post-title

Erkin Qədirli: Dinlə dövlət arasında münasibətlərə dünyəvi baxış

Biliksizlik hər bir normal insanı rahatsız edir. Biliksizliyin yaratdığı durumdan (ortamdan) iki çıxış yolu var - öyrənmək (yeni biliklərə çatmaq), ya da inanmaq (bildiklərinin sənə yetərli olduğunu sanmaq). Bu iki yolun qovuşduğu anlar da olur, amma əksər hallarda onların istiqamətləri ayrıdır.


Bir vaxtlar, erkən çağlarda, insanlar bir deyil, çox tanrılara inanardı. Hər tanrının öz işi olardı (savaş tanrısı, barış tanrısı, sevgi tanrısı və s.) və onlar bir-birinin işinə qarışmazdı. Tanrıların insani keyfiyyətləri və xasiyyətləri olardı (antropomorfizm). Onlar, insanlar kimi, doğa, doğula, sevişə, savaşa, barışa, söyüşə və s. bilərdi. Tanrılar bir-birinin paxıllığını çəkə, bir-birindən və insanlardan qisas ala bilərdi. Hərdən, göydən yerə enib insan şəklini alar, qəhrəmanlıq edər, savaşda kiminsə tərəfini tutardılar. İnsanların tanrılara, tanrıların da insanlara borcu olmazdı. Münasibətlər müqavilə öhdəliklərinə oxşayardı. Müqaviləni pozmuş hesab olunan tanrıdan imtina etmək olurdu. İnsanlar tanrılara qəzəblənib, onlara qurban verməyi dayandıra bilirdi (tanrı yanlışını anlayana qədər). İnsanlar tanrılar uğrunda savaşmazdı, bir-birini inanca görə öldürməzdi. Bu cür dünyağörüşü, zamanına uyğun, demokratiya və hüququn üstünlüyü kimi quruluşla nəticələnə bildi (örnəyi, Yunan və Roma mədəniyyətləri). Dramatik teatr, fəlsəfə, seçkilər, məhkəmələr və s. inkişaf etdi. Bununla belə, köləlik, irqçilik və başqa ayrı-seçkiliklər vardı və onlara haqq qazandırılırdı.

Sonra insanların inancı (dünyagörüşü) təməldən dəyişdi. İnsanlar çeşidli deyil, bir tanrıya inanmağa başladılar. Bir tanrıya inanmayanlar kafir sayıldı, onlara qarşı təqiblər başladı. Həmin o bir tanrının heç bir insani keyfiyyəti, ya da xasiyyəti qalmadı. O (bir tanrı), nə doğa, nə doğula, nə sevə, nə sevişə, nə savaşa, nə barışa bilirdi. Həmin tanrı bütün işlərə qarışan, hər şeyi bilən, hər şeyə qadir olan, heç nəyə ehtiyacı omayan bir inanc ünvanına çevrildi. Tanrının insanlara heç bir borcu olmadı, insanlarsa hər şeyə görə özlərini tanrıya borclu saymağa başladılar. İnsanlar bir tanrı uğrunda savaşmağa, bir-birini (başqalarını duzgün inanca gətirmək üçün) öldürməyə girişdilər. Müqaviləsayağı dünyağörüşü yox oldu. Demokratiya və hüququn üstünlüyü da siyasi səhnədən silindi, dramatik teatr qadağan olundu, fəlsəfə unuduldu, seçkilər və məhkəmələr gücünü itirdi. Bununla belə, köləliyə, irqçiliyə və başqa ayrı-seçkiliklərə haqq qazandırılmağa son qoyuldu (təcrübə bir müddət davam etsə də).


Dinin quruluşu

 

Hər bir dinin, istər çoxtanrılı, istər təktanrılı, istərsə tanrısız, üçpilləli quruluşu olur:

- inanc
- mərasim
- təşkilat

Bu pillələrin önəmi və gücü dindən dinə dəyişir. Çoxtanrılı dinlərdə təşkilatanma, bir qayda olaraq, önəmsiz, ya da çox zəif olur. Təktanrılı dinlərin də arasında fərqlər var. Örnəyi, Xristianlıqda təşkilat daha önəmli və güclüdür, İslamda - mərasim. Bunun tarixi izahı var, amma burada belə izah məni maraqlandırmır.

