post-title

Aygün Qurbanlı: Postmodernizm fəlsəfəsində \"Rizom\" anlayışı

\"Fransada 1968-ci il May hadisələri zamanı ölkədə baş verən qarışıqlıq və böhrana şahidlik etmiş müəlliflər hadisələrdən öncəni, hadisələrin gedişatını və sonrasını müşahidə etməklə, əslində xaosun, qarışıqlığın da müəyyən inkişafa, düzənə apardığı barədə nəticəyə gəldilər\"

 
"Rizom" ədəbiyyatda “Qızılgülün adı” romanında nümunə kimi
 
“Rizom” pöhrələrini yanlara doğru necə gəldi, xüsusi forma vermədən uzadaraq, davamlı şəkildə üfüqi istiqamətdə böyüyən yeraltı kökdür. 
 
Bu termin fəlsəfi məfhum kimi ilk dəfə fransız filosof J. Delöz və psixoanalitik Feliks Qvattarinin birlikdə müəllifi olduqları “Kapitalizm və Şizofreniya" (1972-1980) əsərində istifadə olunub. Fransada 1968-ci il May hadisələri zamanı ölkədə baş verən qarışıqlıq və böhrana şahidlik etmiş müəlliflər hadisələrdən öncəni, hadisələrin gedişatını və sonrasını müşahidə etməklə, əslində xaosun, qarışıqlığın da müəyyən inkişafa, düzənə apardığı barədə nəticəyə gəldilər.
 
Onlar  xronoloji xətt boyunca hadisələrin planını cızan, “şeylərin” orijinal səbəbini axtaran və həmin “şeylərin” kuliminasiya nöqtəsini və nəticəsini gözləyən ənənəvi kök-ağac sisteminə qarşı duran anlayış kimi rizomdan poststrukturalizm və postmodernizmdə istifadə etdilər. Rizomda nə başlanğıc məlumdur, nə də son, o həmişə şeylərin, hadisələrin ortasında, arasındadır. Delöz və Qvattari rizomu musiqi, riyaziyyat, iqtisadiyyat, siyasət, elm, incəsənət, ekologiya daxil olmaqla bir çox mücərrəd anlayışlardakı fəaliyyət kimi təsvir edirdilər. Rizom hər şey və hər kəsin  – konkret, mücərrəd və faktiki fəaliyyətlərin bütün aspektləri – bir-birilə və digər əşya və şəxslərlə necə qarşılıqlı-çoxşaxəli əlaqədə olmasını ehtiva edir. Rizomun təbiəti simbioz və paralel əlaqələri formalaşdıran təbii və qeyri-təbii hissələrdən tərtib olunmuş hərəkət edən matrisdir. Onun şəbəkələnmiş xəttləri üzərində tək bir mövqe yoxdur; şeylər arası əlaqələri birləşdirən nöqtələri var. Delöz və Qvattariyə görə, düşüncənin rizom formalı yaylasına çoxşaxəli və əlaqəli fikir və cismin potensial mülahizələri vasitəsilə çatmaq olar.  Rizom bir-birilə əlaqəyə girmiş şeylərin yeni təsirlər, yeni anlayışlar, yeni fikirlər və cismlər üçün fəaliyyət göstərən hər hansı bir şəbəkəsidir. Rizom həm də özündə çoxvariantlıq, təxminedilməzlik, hadisələrin inkişafının kəskin dönüşünü və baş verən xaosu mövcud imkanların yenilənməsi və mənbəyi kimi cəmləşdirən inkişafın sinergetik anlamı ilə sıx əlaqədədir. Rizom haqda danışarkən müəlliflər onun aşağıdakı prinsiplərini təyin etdilər:
 
