post-title

Uşağı döyməklə tərbiyə etmək

Bazar günü yeni həftəyə hazırlaşmaq üçün evə erkən, qaş qaralmamış qayıdıram.

 

Bu dəfə də "Azadlıq prospekti" metrosunun park tərəfdəki çıxışından çıxanda parkda azyaşlı körpəsini şiddətlə, azərbaycansayağı danlayan ananı gördüm. Uşaq bir az qorxsa da, artıq bunun onun üçün ilk dəfə olmadığını üzündən görmək olurdu. Belə danlanan, döyülən uşaq və övladını hər səhvinə görə danlayan, vuran, bəzən başqasının əsəbini də övladının üstünə tökən valideynlər həddən ziyadədir bu ölkədə. Nəticəsi də o olur ki, uşaq böyüdükcə qorxaq, çəkingən olur, nəyisə etməyə cəsarəti çatmır (çünki hər xırda şeyə görə danlanıb-döyülən uşaq böyüdükdə belə səhv etməkdən qorxduğuna görə heç nə etmir), cəmiyyətdə özünü apara bilmir (ya da evdəki kimi aparır) və ən pisi də odur ki, əksər hallarda həmin uşaq gələcəkdə öz ailəsində də həmin qaydaları tətbiq edəcək.

Davranışında, əxlaqında problemi olan əksəriyyətin vaxtilə, uşaqkən ailədə travma yaşadığını görmək olar. Ya ata içib, əsəbiləşib hər gün ananı döyüb, ya valideynlər ayrılıblar,  ya uşaq ayrıseçkiliyi edilib, digəri daha çox sevilib, ya da ki, evdə ənənəvi döyməklə tərbiyə metodundan istifadə edilib.  Saydıqlarımın hər birinə aid bir neçə insan görmüşəm.

İnsanın formalaşmasında ailə ən önəmli amildir. İnsanın insan ola bilməsi üçün ona qayğı göstərən,  onu düzgün tərbiyələndirən bir ailənin olması mütləqdir.

 Bir müddət qabaq itin boğazına kəndir salaraq döyüb öldürən və bunu videoya çəkib interntetdə yayımlayan uşaqların da məhz belə bir ailəyə ehtiyacları varıydı. Uşağı ailədə döyməklə tərbiyə edirlərsə, onun da nəticəsi iti vəhşicəsinə döyüb öldürmək olur.

Bu gün itə zülm edir,  sabah isə öz ailəsinə edəcək.

Bir tanışım tez-tez uşaq evinə gedir,  ordakı balaca bir uşaqdan soruşub ki, ürəyin nə istəyir, de, gələn dəfə onu alıb gətirim.
Uşaq isə "İstəyirəm sən mənim anam olasan" demişdi.  

Ümid Xəzər

Kultura.az

Yuxarı