post-title

Bayraq

İnsan psixologiyasında belə bir xüsusiyyət var, beynimiz hissələri yox, bütünü görməyə uyğunlaşmışdır. Başqa sözlə desək, beynimiz əvvəlcədən tanıdığı cisim və fiqurların yarımçıq hissələrini belə gördükdə, onu bütöv şəkildə dərk edir. Məsələn, nöqtələrlə çəkilmiş üçbucağa bənzər bir fiqur şəklinə baxanda bunu beyniniz bir üçbucaq kimi qəbul edəcək. Və ya ağacın arxasında dayanmış oğlanın qolunu görürsünüzsə, siz düşünürsünüz ki, orda oğlan dayanıb. Əslində isə siz sadəcə bir qol görürsünüz. Bu şüuraltımızın adaptasiya qabiliyyətinin nəticəsidir.

 

Bu yaxınlarda şüuraltının bu xüsusiyyəti ilə kəskin şəkildə rastlaşdıq. Arxa fonda ardıcıl olaraq yerləşmilş göy, qırmızı və yaşıl rəngi görəndə insanlarımızın beyni bu rəsmi Azərbaycan bayrağı olaraq qəbul etdi. Rasional olan bir qisim bu rəsmin əslində bizim bayrağımız olmadığını vurğuladı amma məsələ əslində onun bizim bayraq olub-olmamasında deyildi. Qeyd etmk istyirəm ki, mən bu yazıda həmin etirazın haqlı-haqsız olmasına münasibət bildirmək fikrində deyiləm. Mən sadəcə insanların əks-reaksiyasını araşdırmaq istəyirəm.

Məsələ müqəddəsliyin nə olmasındadır. Müqəddəslik anlayışı nədir? Müqəddəs məvhumlar arasında hər hansı bir iyerarxiya mövcuddurmu? Məsələn bayraq daha müqəddəsdir yoxsa torpaq? Kim müəyyənləşdirir bu sistematikanı? Müqəddəs qəbul edilmiş məfhumlar öz statuslarını nə vaxta qədər saxlamalıdırlar, yoxsa bu əbədi rütbədir? Araşdıranda daha çıxılmaz durumlara gəlib çıxırıq. Məsələn, Quran müqəddəsdir, ona natəmiz əllərlə toxunmaq belə olmaz, çörək də müqəddəsdir, onu yerə düşəndə öpüb gözlərimizin üzərinə qoymalıyıq, amma qurumuş köhnə çörəkləri atırıq və bu bağışlanılandlr. Bayraq isə bizim müqddəs simvolumuzdur, o bizi hər cəhətdən izah edən , bizi təmsil edən bir surətdir. Amma ona natəmiz əllərlə toxunmaq qadağası yoxdur. Və ya bayraq yerə düşəndə onu öpüb gözlərinin üzərinə qoyan insana rast gəlməməişəm. Deməli burda müqəddəslik faktorunun özü rütbə xarakteri daşıyır. Bəs bu vəzifə bölgüsünü kimlər müəyyən edir? Biz bayrağa qarşı kifayət qədər sentimentalıq. Amma düşünün ki, bir qrup insan çıxıb desə ki, bayağa natəmiz, çirkli əllərlə toxunmaq olmaz, reaksiyamız nə olardı? Düşünərdik ki, bu artıq radikallıqdir, nə məntiqi var bu qədər həssas olmağın. Əgər, həqiqətən, bu qənaətə gəldinizsə, deməli biz öz həssaslığımızı və müqəddəs statuslu anlayışları sorğulaya bilərik. Qaldı ki, bu statusun müddətinə, bu bayrağın gələcək Azərbaycan tarixində əbədi simvol olacağını heç kim iddia edə bilməz. Bu dəyişdirilə bilər, ya da kim bilir, bütün insanlıq bir gün bayraq, sərhəd anlayışlarından imtina edə bilər. Bir şeyə hörmət etmək üçün onu mütləq müqəddəsləşdirməyə ehtiyac yoxdur. Düşünürəm ki, bu müqəddəslik termininin populyarlaşmasının səbəbi insanların hörmət və ehtiram göstərməsini qarantiləmək istəyindən irəli gəlir. Çünki müqəddəs olanın sorğulanmaqdan canı qurtarır. Məsələn, müəllimlər də (müəyyən dar çərçivədə olsa da) müqəddəsdir deyə onların əksər davranışları şagirdlər tərəfindən soğulanmır. Deməli, insan nəyə dəyər yükləmək istəyirsə, onu müqəddəsləşdirir. Bu hadisə isə nəsil dəyişimi, düşüncə dəyişimi getdikcə müəyyən partlayışlara səbəb olur. Hansı ki, oxşar hadisənin şahidi olduq. Nə idi səbəb: doğulandan bəri müəyyən doqmalar və simvollarla böyümüş insanlar bir gün karikatura tipli kəskin mesaj daşıyan bir şəkil gördülər və kəskin etiraz etdilər. Daha doğrusu etiraz edə bildilər. Burda ünvanın etiraz edə biləcəkləri şəxs olması üzündən bu etiraz bu qədər sərt oldu. Bəlkə də normal halda “No comment” davranan insanlar üçün bu bir fürsət idi. Reaksiya kəskin idi və bayrağın təhqir olunduğunu düşünən insanlar bu dəfə rəsmin sahibini təhqir etməklə onu cəzalandırdığını düşündülər. Deməli bu insanlar üçün bayraq anlayışı insanların ifadə azadlıqlarından daha müqəddəsdir. Sizin ifadə azadlığınızdan daha dəyərli şey toxunulmaz və ənənəvi məfhumlardır. Bunun doğru yoxsa yanlış olduğunu müzakirə etmək kütlə üçün tezdir zənnimcə, zamanla bu mərhələ aşılacaq. Sadəcə olaraq müəyyən müddət lazımdır. Amma hələlik xırda addımlar ataraq müəyyən müqayisələr aparıla bilər. Məsələn, o rəsimdə arxa fonda Azərbaycan bayrağınin rəngləri yox, Rusiya, ya da Fransa bayrağından rənglər olsaydı nə olacaqdı? Heç nə. Çünki bizə maraqlı deyil digər ölkələrin bayrağı. Burada “hərə öz bayrağına sahib çixsin” məntiqi ilə davranırıq. Əgər öz dəyərlərimizə hörmət tələb ediriksə və bu tələb bizim ifadə azadlıqlarımızın pozulması bahasına olacaqdısa, deməli eyni tələbi digər məsələlərdə də göstərməliyik. Bu hörmət ölkədə azlıq təşkil edən hamıya qarşı olmalıdır. Mənim olmayan məni maraqlandırmayacaqsa, mənim olana deyilənlər də məni maraqlandırmamalıdır. Hörmət etməyib hörmət gözləmək milli eqoizmin nəticəsidir. Konservativ xalqlarda həmişə yenilik çətinliklə mənimsənilir. İnsanlar başa düşməlidir ki, bayrağı namus məsələsinə çevirmək lazım deyil. İnsanların ifadə azadlıqları, söz azadlıqları daha önəmli məsələdir. Siz əgər həqiqətən bayrağın təhqir olunduğunu düşünürsəniz, həmin şəxsi məhkəməyə verə bilərsiniz, amma yox daha sadə yol seçib söyüş və təhqirlərə müraciət edərək namusu təmizləmiş olmursunuz.

