post-title

Leonid Andreyev: SÜKUT

\"Cüssəli bədəniylə arvadına tərəf dizin-dizin süründü və bir cüt boz gözlə qarşılaşdı. Bu gözlərdə nə mərhəmət, nə də qəzəb vardı. Bəlkə də arvadı bağışlayır və ona acıyırdı, amma baxışlarında nə rəhm, nə də əfv vardı…\"

 
 
Leonid ANDREYEV (1871-1919)
 
(Gümüş əsr rus ədəbiyyatının nümayəndəsi)
 
SÜKUT (hekayə)
 
I
 
Bülbüllərin cəh-cəh vurduğu aylı bir may gecəsində İqnati atanın kabinetinə arvadı daxil oldu. Üz-gözündən iztirab yağırdı, balaca lampanı tutan əli əsirdi. Ərinə yaxınlaşıb çiyninə toxundu və hıçqıra-hıçqıra söylədi:
 
– Kişi, gəl Veroçkanın yanına gedək!
 
İqnati ata başını çevirmədən, eynəyinin üstündən arvadını qaşqabaqla süzdü, özü də aramsız və diqqətlə, ta ki qadın boş qalan əlini yellədib alçaq divana oturdu.
 
– İkiniz də… amansızsınız! – keşiş arvadı son kəlməsini xüsusi vurğuyla dedi, mehriban, dolu sifəti ağrı və qəzəbdən əyildi, sanki bu ifadəsiylə əriylə qızının necə qəddar olduqlarını göstərmək istədi.      
 
İqnati ata rişxəndlə gülümsünüb ayağa qalxdı. Kitabı bağladı, eynəyini çıxarıb qabına qoydu.
 
Hər dərindən nəfəs aldıqca, sinəsinə çatan iri çal saqqalı ağır-ağırtərpənirdi…
 
– Yaxşı, gedək! – dedi.
 
Olqa Stepanovna cəld ayağa qalxdı və ərinin qılığına girmək üçün bir az da ürkək səslə dedi:
 
– Kişi, bircə onu danlama! Xasiyyətinə bələdsən…
 
Veranın mezonində[1] yerləşən otağına qalxan İqnati atanın ağır addımlarına dözməyən ensiz taxta pilləkənlər əyilir və sanki inildəyirdi. Boylu-buxunlu və cüssəli keşiş yuxarı mərtəbənin döşəməsinə dəyməmək üçün başını əyməli olurdu, arvadının ağ köynəyi üzünə dəyəndə çimçəşərək ağız-burnunu büzürdü. Əslində Verayla söhbətindən bir şey çıxmayacağını bilirdi.
 
– Xeyir ola? – bir əliylə gözlərini tutan Vera soruşdu, digərini yüngül ağ ədyalın üstünə uzatmışdı. Qızın solğun, bəmbəyaz, soyuq əlləri yatağıyla həmahəngiydi.
 
– Veroçka… – anasının başlamağıyla hıçqıraraq dayanmağı bir oldu.
 
– Vera! – quru və sərt səsini yumşaltmağa çalışan ata dilləndi. – Vera, sənə nə olub?
 
Vera susurdu.     
 
– Vera, məgər ananla mən etibarına layiq deyilik? Məgər biz səni sevmirik? Məgər sənə bizdən yaxın olan bir kimsə var? Qarşındakı bu qoca və təcrübəli adamın sözünə inan, içini açıb-töksən yüngülləşəcəksən. Elə bizim də çiynimizdən ağır yük götürüləcək. Bir qoca anana bax, gör necə əzab çəkir…
 
– Veroçka!..
 
– Elə bilirsən… – ötkəm səsi titrədi, qəribə şəkildə dəyişdi, – mənə asandı? Axı dərd çəkdiyini görürəm… amma səbəb? Bax bunu sənin atan bilmir. Məgər bu insafdandı?
 
Vera susurdu. İqnati ata saqqalını sığalladı, sanki barmaqlarının iradəsinin ziddinə olaraq qızının xirtdəyindən yapışacağından ehtiyatlandı və sözünə davam elədi:
 
– Sözümdən çıxdın, Peterburqa getdin – məgər bu özbaşınalığını lənətlədim? Yoxsa sənə pul vermədim? Bəlkə yetərincə mülayim davranmadım? Axı niyə susursan? Gördün də, yaman razı qaldın Peterburqundan!
 
