post-title

Hiddətləndirmək üçün şərəfli avaraçılığa son!

Oktyabr ayında Filarmoniya yaxınlığında keçirilən kitab sərgisində naşir Şahbaz Xuduoğlunun çağırışı ilə müəllifi Stefan Essel olan “Hiddətlənin!” kitabını aldım.

 

Stefan Essel Fransa Milli Müqavimət Şurasının üzvü, İkinci Dünya Müharibəsinin sonlarında nasistlərin əsiri, BMT-nin İnsan Haqları Komissiyasının üzvü, Ümumdünya İnsan Haqları Bəyannaməsini hazırlayan on iki nəfərdən biri olub. Əlcəzair müharibəsi zamanı o, əlcəzairlilərin müstəqilliyinə tərəfdar olub. Qoca yaşlarında Qəzzada baş verənlərin canlı şahidi olmaq üçün ora yollanıb və qəzzalıların acınacaqlı həyatına şahid olub. Onun 2010-cu ilin oktyabrında, 93 yaşında nəşr olunmuş “Hiddətlənin” kitabı "Ərəb baharı" inqilablarının baş verdiyi ölkələrdə yüz minlərlə tirajla satılıb.

Bizim ölkəmizdə böyük çoxluq laqeydlərdir, biganələrdir. “Hökumətlə hökumətlik etmək olmaz” şüarı ilə yaşayanlardır. Onların yanında Əliyevləri tənqid etmək küfr etmək kimi bir şeydir. “Hiddətlənin” kitabı sanki bu kütləyə invanlanıb: “Mövqelərin ən pisi laqeydlik, “mənlik deyil, mənə nə var” deməkdir. Bu şəkildə davranmaqla insanlığın əsas tərkib hissələrindən birini itirmiş olrusunuz”.
 
Bizim 85 manat pensiya alıb, ömrünü İlham Əliyevə fəda etmək arzusunda olanların yaşıdı olan azad insan Stefan Essel isə deyir:  “Gənclərə deyirəm: Ətrafınıza baxın və hiddətinizə haqq qazandırmaq üçün kifayət qədər mövzu tapacaqsınız... Güclü bir vətəndaş hərakatına təkan verməyimiz üçün konkret hallara rast gələcəksiniz. Axtarın, tapacaqsınız”.

Böyük neft gəlirlərinə rəğmən çox məzlum və susqun durumda olan biz azərbaycanlılar üçün bu çox vacib çağırışdır. Dözmək kimi xəstə bir hissi silib atmaq və etiraz etmək, hər şeyi dəyişdirmək naminə bu çağırış dinlənilməlidir: “Sizin növbənizdir, hiddətlənin! Siyasətçilər, ziyalılar, iqtisadçılar və bütün cəmiyyət təslim olmamalıdır... Sizin hər birinizə hiddətlənmək səbəbinizin olmasını arzulayıram. Nasizmin məni hiddətləndirdiyi kimi bir şey sizi hiddətləndirirsə, əqidəli, güclü və ardıcıl olursunuz...”

Laqeyd kütlə Stefan Esselin hiddətlənmək duyğusunu özündə daşımadıqca, ən pis mövqedən - laqeydlikdən imtina etmədikcə, biz köklü dəyişikliklərə nail ola bilməyəcəyik. Hiddəti təhsilsiz, kasıb, mədəni və siyasi səviyyədən uzaq azərbaycanlılara daşımalıyıq. Heç olmasa, "facebook"un bir milyonluq azərbaycanlı istifadəçisinin yarısı, bir neçə yüz mini bu çağırışı eşitməlidir, indiki durumundan imtina etməldir.

