla söhbət edirsinizsə, onda özəldən tutmuş dövlət xəstəxanalarına qədər hər birində səhv diaqnozdan, əli, ayağı kəsilən, beyni açılan, öldürülən qəssab hekayələrini bilirsiniz. Bu mövzuya ayrıca yazı həsr etmək lazımdır. Seymur Baycanın “Ağ xalatlı cəlladlar” yazısına da müraciət etmək olar. 


21-ci əsrdə bir insan xəstəxanada bu gün rahat danışıb sabah ölməməlidir. Başqa ölkələrdə insanın başına güllə vururlar, o belə xilas olunur, bizdə isə insan bu gün müsahibə verir, sabah isə vəfat edir. Deməli biz hələ də müdrik olmağa müqavimət edirik, dövlət niyə var, təhsil nə üçündür, səhiyyə nə üçündür, bütün bunları dərk etməmişik və etmək də istəmirik. Biz normal dərk etmək istəmədikcə də, başqalarından öyrənmədikcə də bizim dərk etməyimiz qan bahasına, faciə bahasına başa gələcək. Svetaforu faciədən sonra quraşdırdığımız kimi, profesional jurnalist olmağı, profesional futbolçu olmağı, qohum və futbol fanatı olmağı, zorakılığın həll yolu olmadığını, vətəndaş olmağı da insan həyatları bahasına öyrənəcəyik. Biz bəşəri dəyərləri sivil yolla tətbiq etmək istəmədikcə, təhsili və tərbiyəni, səhiyyəni lazımi standartlara sakit yolla gətirmək istəmədikcə onda bu yolda hələ çox qanlar töküləcək, hələ çox canlar alınacaq.

 
Kultura.az
Aqşin İbişov






 
Yuxarı