post-title

Qadın=kölə?

Son zamanlar qadın təşkilatları xeyli aktivləşiblər. “Qadınlara qarşı zorakılığa "YOX" deyək! - STOP violence against women” adlı bir kampaniya da başladılıb. Əla,gözəl. Cəmiyyətin inkişafı üçün qadınların hüquqlarının müdafiəsi,gender bərabərliyi olduqca vacib məsələlələrdi.

 

Amma gəlin görək, Azərbaycan cəmiyyəti, daha dəqiqi Azərbaycan kişisi qadına qarşı təkcə fiziki zorakılıq mı edir? Və ya sualı belə qoyum, mənəvi terror terror sayılmır mı? Qadınları ilahiləşdirməyin, qeyri-adi varlıqlar kimi göstərməyin tərəfdarı deyiləm, amma, görünən odur ki, bu gün bu cəmiyyətdə qadına insan kimi qiymət verilmir. Qadınlar cəmiyyətin hər sahəsində aşağılanır, cinsi zorakılığa, mənəvi terrora məruz qalır. İstər işdə, istər ailədə, istər cəmiyyətin digər sahələrində. 
 
Bəzən, Azərbaycan qadınları çox sərt tənqidlərə məruz qalır. Ki, bunların da çoxu haqlı tənqidlərdi. Hətta, təhqirlər də olur. Tənqid sahələri müxtəlifdi. Savadsızlıq, düşüncə kasadlığı, başqalarının həyatına müdaxilə, dedi-qodu, cəsarət problemləri, kişi-qadın münasibətlərində qeyri-səmimilik. Müxtəlif yaş dövründə olan qadınlara müxtəlif tənqidlər səsləndirilir, deyilir, yazılır. 
 
Azərbaycan qadını ümumi götürdükdə çox geridə qalıb, bunu qəbul edirəm. Amma, bunda heç mi kişilərin günahı yoxdumu? Əlimizi vicdanımızın üzərinə qoyub cavab verək. Tükəzban deyib lağa qoyduğumuz qızlar özləri mi seçiblər elə olmağı? Savadsız, qlamur CİVİlərə mədəniyyəti, kitabı evdə başa salıblarmı ki, onlar sonradan bu yolu rədd edib CİVİ olublar? Qadınına, qızına, bacısına kölə kimi baxan, 3-4 il əvvələ kimi internetə girən qıza “quş”, “qəhbə” deyənlər Marsdan mı gəliblər? Təhsil, elm haqqı əlinnən alınıb özünnən 20 yaş böyük kişiyə satılan(məhz, satılan) qızın, qadının qarşısında hansı çıxış yolu var? Suallar çoxdu, bir-bir cavablandıraq.
 
Mental dəyərlər mövzusuna girmək fikrim yoxdu, sadəcə bəzi şeyləri mütləq qeyd etməliyəm. Azərbaycan kişisi əgər Azərbaycan qadınını tənqid edirsə, bunda Azərbaycan kişisinin də böyük günahlarının olduğunu bildirməlidi. “Dini ortaya qatırsan” deyəcəklər, qoy desinlər, amma bilin ki, öz qadınının azadlığını ilk dəfə əlinnən alan, ərəbə bir az artıq vergi(can vergisi) verməməyin dərdinnən qadınını, qızını cadraya bürüyən məhz Azərbaycanın kişisi olub. Onlara nə qədər kişi demək mümkünsə artıq. Ərəbin dininə qədər öz ərini at belinnən seçən Azərbaycan qadını ərəbin dininnən sonra qara çadraya bağlanıb alınıb-satılmağa, mal kimi istifadə edilməyə başlandı. Fikir verisəz, bizdə hətta, cavanlar çox nadir hallarda ailə qurmaq, evlənmək deyir. Arvad almaq! Budur problemlərin kökü. Ailə həyatı qurmaq yox, evlənmək yox, məhz ALMAQ! Kartof-soğan münasibəti göstər, sonra da ana-bacı deyib qeyrətini çək. Ziddiyətin kralı.
 
