post-title

"Bunlar yeyib doyublar..."

"Bunlar yeyib doyublar, bunlardan sonra gələnlər daha da pis olacaq".

 

Bu ifadəni ilk dəfə təxminən 15 il əvvəl eşitmişdim. O vaxt uşaq idim, rayonda yaşayırdıq. Ailəm, qohumlarım möhkəm müxalifətçiydilər, tez-tez qonşularla, ətrafdakı insanlarla mübahisələri düşürdü. Bir dəfə yaxın qohumum gəldi dedi ki, filankəs nə qanmaz adamdır, bu qədər söz danışıram, başa salıram, axırda qayıdıb deyir ki; "Bunlar yeyib doyublar, bunlardan sonra gələnlər daha da pis olacaq".

Həminki anı indiyə qədər xatırlayıram, gözlərimin qarşısındadır. İllər keçdi, bunlar getmədilər, möhkəmləndilər, qol budaq atdılar. Nə oldu? İndi arxaya çevrilib baxanda ancaq bədbinlik, kədər, hüzn, sındırılmış insanlar, başıaşağı atalar, qocalmış qadınlar, gəncliyini fəda edən nimdaş geyimli adamlar görünür. Hamını pərən-pərən saldılar: kimisini qovdular, kimisini sındırdılar, kimisini satın aldılar, kimisini öldürdülər, susdurmaq iqtidarında olduqları hər kəsi də susdurdular...

İndi bu qədər insan taleləri məhv olandan sonra məlum olur ki, bunlar doymurlar. O qədər acgöz, o qədər görməmiş, o qədər qudurğan, o qədər harınlayıblar ki, bunların sadəcə doymaq ehtimalı yoxdur...

Dünən İsmayıllıda əhalini təhqir edən, həmin harın, "şişka" balası cibindən 1 dəstə 100 manatlığı çıxardıb "Sizin qeyrətiniz yoxdur, sizin ananızı, bacınızı pulla alaram" deyibmiş. Bax bu harınlamış, qudurğan gənc bu hakimiyyətin inikasıdır, onun iç üzüdür. Bir videoda həmin harın gəncin "Hummer" maşını yandırılanda qiyama qalxan gənclərdən biri bu mənzərəyə baxıb "Yan, Bled, Yannnnnnnn!!!" deyirdi. Bu qiyamçı gəncin dodaqlarından püskürən qığılcımlı, alovlu sözlər hər şeyi izah edir əslində. Xalqın cana doyduğunu, fəryad etdiyini bəzən bir nəfərin də ağzından duymaq olur.

İsmayıllıdakı hadisələr barədə videolara baxdım. Bu təmiz, başıaşağı, saf insanları görün nə günə qoyublar ki, jurnalistlərə açıqlama verənlərin az qala hamısının dilindən bu söz çıxırdı: "Boğuluruq..."

İnsanları bir tikə çörəyə möhtac edib, malını-pulunu, evini-eşiyini, yurdunu yuvasını talayırlar. Hələ buz azmış kimi, onların bu qədər dəyər verdiyi, sığındığı, qoruduğu namusuna-qeyrətinə də təcavüz edirlər. Axı insanlıq deyilən anlayış var, insan bu qədər insan cildindən çıxmamalıdır, bu qədər iyrəncləşməməlidir, bu qədər murdar olmamalıdır... Amma bunu etdilər və etməkdə də davam edirlər...

Mən şəxsən istəmirəm qan tökülsün, insanlar bir-birini qırsın, bir-birinə işgəncə versin. Ancaq xalqa seçim haqqı tanımamaq, onu saymamaq, həm çörəyini əlindən alıb, həm də dəyərlərinə tüpürmək prosesləri buna gətirib çıxaracaq. Xalqa yuxarıdan aşağı baxmaq tarixdə hələ heç kimə, heç bir quruluşa, heç bir iqtidara xeyir gətirməyib, belə bir nümunə hələ ki, tarixdə yoxdur. Bunu heç olmasa 21-ci əsrdə dərk eləmək lazımdır, artıq başqa dövrdə, başqa dünyada yaşayırıq...

Dəyişiklik hava-su kimi vacibdir, insanlar boğulur, hamımız boğuluruq, bu belə davam edə bilməz...

Bir də "Bunlar yeyib doyublar, bunlardan sonra gələnlər daha da pis olacaq" söhbətlərini də yığışdırmaq lazımdır. Bəşəriyyət "bunlardan sonra gələcək olanlar"dan ehtiyyat etsəydi, dəyişikliklərdən qorxsaydı, irəliyə bir addım belə ata bilməzdi, hələ də daş dövründə qalardı. Daş dövrü təfəkküründən xilas olmaq və dəyişikliklərə köklənmək lazımdır. Dəyişiklik hər zaman inkişaf və tərəqqidir...

Cavid Ramazanov

Kultura.az

Yuxarı