post-title

Müharibəsiz müharibə romanı

Kurt Vonnequtun “Sallaqxana № 5 və ya uşaqların səlib yürüşü” romanı haqqında

 
 
Mavi pərdə
 
İl 2003. ABŞ Dövlət Katibi Kolin Pauel ABŞ-ın İraqla savaşının qaçılmaz olduğunu BMT-də elan edir. Bundan sonra Pauel və BMT Təhlükəsizlik Şurasının nümayəndələri mətbuat konfransı üçün hola keçirlər. Televiziyalar bu xəbəri Pauel və digər nümayəndələr mavi bir pərdənin qarşısında dayandıqları şəkildə nümayiş etdirdi. Pərdənin arxasında nə vardı? Pablo Pikassonun “Gernika” əsərinin reproduksiyası. Şuranın nümayəndələri savaş xəbərini vermək üçün faşizmə qarşı yaradılmış ən böyük sənət əsərlərindən biri olan “Gernika”nın qarşısında dayanmağı etik bilməyib tablonun üzərini örtmüşdülər.
 
...Və müharibə oldu. Sənət bu dəfə də məğlubiyyətə uğradı. Sənətin gücü müharibəni durdurmağa yetmədi. Yenə də müharibə yüz minlərlə insanı öz qara və amansız caynaqları arasında əzdi.
 
Samuel Bekketin “Hər dəfə cəhd etdin, hər dəfə yenildin. Olsun. Yenə cəhd et, yenə yenil. Daha yaxşı yenil”  fikrində olduğu kimi sonsuz cəhdlər edən sənət hər dəfə məğlubiyyətə uğrayır. Buna baxmayaraq o, uşaq sadəlövhlüyü ilə bir gün müharibələrə, savaşlara qalib gələcəyinə inanır. Elə buna görə də bəşəriyyət durduqca müharibə əleyhinə əsərlər yaradılacaq.
 
Belə əsərlərdən biri Amerika yazıçısı Kurt Vonnequtun “Sallaqxana № 5 və ya uşaqların səlib yürüşü” romanıdır.
 
 
 
Buzlaşma əleyhinə yazmaq
 
Müharibə əleyhinə yazılmış bu əsərin elə ilk səhifəsini çevirdikdə yazıçı ilə bərabər oxucunun da xəyal qırıqlığına uğradığını görürük:
 
“Bir dəfə bunu (müəllif Drezden haqqında əsər yazmağını nəzərdə tutur) kinorejissor Harrison Starra dedim və o, qaşlarını qaldırıb soruşdu:
 
- Bu müharibə əleyhinə kitabdır?
 
- Bəli, dedim, yəqin ki.
 
- Bilirsən, mən adamların müharibə əleyhinə kitab yazdıqlarını eşidəndə onlara nə deyirəm?
 
- Yox, nə deyirsiz, cənab Starr?
 
- Mən deyirəm ki, onun əvəzinə niyə buzlaşma əleyhinə kitab yazmırsız?
 
Əlbəttə, o demək istəyirdi ki, müharibələr həmişə olacaq. Qırğınların qarşısını almaq buzlaşmanın qarşısını almaq qədər “asan”dır. Mən buna inanıram. Müharibələr buzlaqlar kimi üstümüzə hərəkət etməsələr də, köhnə tanış-ölüm həmişə olacaq.”
 
Əsərdəki bu parçadan da görünür ki, müəllif müharibələrin həmişə olacağını təəssüflə qəbul edir. Nə vaxtsa kimlərsə çıxıb “Gernika”nın üzünə örpək ataraq öz işini görəcək. Eynən Femidanın gözlərinin ədalətsizliyi görməmək, onu aldatmaq üçün bağlandığını düşünənlər kimi.
 
\"\"
 
Drezden=Xirosima
 
1922-ci ildə ABŞ-ın İndianapolis ştatında alman miqrantın ailəsində anadan olan Kurt Vonnequt uşaqlıqdan hərdəmxəyal idi. Atası onu qardaşı kimi kimyaçı, ya da ailə adətlərinə uyğun olaraq arxitektor görmək istəyirdi. Kurt isə vaxtının çoxunu tələbə qəzetində keçirirdi.
 