Yuxardakı suallara cavab verim. Azərbaycanda uşaq yaşlarınnan qız uşaqları kölə kimi böyüdülür, ikinci sinif insan münasibəti görür. Hal-hazırda ali təhsil alan qızların 90%-də ailələri ali təhsilə yox, potensial cehizə-diploma önəm verirlər. Ya da ən yaxşı halda başqalarından geri qalmamaq prinsipilə oxudurlar qızları. Bir insana 17 il boyunca insan olduğu, azadlıq, təhsil, mədəniyyət yox, ərə getmək, doğub-törəmək, tükəzbanlıq tərbiyə edilirsə bu ciddi tabular yaradır. Sonradan tükəzban deyib məzələnənlər bilməlidilər ki, əslində günahın 90%-i o qızların atalarındadı, qardaşlarındadı. Həbsxanaya salınan insanın ordan qaçmaq ehtimalı qədərdi Azərbaycanda hansısa qızın bu tərbiyəni aldıqdan sonra təhsil, elm, mədəniyyət kimi dəyərlərə sahib olması ehtimalı. 
 
CİVİ deyib lağa qoyuruq öz aləmimizdə. Amma, bir az empatiyaynan yanaşanda görürük ki, bunların hamısının səbəbi məhz ailə basğılarıdı. Bu qızlar, yəni, CİVİlər azadlığı sadəcə geyimdə və seksdə görə bilərlər, bu onların çatışmamazlıqları ola bilər. Amma bunda da ailə basğısı, cəmiyyət basğısı kimi səbəblərdi əsas olan. Onlarla belə qız tanıyıram. Ailələrindəki , cəmiyyətdəki sərt basğılar, iylənmiş mental dəyərlər səbəbindən boğulurlar. Bir yerdən yırtınıb çıxmaq istəyirlər, amma, ora da çox vaxt yaxşı yer olmur. 
 
Bu dəqiqə hamının dilinə düşüb, ay niyə döyülən, fiziki zrakılığa məruz qalan qadınlar şikayət etmirlər, boşanmırlar falan filan. Uşaqları var, ailələrin dağıtmaq istəmirlər kimi fikirlər yanlış deyil. Amma, özəyə gələk. Qızını ər evinə yola salanda “bu evə bir də tabutun qayıtsın” deyən ataların günahı hamısından daha artıqdı! Boynuyoğun poxsaqqallar, yaltaq bitbirçəklər tərəfindən həyatı hər tərəfdən çəpərlənən qadının günahkar sayılması nə dərəcədə haqlıdı? Bu gün hələ də Azərbaycan cəmiyyətinə zorla, tanımadığı adamlarla evləndirilən minlərlə qzlar var. Təhsil, geyim haqqları, azadlıqları əllərindən alınan qadınlar sonradan əzablara dözməyib boşananda bu cəmiyyətin çox qəddar münasibətilə qarşı-qarşıya qalır. Boşanmaq olmaz,qəti olmaz! Döyül, söyül, təhqir edil, amma, boşanma! Ata evinə tabutla qayıtmalısan ancaq! Bu gün ərinə xəyanət edən onlarla qadın tanıyıram. 90%-i məhz təhsilsiz, kitaba marağı olmayan, ailələrinin məsləhəti ilə ərə verilən qadınlardı. Bizdə isə tam əksini düşünürlər. Düşünürlər ki, ailə məsləhəti ilə qurulan evliliklər daha dözümlü olur. İnsanlar 20ci əsrdə ilişib qalıb. Başa düşmürlər ki, indi o dövr deyil. Sosiallıq, dolayı yolla xəyanət etmə imkanları artıb. Zəncirlər çox nazikləşib. 20 il əvvəl Azərbaycan kişisi qadınını evə tıxırdı və qadının tək işi evdə oturub yemək bişirmək, uşaqlara baxmaq idi. İndi elə deyil. Az-çox, pis-yaxşı qloballaşmanın təsirilə bu gün qadınlar nisbətən azadlıq qazanıblar. Lakin köhnə cəmiyyət basğıları qalıb. Və ərindən bezən, lakin, boşanmağı özünə sığışdırmayan, “camaat nə deyər” deyən qadınlar yaşamaq üçün, bir az da olsa insan olduqlarını hiss etmək üçün xəyanət yolunu seçirlər. 10% qadınları çıxsaq, bunun 90% günahı məhz, kişilərdədi. Qadınını döyən, söyən, alçaldan, üzünə baxmayan, camaatın içində biyabır edən səviyyəsiz mentalbeyin kişilərdə. 
 
