post-title

Əbədi gənc insan

Uzun illər əvvəliydi. Yay mavi axşamlarını, səs-küylü küçələrini, izdihamlı parklarını özüylə götürüb harasa yoxa çıxmışdı. Payız soyuq silləsini insanların üzünə çırpmaqla nəhayət ki, gəlib çıxdığını xəbər verirdi. Tutqun, mənasız kədər havadan asılı qalmışdı. Ürəyim sıxılırdı. Viktor Soyun yenicə kəşf etdiyim "Kədər” ("Печаль”) adlı mahnısını allah bilir neçənci dəfə dinləyə-dinləyə şəhərin küçələrində təkbaşına veyillənirdim. Bu mahnıda bəhs edilən kədər mənim əhvalıma necə də uyğunuydu...

 

На холодной земле стоит город большой.
Там горят фонари, и машины гудят.
А над городом ночь, а над ночью луна,
И сегодня луна каплей крови красна.

Дом стоит, свет горит,
Из окна видна даль.
Так откуда взялась печаль?
И, вроде, жив и здоров,
И, вроде, жить не тужить.
Так откуда взялась печаль?

Axşam düşürdü. Ağaclar soyuqdan titrəyirdi. Səmanı işğal edən buludların qaranlıq köksündən qopan yağış damcıları artıq torpağı islatmağa başlamışdı. Addımlarımı sürətləndirib evə tələsdim. Yağış şiddətlənirdi, ətrafdakı insanların tutqun kölgələri qeybə çəkilirdi. Yolum parkın içindən keçirdi, qəfildən gözüm nəhəng ağacın altındakı skamyada oturan cütlüyə sataşdı. Yanlarından keçəndə gözucu onlara baxdım. Əyalətdən gələnə oxşayırdılar, geyimləri zövqsüz və kasıbyana idi. Oğlan gərgin, həyacanlı gözlərini mənə zilləyib, səbirsizliklə yanlarından keçib getməyimi gözləyirdi. Bir anlıq fikrimdən keçirdim ki, "Küləkli, yağışlı gündə bunlar niyə soyuqda oturublar?” Aralanandan sonra çevrilib onlara tərəf baxdım. Oğlan müticəsinə başını aşağı sallayan qızı deyəsən öpüşmək üçün dilə tutmağa çalışırdı. Soyuq, yağış, qulağımda Viktor Soyun mahnısı, qarşımdakı mənzərədən mütəəssir olmuşdum. Bu, mənim həyatda gördüyüm ən kədərli səhnələrdən biriydi...

Onda hələ universitetdə oxuyurdum, bu səhnəni görəndən sonra istəyirdim ki, Viktor Soy haqqında nəsə yazım. Yazını onun doğum gününə həsr etmək istəyirdim. Amma nədənsə bu illər ərzində belə bir şey mənə qismət olmadı. Yalnız dünən axşamtərəfi yadıma düşdü ki, bu gün Soyun doğum günüdür. Ad günündə yay fəsli girirdi, ilin ən uzun günü olacaqdı, amma hava elə soyuq, küləkli, yağışlıydı ki, sanki payız yayı qabaqlayıb vaxtından əvvəl gəlmişdi.   

Gec də olsa, onun haqqında yazı yazmağa başladım...

Ən sevdiyim mahnısı "Günəş adlı ulduz”dur ("Звезда по имени солнце”). Mübaliğəsiz deyirəm, nadir hallarda qulaq asıram, ancaq hər dəfə bu mahnını dinləyəndə gözlərim yaşarır.
 

И две тысячи лет - война,
Война без особых причин.
Война - дело молодых,
Лекарство против морщин.

Красная, красная кровь
Через час уже просто земля,
Через два на ней цветы и трава,
Через три она снова жива
И согрета лучами Звезды
По имени Солнце...

И мы знаем, что так было всегда,
Что Судьбою больше любим,
Кто живет по законам другим
И кому умирать молодым.

Он не помнит слово "да" и слово "нет",
Он не помнит ни чинов, ни имен.
И способен дотянуться до звезд,
Не считая, что это сон,
И упасть, опаленным Зведой по имени Солнце

Hərdən mənə elə gəlir belə bir mahnını yazan adam onsuz da heç vaxt 28 yaşdan artıq yaşaya bilməzdi, necə ki, "Zəmanəmizin qəhrəmanı” əsərini yazan başqa bir rus Lermantov da 27 yaşını adlaya bilməmişdi.

Bəzi insanlar vaxtından əvvəl, çox gənc yaşda dahilik zirvəsinə çatırlar, bütün səddləri aşırlar və elə bu da onların axırına çıxır...

Sıravi insanlar çox nadir hallarda həyatı, onun gözəlliyini, kədərini, mənasını duya, anlaya bilirlər. Bir anlıq bunu anlayanda belə, tətikdə duran ölümün, əzrayılın bundan duyuq düşəcəyindən o qədər qorxurlar ki, kəşflərini özlərinə belə etiraf etmirlər. Nəticədə o bir an daimi olmur, onlardan üz döndərir. Yaşamağa o qədər aludə olurlar ki, həyat yaddan çıxır. Amma çox nadir insanlar da var ki, həyatı nəinki dərindən başa düşürlər, onu ifadə edirlər, başqalarına da bunu başa düşməkdə kömək edirlər. Cəsarətli, nəşəli, bir az da yelbeyincəsinə ömür sürürlər, qayalara çırpılıb parça-parça olmaqdan qorxmayaraq, sıldırımlı həyat çayında üzürlər. Dolğun, mənalı, yaradıcı, amma qısa həyat yaşayırlar. Viktor Soy da belə nadir insanlardan biridir. İldırım sürətilə həyat yaşadı, yaratdı, sonra da çıxıb getdi. Onun yarımçıq qalmış həyatını, yaradıcılığını tam dolğunluqla ifadə eləmək mümkün deyil, həmişə nəsə əskik olacaq. Elə bu yazı da burada, yarımçıq qalsa, yaxşıdır...

Gec də olsa, doğum günün mübarək, əbədi gənc insan...

Cavid Ramazanov

ANN.Az 

Yuxarı