post-title

Absurdizm və yadlaşma

Edamdan bir gün öncə onu ziyarət edən və onun əvəzinə dua edəcəyini söyləyən keşişlə mübahisə edərkən Mersaultun edamdan yox, bir dəfəlik yox olmaq hissindən qorxduğunu anlayırıq: "Mənim yerimə dua etmək lazım deyil, bir dəfəlik yox olmaqdansa odda yanmaq yaxşıdır".

 

"Bu gün anam öldü. Bəlkə də dünən ölüb, bilmirəm."

Dünyaca ünlü yazar və filosof Albert Camusun absurdizm fəlsəfi düşüncəsi üzərində qurulan "Yad" romanı məhz belə başlayır. Roman əl-Cəzairdə yaşayan Mersault adlı bir fransızın öz həyatına, çevrəsində baş verən bütün hadisələrə biganəliyini əks etdirir. A.Camus bu laqeyd qəhrəmanı vasitəsilə sonu ölüm və yoxluqla bitən həyatın boşluqdan başqa bir şey olmadığını izaha çalışır. Yəni öləcəyimizi bildiyimiz halda həyatımıza dəyər verməyimiz və anlamsız olan həyata anlam qatmaq çabalarımızın absurd olduğunu söyləyir.

Absurdizm hansısa bir yaradan olmadığından, insanlığın kainatda bir anlam tapmasına yönələn cəhdlərinin gərəksiz bir əziyyət olduğunu və sonda bu anlam tapma cəhdlərinin nəticəsiz qalacağını söyləyən bir fəlsəfi düşüncə axımıdır. İnsanlar tarix boyunca həyatın anlamını tapmağa çalışmışlar. Bəziləri həyatın anlamsız olduğu nəticəsinə gəlmişlər, bəziləri isə Böyük Qüvvənin var olduğu və hər şeyin əvvəldən onun tərəfindən nizamlandığı düşüncəsinə qapılmışlar. Ancaq bu nizamlanmaya inanan insan da "Tanrının məqsədi nədir?" sualıyla qarşı-qarşıya qaldıqda və buna məntiqli bir cavab tapa bilmədikdə onun inamı absurdlaşır. Yəni Tanrının var olub-olmamasından asılı olmayaraq həyat, insan, toplum absurddur, dünya boş və anlamsızdır.

"Yad" romanının əsas mövzusu Mersaultun həyata, çevrəsinə, günlük fəaliyyətə, duyğulara və onun özünə yadlaşmasıdır. Sevib sevməmək, evlənib evlənməmək, Tanrıya inanıb inanmamaq onun üçün heç bir önəm daşımır. O, hər bir sevinci, kədəri laqeydliklə qəbul edir və həyata dair böyük ümidlər bəsləmir. Daha romanın əvvəlində oxucu onun ahıllar evində yaşayan anasının ölümü haqqında aldığı xəbəri olduqca soyuqqanlı qarşılamasına şahid olur: "Bu gün anam öldü. Bəlkə də dünən ölüb, bilmirəm. Ahıllar evindən teleqram aldım: "Ananız vəfat etdi. Dəfn sabahdır". Baş açmaq olmur, bəlkə elə dünən ölüb". Dəfnə yola düşərkən anasının ölümünü yox istini və yolun uzaqlığını dərd etməsi, dəfn mərasimindən sonra nəhayət hər şeyin bitdiyini və yatağa girib doyunca yata biləcəyini düşünməsi Mersaultun yadlaşmasını bizə göstərən ilk örnəklərdir. Dəfndən bir gün sonra çimərlikdə rastlaşdığı Marie ilə axşam komediya filminə getməsi onun olub-bitənlərə biganəliyini göstərir. Olacaqlara biganəliyini isə Marienin evlənmək təklifinə verdiyi cavabda görmək mümkündür: "Axşam Marie gəldi və soruşdu ki, istəyirsən biz evlənək? Dedim, mənim üçün fərqi yoxdur, əgər sənin xətrin istəyirsə, evlənmək də olar. Sonra bilmək istədi ki, onu sevirəmmi. Cavab verdim ki, bunun heç bir əhəmiyyəti yoxdur, ancaq düzünə qalsa, sevmirəm".

Bənzər davranışları qonşuluğunda yaşayan və sutenyor kimi tanınan Raymondla münasibətdə də görürük: "Bu zaman o bildirdi ki, elə bu məsələ barədə mənimlə məsləhətləşmək istəyir: mən kişiyəm, həm də görüb-götürmüş adamam, belə ki, ona kömək edə bilərəm və onda o mənim ən yaxın dostum olar. Dinmədiyimi görüb soruşdu ki, onun dostu olmaq istəyirəmmi? Dedim, mənim üçün fərqi yoxdur və o, görünür cavabımdan razı qaldı".

O bir ərəblə dalaşmağından, məşuqəsini döyməyindən danışarkən Mersault onu təmkinlə dinləyir. Raymondun təklifiylə onun şəhər kənarında yaşayan dostunun evinə yola düşən Mersault orada daha əvvəl Raymondu bıçaqla yaralayan ərəblə rastlaşır və ərəblə göz-gözə dayanarkən sırf ərəbin əlindəki bıçaqdan yayılan günəş şüalarının əksi onu narahat edir deyə əlindəki silahla ərəbə beş dəfə atəş açır.