Qadınlara qarşı biznesdə, iş həyatında, hətta, yollarda(avtomobil idarə edənlərə) qarşı ikili münasibətlər var. Yolda qadın sürücü görən ana-bacı silsiləsinnən olan mental qaqalar avtomatik olaraq avtomobili olan qıza potensial “quş” gözüylə baxıb göz verib işıq vermirlər. Bu gün Azərbaycanda biznes-ledi olmaq xəyalıynan 300-500 manatlıq işlərə cəlb olunub seks köləsi kimi istifadə olunan minlərlə qadınlar, gənc qızlar var. Və monopoliyalaşmış iqtisadiyyat elə gündədir ki, biznesə, iş həyatına qatılan istənilən qadınçün seks köləsi olmaq təhlükəsi yaranır. Qadınlarda maraq yarada biləcək, özlərinə cəlb edə biləcək istedadı, zəkası, mədəniyyəti olmayan yüzlərlə “adam” əlindəki rıçaqlardan istifadə edib kölələşdirir qadınları. Niyəsə onlardan heç kim hesab soruşmur. Katibə, referant, asistent və s. adlarla işə götürülüb seks köləliyinə məcbur edilən yüzlərlə, minlərlə gənc qızlar var bu gün Azərbaycanda. Əlbətdə, belə olmayanları da kifayət qədərdi, amma, çoxluq məhz mən deyən kimidi. Və qeyrətçəkən “uca millət”imizin vecinə də deyil bu. Sonra da deyirik ki, niyə Azərbaycan qadını memar, mühəndis yox, məhz, müəllim, həkim olmaq istəyir. Bu ölkədə onsuz da normal biznes mühiti yoxdu, olan mühitdə də qadınlara verilən yer çox bərbaddı. Faciəvidi. Və bu mühiti bilən istənilən qadın bu mühitdən qaçacaq.
 
Gənc qızlara ən çox edilən tənqidlərə keçək. “Sifətinnən zəhrimar yağır”, “özlərini çox dartırlar”və s. Bu tənqidlərin bir çoxunu mən də etmişəm. Amma, empatiya qurub fikirləşəndə haqq vermək olur. 1-2 il əvvəl Əhmədlidə, Yasamalda, Sovetskidə fırlanan “vorovskoy” qaqalar indi şəhərin canına daranıblar. Bir azca deyib-gülən, özünü sərbəst aparan qızlara qarşı aqressiv hücuma keçirlər, hücum uğursuz alınanda demədikləri söz qalmır. Qardaş özünü dartmayan, səmimi olan qızların 90%-inə “quş”, “qəhbə” adları
qoyan bizim sərsərilər deyil mi? 
 
Qadınların özünü qeyri-adi, ilahi varlıqlar kimi göstərməyinin qəti əleyhinəyəm. Amma, bəzi şeylər var ki deməliyik onları. Görünən kənd bələdçi istəməz demiş atalarımız. Bu gün qadınlara qarşı bu cəmiyyətin etdiyi haqsızlıqları nəzərə alanda edilən tənqidlərin haqlılıq dərəcəsi çox-çox aşağılara düşür. Bu pay korrupsiya əməliyatında tutulan məktəb direktorunun təhsildəki problemlərlərdəki payı qədərdi. Və ya Neftçinin niyə İnterə uduzduğunu tənqid etmək kimi.
 
Feminist falan deyiləm. Sadəcə düşündüklərimi yazdım. Bir gün Azərbaycanda ədalətli cəmiyyət qurulsa məhz bu yazdığım problemlərin həllindən sonra mümkün olacağını düşünürəm..
 
İlkin Rüstəmzadə
Kultura.Az
Yuxarı