post-title

“Rəsulzadə sevgisi”

Biz onu kiçik əllərimizdə tuta-tuta tanıdıq. Bəlkə də bizə onu məhz o cür tanıtdırdılar. Zaman ötdükcə anladıq ki, “məmməd, məmməd” deyib, böyüklərimizin əlimizə tutuşdurduğu əskinazda rəsmi olan adam dövlətçiliyimizin banisi imiş. Adı, rəsmi yalnız əskinaza verilən böyük öndər...

 

 

O əskinazın da aqibəti hamıya bəlli. Mütəllibov-Elçibəy paslaşmasını qolla nəticələndirən Heydər Əliyev özünə lazım olan qələbəni təmin etdi. Və beləliklə Azərbaycan Dövlətinin banisinə qarşı elan olunmamış, yarıaçıq, yarıgizli bir savaş başlanıldı.

Məhəmməd Əmin Rəsulzadə tarixin acı zarafatı ilə üzləşdi. Bir ayağı İranda, bir ayağı vətəndə ola-ola yoxdan bir dövlət yaratdı. Yaratdığı dövlətin süqutu ilə doğma vətəninin həsrəti ilə qürbətdə əbədi gözlərini yumdu. Həqiqət günəşinin parlayacağını sağlığında söyləmişdi öndər... O günəş parladı, min bir əziyyətlə yaratdığı Azərbaycan Xalq Cümhuriyyətinin varisi Azərbaycan Respublikası öz suverenliyinə qovuşdu.

Ancaq Məhəmməd Əmin əfəndiyə qarşı ədalətli davranılmadı. Məzarı Ankarada, adı qəlbimizdə olan M. Ə. Rəsulzadənin Cümhuriyyət zamanı yaratdığı Bakı Dövlət Universitetindən belə adı götürüldü. İndi BDU-nun həyətində qara bir daş Rəsulzadəni yada salır: “Burada Azərbaycan xalqının böyük mütəffəkiri, Azərbaycan Demokratik Respublikasının banisi Məhəmməd Əmin Rəsulzadənin büstü qoyulacaqdır”. Büstü hazırlanmayan mütəfəkkirin Dövlət Kukla teatrının qarşısında heykəli ucaldılacaq bağı gecə ilə hasarladılar. Bir neçə ay keçdikdən sonra isə heykəlin ucaldılacağı yerdə uca millətimizə “analoqsuz” fontan “bəxş” olundu. Rumuniyanın hansısa Canesku adlı bəstəkarına paytaxt Bakıda heykəl ucaldan hakimiyyətin cümhuriyyət liderinə bu munasibəti başa düşüləndir.

Gürcüstan prezidenti Mixail Saakaşvili Milli Məclisdə Rəsulzadənin “bir kərə yüksələn bayraq bir daha enməz” şüarını söyləməsi isə onu sevməyənlərə tərs bir sillə oldu. Gürcü belə onun şəxsiyyəti qarşısında baş əyərkən “iks iks bir əsr”inin nümayəndələri onu görməzdən gəlirlər. Niyə bu iqtidar Rəsulzadəni sevmir deyənlər bilməlidir ki, Rəsulzadə KQB akademiyasını fərqlənmə diplomu ilə bitirməyib. Kommunist partiyasına sidq ürəklə xidmət etməyib. Xalqının birliyi, bütövlüyü uğrunda savaş apararaq didərgin həyatı yaşayıb. Millətinin var-yoxunu talan edib, özünə villalar, mülklər inşa etdirməyib axı... Özü məlum, soyu məlum, ideyası bəlli, xalqının yolununa işiq tutan bir lideri ölkəni qaranlıqlara bürüyən bir zehniyyət necə sevə bilər?!

Şərqdə ilk demokratik respublikanın banisi, dünyada qadınlara seçki hüququ verən ilk dövlətlərdən birinin banisi olan Rəsulzadəyə nifrət edənlər bilməlidirlər ki, Rəsulzadə Azərbaycan Xalq Cumhuriyyətinin əsasını qoymasaydı Azərbaycan Rusiyanın hansısa Tatarıstanı, Çeçenistanı olacaqdı. Əhməd Kadırov və onun oğlu Ramzanın aqibətini isə heç yaşamaq istəməzdiniz!

Mirzə Fərid

[email protected]

Kultura.Az

Yuxarı