İqnati ata susdu, təsəvvüründə sirli təhlükələrlə və yad, etinasız adamlarla dolu nəsə iri, dəhşətli bir şey canlandı. Qızının evini orda yıxdılar. İqnati ata ürəyində bu dəhşətli və müəmmalı şəhərə, üstəlik inadkarcasına susan qızına qəzəb dolu nifrət bəslədi.
 
– Peterburqun nə dəxli var ki, – Vera qaşqabağını salladı və gözlərini yumdu. – Mənə də heç nə olmayıb. Yaxşısı budur, yatmağa gedin, artıq gecdi.
 
– Veroçka! – ana zarıdı. – Qızım, heç olmasa ürəyini mənə aç!
 
– Eh, ana! – hövsələsini basmayan Vera qadının sözün kəsdi.
 
İqnati ata stula çöküb gülməyə başladı.
 
– Deməli, heç nə olmayıb? – istehzayla soruşdu.
 
– Ata, – yatağında dikələn Vera kobud səslə dedi, – səni və anamı sevdiyimi bilirsən. Amma… Sadəcə bir az darıxıram. Narahat olmayın, keçib gedəcək. Doğru sözümdü, yatmağa gedin, qoyun mən də yatım. Sabahda-birigündə danışarıq.
 
Hirslə ayağa qalxan İqnati atanın altındakı stul divara çırpıldı, keşiş arvadının əlindən tutub dartdı.
 
– Gedək!
 
– Veroçka…
 
– Dedim sənə, gedək! – İqnati ata bağırdı. – Əgər o, Allahı yaddan çıxarıbsa, biz nə karəyik ki!.. Nə karəyik!
 
O, Olqa Stepanovnanı otaqdan az qala zorla çıxardı, ərinin ardından pilləkənləri enən qadın addımlarını yavaşıdıb ürəyindəkiləri pıçıldadı:
 
– U-u! Keşiş, onu sən bu cür böyütdün. Xasiyyətdə sənə çəkdi. Cavabını da sən verəcəksən. Başıma haranın daşını töküm…
 
İqnati ata həmin gündən qızını danışdırmadı, amma Vera sanki heç bunun fərqinə varmadı. Əvvəlki tək ya otağında uzandı, ya da elə evdə gəzişərək tez-tez ovcuyla sanki toz düşmüş gözlərini sildi.
 
Təbiətcə zarafatcıl olan keşiş arvadı indi səssizliyə gömülmüş bu iki adamın arasında sıxılıb qalmış, özünü tamam itirmişdi, nə deyəcəyini, nə edəcəyini bilmirdi.
 
Vera bəzən gəzməyə gedirdi. Valideynləriylə söhbətindən sonra adəti üzrə axşam yenə bayıra çıxdı və qayıtmadı. Özünü qatarın altına atdı və qatar bədənini yarı böldü.
 
İqnati ata özü onu basdırdı. Arvadı kilsəyə gəlməmişdi, əslində necə gələ bilərdi ki… Qızının ölüm xəbərini eşidən qadın iflic olmuşdu. Əli, ayağı, dili, hər yeri qurumuşdu, eləcə alaqaranlıq otaqda uzanıb qalmışdı, bircə gücü lap yaxınlıqdakı kilsə zəngini eşitməyə çatmışdı. Qadın hamının kilsədən çıxdığını, evlərinin qənşərində kilsə dualarının oxunduğunu eşidir və xaç çevirmək üçün əlini qaldırmaq istəyirdi, amma əzası sözünə qulaq asmırdı; demək istəyirdi: “Vera, əlvida!” – amma dili ağzına heç cür sığışmırdı. Özü də elə uzanmışdı ki, kənardan baxan deyərdi yəqin bu adam ya yatır, ya da dincəlir. Bircə gözləri açığıydı.
 
Dəfn mərasimində İqnati atanı tanıyan-tanımayan əməlli adam vardı. Hər kəs bu cür dəhşətli ölümə tuş gələn Veranı acıyır, keşişin hərəkətlərində və səsində ağır müsibət əlamətlərini tapmağa çalışırdılar. Camaat İqnati atanı rəftarındakı sərtliyinə və qüruruna, günahkarlara nifrət etdiyinə və bağışlamadığına, əvəzində özü paxıl və acgöz olduğuna, hər fürsətdə kilsəyə gələndən artıq nəsə qoparmağa çalışdığına görə sevmirdilər. Hər kəs onun iztirab çəkdiyini, belinin qırıldığını və qızının ölümündə ikiqat günahını, – həm qəddar ata, həm də öz qızını günahdan qoruya bilməyən sarsaq kilsə xidmətçisi olduğunu, – dərk etdiyini görmək istəyirdi. Hamı maraq dolu baxışlarını ona dikmişdi, arxasındakı nəzərləri hiss edən keşişsə enli və möhkəm kürəyini düz tutmağa çalışır, ölmüş qızını deyil, itirə biləcəyi nüfuzunu düşünürdü.
 