Məhkəmədə Mersault əslində bir ərəbi öldürdüyünə görə deyil, topluma yad davranışlarına görə edam cəzasına məruz qalır. Yəni əgər o anasının dəfnində ağlamış olsaydı, dəfndən sonra kədərli gəzsəydi, müstəntiq ondan Tanrıya inanıb inanmadığını soruşanda inandığını söyləmiş olsaydı bəlkə də hər şey fərqli olacaqdı. Məhkəmədə edam cəzasının çıxmasında şahidlərin verdikləri ifadələr də mühüm rol oynayır. Belə ki, ahıllar evinin direktoru Mersaultun bir damcı da göz yaşı tökmədiyini, dəfn bitən kimi çıxıb getdiyini, anasının yaşını dəqiq bilmədiyini, dalandar isə Mersaultun anasının cənazəsinə baxmaq istəmədiyini, cənazənin yanında siqaret çəkdiyini, südlü qəhvə içdiyini deyəndə salonda həyəcan artır və nəhayət Marie bir gün sonra izlədikləri filmin adını çəkəndə salonu ölü səssizlik bürüyür. O məhkəməni sanki özü yox, bir başqası mühakimə edilirmiş kimi seyr edir: "Elə bir vəziyyət yaranmışdı ki, işimə mənimlə hesablaşmadan baxılırdı. Hər şey mənim iştirakım olmadan həll olunurdu".

O isə əksinə, bu qədər insanın ona görə bura yığışmasından, törətdiyi cinayəti müzakirə etməsindən zövq alırdı: "Özün barədə deyilənlərə qulaq asmaq həmişə maraqlıdır, hətta müttəhimlər kürsüsündə oturanda belə".

Edamdan bir gün öncə onu ziyarət edən və onun əvəzinə dua edəcəyini söyləyən keşişlə mübahisə edərkən Mersaultun edamdan yox, bir dəfəlik yox olmaq hissindən qorxduğunu anlayırıq: "Mənim yerimə dua etmək lazım deyil, bir dəfəlik yox olmaqdansa odda yanmaq yaxşıdır". Mersault qəzəblənib keşişin yaxasından yapışanda və bağıraraq "keşişin üzdə arxayın görsəndiyini, əslində isə qəlbində yaradanın varlığına şübhə etdiyini, keşişin ölü kimi yaşadığını, özünün ondan daha inanclı olduğunu, keşişdən fərqli olaraq yaşadığına və tezliklə öləcəyinə inandığını, bu inamdan başqa heç nəyi olmadığını, həyatın anlamsız olduğunu və bu anlamsızlığın səbəbini artıq anladığını" söyləyəndə o, sanki yaşadığı müddətdə etmədiyi üsyanı ölümündən öncə edir və illərlə özünün fərqində olmadan qəlbində daşıdığı qəzəbdən qurtulmuş olur.

Kamerada ölümünü gözləyən Mersault bunları düşünür: "Hər kəs bilir ki, həyat yaşamaq zəhmətinə dəyməyən bir şeydir. Çox gözəl başa düşürdüm ki, otuz yaşında ölməklə yetmiş yaşında ölmək arasında elə böyük fərq yoxdur. Nə qədər yaşayırsansa yaşa, fərqi yoxdur, səndən sonra da yaşayan kişilər və qadınlar olacaq və bu minillərlə davam edəcək(...) İnsan madam ki, öləcək, bunun necə və nə zaman olacağının əhəmiyyəti yoxdur". Həyatın yaşamaq zəhmətinə dəyməyən bir şey olduğunu düşünən insan ondan qurtulmanın yolunu intiharda görə bilər, lakin Albert Camus "Sizif əfsanəsində" anlamsız həyatdan qurtulma səylərinin daha anlamsız bir şey olduğunu və intiharın həyatın anlamsızlığını yox etmədiyini yazır. Mersault həyatın anlamsız olduğunun fərqindədir, lakin o heç vaxt intihar haqqında düşünmür. Çünki onun üçün necə və nə zaman öləcəyini düşünmək də bir anlam daşımır. Romanın son cümlələri edam olacağını düşünməsinin belə onda həyəcan oyatmadığını göstərir: "Hər şey başa çatsın deyə, bu cür tənha olmayım deyə, bircə onu arzulamaq qalır ki, edam günümdə meydana daha çox tamaşaçı yığılsın və qoy onlar məni nifrət sədalarıyla qarşılasınlar".

İnsan hər şeyin anlamsız olduğu düşüncəsində qala bilməz, çünki hər şeyin anlamsız olduğunu söylədiyimiz anda belə anlamlı bir şey söyləmiş oluruq. Həyat anlamsızdır, daha pisi isə insanın bunun fərqində olmasıdır. Bunun fərqində olan insan bu anlamsızlığa qarşı savaşmalı və anlamsızlıqdan bir anlam çıxartmağa çalışmalıdır. "Anlamsızlığımı anlayaraq anlamlı həyata cəhd edib, özümün anlamlı və yaşamağa dəyərli olan mövcudluğumu yaratmağa çalışıram. Hər gün absurddan uzaqlaşdıqca anlamlı ekzistensiyanın varlığını daha yaxından duyuram və yavaş–yavaş onunla doğmalaşmağa başlayıram. Bu isə qazanmış olduğum ən böyük uğurdur!" -deyir Camus.

Araz 

Kultura.Az

Yuxarı