post-title

\"Qanun\" nəşriyyatından dörd yeni kitab

Marc Levy\'nin \"Yenidən başlamaq mümkün olsaydı\" romanı

 
 
Endryu Stilmən “New York Times” qəzetində özünə parlaq karyera yaratmış istedadlı jurnalistdir. Onun məqalələri böyük rəğbət doğurub və bu, həmkarları arasında həsəd yaradır.
 
Gələcək məqaləsi üçün material toplayan Stilmən jurnalist araşdırmasının gedişində təhlükəli adamlarla qarşılaşmalı olur.
 
Bir dəfə səhər idman qaçışı zamanı o, naməlum şəxsin hücumuna məruz qalır. Ölümcül yaralanan jurnalist huşunu itirir və özünə gəldikdə həyatının iki ay öncəki dövrünə döndüyünü anlayır. Tale ona ikinci dəfə şans verib, bircə qatili tapmaq qalır...
 
Fransızcadan tərcümə edən Minə Candan.
 
 Marc Levy'nin "Başqa bir xoşbəxtlik" romanı
 
Filadelfiya. 2010-cu ilin ilk yaz günü, həyatının 30 ilini dəmir barmaqlıqlar arasında keçirən Aqata cəzasının bitməsinə bir neçə il qalmış həbsxanadan qaçır. Nİyə?
 
Kampusun yaxınlığındakı yanacaqdoldurma məntəqəsində o, gizlicə Millinin maşınına oturur və heç bir şey anlatmadan ona dediyi yerə sürməsini əmr edir. Bir saniyə içində Millinin müntəzəm ritmli və nizamlı həyatı darmadağın olur. Aralarında iyirmi il yaş fərqi olan bu iki qadın çıxdıqları uzun yol boyu bir-biriləri ilə yaxından tanış olmağa çalışır, hətta sirlərini, arzularını belə ­paylaşırlar.
 
ABŞ-nın ştatlarında keçən 5 günlük yol... Bu səyahət zamanı görüşdükləri hər bir insan Aqatanın sirli həyatına bir az daha aydınlıq gətirir. Sonradan Milli isə bu qadınla görüşünün təsadüfi olmadığından ­şübhələnir.
 
Fransızcadan tərcümə edən Vüsalə Yarıyeva.
 
 
İpək Çalışlar'ın "Lətifə xanım" kitabı
 
O, Mustafa Kamal Atatürkün evləndiyi qadın idi. Yazırlar ki, tez-tez əsəbi olurdu, Atatürkə görə deyildi.
 
Onsuz da evlilikləri də tez bitdi. Mustafa Kamal Atatürkün ayrıldığı qadın idi. Lətifə xanımdı.
 
İpək Çalışlar “Lətifə xanım” da məhz o qadından danışır. Amma qarşımıza indiyə qədər gördüyümüz, tanıdığımız, oxuduğumuzdan fərqli bir Lətifə xanım çıxır.
 
Gözlərimiz önündə qadın hüquqlarının fəal müdafiəçisi, həyat yoldaşına dəstək olan, mədəni bir qadın canlanır. İndiyə qədər bəlli olmayan sənədlər, xarici mənbələrdən götürülən məlumatlar, fotolar Lətifə xanımın portretini daha ətraflı və dəqiq cızır.
 
Bu kitabda xanımı ilə siyasətdən, o cümlədən bir çox mövzulardan danışıb mübahisə edən, onunla fəxr edən, onu hər kəsə tanıtmaqdan xoşlanan fərqli bir Mustafa Kamalı da görürük.
 
Bundan başqa, avtobioqrafik əsərdə təkcə Lətifə xanımın Atatürklə birlikdə olduğu dövrlərdən deyil, onun uşaqlığından, boşandıqdan sonrakı həyatından da bəhs edilir.
 
Bir qadını tanımaq, Cümhuriyyət tarixinə tamamilə başqa bir gözlə baxmaq, sonu hüznlə bitsə də, qeyri-adi bir məhəbbət macərasına şahidi olmaq üçün “Lətifə xanım”ı mütləq oxumalısınız.
 
Yeni Türkiyənin qurulmasında töhfələri olan, Türkiyə Cümhuriyyətinin birinci adamına aşıq bir qadından – kölgədə qalmış Lətifə xanımdan bəhs edən bu kitab eyni zamanda ölənə qədər sürmüş bir eşq hekayətidir.
 
 
Orhan Pamuk. Beynimdə qəribəlik (Kafamda bir tuhaflık)
 
“Beynimdə qəribəlik” həm sevgi hekayəti, həm də modern dastandır.
 
Orxan Pamukun üzərində altı il işlədiyi roman bozasatan Mövludla üç il sevgi məktubları yazdığı sevgilisinin İstanbuldakı həyatlarından danışır.
 
Mövlud 1969-2012-ci illər arasında, qırx ildən artıq bir müddətdə İstanbul küçələrində qatıq, plov satmaq, avtodayanacaq gözətçisi olmaq kimi, bir çox işlərlə məşğul olur.
 
Bir tərəfdən küçələrin cürbəcür adamlarla dolmasını, şəhərin böyük bir hissəsinin uçurulub yenidən tikilməsini, Anadoludan gəlib varlananları izləyir, digər tərəfdən ölkənin keçirdiyi dəyişikliklərin, siyasi çarpışmaların, çevrilişlərin şahidi olur.
 
Onu başqalarından fərqləndirən cəhətdən, beynində qəribə fikirlər qaynaşdığından həmişə narahatlıq hissi keçirir. Amma qış axşamları boza satmaqdan və sevgilisinin, əslində, kim olduğu barədə fikirləşməkdən heç vaxt əl çəkmir.
 
Sevgidə insanın niyyəti, yoxsa qisməti vacibdi? Xoşbəxtliyimiz, və ya bədbəxtliyimiz seçimlərimizlə bağlıdır, yoxsa başımıza bizdən ixtiyarsız gəlirlər? “Beynimdə qəribəlik” romanı bu suallara cavab axtara-axtara ailə həyatıyla şəhər həyatının mübarizəsini, qadınların evlərdəki hiddət və əlacsızlıqlarını təsvir edir.
 
Türkcədən tərcümə edən Nəriman Əbdülrəhmanlı
 
Oxu Zalı
Yuxarı