– Bu arsızın qəddini heç nə əyməz! – çərçivəyə görə beş manatını ala bilməyən, keşişdən yanıqlı qalan xarrat Karzyonov mızıldandı.                         
 
Beləcə, İqnati ata nə qəbiristanlığa gedəndə, nə də qayıdanda qəddini əymədi. Bircə arvadının yatdığı otağın kandarında beli azacıq büküldü; amma bəlkə də bunu məcburiyyətdən elədi, axı qapıların çoxu boyuna nisbətdə alçağıydı. İşıqdan alaqaranlığa düşən keşiş arvadının üzünü çətinliklə seçdi, nəhayət, gözü otağa öyrəşəndə qadının sakitcə uzandığına, gözlərinin yaşarmadığına təəccübləndi. Yaş bir tərəfə, bu gözlərdə nə qəzəb, nə də müsibət vardı – onlar elə döşəyə basılmış ağır, taqətsiz bədən kimi inadkarcasına susurdu.
 
– Hə, özünü necə hiss edirsən? – İqnati ata soruşdu.
 
Qadının kilidlənmiş ağzından səssizlik yağırdı, gözlərindən həmçinin. İqnati ata əlini arvadının alnına qoydu: o, soyuq və nəmliydi, Olqa Stepanovna heç bir əzasıyla toxunuşu hiss etdiyini büruzə vermədi. İqnati ata əlini geri çəkəndə, ona bərəlmiş bəbəkləri hesabına az qala qara görünən bir cüt dərin boz göz baxdı, bu baxışda nə qüssə, nə də qəzəb vardı.
 
– Yaxşı, mən öz otağıma gedim, – arvadının baxışlarından dəhşətə gələn, alnını soyuq tər bürüyən İqnati ata dilləndi.    
 
O, qonaq otağına getdi, burda hər şey həmişəki kimi təmiziydi, ağ örtük çəkilmiş hündür kreslolar savannadakı ölüləri xatırladırdı. Pəncərələrin birindən məftilli qəfəs asılmışdı, amma boşuydu, qapısı da açıq.
 
– Nastasya! – İqnati ata çığırdı və səsinin kobud çıxmasına pərt oldu, qızını basdırıb gəlmiş ataya bu səssiz otaqlarda bağırmaq yaraşmazdı. – Nastasya! – bu dəfə sakit hayladı, – sarıbülbül hardadı?
 
Ağlamaqdan burnu çuğundur tək qızarmış aşpaz qadın qaba cavab verdi:
 
– Yeri bir Allaha bəllidi. Uçdu.
 
– Niyə buraxdın? – İqnati ata zəhmlə qaşlarını çatdı.
 
Nastasya hönkürdü və çit yaylığının uçuyla gözünün yaşını silə-silə dedi:
 
– O, xanımın canıydı… Məgər bundan belə onu saxlaya bilərdim?
 
Və İqnati ataya elə gəldi ki, həmişə başını əyib cəh-cəh vuran sarıbülbül, həqiqətən də, Veranın canıydı, əgər indi o uçub getməsəydi, qızının öldüyünü söyləmək olmazdı. Bu fikir keşişi daha da qəzəbləndirdi və o bağırdı:
 
– Rədd ol! – karıxmış Nastasya qapıya çatmağa macal tapmamış ardından əlavə elədi: – Sarsaq qadın!
 
II
 
Dəfn günündən bəri balaca ev sükuta qərq oldu. Bu, sakitlik deyildi, çünki sakitlik sadəcə səsin yoxluğudu, bu, məhz sükutuydu, yəni susan adamlar sanki danışa bilərlər, amma istəmirlər. İqnati ata hər dəfə arvadının otağına daxil olub, qadının inadkar baxışlarıyla rastlaşanda düşünürdü; bu baxışlar ağır qurğuşun tək başını və kürəyini əzirdi. O, səhifələrində səsini axtardığı qızının not dəftərini vərəqləyəndə, kitablarına və portretinə baxanda da eyni düşüncələrə dalırdı. Vera yağlı boyayla çəkilmiş bu iri portreti özüylə Peterburqdan gətirmişdi. İqnati ata şəkli həmişə eyni cür nəzərdən keçirirdi: əvvəlcə mütləq qızının yanağına zillənir və təsəvvüründə ölü Veranın yanağındakı sıyrıntını canlandırırdı. Bu sıyrıntının səbəbini heç cür anlamırdı və hər dəfə üzərində baş sındırırdı: əgər yanağa qatar dəymişdisə, başı bütünlüklə parça-tikə etməliydi, ölü Veranın başısa tamamilə salamatıydı.
 
