Gözəl bir aprel səhərində 100% mükəmməl qız görərkən
Düzünü desəm, o elə də gözəl görünm…
Axı bu bığıburma yazıçı kimdi, niyə ona bu qədər dəyər verirlər?
İndi də hay-küylə, bəh-bəhlə “Svan tərəflər” kitabının çapından 100 il keçməsini qeyd edirlər.
“New York Times” ayrıca bölüm də yaradıb. Hamını fransız yazar haqda düşüncələrini bölüşməyə çağırır.
Uzağa niyə gedirik?
Nobelli türk yazarı Orxan Pamukun ən məşhur romanlarından olan “Qara kitab”ı vərəqləyək.
Arvadı evdən qaçan baş qəhrəman Qalip tənha qoca jurnalistin hekayətini danışır.
Həmin jurnalist Türkiyədə heç kəsin Prustu və onun qəhrəmanı gözəl Albertini tanımamasından gileylənir. Hətta oxumuş insanlar, qoca jurnalistin həmkarları da onlardan bixəbərdirlər.
Jurnalist deyinir ki, “yəqin bu ölkədə Prustu və Albertini anlayan insanlar ortaya çıxanda insanlar avamlıqdan qurtulub başqa həyat yaşamağa başlayacaqlar”.
Həmin o bığıburma yazıçı əvvəl-əvvəl şeir yazıb, kimsənin diqqətini cəlb etməyib. Sonra romana girişib. Uzun müddət barəsində kübar cəmiyyətlərdə fırlanan diletant obrazı mövcud olub.
Üstəlik də homoseksual idi… 20-ci əsrin əvvəlində…
Prust 15 il ərzində yazıb ortaya qoyduğu “İtirilmiş zamanın sorağında” silsiləsindən 7 kitabı ilə tanınır.
Əvvəl yarımçıq qalan əlyazmaları da burada karına gəlib.
Bu kitabların bəzilərinə roman demək olar, bəziləri uzun-uzadı jurnalist qeydlərini xatırladır.
(Prust bir müddət “Fiqaro” qəzetində Paris salonlarından xəbərlər hazırlayıb).
“Svan tərəflər” silsilənin birinci kitabıdır.
Son 3 kitabı redaktə eləməyə isə Prusta əcəl imkan verməyib. Onlar yazıçının ölümündən sonra çap edilib.
Uşaqlıqdan müxtəlif xəstəliklərdən əziyyət çəkən Prust 51 yaşında ağciyərindən gedib.
Kitablarında qeyri-adi heç nə baş vermir, süjet klassik romançılıq anlamında çox maraqlı sayıla bilməz.
Onlarla səhifə hansısa xanım haqda cəmiyyətdə mövcud olan rəylərə, gəzən şayiələrə həsr edilir.
Bəs Prusta niyə “20-ci əsr dünya ədəbiyyatında ən vacib fiqurlardan biri” deyirlər.
Prust romançılıqda inqilab edənlərdəndir
Kafka və Coys kimi o da öz yazdıqları ilə ədəbiyyatda uzun müddət hökmran olan klassik formalara və həyatı təsvir metodlarına üsyan edir.
“İtirilmiş zamanın sorağında” silsiləsi klassik roman texnikasıyla daban-dabana ziddir. Burada əsərin əvvəlində əsası qoyulan ziddiyyətlər, onların kulminasiya nöqtəsinə çatması, daha sonra düyünün açılması kimi ənənəvi struktur vahidləri ya yoxdur, ya da çox zəifdir. (Buna görə də hazırlıqsız oxucu üçün çox darıxdıcıdır).
Bu bir düşüncə axınıdır. Baş qəhrəman Marselin öz otağında həyatını xatırlamasıdır.
