post-title

Keit Şopen - Bir Saatın Əhvalatı

Daha onun həyatında iradəsinə kor-koranə tabe olacağı hansısa güc olmayacaqdı. Axı böyük bir əzmkarlıqla kişilər də, qadınlar da qarşı tərəfə öz iradələrini yeritməyə çalışırlar.

 

Xanım Mallard ağır ürək xəstəliyindən əziyyət çəkdiyi üçün ərinin ölüm xəbərini ona mümkün qədər ehtiyyatla söyləmək lazım idi. Bacısı Jozefin qolu-budağı sınmış, qırıq-qırıq cümlələrində üstü örtülü işarələr edərək bu xəbəri ona dedi. Bu zaman ərinin yaxın dostu Riçard da otaqda onun yanında dayanmışdı. Dəmiryolunda baş verən fəlakət haqqında Xəbər Ofisinə daxil olan məlumatı qəbul edən də elə Riçard özü olmuşdu. Ölənlər siyahısında ilk Brentli Mallardın adı qeyd olunmuşdu. Riçard xəbərin doğruluğuna əmin olmaq üçün ikinci teleqrama qədər gözləmişdi və bunun həqiqət olduğu təsdiqlənən kimi tələsik Xanım Mallardın evinə yola düşmüşdü ki, birdən dostlardan biri ehtiyyatsız davranaraq onun səhhətini nəzərə almadan bu kədərli xəbəri ona çatdırar.
Xanım Mallard bu xəbəri heç də bir çox başqa qadınlar kimi iflic vurmuş adam çarəsizliyi ilə dinləmədi. Əvvəlcə o, dəlicəsinə bacısının qolları arasına aşaraq göz yaşı tökməyə başladı. Sonra bu kədər fırtınası əsib- gurlayıb sakitləşdikdə o, qalxıb kirimişcə öz otağına keçdi, qapını bağladı. İndi o, bu otaqda tək idi və heç kim onu görmürdü. 
Açıq pəncərə ilə üzbəüz yumuşaq kreslo qoyulmuşdu. Xanım Mallard bitkin halda kresloya çökdü. Görünür taqətsizlik təkcə onun bədənini təpədən dırnağa qədər bürüməmiş, həm də onun ruhuna sirayət etmişdi. 
O, əyləşdiyi yerdən evin bağçasında ucalan ağacların yaz küləyindən titrəşən başlarını görə bilirdi. Havadan xoş yağış qoxusu gəlir, küçənin ayağında hansısa alverçi qışqıraraq satdığı malların adlarını sadalayırdı. Sərçələr pəncərənin kəndarında səs-səsə verib civildəşirdilər. Uzaqda kiminsə zümzüməsi eşidilirdi.
Səmada orda-burda görünən bulud topaları pəncərənin qərb tərəfində daha sıx toplaşmış buludlara doğru hərəkət edirdi.


