post-title

Xocalı "dərd"i

Qarabağ rayonlarının işğalı günlərində, Xocalı faciəsinin, 20 yanvar hadisəsinin, 31 mart soyqırımının ildönümlərində ilin qalan günlərində ölkədəki problemləri vecinə almayan, boyunduruq altında yaşamağı qəbahət saymayan insanların vətənpərvərlik damarı dombalır. 12 olandan sonra yaltaqlar standart “Böyük faciədir, xalqımızın başı sağ olsun” tipli sosial şəbəkə paylaşımları edəcəklər, etməyənləri satqın adlandıracaq, onlara Qarabağın kimin satdığını soruşanda “404 not found” error-u verəcək, Qarabağ probleminin həllinin demokratiyadan keçdiyini deyəndə siyasətə qatmayın deyəcəklər.

 

 
Hadisələrdən zərər çəkənlər qalır qıraqda, bundan öz PR-ı, kiməsə yaltaqlanmaq, yarınmaq üçün istifadə edən insanlar başlayırlar vətənşüvənlik tamaşasına. Erməniləri asaq, başlarını kəsək, Xocalını bütün dünya tanısın və s.. Təsəvvür edək ki, bu insanlar səmimidirlər. Onda niyə onlar öz ölkələrinin parlamentindən Xocalını soyqırım kimi tanımasını tələb etmirlər? Niyə bu insanlar hər kəsə bəlli olan cinayətkarların beynəlxalq tribunala verilib cəzalandırılması üçün yox, Ağ Evin saytında saxtakar petition kampaniyası üçün imza toplayırlar? İllərdir ölkədəki hansı problemdən danışırıq, ağzımızdan vururlar: “Qarabağ boyda dərdimiz var”. Siz hələ də Qarabağın həm Ermənistandakı, həm Azərbaycandakı diktatura rejimləri üçün nəfəslik rolunu oynadığını anlamırsınızsa, bu artıq sizlərin problemidir. 
 
Keçən il Rusiyadakı seçkiləri, prosesləri çox yaxından izləyirdim. Orda insanların etirazlarının böyüməsi məni olduqca sevindirirdi, etirazların dağılması isə çox üzdü. Çünki bizdə və Ermənistanda demokratik rejimin qurulması, Qarabağ probleminin həlli Rusiyanın demokratikləşməsindən, imperiya, SSRİ-ni bərpa maraqlarından əl çəkməsindən keçir. 
 
Mən əslən Qarabağlıyam. Ailəm, bütün qohumlarım müharibə zamanı məcburi köçkün olaraq ölkənin müxtəlif rayonlarında məskunlaşıblar. Müharibə başlayana qədər atam və üç əmim 15 illik zəhmətləri qarşılığında tikdikləri böyük evlərindən, son qəpiklərini verib aldıqları torpaq sahələrindən didərgin düşüblər. Müharibədən sonra öncə Mingəçevirdə məktəb binasında, sonra da Gəncədə kirayə mənzillərdə qalmışıq. Hal-hazırda qohumlarımın bir hissəsi hələ də tələbə yataqxanalarında, uçuq-sökük binalarda qalırlar.
 
Müharibədən mənə (ailəmə) dəyən zərər bu gün “Vətən” deyib şüvən salanlardan qat-qat artıq olub. Mən də uşaqlığımdan tanımadığım, heç bir nəfərinin belə sifətini görmədiyim ermənilərə nifrət ruhunda böyüdülmüşəm və bunda ailəmi zərrə qədər də günahlandırmıram. Onlar yaşadıqlarının təsirində olublar. Mənsə oxuduqlarımın, canlı şahidlərdən eşitdiklərmin hesabına ermənilərə yox, hadisənin əsas günahkarlarına nifrət edirəm. Bu gün müharibə olsun, Qarabağı alaq deyən insanlar Qarabağda günahsız körpələrin öldüyünü, qadınların zorlandığını da  deyirlər. Yenidən müharibə olsa, bunlar yenə olmayacaqmı? Günahsız körpələr ölməyəcəkmi? Qadınlar zorlanmayacaqmı? Sizi bilmirəm, amma, mənimçün insanın hansı ölkədə anadan olmasının fərqi yoxdur. Körpə körpədir, qadın qadındır, günahsız günahsızdır. Hər hansı bir insanın ölümünə nə qədər üzülürəmsə, müharibənin olmamasını da bundan qat-qat artıq istəyirəm.
 
Corc Oruelllin “1984” romanında insanlar tanımadıqları, haqqında əfsanələr uydurulan “düşmənlər”inə nifrət edirlər. Baxmayaraq ki, o “düşmən” tez-tez dəyişir. Həmin əsərdə nifrət ikidəqiqəlikləri və nifrət həftəliyi ilə bağlı hissələr indiki vətənşüvənlərin iç üzünü ortaya qoyan dəyərli sətirlərdir. 
 