ABŞ İkinci Dünya Müharibəsinə qoşulandan sonra Kurt da könüllü olaraq müharibəyə gedir. 1944-cü ilin dekabr ayında almanlara əsir düşür, daha sonra Drezden şəhərinə göndərilir. Burada digər əsirlərlə birlikdə hamilə qadınlar üçün sirop hazırlayan zavodda çalışır. 13 fevral 1945-ci il Drezden birləşmiş ingilis və Amerika hava qüvvələri tərəfindən bombalandığı gecə o, digər əsirlərlə birlikdə 5 №-li sallaqxanada, qaxac ətlərin asıldığı zirzəmidə imiş. Buna görə də şəhər bombalansa da Kurt və digər əsirlər sağ qalırlar. Bombalanmadan sonra sallaqxanadan çıxan Kurt şəhərin xarabalığa döndüyünü, minlərlə dinc sakinin kül olduğunu görür. Əsirlərlə birgə ölülərin cəsədlərini toplayan Vonnequt ABŞ və Böyük Britaniya ordularının dinc sakinlərə qarşı törətdikləri qətliamdan dəhşətə gəlir. Bu dəhşət onu ömür boyu tərk etmir. Vonnequtun dediyinə görə orada 200 mindən çox dinc sakin qətl edilmişdi. Yazıçı Drezdendə baş verənləri Xirosimadan da dəhşətli hesab edirdi. Yaponiyanın 1941-ci ildə Pörl Harboru bombalamasından sonra vətənpərvərlik eşqi cuşa gələn Vonnequt yalnız indi müharibənin nə qədər dəhşətli bir şey olduğunu anlamışdı. Elə buna görə də yaralandığı üçün ona verilən “Bənövşəyi ürək” medalına ömrü boyu ironik yanaşdı.
 
İroniya, satira, qrotesk, qara yumor Vonnequtun əsərlərinə də sirayət elədi. Yəqin ona görə ki, Vonnequt müharibə dəhşətlərini realist boyalarla verməyin mümkünsüz olduğunu anlayırdı. Onun gördüyü dəhşətləri realistcəsinə vermək mümkünsüz idi. Buna görə Vonnequt yumor, qrotesk, fantastika yolunu seçmişdi. Belə dəhşətin, belə amansızlığın qarşısında yalnız dəlicəsinə qəhqəhə çəkmək olar. Başqa heç nə!
 
\"\"
 
Meriyə verilən söz
 
1945-ci ildə müharibədən qayıdan Kurt Vonnequt Drezdenin bombalanması haqqında yazmağı düşünür. Nədənsə əsərin yazılması çox uzun çəkir. Bu barədə müəllif “Sallaqxana № 5 və ya uşaqların səlib yürüşü”ndə qeyd edir: “Bu iyrənc kitabcığın mənə nə qədər baha başa gəldiyini, necə həyəcanlandırdığını və vaxt sərfiyyatı olduğunu danışmağa həvəsim yoxdur. İyirmi üç il əvvəl İkinci Dünya Müharibəsindən sonra evə qayıdanda düşünürdüm ki, Drezdenin dağılması barədə yazmaq asan olacaq. Çünki sadəcə gördüklərimi kağıza köçürəcəkdim. Elə bilirdim ki, bu mənim şah əsərim olacaq və mənə çoxlu pul gətirəcək. Çünki mövzu çox böyük idi. Ancaq ağlıma Drezdenlə bağlı o qədər də çox şey gəlmədi. Xatirələrim kitab yazmağa kifayət etmirdi. “Pall Mall” siqaretindən, xatirələrindən və oğullarından başqa heç nəyi olmayan qoca kaftara çevriləndən sonra da, mən bu kitabı yazmaq üçün lazımlı sözləri tapa bilmirdim.”
 
Ömrü boyu Drezden haqqında yazmağa çalışan Vonnequt sanki lazımı formanı tapa bilmir. “Sallaqxana № 5 və ya uşaqların səlib yürüşü”nə qədər artıq müəllif “Utopiya 14”, “Titanın sirenaları”, “Gecə ana”, “Pişik beşiyi” romanlarını yazmışdı. Amma o, hələ də müharibə dəhşətlərini yazaraq, ondan xilas ola bilməmişdi.
 
Vonnequt hər şeydən əvvəl böyük humanist idi. O, bilirdi ki, müharibə əleyhinə nə yazsa da əsər müharibənin təbliğinə xidmət edəcək. Elə bir əsər olmalı idi ki, orada müharibə fonda dursun, ona ironik yanaşma olsun, başqa məsələlər önə çıxsın, obrazların qəhrəmanlıqları, faciələri görünməsin (Maraqlı faxt kimi deyək ki, bu səbəbdən əsərdə Drezdenin bombalanması səhnəsi göstərilmir). Deyəsən, ona bu işdə müharibə yoldaşı Bernard O Heyrin həyat yoldaşı Meri kömək edir. Vonnequt müharibə haqqında xatirələrini təzələmək üçün əsgər yoldaşıgilə gedir. Kurt O Heyr ilə müharibə xatirələrini bölüşdüyü zaman Merinin necə olduğunu görür. Səbəbini öyrənmək istədikdə isə belə bir dialoq ortaya çıxır:
 
“- Siz o vaxt uşaq idiniz, - dedi Meri.
 