Bəlkə meyiti götürəndə kiminsə ayağı, ya dırnağı toxunub?
 
Lakin Veranın ölümünün təfərrüatına uzun müddət varmaq dəhşətliydi, beləcə İqnati ata portretin gözlərinə keçirdi. Onlar əsmər olduğu qədər gözəliydi, uzun kipriklərin saldığı sıx kölgə gözlərinin ağını xüsusilə parıltılı göstərirdi, baxışlarısa tərs kimi qara matəm çərçivəsinə yönəlmişdi. Naməlum, lakin istedadlı rəssam onlara qəribə bir ifadə vermişdi: sanki bu bir cüt gözlə tuşlandığı obyekt arasında incə və şəffaf pərdə dayanırdı. Bir az da üzərinə xəfif toz qonmuş, – beləcə, cilalanmış ağacın parıltısını azaltmış, – royalın qara qapağını xatırladırdı. O, portreti necə qoyursa-qoysun, gözlər israrla onu izləyirdi, yalnız danışmır, susurdu; və bu sükut o qədər aydınıydı ki, sanki onu eşitmək olardı.
 
İqnati ata düşünməyə başladı: o, sükutu eşidir…                     
 
Keşiş hər sübh ibadətindən sonra qonaq otağına gəlir, boş qəfəsə və bütünlükdə ətrafa ötəri nəzər salır, kresloya oturur və evdəki sükutu dinləyirdi. Qəfəs sakitcə və nəvazişlə susurdu, bu sükutda həm kədər, həm göz yaşları, həm də yoxluğa gömülmüş gülüş sezilirdi. Arvadının divarların az-maz yumşaltdığı sükutu inadkar, qurğuşun tək ağır və müdhişiydi, o qədər müdhiş ki, günəşin qızmar çağında belə İqnati atanın canına vicvicə salırdı. Ən dəhşətlisi, heç bitməyəni, qəbir tək soyuğu və ölüm tək sirlisi qızının sükutuydu. Damarlardakı qanı donduran bu sükut sanki öz-özündən əziyyət çəkir, sözə çevrilib bayıra püskürmək istəyirdi, lakin nəsə güclü və küt bir şey onu qımıldanmağa qoymur, sanki məftil kimi dartıb uzadırdı. Özü də bu məftil lap uzaq küncdə titrəməyə və sakit-sakit, ürkək-ürkək, yanıqlı-yanıqlı cingildəməyə başlayırdı. İqnati ata qorxu qarışıq sevinclə bu səsi tutmağa çalışır, əlləriylə kreslonun qoltuqlarına dayaqlanaraq başını irəli uzadır, onun yaxınlaşmasını gözləyirdi. Lakin səs kəsilir və sükuta qovuşurdu.
 
– Axmaqlıqdı! – İqnati ata acıqla dillənir və kreslodan qalxaraq hələ də şux qalan qamətini dikəldirdi.            
 
Pəncərədən günəşin parlaq şəfəqlərinə boyanmış, dairəvi, hamar daşlarla döşənmiş meydana və qənşərindəki uzun, pəncərəsiz anbarın divarına tamaşa edirdi. Döngədə daş heykəli xatırladan bir arabaçı dayanmışdı, ordan saatlarla heç kəs keçmədiyi halda bu zavallının az qala qımıldanmamasının səbəbini heç cür anlamırdı.
 
III
 
İqnati ata evdən kənarda əməllicə danışmalı olurdu: kilsəyə gələnlərə Allah sözünü çatdıranda, dua oxuyanda, bəzənsə tanışlarından kiminləsə kart oynayanda; amma hər dəfəsində evə qayıdanda gün ərzində susduğunu düşünürdü. Səbəb sadəydi: axı İqnati ata hər gecə yuxusunu ərşə çəkən, içini yeyən əsas sualı heç kəslə paylaşmırdı: Vera nədən öldü?
 