Bilirsiniz, nə qədər humanizm, sülh desək də müharibəni gözlərilə görən, torpağını, övladını, valideynini, yaxınını itirən insana durub birdən-birə sülhdən danışmaq mənasızdır. Lakin, müharibədən artıq iki onillik keçir və yeni bir nəsil yaranıb. Müharibə görməyən, qan görməyən, uşaq ölümü görməyən. Və bu insanların müharibə istəməsi, ermənilərə toplu olaraq nifrət etməsi hansısa səmimi hisslərin yox, illərdir aparılan beyin yuyucu təbliğatın işidir. Və təəssüflər olsun ki, bu insanların beynində bu düşüncə artıq tam oturub. Beyinlərdən kinləri aparmaq, yumaq illər alacaq.
 
Bir az da Xocalıya ədalət istəyənlərdən yazım. Düşüblər ortalığa, xaricilərə Xocalını tanıdırlar. Birincisi, Azərbaycan bir ölkə kimi, biz azərbaycanlılar bir millət kimi xaricilərin vecinə də deyilik. Və get-gedə özümüz haqda barbar təsəvvürü yaradırıq, bu təsəvvürü gücləndiririk. İkincisi, tutalım, xaricilər Xocalı soyqırımını tanıdılar. Bütün dünya ölkələri bu soyqırımı lənətlədi. Siz bu qayıq diasporasıyla ermənilərdən nəsə təzminat ala biləcəyimizi düşünürsünüz?  Üçüncüsü Xocalını xaricdə tanıtmağa xərclənən milyonlarla Xocalı faciəsindən zərər çəkənlərə, onların yaxınlarına yüksək məbləğdə kompensasiyalar ödəmək olmazdırmı? 
 
Qarabağ probleminin həlli yalnız və yalnız hər iki ölkədə demokratik hakimiyyətlərin qurulmasından keçir. Bunu istəyənləri də vətən xaini, xarici qüvvələrdən maliyyələşənlər adlandırır bizim bu gülməşəkər vətənpərvərlər. Ya deyirik, qardaşlar, bacılar xaricilərə o pulu niyə yedirirsiniz? Pulları alan onlar, vətən xaini biz? Mənbəyi bəlli olmayan pullarla Range Rover sürən onlar, vətən xaini biz? Bahalı otellərdə Xocalı tədbiri keçirib ardından maneken qızlarla əyləncə tədbirləri təşkil edən onlar, vətən xaini biz? İnsaf, biraz! 
 
Pirşağıda qohumlarım qalır. Tez-tez gedirəm ora. Orda Xocalı qaçqınları Qızılqum sanatoriyasında məskunlaşıblar. Hər dəfə orda olanda azərbaycanlı olduğuma utanıram. Bu insanlar 21-ci əsrdə hansı şəraitdə yaşayırlar, xəbəriniz varmı? Zibillik, üfunət, anti-sanitariya, iş yox, pul yox. İnsanlar 20 ildir rəsmən kölə kimi yaşayırlar. Və bəzi vətəvşüvənlər onların haqqı üzərindən saxta oyunlar oynayırlar. Vicdanınız olsun bir az. İndiyə kimi niyə kimsə o insanların normal evlərə köçürülməsiyə bağlı məsələ qaldırmayıb? Saxta petition-petition oyunu oynayan Qənirələr, Gülsellər niyə o insanlarla maraqlanmır?
 
Bu yazıdan sonra mənə nə damğa vuracaqlarını bilirəm. Onlara bir-iki sualım var:
İndiyə kimi müharibə veteranları ilə danışmısınız?; 
Şəhid ailələri ilə maraqlanmısınız?; 
Qarabağın alınmasında ermənilərdən qat-qat artıq rolu olan ruslara niyə nifrət etmirsiniz?;
Xocalı soyqırımının tanınmasındansa demokratiya, insan haqqları uğrunda mübarizə aparmaq gələcəyimiz üçün daha faydalı deyilmi?
Bu sualları vicdanınıza verin. Və özünüz öz vicdanınızla cavab verin. Sonra, məni söyüb-söyməmək qərarına gəlin. 
 
Bir gün bu ölkədə demokratiya qurulacaq. Xalqlar bütün ağrılarını, yaralarını sağaldıb barışacaqlar. Bütün arxivlər açılacaq. Bilinəcək ki, kim kimdir. O günə qədər biz vətən xainiyik, vətənşüvənlərsə qeyrətli vətən oğulları...
 
İlkin Rüstəmzadə
Kultura.az
Yuxarı