Modernist Prust impressionistcəsinə bəzən həyatının hansısa xırda bir detalını oxucuya anlatmaq üçün səhifələr “xərcləyir”. Bütün bunlar ondan irəli gəlir ki, Prust realizmə, onun tipikləşdirmə metodunun həyatı təsvir etmək, insanların obrazını yaratmaq üçün tamamilə yararsız olması, səthilikdən o yana getməməsi qənaətindədir. Onun fikrincə, tipikləşdirmə metodu ilə hansısa insanı müsbət, yaxud mənfi obrazda vermək yanlışdır. Çünki insan şəraitdən asılı olaraq dəyişə, gah daha çox mənfi, gah da daha çox müsbət cəhətlərə malik bir şəxs kimi meydana çıxa bilər.
Hansısa cani əsgər aparıla və müharibədən qəhrəman kimi qayıda bilər.
Məsələn, əsərdə Marselin kübar cəmiyyətdə üzləşdiyi insanlara birmənalı qiymət vermək olmur. Kimsə homoseksualdır, amma evlənir və daim xanımların əhatəsində olmağa çalışır ki, heç kəs bundan şübhələnməsin. Yaxud hansısa fahişə yüksək mənsəbli şəxsə ərə gedəndən sonra cəmiyyətdə ona münasibət “180 dərəcə” dəyişir, hamı ona ehtiramla yanaşmağa başlayır.
Bir sözlə Prust hesab edir ki, bu qədər maraq və mənafelərin, fərqli düşüncə tərzli adamların olduğu cəmiyyətdə insan haqda dolğun təsəvvür formalaşması, onun əsl “mən”inin dərk edilməsi müşkül işdir, kimsə bunu etməyə cəhd göstərirsə, faktiki olaraq vaxtı hədər gedir. Həmin zaman itirilmiş olur.
Ona görə də Prust öz əsərində keçmişə müasir dövrün prizmasından baxmağa, ümumiləşdirmələr aparmağa, nəticələr çıxarmağa çalışmır. Onun üçün bu, anlamsız bir işdir. Prust yalnız lap uşaqlıqdan başlayaraq keçirdiyi hisslərin salnaməsini yazır.
Onun üçün vacib olan - uşaq vaxtı duyduqlarını olduğu kimi, o dövrdə yaşandığı formada təsvir etməkdir. Bütün əsər bu yaşanan hisslərin, sevincin, kədərin tərənnümüdür. Həmin duyğuları doğurmuş hadisələrin, insanların təsviri yox.
Prust hesab edir ki, həyat insanın müxtəlif hadisələr, şəxslər haqda səthi rəylərinin toplusu olduğu üçün itirilmiş bir zamandır.
Amma yazıçı həm də düşünür ki, zamanı müəyyən mənada bərpa etmək mümkündür - ədəbiyyat vasitəsilə. Yəni hər bir yazar, elə hər bir insan da öz yaşadığı duyğuları xatırlayaraq beynində “bərpa edə” bilər. Məhz bu halda o özünün kimliyini anlayacaq, əsl “mən”i ona bəlli olacaq.
Başqa sözlə insanın əsl kimliyi ona başqalarının verdiyi qiymətlə yox, onun öz yaşadıqları, duyduqlarının məcmusu ilə ölçülür.
Ola bilsin Prustun yazdıqları öz dövründə, elə indi də bir çoxlarına maraqsız gəlir.
Bəlkə də doğrudan da maraqsız yerləri var
Amma Prust ədəbiyyata yeni baxış gətirənlərdən idi. Oturuşmuş qaydalarla yazmaq istəməyən, onları dəyişmək istəyən yazardı.
Çəkinmədən "belə də yazmaq olar" deyib bunu sübut edənlərdən.
Bəlkə buna ədəbiyyata plüralizm, çoxfikirlilik, demokratiya gətirən deyək?
Doğrudanmı…
“bu ölkədə Prustu və Albertini anlayan insanlar ortaya çıxanda insanlar avamlıqdan qurtulub başqa həyat yaşamağa başlayacaqlar…”
Rövşən Qəmbərov
"Oxu Zalı"