İqnati ata bundan belə sualına cavab tapa bilməyəcəyi fikriylə heç cür barışmırdı və əksinə, nə vaxtsa tapacağına ümid edirdi. Yuxusuz keçirdiyi hər gecə təsəvvüründə arvadıyla birgə Veranın çarpayısının başında durduğu həmin axşamı canlandırır, ondan “Söylə!” – deyə xahiş etməsini xatırlayırdı, amma xatirələrində sonra baş verənlər gerçəkdən tamamilə uzağıydı. O axşamın canlı, tutqunlaşmayan mənzərəsini zülmət qaranlığında qoruyub-saxlayan bağlı gözləri Veranın yatağından qalxdığını, gülümsədiyini və danışdığını görürdü… Amma nə deyirdi? Veranın söyləmədiyi bu söz elə yaxındaydı ki, sanki qulaqlarını şəkləsə və ürəyinin döyüntüsünə ara verə bilsə, elə indicə onu eşidəcəkdi, amma bu səs ümidsizcəsinə uzaqdaydı. Onda İqnati ata yatağından qalxır, irəli uzatdığı əllərini əsdirə-əsdirə yalvarırdı:
 
– Vera!..
 
Cavabsa sükutuydu.
 
Bir axşam İqnati ata artıq bir həftədi ki baş çəkmədiyi Olqa Stepanovnanın otağına gəldi, çarpayının baş tərəfində oturub üzünü inadlı, qurğuşun tək ağır baxışlardan çevirib söylədi:
 
– Arvad! Səninlə Vera haqqında danışmaq istəyirəm. Eşidirsən?
 
Gözlər susurdu, səsini ucaldan İqnati ata sanki qarşısında tövbəyə gələn durubmuş kimi zabitəli və hökmlü səslə danışmağa başladı.
 
– Bilirəm, Veranın ölümündə məni günahkar sayırsan. Amma bir düşün, məgər onu səndən az sevirdim? Nahaq qınayırsan… Bəli, mən tələbkarıydım, amma məgər bu ona istədiyini etməyə mane olurdu? Lənətimdən qorxmayıb… ora gedəndə atalıq ləyaqətimdən keçdim, taleyimə boyun əydim. Məgər sən ona qalmasını yalvarmamışdın, səsini kəsməyi əmr edənəcən gözünün yaşını sel kimi axıtmamışdın? Məgər onu mən belə daşürəkli doğdum? Məgər gecə-gündüz ona Allahdan, itaətdən, sevgidən danışmadım?      
 
İqnati ata cəld arvadının gözlərinə baxıb, üzünü anındaca çevirdi.
 
– Əgər o, müsibətini bizimlə bölüşmək istəmirdisə, mənim əlimdən nə gəlirdi ki? Əmr etmək – əmr etdim; xahiş etmək – xahiş etdim. Nədir, bəlkə qızının qarşısında diz çöküb, arvad kimi ağlamalıydım? Başında… nə biləydim başında nə var! Zalım, insafsız qız!
 
İqnati ata yumruğunu dizinə vurdu.
 
– Sevə bilmirdi – vəssalam! O ki qaldı mənə, özüm də bilirəm… zalımam… Bəs sən, heç olmasa səni sevirdi? Səni… qarşısında ikidə bir ağlayan… mənliyini alçaldan anasını?
 
İqnati ata səssiz güldü.
 
– Dəli kimi sevirdi! Ona görə də sənə təsəlli olsun deyə bu cür ölüm seçdi. Amansız, rüsvayçı ölüm. Çirkabda öldü… it kimi gəbərdi, bircə yoldan keçənlərin üzünü ayaqlaması qalmışdı.
 
İqnati atanın səsi xırıldadı.
 
– Utanıb yerə girirəm! Küçəyə çıxmağa utanıram! Mehrabdan çıxmağa utanıram! Allahın qarşısında xəcalət çəkirəm! Qəddar, şərəfsiz qız! Qəbrindəcə lənətə gələsən…
 
İqnati ata növbəti dəfə arvadına nəzər salanda, qadın huşunu itirmişdi, bir də bir neçə saatdan sonra özünə gəldi. Huşu yerinə gəlsə də, gözləri susurdu və onun İqnati atanın dediklərini xatırlayıb-xatırlamadığını anlamaq olmurdu.
 