Bu karikaturanın gündəmi bu qədər dəyişdirməsinin digər önəmli səbəbi isə bayrağa əlavə olunmuş ünsürdə idi. Yəni önəmli olan bayrağa fərqli bir ünsürün əlavə olunmasından çox, hansı ünsürün əlavə olunmasında idi. Süd vəziləri bizim insanımız tərəfindən ayıb orqan hesab edilir, bu şəkil bir anda ayıb bir şeyə çevrildi. Bəlkə də bayrağa bu ünsür deyil, boyalı dodaq, dikdaban ayaqqabı, saç, yəni qadını təmsil edən başqa bir simvol əlavə olunsaydı bu reaksiya yaranmazdı. Yəni etirazların səbəbi əslində “orda ayıb bir şey var, bu bayrağımıza təhqirdir” tipində idi. Bu reaksiyanın özü sübut edir ki, insanımız qadını doğurdan da ikinci cins kimi görür. Və məhz qadının ikinci cins olması məsələsi düşünürəm insanımız üçün həddən artıq ağır mövzudur. Əlbət bu insanlar bayraq haqqında düşüncələrini dəyişəcək bir gün, amma qadın haqqında düşüncələr çətinliklə düzələr.

Nəticə olaraq, bu polemikanın yaranmasını əslində gələcəkdəki düşüncə islahatlarımıza hazırlıq hesab edirəm. İnsanlar dəyişilir, təbii olaraq, dəyərlərimiz, maraqlarımız, fəlsəfəmiz də dəyişilir. Bu gün bayraq məsələsinin müzakirə olunması bizə bir-birimizin mövqeyini bilmək imkanı yaratdı. Biz artıq nəyə görə fərqli düşündüyümüzü bilirik. Əks tərəflər bir-birilərinin arqumentləri ilə tanış oldu. Düşünürəm bizi irəlidə daha tolerant və daha sekulyar nəsil gözləyir. 

Günel Mehdiqızı

Yuxarı