Yaxşı oldu ki, “Hiddətlənin”i oxuduğum bir həftəlik müddətdə Cek Londonun “Martin İden”ini və Aydın Balayevin “Məhəmməd Əmin Rəsulzadə” kitablarını da oxudum. Oxuduqca hər iki əsərin əsas qəhramanlarının bir keyfiyyəti xüsusilə məni təsirləndirdi. İradəli, qətiyyətli olmaq, zəhmətə qatılaşmaq keyfiyyətləri! Martin İdenin çox böyük çətinliklərlə yazar olmaq, öz əsərlərini, oçerklərini, hekayələrini, romanını nəşr etdirmək üçün qınaqlara, bacılarının ərlərinin, sevgilisinin "özünə uyğun bir iş tap, bu sənlik deyil!" kimi yoldan sapdırmalarına, sevgilisinin evinə getmək üçün yeganə paltarı olan kostyumunu girov qoymasına, ac qalmasına, ev sahibəsinin bəzən verdiyi azacıq yeməklə mədəsini birtəhər doydurmasına, borclu olduğu dükançıların növbəti dəfə borc ərzaq almağına rədd cavab vermələrinə baxmayaraq, sonda ali məqsədinə nail olması, əsərlərinin naşirlər tərəfindən böyük tələblə qəbul olunması, tanınmış və pullu yazara çevrilməsi sadəcə, qətiyyətliliyi, zəhməti hesabına baş tutur.

Azərbaycan Xalq Cümhuriyyətinin qurucusu Məhəmməd Əmin Rəsulzadənin gənc yaşlarından ölüm gününə qədər bütün fəaliyyətini oxuduqca tarixin, zamanın  bütün əngəllərinə qarşı daha bir böyük insan iradəsinin və zəhmətinin şahidi olursan. Rəsulzadənin hər mərhələdəki fəaliyyətində inanılmaz bir qətiyyətlilik görürsən.

Laqeyd, onu əzənlərə qarşı qəlbində ədavət hissi olmayan bir xalqı hiddətləndirməyin yolu demokratik düşərgənin üzvlərinin, gənclərinin qətiyyətli olmasından, böyük zəhmətləri gözə almasından keçir.

Düzdür, biz mövqelərin ən doğrusundayıq. Prinsiplərə bağlıyıq. İçimizdə rejimə barışmaz bir hiss var. Sadəcə, bu bizim içimizdədir. Biz bunu başqalarına ötürə bilmirik. Çünki qətiyyətli deyilik, zəhmətdən qorxuruq. Biz-partiya, ictimai təşkilat üzvləri, mətbuat işçiləri, QHT təmsilçiləri bir çox hallarda yerimizdə sayırıq. Biz özümüz də bilmədən imitasiya edirmiş kimi görünürük. Biz köklü dəyişiklik üçün mümkün olanları etməyə çox az vaxt, enerji ayırırıq. Məncə, mübarizənin ən çətin formaları kütləvi aksiyalar və sıraların genişləndirilməsidir. Fəaliyyətin başqa bütün formaları son nöqtədə təşkilatlanmağa və kütləvi etiraz aksiyalarına gətirib çıxarır. Məgər biz çətin olan nöqtəyə qədər olan mümkünləri edirikmi? Oxumuruq, oxuduqlarımızı yazıya çevirmirik, yazdıqlarımızı paylaşmırıq, müzakirə predmetinə çevirmirik. Daha uca səslə danışmırıq. Bir tədbirimiz növbəti tədbirin başlanğıcı olmaq əvəzinə uzun müddətli fasilə yaradır. Həqiqətləri bildiyimiz halda onu informasiyaya ac olan insanlara ötürmürük. Gələcək uğrunda mübarizəyə hobbi kimi yanaşırıq. Bu isə bizim kobud da olsa, deməliyəm, avaraçılığımızdan, şərəfli avaraçılığımızdan doğur. Təkcə yalansız yaşamaq istəyimiz çıxış yolu deyil, qətiyyət və iradə də göstərməliyik.

P.S. Qarşı tərəfdən kimsə bu yazıdan demokratik düşərgəni vurmaq üçün istifadə etmək fikrinə düşsə, öncə düşünsün: O, oğru, yaltaq və korrupsioner komandanın arxasında sürünənlərdəndir...

 

Əbülfəz Qurbanlı

Kultura.az

Yuxarı