Elə həmin gecə – bu, ilıq, sakit və səssiz aylı iyul gecəsiydi, – arvadının və baxıcısının eşidəcəyindən ehtiyatlanan İqnati ata pilləkənləri asta-asta qalxıb Veranın otağına daxil oldu. Mezoninin pəncərələri Veranın öldüyü gündən bəri açılmadığından içəri boğanağıydı, bir az da gün ərzində bərk qızan dəmir damın yüngül yanıq qoxusu gəlirdi. Günaşırı yığışdırılsa belə, sanki boş və baxımsız qaldığını hayqıran otaq bura insan ayağının dəymədiyindən şikayətlənirdi, elə bil yararsız olduqlarını hiss edən taxta divarlar, mebel və yerdə qalan əşyalarsa xəfif çürüntü qoxuyurdular. Pəncərədən düşən parlaq ay işığı səliqəylə yuyulmuş döşəmənin ağ lövhələrində əks olunur, üzərinə böyük və balaca yastıq qoyulmuş tərtəmiz çarpayı bu alatoranda xəyali və yayğın görünürdü. İqnati ata pəncərəni açdı, toz, yaxınlıqdakı çay və çiçəklənən cökə qoxuyan təmiz hava içəri şığıdı, bir də uzaqdan-uzağa xor nəğməsi eşidildi: yəqin qayıqda üzən cavanlar şənlənirdilər. Yalın ayaqlarıyla səssiz-səmirsiz addım atan, bu cür yerişiylə və əynindəki uzun ağ köynəyiylə kabusu xatırladan İqnati ata boş çarpayıya yaxınlaşıb dizlərini qatladı və üzünü yastığın içində gizlətdi. Bununla da kifayətlənməyib, əslində Veranın baş qoyduğu  yastığı qucaqladı. Beləcə, uzun müddət yıxılıb qaldı; bir ara nəğmə səsli gücləndi, sonra susdu, o isə heç qımıldanmadı, uzun qara saçları çiyinlərinə, yatağa dağıldı.
 
İqnati ata başını qaldırıb pıçıldayanda ay artıq yerini dəyişmiş və otaq qaranlığa boyanmışdı. Keşişin pıçıltısında illərdi qəlbinin dərinliyində kilidlədiyi, bayıra çıxarmağa qoymadığı, dərk etməkdən çəkindiyi sevgi duyuldu və öz dediklərinə elə diqqət kəsildi ki, sanki o deyil, qızı qulaq asırdı.
 
– Qızım, Vera! Qızım, nə çəkdiyimi anlayırsan? Qızım! Ürəyimin içi, canımın bir parçası, qanım. Qoca atan… atan lap qocalıb… əldən düşüb…
 
İqnati atanın çiyinləri əsdi və yoğun gərdəni yırğalandı. Əsməcəsinə güc gəlməyə çalışan İqnati ata körpə oxşayırmış kimi lap nəvazişlə pıçıldadı:
 
– Bax bu qoca atan… səndən xahiş edir. Yox, Veroçka, yalvarır. Ağlayır. Axı sən onun göz yaşlarını heç vaxt görməmisən. Mənim balam, sənin iztirabın mənim iztirabımdı. İkiqat iqtirabımdı!
 
İqnati ata bu dəfə başını yırğaladı.
 
– İkiqat iztirabımdı, Veroçka. Axı mən qocanın ölümü nədi ki? Amma sən… Axı sən necə zərif, kövrək və ürkək olduğunun fərqindəydin! Yadındadı, bir dəfə barmağına nəsə batmışdı, qanadığını görən kimi ağladın? Balam mənim! Axı sən də məni sevirsən, bilirəm, bütün qəlbinlə sevirsən. Hər səhər əlimi öpürsən. Bircə bu qoca atanla içini dağıdan o müsibəti paylaş, bax bu əllərimlə onun axırına çıxım. Vera, bu əllər hələ çox güclüdü.
 
İqnati atanın saçları silkindi.
 
– Söylə!
 
İqnati ata gözlərini divara zillədi və əllərini irəli uzatdı.
 
– Söylə!
 
Otaqda ölü sükut hökm sürürdü, uzaqdan sürəkli parovoz fiti eşidildi.
 
Sanki qarşısında eybəcər hala salınmış meyitin qorxulu kabusunu görürmüş kimi, bərəlmiş gözlərini otaq boyu gəzdirən İqnati ata ağır-ağır ayağa qalxdı və gərilmiş barmaqlarını əsdirə-əsdirə başına yaxınlaşdırdı. Qapıya tərəf daldalı addımlayaraq qırıq-qırıq pıçıldadı:
 
– Söylə!
 
Ona sükut cavab verdi.    
 