- Nə? – dedim.
 
- Siz müharibəyə gedəndə uşaq idiniz, yuxarıda oynayan övladlarınız kimi!
 
Onun dedikləri ilə razı olduğumu bildirmək üçün başımı yellədim. Biz müharibə vaxtı uşaqlığın son dəmlərini yaşayan axmaq bakirlər idik.
 
- Ancaq siz bunu olduğu kimi yazmayacaqsınız, elə deyil? – Bu sual deyildi, ittiham idi.
 
- Mən, mən bilmirəm – dedim.
 
- Əla, amma mən bilirəm, - dedi o – Siz uşaq yox, əsl kişi olduğunuzu yazacaqsınız və filmlərdə sizi Frenk Sintra, Com Ueyn kimi məşhur, müharibə sevən iyrənc gədələr oynayacaq. Müharibə elə gözəl təsvir olunacaq ki, biz daha çox qırğın görmək istəyəcəyik. Yuxarıdakılar kimi övladlar döyüşəcək.
 
Mən anlamışdım. Onun qəzəbinin səbəbi müharibə idi. O, nə öz uşaqlarının, nə başqalarının uşaqlarının müharibələrdə ölməyini istəyirdi. O, düşünürdü ki, kitablar və filmlər insanları müharibələrə təşviq edir. Ona görə mən sağ əlimi qaldırdım və söz verdim:
 
- Meri, - dedim – Bu kitabın nə vaxtsa bitəcəyindən əmin deyiləm. Yəqin ki, indiyə qədər beş min səhifəyə yaxın yazmışam və hamısı zibil qabına atılıb. Əgər mən nə vaxtsa bu kitabı bitirsəm, şərəfimə and içirəm ki, orda Frenk Sinatra və Con Ueyn üçün rol olmyacaq.
 
- Bilirsiniz, - dedim – Mən onu “Uşaqların səlib yürüşü” adlandıracam.”
 
Kurt Vonnequt əsgər yoldaşının xanımına verdiyi sözü tutur və “teleqrafik-şizofrenik” stildə yarı realist, yarı fantastik əsər ortaya çıxır.
 
\"\"
 
Ölüm dəhşətli deyil
 
Əsərin baş qəhrəmanı cansız-cəsədsiz Billi Pliqrimdir. Onun əsas xüsusiyyəti zamanla hərəkət etmək qabiliyyətidir. O, iddia edir ki, Tralfamador planetindən gələn yadplanetlilərlə görüşüb. Vonnequt kimi müharibədə iştirak edən, Drezdenin bombalanmasını görən, külə dönmüş ölülərin daşınıb basdırılmasında iştirak edən Billi tez-tez bir ildən başqa ilə səyahət etmək qabiliyyətinə malikdir. Buna görə də o dəfələrlə öz ölümünü görüb.
 
Roman da elə bu fraqmentlər əsasında qurulub. Qəhrəmanın zaman sıçrayışlarından yaranmış kollaj bütün əsəri özündə cəmləşdirir. Billi zamanla hərəkət etmək qabiliyyətinə ilk dəfə müharibədə olanda yiyələnib. O, müharibədən sonrakı illərə səyahət edib. Bu bacarığı barədə isə 1968-ci ildə təyyarə qəzasından sağ çıxandan sonra elan edir. Billi hətta seminarlara gəldiyi bir şəhərdə keçmiş döyüşçü yoldaşı olan qoca snayperçi tərəfindən öldürüləcəyini deyir. Seminarı dinləyən kütlə onun öləcəyinə etiraz etdikdə Billi onları qınayır: “Əgər siz etiraz edirsinizsə, ölümün dəhşətli bir şey olduğunu düşünürsünüzsə, deməli, dediyim heç bir sözü başa düşməmisiniz.”
 