1) Əlaqə Prinsipi – rizomun istənilən nöqtəsinin digərilə əlaqəsi var və onlar çarpazlaşa, qarşılaşa bilərlər;
2) Heterogen Prinsipi – linqvistik rejimlərdən kənara çıxaraq kodlarla işləmənin müxtəlif üsulları; 
3) Çoxluq (və ya çoxşaxəlilik) Prinsipi – rizom mətnin mövzusu və ya məqsədi, fiziki və ya mənəvi gerçəkliyi, təsviri və dünyasıyla əlaqəsini itirə və sadə təqdimat olmaqdan uzaqlaşa bilər; o yalnız bir mövzuya deyil, müxtəlif yanlara tərəf çoxala, şaxələnə bilər; kök-ağac strukturu deyil, yalnız boylara verən, getdikcə həcmi genişlənən kök xəttləri var;
4) Təyinedici Partlama Prinsipi – rizom müəyyən nöqtədə sına, parçalana bilər, lakin hansısa köhnə boyların birində yenidən qurula və başlaya bilir; bu partlama əvvəlki mənaya yeni açıqlama zənciri gətirmir, yeni reaksiyaların yaradılması üçün başlanğıc nöqtəsi olur. 
5-6) Kartoqrafiya və Dekalkomaniya Prinsipi – rizom xəritəyə bənzəyir, çox sayda giriş yolları var; kəsişmələr və  kök quruluşları onun izləmələridir. İzləmələr xəritəyə bənzər cızları təsvirə çevirir; onlar rizomu kökə və ondan böyüyən hissələrə döndərir. 
 
Labirintəbənzər rizoma gəldikdə isə burada çoxsaylı giriş-çıxışlara malik cığırlar başlanğıclarını bir yoldan deyil, sərbəst formada axtarırlar. Postmodernizm fəlsəfəsində bu tip labirint seçim sahəsi və ya hadisələrin inkişaf ssenarisi kimi şərh olunur. Rizom formalı labirint mərkəzləşmir, iyerarxik deyil, çığırların birinin digərilə çarpazlaşması və yenisini yaratması mümkündür.
 
Rizom formalı labirintdə səyahət dolaşıq yolun müəyyən növündən başqa bir şey deyil-  mərkəz və “parçalanmış” ətrafla və ya “itən nöqtə” ilə mövcudluğun bitməz sferası- “ hər yer mərkəz ola bilər, sərhədlər isə yoxdur”- arasında arasıkəsilməz azmadır. Bu növ labirint daxilində yürüyən  kəs səyahətinin başlanğıcını və istiqamətini seçməkdə sərbəstdir, bunun üçün xüsusi normalı qaydalar yoxdur. Bununla da o, saysız-hesabsız istiqamətlər potensialı, daimi seçim imkanlarına sahib vəziyyət yaradır. Öz istiqamətini götürdüyü yer eyni anda onun üçün həm başlanğıc, həm yolunun ortası, həm də sonu ola bilər. Beləliklə, o, labirintin daxili hüdudlarını pozmadan öz istəklərinə uyğun marşrutunu yaradır. Bu cür yanaşma çərçivəsində yolun sonunun necə nəticələnəcəyini fərz etmək çətindir. 
Rizom formalı labirintə ədəbiyyatda U. Ekonun “Qızılgülün adı” romanında rast gəlmək olur. Əsərdə sözügedən labirint yalnız onun xarici görünüşünün təcəssümü deyil (kitabxananın quruluşu və kitabların əlaqəsiz düzülüşü), həm də Aristotelin “Poetika” əsərində gülüşün həqiqətin açılıb göstərilməsinə xidmət etməsinə həsr olunmuş hissəsi üzərində U. Ekonun qurduğu mənəvi, ruhani labirintin təsviridir.  Müəllif sanki labirint içində labirint qurur, tikilinin quruluşu, həmçinin kitabxananın mənəvi aləminin bağışladığı qarışıq təəssüratlar burada rizom anlayışından istifadə olunduğna işarədir.  Romanda 1327-ci ildə bir İtaliyan kilsəsində rahiblərin ard-arda qətllərinin araşdırılması fonunda Avropa orta əsrlər tarixinin sxolastik fəlsəfəsinə toxunulur və daha detallı qeyd etsək, gülüşün müqəddəs İsa yolunun əzabkeş ardıcılları üçün məqbul hesab edilə bilinib-bilinməyəcəyindən danışılır. Hadisələri nəql edən Mekli Adson müəllimi və qətlləri araşdıran rahib Baskervilli Vilyamın Bensini miniatür ustası Adelmin qətlilə bağlı sorğu-sual edərkən, onun, Berenqarın, Venantiusun, Malaxiyanın və kor rahib Xorxenin arasında olan söhbəti xatırlayır. Onlar  Aristotelin adı çəkilən əsərində “ ......poeziya sənətini ümumiyyətlə iki, həm də təbii səbəb doğurmuşdur. Əvvələn, təqlid uşaqlıqdan bütün insanlara xasdır və onlar digər heyvanlardan bununla fərqlənirlər ki, təqlidə daha qabildirlər və ilk bilikləri də məhz onun sayəsində əldə edirlər; ikincisi, təqlid və onun nəticəsi hamıya zövq verir. Həqiqətən, baş verən hadisələr də bunu sübut edir: həyatda bizə iyrənc görünən şeylərin təsvirinə baxarkən xoşumuz gəlir; məsələn, iyrənc heyvanların və meyitin təsviri. Bunun səbəbi isə ondadır ki, bilik qazanmaq nəinki filosoflar, eyni dərəcədə başqa adamlar üçün də olduqca xoşdur, yalnız bir fərqlə ki, bu sonuncular bilikləri uzun zaman üçün əldə etmirlər. Mövcud şəkillərə ( onlar) məmnuniyyətlə baxırlar ki, çünki baxarkən öyrənə və düşünə bilirlər, təklikdə ( hansı şey) nədir, məsələn, bu- filandır. Əgər onlar, rəsmdəki şeyləri görməmişlərsə, şəkildə təsvir olunan təqlidin özündən yox, şəklin işlənməsindən, yaxud rəngdən, ya da bu qəbildən olan başqa bir səbəbdən zövq alacaqlar.
 