IV
 
İqnati ata səhərisi gün erkən və tənha günorta yeməyindən sonra qəbiristanlığa yollandı – qızının ölümündən sonra ilk dəfə. Bürküydü, ətrafda ins-cins gözə dəymirdi, sakitlikdi, sanki bu isti yay günortası yerini səhv salmış gecəydi. İqnati ata vərdişinə xilaf çıxmayıb qamətini şux tutdu, ciddi görkəmlə ətrafına boylanıb özünə heç nəyin dəyişmədiyini təlqin elədi; sanki ayaqlarındakı köhnə və yeni ağrıları, uzun saqqalının insafsız şaxtaya tuş gəlibmiş kimi, indi tamam ağardığını qulaqardına vurdu. Qəbiristanlığa gedən yol yüngülcə yuxarı meyllənən uzun düz küçədən keçirdi və onun sonunda qəbiristanlığın parlaq dişlərini ağardan, ayrıq qalmış ağzı xatırladan bəyaz alaqapısı görünürdü.
 
Veranın qəbri qəbiristanlığın lap dərinliyindəydi, bura çataçatda qum tökülmüş yollar da qurtardığından İqnati ata uzun müddət dar cığırlarda, çoxdan unudulmuş və tərk edilmiş yaşıl təpəciklərin arasında dolaşmalı oldu. Arada qarşısına əyilmiş, mamır basmış abidələr, sınıq-salxaq məhəccərlər və əcaib hirslə torpağı basan ağır daşlar çıxırdı. Veranın qəbri belə daşlardan birinə qısılmışdı. Üzərinə sarı qum tökülmüşdü, ətrafısa yaşıllıq içindəydi. Üvəz ağacı ağcaqayınla qucaqlaşmışdı, əl-ayağını rahat-rahat ətrafa uzatmış fındıq ağacısa enli və yumşaq yarpaqlı budaqlarını qəbrin üstünə sallamışdı. Qonşu qəbrin ucunda oturub nəfəsini dərən İqnati ata ətrafa göz gəzdirdi, elə bil yerini heç dəyişməyəcək qızmar günəşi qoynuna alan aydın səmaya ötəri nəzər saldı, – və yalnız bu zaman küləyi harasa uzaqlara qovmuş qəbiristanlıqda hökm sürən, heç nəylə müqayisə olunmayan o dərin səssizliyi duydu. İqnati ata yenidən bunun səssizlik deyil, sükut olduğunu düşündü. Bu sükut düz qəbiristanlığın kərpic divarlarınadək gedib çatır, ağır-ağır onu aşır və şəhəri basırdı. Sonusa bax ordadı – inadla susan bir cüt boz gözdə.
 
İqnati ata çiyinlərini büküb baxışlarını aşağı, Veranın qəbrinə dikdi. O, hardasa küləyin sovurduğu tarladan torpaqla bir yerdə çıxardığı, özgə yerə alışmağa imkan tapmamış, sanki dərddən saralmış ota uzun müddət baxdı və bu otun altında, ondan iki arşın aralıda Verasının yatdığını heç cür ağlına sığışdıra bilmədi. Bu yaxınlıq ataya gerçəyi qəbullanmağa bir az da mane olur, içini əcaib təlaşlandırırdı. Əbədiyyətə qovuşduğunu, sonsuzluğun qaranlıq ənginliklərində yoxa çıxdığını düşündüyü balası indi burda, lap yaxındadı… onun artıq olmadığını və bir də heç vaxt olmayacağını dərk etmək çətiniydi. İqnati ataya elə gəlirdi ki, düz dodaqlarınadək gətirdiyi kəlməni ağzından çıxarsa, ya da hər hansı bir hərəkət etsə, Verası qəbirdən çıxacaq və atasından fərqlənməyən şux qamətini dikəldəcək. Ayağa qalxan təkcə qızı olmayacaq, ölülərin hamısı duracaq və ölü sükuta son verəcək.       
 
İqnati ata enliətək qara şlyapasını başından çıxardı, barmaqlarıyla saçlarını darayıb pıçıldadı:
 
– Vera!
 
Birdən kiminsə onu eşidəcəyindən hürküb ayağa qalxdı, xaçların üstündən ətrafa boylandı. İns-cins yoxuydu və o bu dəfə hündürdən təkrarladı:
 
– Vera!
 
Hündürdən və israrla hayladı, arada bir susanda bir anlıq aşağıdan anlaşılmaz səs eşitdiyini xəyal elədi. İqnati ata bir daha ətrafa göz gəzdirib, saçlarını qulağının dalına yığıb qəbrin üstünə əyildi.
 
– Vera, söylə!
 