 İnanc

Öncə inancın quruluşunu izah edim. İnancın iki səviyyəsi olur:

1) iddia; 2) əqidə.

Sözlə ifadədə bu səviyyələrin fərqini bəzən duymaq asan olmur. Kontekstə diqqətlə baxmaq gərəkdir. İnancla biliyi müqayisə edəndə kontekst daha aydın görünür.

Bilik də iddiadır, amma inancdan fərqli olaraq, biliyin sübutu olur, ona görə də bilik iddia edənə əminlik verir. Örnəyi, "Yerin fırlandığına inanıram" və "Yerin fırlandığını bilirəm" iddiaların fərqinə baxın. Birincisi inamı, ikincisi biliyi ifadə edir. Birincidə əminlik yoxdur (zəif iddiadır), onun doğru ola biləcəyinə zəmanət ifadə olunmur. İkincidə əminlik var (güclü iddiadır), onun doğru olduğuna zəmanət (sübut) var.

Biliklə inancın arasında nisbət heç zaman sabit olmur. Elmlə dinin arasında gərgin münasibət buradan qaynaqlanır. Bilik, bir iddia olaraq, inancı daim sıxışdırır. Bir zamanlar "Yerin fırlandığına inanıram" deyənləri tonqalda yandırırdılarsa, bugün "Yerin fırlandığına inanıram" deyənlərə gülə bilərlər ("inanıram" sözünə görə). Yerin fırlandığına dair çoxdan elmi sübutların olduğunu bildiyimizdən, "inanıram" kimi zəif bir iddia bizə, yumşaq desək, qəribə gələr. İnanıram nədir? Bilirəm!

İnancın bir də əqidə səviyyəsi olur. İddiadan fərqli olaraq, əqidə zəif olmur, çünki dünyagörüşünün təməlini təşkil edir. Bəzən, eyni fikir həm iddia, həm də əqidə şəklində ifadə oluna bilir. Örnəyi, bir sağçı üçün vergilərin say və dərəcələrinin azaldılması əqidə məsələsidir. Bu, bilik deyil, inancdır. İnanc olduğuna görə də sübutu yoxdur. Bir solçu üçün belə iddia mənasız görünə bilər, çünki onun da dünyagörüşü başqadır. Əqidələr səviyyəsində heç bir mübahisə həll oluna bilmir. Özəl mülkiyyətin önəmli olduğunu kommunistə anlatmaq mümkün olmayacaq. Amma söhbət, məsələn, siyasi debatdan gedirsə, orada tərəflər inanclarını əqidə şəklində deyil, iddia formasında ortaya qoya bilərlər. Niyə? Çünki, onların məqsədi bir-birini deyil, onları dinləyənləri inandırmaqdır.
Dinlərlə də bağlı durum belədir. Bilik məsələsi deyil, inam tələb edir. Çünki, sübutu yoxdur.


Ontoloji tələ


Dinlərin əsas problemlərindən biri odur ki, onlar tanrının varlığını sübut etməyə girişirlər. Varlıq - ontoloji məsələdir, sübut tələb edir. İşin istehzalı tərəfi ondadır ki, tanrının varlığını sübut etməyə çalışanda - yəni, onu bilik səviyyəsinə endirəndə - inancın gücü azalır. Kim bildiyinə inanır ki? Bildiyini bilirsən, bilmədiyinə ya inanırsan, ya da inanmırsan. Ateistlər inanmır, məsələn. Amma ateistlərin də problemi eynidir. Onlar da, dindarlar kimi, ontoloji tələyə düşürlər, çünki tanrının yoxluğunu sübut etməyə girişirlər. Yoxluq - varlığın astar üzüdür, onu da sübut etmək lazım gəlir. Dindarlar tanrıya müsbət ontoloji status verməyə çalışırlar, ateistlər də - mənfi. İddia olaraq, ikisi də yanlışdır. Tanrı - bilik məsələsi deyil, ola da bilməz. Tanrının sübutu olmur, ona görə də inam tələb edir.