Komediya , dediyimiz kimi, pis adamların əks etdirilməsidir, amma bunu da tam qəbahət mənasında yox, o mənada başa düşmək lazımdır ki, gülməli özü də eybəcərliyin bir hissəsidir: gülməli- heç kimə iztirab və zərər verməyən, hər hansı bir müəyyən səhv çirkinlikdir; misal üçün, uzağa getmək lazım deyil, elə komik maska özü bir növ eybəcər və çirkindir, ancaq iztirab ifadə etmir.” fikirləri üzərində mübahisə edirlər. Əsəri ümumi təhlil etməkdən yan keçib, Ekonun müəllif olaraq rizomdan istifadə edərək maraqlı məzmun ortaya qoymasına diqqəti yönəltmək istərdim. Dediyimiz kimi, yazar burada orta əsrlər sxolastik yanaşmasını göstərməklə antik ədəbiyyatdan nümunə çəkir, tarixi faktlardan danışır həm də bütün bunlara aidiyyatı olan ölüm hadisələrini qurur. Ümumi məzmunu formalaşdıran hər bir hadisə istər tarixi fakt olsun, istər təxəyyül məhsulu bir mərkəzə doğru – qətllərin açılmasına - getsə də əslində onların hər biri ayrı-ayrılıqda da oxucu üçün lazımlı məlumatlar və bilik mənbəyidir. Deməli, rizomdakı kimi hər bir nöqtə bir başlanğıc, onlardan şaxələnən istiqamətlər və onların üzərindəki digər nöqtələr yenidən hansısa digər məzmun üçün başlanğıc ola bilər. Umberto Ekonun bu romanı ona görə də rizom anlayışı üçün ən uyğun ədəbiyyat nümunəsi hesab oluna bilər. Müəllif bir xəttin üzərində digər istiqamətlərə başlanğıc ola biləcək nöqtələri məharətlə verə bilir, məsələn, Berenqarın Adelmonun kabusunu qəbirstanlıqda görməsilə bağlı danışdıqlarını götürək. Eko oxucuya burada maraqlı mətnarası verir, Vilyamın dili ilə “ mən bunu vaizlər üçün nəzərdə tutulmuş hansısa kitabda oxumuşdum. Bu rahiblər deyəsən çox oxuyurlar....” deyərək oxucuya mənbəni araşdırmaq üçün istiqamət verir; bu mənbələrdən biri Müqəddəs Pavlın Açıqlaması ( 4-cü əsr ) (The Apocalypse of St. Paul) ola bilər, harada ki, cəhənnəmin təsvirinə geniş yer ayrılıb və bu, da oxucuya başqa bir mətni araşdırmaq üçün başlanğıc ola bilər. 
 
Hadisələrin baş verdiyi kilsənin quruluşuna gəldikdə isə, Eko onu 1240-cı illərdə İtaliyanın Apulia bölgəsində tikilən tikililərindən ruhlanaraq “qursa” da buraya öz əlavələrini etmişdir, əsərdə kilsənin və ona aid kitabxananın quruluşu rizom formalı labirintə əyani model kimi təqdim olunur. 
istinad edilmiş mənbələr : Adrian Parr “ The Deleuze Dictionary”( 2005)
 
Aristotel “ Poetika”
 
Hazırladı: Aygün Qurbanlı
 
Kultura.az
Yuxarı