İqnati ata qorxu qarışıq dəhşətlə qəbirdən qulağına axan və beynini soyudan səs eşitdi, danışan Verasının sükutuydu. Və bu sükut get-gedə daha da qorxulu və təlaşlı görkəm alırdı. İqnati ata bütün gücünü toplayıb meyitdən fərqlənməyən başınmı torpaqdan ayıranda, ona elə gəldi ki, havanın özü bu dərin sukutun qarşısında əsməcə keçirir, sanki bu dəhşətli dənizi vəhşi tufan başına alıb. Sükut caynaqlarını boğazına dolayıb onu boğurdu; zərbələrinə davam gətirməyən köksünə hər dəfə daha bərk sancılırdı. Təpədən dırmağadək əsməcə içində olan, hələ də arada bir kənara qəfil baxışlar atan İqnati ata əzablarına güc gəlib qamətini dikəltməyə, artıq heç nəyə yaramayan vüqarlı görkəmini qaytarmağa çalışdı. Və nail oldu. Dizlərini qəsdən yavaş-yavaş çırpışdırdı, şlyapasını başına taxdı, üç dəfə xaç çevirdi və dimdik addımladı, amma ovcunun içi kimi tanıdığı qəbiristanlıqda yolunu azdı.
 
– Azdım! – İqnati ata rişxəndlə gülümsündü və yolayrıcında ayaq saxladı.
 
Lakin bu, bircə saniyə çəkdi, o, düşünmədən sola çevrildi, çünki gözləmək və dayanmaq olmaz. Sükut qovur. O, yaşıl qəbirlərdən boylanır; boz, qaşqabaqlı xaçlar onunla nəfəs alır; o, meyitlərdən qidalanaraq torpağın bütün məsamələrindən fışqırıb çıxır. İqnati ata addımlarını getdikcə daha da yeyinlətdi. Sükutdan qulağı batan keşiş eyni cığırlarda dövrə vurur, qəbirlərin üstündən hoppanır, məhəccərlərə ilişir, tikanlı tənəkə əklillərdən yapışırdı. Beynində yalnız tezliklə burdan qurtulmaq fikri dolaşırdı. Elə hey ora-bura vurnuxur və sonunda, nəhayət, ayaqlarına güc verir, dəli kimi qaçırdı. Təsadüfən qarşısına çıxan birisi hoppana-hoppana, əl-qol ata-ata qaçan bu insanı, onun divanələri xatırladan əyilmiş sifətini görsəydi, ayrıq qalmış ağzından çıxan o xırıltılı səsi eşitsəydi, yəqin ki ölünün xortladığını zənn edər, ürəyi anındaca partlayardı.                            
 
İqnati ata özünü qurtaracağında o qədər də hündür olmayan qəbiristanlıq kilsəsinin ağardığı meydana atdı. Qapının ağzındakı balaca skamyada görkəmindən uzaqlardan gələn ziyarətçiyə bənzəyən qoca mürgüləyirdi. Yanında əl-qol ata-ata bir-birinə dişinin dibindən çıxanı söyləyən iki dilənçi qarı dayanmışdı.
 
İqnati ata evinə yaxınlaşanda, artıq qaranlıq düşmüşdü və Olqa Stepanovnanın otağında şam yanırdı. Təpədən dırnağa toz içində olan İqnati ata üst-başını soyunmadan birbaşa arvadının yanına yollandı və ayağını kandardan basmaqla diz üstə çökməyi bir oldu.
 
– Arvad… Olya… Mənə yazığın gəlsin! – hönkürdü. – Dəli oluram.
 
Beləcə, başını masanın küncünə döyə-döyə illər boyu zəifliyini yeddi qapı arxasında kilidləmiş birisi tək hönkür-hönkür ağladı. Başını qaldıranda möcüzənin baş verəcəyinə, arvadının rəhmə gəlib danışacağına ümid elədi.
 
– Əzizim!
 
Cüssəli bədəniylə arvadına tərəf dizin-dizin süründü və bir cüt boz gözlə qarşılaşdı. Bu gözlərdə nə mərhəmət, nə də qəzəb vardı. Bəlkə də arvadı bağışlayır və ona acıyırdı, amma baxışlarında nə rəhm, nə də əfv vardı. Bu baxışlar lal-dinməzdi, onlar susurdu.
 
Qaranlığa qərq olmuş, tənhalığa məhkum edilmiş ev kimi.           
 
1-5 may, 1900-cü il
 
[1] Üst tikili, yarımmərtəbə 
 
Ruscadan çevirdi: Kifayət Haqverdiyeva
 
Sim-sim.az
Yuxarı