Müqayisə üçün, yazım. Aqnostiklərin və deistlərin gözündə dindarlarla ateistlərin arasında fərq çox azdır. Hətta, ateistlər dinlə mübarizə edə-edə, arqumentlərinin israrında getdikcə dindarlara oxşamağa başlayırlar. Aqnostiklər və deistlər tanrıya ontoloji status verməyə girişmirlər. Yəni, tanrının nə varlığını sübut etməyə çalışırlar, nə də onun yoxluğunu. Amma aqnostiklərlə deistlər arasında bir önəmli fərq var. Aqnostiklərin "tanrı" qavramına ümumiyyətlə ehtiyacı olmadığı halda, deistlər üçün bu qavramın önəmi var. Deistlər üçün tanrı ideal deyil, ideyadır. Biliyin sərhəddində başlayan boşluğu doldurmaq üçün gərəkli olan metodoloji prinsipdir. Biliyin sərhədləri dəyişdikcə, bu prinsipin tətbiq dairəsi də dəyişir. Necə? İzah edim.

Sadə və asan örnək verim. Bir zamanlar yağışın nədən yağdığını insanlar bilmirdi. Ona görə də yağışın tanrı tərəfindən yağdırıldığına inanırdılar. Bugün yağışın tanrı tərəfindən yağdırıldığını desən, çox qəribə görünər. Buxarlanma, buludlanma və s. - orta məktəbdə keçilir bu biliklər. Yağışın tanrı tərəfindən yağdırıldığına dair inanc yox oldumu? Olmadı. Amma ona gərək qalmadı. Dünyəvi işlərin idarə olunmasında belə inanca gərək yoxdur. Örnəyi, harayasa sel gələndə insanlar məbədlərə deyil, hökumətə müraciət edirlər. Hökumət də seldən ziyan çəkənlərə "tanrının işidir, səbrli olun, bəlkə bir günahınız olub, onun cəzasıdır bu sel" kimi cavab vermir. Verərsə, insanların, o cümlədən tanrıya inananların qəzəbinə gələr belə hökumət. "Nə səbr? Nə günah? İş gör, selin qarşısını al, bizə dəymiş ziyanı ödə" və s. deyəcəklər. Düz də edəcəklər. Çünki, hökumət yalnız bu dünyanın işləri üçün gərəkdir. O biri dünyaya, ya da təbiətüstü güclərə istinad edə bilməz.

Biliksizlik hər bir normal insanı rahatsız edir. Biliksizliyin yaratdığı durumdan (ortamdan) iki çıxış yolu var - öyrənmək (yeni biliklərə çatmaq), ya da inanmaq (bildiklərinin sənə yetərli olduğunu sanmaq). Bu iki yolun qovuşduğu anlar da olur, amma əksər hallarda onların istiqamətləri ayrıdır.

Dünyəvi dövlət burada nə etsin? Dövlət inanc məsələlərinə qarışa bilməz və inananlarla inanmayanlar arasında fərq qoya bilməz. Kimin nəyə inanacağını müəyyən edə, kimdənsə inancını ifadə etməyi tələb edə, eləcə də kimisi inancına görə cəzalandıra, ya da mükafatlandıra bilməz. Dövlət ancaq biliklə bağlı münasibətləri nizamlaya bilər, çünki ortada sübut olur.

Dinin inanc pilləsində dövlətin müdaxilə edə biləcəyi bir yer yoxdur. Tək bir istisna var - insanlığa qarşı inancların yayılması qadağan olunmalıdır.

 

(ardı olacaq)
P.S. Dinin mərasim və təşkilat pillələrilə dövlətin münasibətləri haqqında növbəti yazılardan oxuya biləcəksiniz.

Kultura.az
Erkin Qədirli

Yuxarı