post-title

Arvadlarını alverçiyə çevirən azərbaycanlı kişilər

Gürcüstanda Sadaxlı-Tiflis qatarına minib, qohumlarımı görmək üçün kəndimizə gedirdim. Bu yazını qatarda gördüyüm göy satan qadınlar haqda yazmaq qərarına gəldim.

 

İlk dəfə qatarda göy satan qadınları görəndə, xüsusən onların qatardakı alver zamanı pul üçün bir-biriylə savaşını, səs-küyünü eşitmək məni çox utandırmışdı. Bilmirəm onlardan biri (millət olaraq) olduğuma görəmi, yoxsa onların bizdən biri olduğuna görəmi utandım... Tiflisdə göy satan bu qadınlar millətimizin bir parçasıdır...

Qatardakı ilk təəssüratımdan keçən 5 gün ərzində məni düşündürən o idi ki, bu qadınları belə səs-küylü alverçi vəziyyətinə salan nədir?.

Zənnimcə, əsas səbəb o qadınlara zamanında təhsil verilməməsi və ya təhsil almalarına atalarının icazə verməməsi, digər səbəb isə onların həyat yoldaşlarının tənbəl olması, ailə üzərinə düşən məsuliyyətdən boyun qaçıraraq, qadınlarını səhər 6-da qatarda göy satmaq məcburiyətində saxlamalarıdır. Hətta soruşduqlarımdan deyən oldu ki; "ərim bazara getməyə, göy satmağa utanır ona görə biz gedirik". Əlbəttə, əsas səbəb iqtisadi çətinliklərdir.

Mən əminəm ki, bu işi kişilər görə bilər və o qadınları belə əziyyətə salmaya bilərlər, amma mənim şanlı millətim həmişə şəxsi namus-qeyrəti qadının bəkarətində, milli heysiyyatını isə gürcü ve erməniləri söyüb, vətənşüvənlikdə gördüyü üçün rahatlıqla evdə oturar ki, arvadı və ya anası getsin onun utandığı işi görsün. Bu qadınları oxutmadıqları yetmir, oxumağa icazə vermədikləri yetmir, hələ bir öz yerlərinə işlədirlər də... Bunun bir adı var... Amma bunu yazıda ifadə edə bilmirəm...

Tiflisdə olduğum müddətdə 1+4 proqramıyla universitetlərə qəbul olan bizim bölgənin kənd qızlarıyla görüşdüm. Bir çoxu 4-5 dil bilirlər artıq və hiss olunur ki, artıq azadlığın dadını hiss edirlər. Öz güclərinə inanırlar, amma di gəl ki, onlarla eyni kəndlərdən olan tələbə oğlanlar bu qızları güdürlər ki, onların ailələrinə "sukalıq" etsinlər. Tələbə qızlarda daha çox azadlıq və müasirlik, dünya görüşü gördüm, nəinki tələbə oğlanlarımızda. Oxumuş qızlarımıza üz tutub demək istəyirəm ki, bizim kişilər sizdən mətbəx qadını, göy satan, bazar alverçisi yaratdıqları halda, mən inanıram ki, siz bizim oğlanları dəyişib onlardan modern, kitaba meyilli, öz ailə məsuliyətini anlayan, dünyagörüşlü kişilər yarada biləcəksiniz.

Elvin Buntürk

Kultura.az

Yuxarı