Billi “dediyim heç bir sözü başa düşməmisniz” fikri ilə tralfamadorluların ona öyrətdiklərini nəzərdə tuturdu:
“Tralfamadorda öyrəndiyim ən vacib şey bu idi: insan öləndə, o, sadəcə ölü kimi görünür. Çünki o, keçmişdə hələ də canlı olur və insanlar dəfn mərasimlərində ağladıqları üçün səfehdirlər. Bütün zamanlar, keçmiş də indi də, gələcək də həmişə mövcud olub və həmişə olacaq. Tralfamadorlular müxtəlif anları görə bilirlər. Bu bizim sıra dağlarına baxmağımıza bənzəyir. Onlar bütün anların necə davamlı olduğunu görə bilirlər və onlar maraqlandıqları bütün anlara baxa bilirlər. Bizim Yerdə bir anın o birini ipə düzülən muncuqlar kimi izlədiyini və gedən anın həmişəlik getdiyini hesab etdiyimiz sadəcə xülyadır.”
 
Bu səbəbdən tralfamadorlular bir adamın öldüyünü görəndə sadəcə çiyinlərini çəkib deyirlər (o, minlərlə başqa zamanda yaşadığı üçün): “Olan işdir”.
 
\"\"
 
“Allah rəhmət eləsin” yerinə
 
“Olan işdir”. Əsərdə nə zaman ölümdən danışılır, nə zaman kimsə ölürsə bu fraza “Allah rəhmət eləsin” kimi peyda olur. “Olan işdir” əsərdə 103 dəfə işlənilib. Bəs niyə 103 dəfə? Mənə elə gəlir ki, Vonnequt bununla Drezdenin bombalandığı 13 fevral tarixinə işarə edir (Bill də 13 fevral tarixində öldürülür). Yazıçı müharibə əleyhinə roman yazsa da başa düşür ki, müharibələr həmişə olacaq, insanlar öləcək, qırğınlar törədiləcək. Hətta tralfamadorlular da bunu Billə bildirirlər. Yer planeti heç zaman sülh içində yaşamayacaq.
 
Vonnequt Drezden faciəsini qələmə almağın nə qədər çətin olduğunu anlayır, başa düşür. Onun yalnız belə deməyə gücü çatır: “Olan işdir.” Bu ifadə təkcə laqeydliyi göstərmir, həm də əsirlikdə insan piyindən hazırlanmış şamların işığında oturmağa, əriyib mayeyə dönmüş minlərlə ölünü daşıyıb quylamağa məcbur olmuş bir insanın dəhşət qarşısında dəlicəsinə qəhqəhəsidir: Olan işdir. Çünki müharibənin dəhşətlərini bərbəzəkli cümlələrlə vermək, onu göstərmək hardasa qeyri-etikdir, onu yalnız ikicə mənasız sözlə vermək bəs edir: Olan işdir.
 
 
Vonnequtdan Aleksieviçə
 
Bu yerdə 2015-ci il Nobel mükafatçısı Svetlana Aleksieviçi xatırlamaq yerinə düşər. Onun “Müharibənin qadın üzü yoxdur”, eləcə də digər əsərləri bədii olmaqdan çox faktolojidir. Aleksieviç müharibə dəhşətlərini görmüş qadınları tapıb, onları danışdırıb və bu etirafları, məhrumiyyətlərlə, acılarla dolu yaşantıları heç bir bədii boya vurmadan sadə dildə təqdim edib. Əlbəttə, Remark kimi müharibə dəhşətlərini yazan yazıçılar da var. Amma digər tərəf Vonnequt kimi düşünür ki, elə “müharibə”, “Xolokost”, “Xirosima”, “Drezden” sözləri savaşın dəhşətlərini göstərməyə bəs edir. Holokost dedikdə gördüyümüz sənədli filmlər, qaz kameralarına, krematoriyalara göndərilən bir dəri, bir sümük insanlar gözlərimizin qarşısında canlanır. Bunu isə təsvir etməyə cəhd göstərmək, nəsə başqa bir boya ilə təqdim etmək əxlaqi deyil. Buna görə Aleksieviçin Nobel almasını Vonnequtun ədəbi arzularının qələbəsi kimi qiymətləndirmək olar. Yeri gəlmişkən, yaxın adamları öləndə, bu itkini bədii boyalarla verməyin yersiz olduğunu düşünən Dostoyevski gündəliyində yalnız bu sözü yazırmış: “Təəssüf” (“Увы”).
 
