post-title

Etirazın imitasiyası, ya da namuslu etiraz

Bir müddət əvvəl bir nəfərlə etiraz aksiyaları barəsində söhbətləşirdik. Adam, İranda həbs olunan azərbaycanlı ilə bağlı İran səfirliyi önündə keçirilən aksiyaya qoşulubmuş. Aksiyanın bitməsinə yaxın, iki gənc həbsə etiraz olaraq səfirlik önündə öpüşməyə başlayıblar. Bizimkini də bu normallıq (ona görə bu anormaldır) narahat edib.

 

Adam bunu əxlaqsızlıq, milli-mənəvi dəyərlərə əks və xalqın adına ləkə hesab etdiyini deyirdi. Mənim anlamadığım isə, nədən hər prosesə milli yönümdən yanaşmağımızdı..

Birisi sosial-siyasi sloqan yazılmış plakatla, səsləndirdiyi şüarla etiraz edir. Digəri də özü bildiyi yolla etiraz edir və bəlkə də ikinci daha kreativ, daha yaddaqalan  olur. Anlamadığım, xalqın nüfuzunun bura nə dəxli olduğudur. Dünyanın heç bir dövləti, vətəndaşları müxtəlif formalı aksiyalar keçirdiyi üçün nüfuz düşkünlüyünə uğramayıb və beynəlxalq təşkilatlardan da qovulmayıb. Bir-iki misal gətirim…

Ukraynanın məşhur “Femen” qadın hüquqları hərəkatı dünyada tanınır və etirazçı qrup kimi qəbul olunur. Qrupun özünəməxsus etiraz üsulu onların soyunmağındadır. “Femen” qrupunun müxtəlif vaxtlarda Kiyevdəki İran səfirliyi önündə (Səkinə Aştiyaninin ölüm hökmünə etiraz olaraq. p.s: bu aksiyada soyuna bilməmişdilər), Minsk şəhərində (Lukaşenko əleyhinə), İstanbulda (qadına qarşı şiddətə etiraz), Sürix kilsəsində (abortun qadağasına qarşı) və digər ölkələrdə aksiyaları olub. Baxmaq istəyənlər bu linkə daxil olsunlar.

Və bu günə kimi də “Femen” qrupu olduğu üçün nə Ukrayna xalqı, nə də dövləti namus düşmənləri adını alıb. Məqsəd cinsəllik, fahişəlik təbliğ etmək deyil. Məqsədləri bəllidir. Onların da etiraz forması belədir. Belə də əgər dünyaya səs salıblarsa deməli hər şey əladır…

Başqa bir misal.

Rusiyada fəaliyyət göstərən “Voina” incəsənət qrupu öz fəaliyyətləri sayəsində Rusiyada irqçiliyə,

 

St. Peterburqda yerləşən keçmiş KQB binası ilə üzbəüz körpüdə nəhəng penis şəkli

homofobiyaya, dövlət totalitarizmə diqqəti cəlb edirlər. “Voina” anarxistlərinin binalar üzərinə penis çəkməkləri məlumdur.

Məqsəd yenə də etiraz etməkdir. Bundan başqa bir neçə gün əvvəl Moskvada pank qrupu “Pussy Riot”un məhkəməsi başladı. Onlar fevralda, Moskvanın ən böyük kilsəsində seçkini qazanmış  Putinə musiqili etiraz aksiyası keçirmişdilər. “Məryəm ana, Putini qov” məzmunlu pank dua da etmişdilər.

Musiqinin dini, irqi olmadığı kimi, etirazın da namuslusu, millisi olmur. Belə olmasaydı məlum orta barmaqla nəyəsə etiraz edilməzdi, ədəbsizlik sayılardı. Əsas olan cəmiyyətə, nəzərdə tutulan hədəfə mesajını çatdıra biləsən. Əslində “Femen” , “Voina”, ya da “Pussy Riot” kimi aktivist qrupları olmadığı üçün bəlkə də bədbəxt xalqıq! Biz bu məsələdə də dünyadan geridə qalmışıq.

Etirazı milliləşdirmək, imitasiyaya uğratmaq yox, onun rəngarəngliyindən yararlanmaq lazımdır. Etirazın mahiyyəti sərbəstdir, anarxistdir elə onun üçün də etirazdır. Bunu bacarmayan kölələr utansın!

 

 

 

Nicat Kamal

 

Yuxarı