O, başını kreslonun arxasına söykəyib tamamilə hərəkətsiz vəziyyətdə oturmuşdu. Sadəcə qəhər onun boğazına yığılıb düyünlənəndə üzünün səyirdiyi hiss olunurdu.
Xanım Mallard hələ gənc və kifayət qədər yaxşı görünüşə malik qadın idi. Onun sakit üzündə psixoloji basqıya məruz qalmış, həmçinin də xüsusi gücə malik olan adamın ifadəsi var idi. Hal-hazırda isə onun nəzərləri mənasız ifadə ilə buludlardan da uzağa, naməlum bir şeyə zillənmişdi. Bu baxışlar heç də real bir obyektə dikilən baxışlardan deyildi, onlar daha çox başına hansısa ağıllı fikirlər gəlmiş adamın baxışlarına bənzəyirdi. 
Onun həyatına nəsə gəlirdi və o, qorxu içində bunu gözləyirdi. Bu nə idi? O, bilmirdi; bu nə isə açıqlanması çətin, anlaşılmaz bir şey idi. Ancaq o, bunu hiss edirdi, anlamadığı bir şey səmanın mavisindən qopub, ətrafdakı səslərdən süzülüb, havadakı qoxudan ayrılıb ona tərəf gəlirdi.
İndi onun köksü həyəcandan qalxıb enirdi. O, yavaş-yavaş nəyin yaxınlaşdığını, nəyin onu ələ keçirməyə hazırlaşdığını başa düşməyə başlayırdı və bütün zəifliyi ilə şüurlu şəkildə ona qarşı müqavimət göstərərək özündən uzaqlaşdırmağa çalışırdı. Nəhayət o, özünü təslim etdi və bir söz zəif pıçıltı ilə onun xəfifcə aralanmış dodaqları arasından özünü bayıra atdı. Bu söz dəflərlə onun nəfəsindən qopub səsləndi: "azad, azad, azad!" Bir qədər əvvəlki mənasız baxışlar və qorxu ifadəsi onun gözlərindən silindi. İndi onun gözlərində həvəs və arzu parıldayır, nəbzi sürətlə döyünür, qanı qaynayır, həyat eşqi ilə bədənin hər hüceyrəsinə yayılırdı.
O yenə də öz-özündən soruşmağa davam edirdi; onu bürüyən sevinc- bu, qorxuncdur, yoxsa necə? Lakin o, özünü bu sualın mənasızlığına inandıraraq bu barədə düşünməkdən əl çəkdi. O, bilirdi ki, əgər yenidən ölü halda uzanan ərinin qoynunda cəm olmuş zərif, mehriban əllərini, ona heç bir zaman sevgisiz baxmamış üzünün hərəkətsiz, göyərmiş və ölü vəziyyətini görəndə yenidən göz yaşları tökəcək. Ancaq, bununla belə o, bu kədərli dəqiqələrin sonunda başlayacaq uzun illər karvanını da görürdü. Bu, o demək idi ki, həmin illər tamamilə yalnız onun öz ixtiyarında olacaqdı. Beləliklə Xanım Mallard qollarını geniş açaraq, sevinclə onları qarşılamağa hazırlaşdı. 
Artıq ortalıqda həyatını həsr etmək üçün heç kim olmayacaqdı; o, qarşıdakı illəri sadəcə özünə həsr edəcək, özü üçün yaşayacaqdı. Daha onun həyatında iradəsinə kor-koranə tabe olacağı hansısa güc olmayacaqdı. Axı böyük bir əzmkarlıqla kişilər də, qadınlar da qarşı tərəfə öz iradələrini yeritməyə çalışırlar. Bir an məsələyə bu tərəfdən baxanda onun düşüncələrinin arxasındakı niyyətin xoş yoxsa qəddarca olması daha az önəm kəsb edir. 
Yenə də buna baxmayaraq, hər halda o, bəzi anlar bu adamı sevmişdi. Lakin belə anlar, o qədər də tez-tez olmamışdı. Bunun nə fərqi var! Güclü özünü təsdiq duyğuları olan yerdə, axı, sevgi, o açıqlanmaz sirr nə edə bilər ki! Xanım Mallard da birdən varlığındakı yeganə güclü tətikləyici qüvvənin özünü təsdiq hissi olduğunu dərk etdi!
Azad! Azad vücud, azad ruh! - o durmadan pıçıldayırdı.
Jozefin bağlı qapının arxasında dizləri üstə dayanıb dodaqlarını açar dəliyinə tərəf uzadaraq içəri buraxılması üçün yalvarırdı, - Luiza, aç qapını! Yalvarıram sənə; aç qapını, sənə bir şey olacaq, xəstəliyin tutacaq. Axı, orda neynirsən, Luiza? Allah xatirinə aç qapını. 
- Get burdan. Məni rahat burax, yaxşıyam. - Əlbəttə; axı, o, indi bu dəqiqə kreslosunda əyləşib açıq pəncərədən axıb gələn əsl həyat iksiri içirdi.
Xəyalları qarşıda onu gözləyən həmin azad günlərə doğru baş alıb gedirdi. Yaz günləri, yay günləri və i.a. günlər - hamısı onun olacaqdı. O, cəld daha uzun ömür sürməsi üçün dua da oxudu. Halbuki hələ dünən qarşıda onu uzun həyat gözlədiyini düşünəndə tükləri ürpərmişdi.
O, bacısının zəhlətökənliyindən təngə gəlib ayağa qalxdı və qapını açdı. Onun gözlərində qızdırmalı zəfər var idi, özü də fərqində olmadan Qələbə İlahəsi kimi yeriyirdi. O, bir qolu ilə bacısının belini qucaqladı və onlar birlikdə pilləkənlərlə aşağı endilər. Riçard aşağıda onları gözləyirdi. 
Birdən qapıdan səs gəldi, kimsə açarla giriş qapısını açmağa çalışırdı. Qapı açıldı və üst-başı bulaşmış, əlində çanta və çətir, hər zamanki tövrü ilə Brentli Mallard içəri daxil oldu. O, qəza baş verən yerdən çox uzaqda olubmuş, hətta belə bir qəzadan heç xəbəri yox imiş. Brentli, Jozefinin qulaq batırıcı qışqırtısına, Riçardın cəld hərəkətlə onun arvadının qarşısına atılıb qapını görməsinə mane olmağa çalışmasına heyrət içində donub qaldı.
Xanım Mallard üçün çağırılan həkimlər isə gəldilər və onun aşırı sevinc nəticəsində - ürək tutmasından öldüyünü dedilər.

 

Tərcümə: Zərifə İbrahimli

Yuxarı