Hər cür qəhrəmanlıq Vonnequtun yumoruna tuş gəlir. Məsələn, Billinin də qoşulduğu dörd nəfərlik kəşfiyyatçı dəstədə üç nəfər özlərini “Üç muşketyor”a bənzədirlər. Əlbəttə, onların “Hamı, bir nəfər üçün, bir nəfər hamı üçün” devizi qarşılaşdıqları ilk çətinlik qarşısında əriyib yox olur. “Üç muşketyor” ifadəsinə biz əsərin digər yerlərində konfet adı kimi rast gəlirik. Yazıçı gənc kəşfiyyatçıların “Üç muşketyor” kumirliyini uşaqların konfet kimi şirin xəyallarına bənzədir. Axı onlar uşaq idilər. Müharibə dəhşətlərini dərk etmədən savaşa yollanmışdılar. Kimlərsə bu gənc, sadəlövh insanları müharibənin nəsə şərəfli, möhtəşəm, tərifəşayan bir şey olduğuna inandırmışdı.
 
Tarix boyu həmişə belə olub. Elə əsərin yazıldığı dövrdə də Amerikanın cavan oğlanları Vyetnamda aldadılaraq öldürülürdülər. Eynən səlib yürüşləri zamanı aldadılaraq Afrikada qul kimi satılmış uşaqlar kimi. Milyonlara insanın öldüyü Səlib yürüşlərindən axı kimlər qazanc əldə etmişdi, yalnızca beş-on nəfər cəngavər.
 
\"\"
 
Zaman geriyə axsa...
 
“Sallaqxana № 5 və ya uşaqların səlib yürüşü”ndə təkcə zamanın axıcı olmadığı, keçmişin, indinin, gələcəyin eyni anda baş verdiyi vurğulanmır. Orda zamanın geriyə axmasını arzulamaq da var. İnsanlar qocalıb ölmək yerinə cavanlaşırlar, uşaqlaşırlar, ömürlərinin sonunda qəbir yerinə ana bətninə qayıdırlar. Beləcə bəşəriyyət Adəm və Həvva adlı iki mükəmməl insanı yaratmaq üçün geriyə qayıdır.
 
Bu xəyal İkinci Dünya Müharibəsi zamanı döyüşən amerikalı qırıcı təyyarələri və onları idarə edən igid pilotlardan bəhs edən sənədli filmə axırdan əvvələ baxanda Billin ağlına gəlir: “Yenidən formalaşmış sıra (təyyarə sırası) od içində qalmış alman şəhərinin üstündən geri uçurdular. Şəhəri bürüyən alov möcüzəvi şəkildə azalır, yoxa çıxır, bomba silindrlərə toplanır və silindrlər üzü yuxarı açıq bomba dəliklərinə qayıdıb təyyarələrin bətninə dolurdu. Bombalar ehtiyat rəflərə qayıdırdı. Almanların sehrli təchizatı var idi. Uzun polad boruları heyət üzvlərindən və təyyarələrdən güllə və qırıntı sovurmaq üçün istifadə edirdilər. Ancaq hələ də yaralı amerikalılar və ağır vəziyyətdə olan təyyarələr qalmışdı. Fransanın üstündən keçəndə alman qırıcıları yenə gəldilər və hər kəsi, hər şeyi sağaltdılar, yenilədilər. Təyyarələr bazaya qayıdanda bombalar rəflərdən birbaşa Amerika Birləşmiş Ştatlarına göndərilirdi. Orada isə zavodlar gecə-gündüz işləyir, göndərilənləri təhlükəli və zərərsiz minerallar olmaq üzrə iki hissəyə ayırırdılar. Bu işi görənlər əsasən qadınlar idi. Sonra minerallar uzaq ərazilərə göndərilir. Bu geoloqların işi idi. Göndərilənləri yaxşıca gizlədirdilər ki, bir də heç kim zərər görməsin. Amerika pilotları uniformalarını çıxarıb məktəbli uşağa çevrilirdilər.”
 
Filmə axırdan-əvvələ baxmaqla yaranan bu xəyal - hadisələrin geriyə ekstrapolyasiyası - təkcə Billin arzusu deyil, o həm də minlərlə insanın yanıb kül olmağını görmüş, bir insanın Kurt Vonnequtun arzusudur-onun Drezden arzusu. Həyat kinolent kimi geridən əvvələ fırlanır və Drezdendə, Xolokostda, Xirosimada külə dönmüş insanlar səməndər quşu kimi küllərindən doğulurlar... İnsanlıq geriyə qayıtmağa başlayır. Və biz xəyali ekranda ilk yaranmış iki insanı görürük. Hardasa onların başının üstündəki bir ağaca qonmuş quş isə deyir: “Çik-çirik”. Elə romanın sonundakı kimi.  
 
Mirmehdi Ağaoğlu
 
Kulis.az
Yuxarı