post-title

Dövlətdə dindar beyin

“Nothing is impossible” (heç nə mümkünsüz deyil) ifadəsi necə də gözəl səslənir, qulağa xoş gəlir, ürəyə yağ kimi yayılır. Çarəsizliyə düşən neçə-neçə insana bu cümlə qol-qüvvət vermiş, neçə-neçə insan bu cümləni başqalarını ilhamlandırmaq üçün istifadə etmişdir. Əslinə qalsa, belə ifadələr mövhumatdır və yuxarıda deyilənlər də mövhumatın funksiyanallıq sahəsinə aiddir. Əgər biz belə ifadələrin yerində deyilişinin və deyiliş tərzinin təsir dairəsindən çıxıb soyuq başla düşünsək? bunu rahat anlayarıq.

 
 
“Ölümə çarə tapmaq mümkünsüzdür” cümləsi elə də bəlağətli səslənmir, hər kəsin bildiyinin ifadə edilməsidir, ürəklərə təsəlli vermir. Bəli, dahiyanə olan hər şey kimi sadədir.  İndi bu fikirləri toqquşduraq. “Heç nə mümkünsüz deyil” və “ölümə çarə tapmaq mümkünsüzdür”.  Birinci fikir qulağa xoş gəlirdisə də, beyinə çox mənasız  gəldi. Beləcə fəlsəfə ilə mövhumatı toqquşduranda mövhumat darmadağın olur.
 
Yetkin bir insan üçün çevik beyinlə yanaşı təmiz qəlb də vacibdir. Mövhumatın işi ürəklə olmalıdır, onu təmizləməli, təsəlli verməli, qorxutmalı, mərhəməti təlqin etməli, tərbiyələndirməlidir. Beləcə, mövhumatla çoxluğa, kütləyə xitab etmək asandır. Din də bir inanc kimi  ürəkdə qalmalıdır. 
 
Bəşəriyyətin gəldiyi uzun yolun nəticəsi olan müasir insan olaraq biz dini fəlsəfə kimi qəbul etməkdən çəkinməli, mövhumatı beyinə yaxın buraxmamalıyıq.  Tutaq ki, İsanın İncildə dediyi  “Sizə doğrusunu deyirəm: Əgər imanınız olub şübhə etməsəniz, hətta bu dağa “Qalx, dənizə atıl!” desəniz, elə də olacaq” ifadəsi ürəkdə qalmalı, özünə orda yer tapmalıdır. Döyüş meydanında can verən üç sahabəyə su gətirən sahabə suyu birinciyə uzadanda o, ilk içməsi üçün digər yoldaşını işarə etmiş, sahabə suyu  digərinə apardıqda isə, o da o birini göstərmişdir. Sahabə suyu üçüncüyə aparanda onun ölmüş olduğunu görmüş qayıtdıqda isə digər sahabələrin də öldüyünü anlamışdır. Və ya İmam Hüseynin mübarizəsi. Bunlarla ürəklərin tərbiyələnməsində heç bir problem yoxdur, hətta çox müsbətdir.
 
 Ancaq bu yolla insan asanı seçərək mövhumatı beyninə yaxın buraxarsa artıq məsələ təhlükəli hal almağa başlayır. Dindar ürək deyiləndə, sadəcə dinə görə deyil, ümumiyyətlə həssas və təmiz qəlbdən söhbət gedir.  Dindar beyin deyiləndə sadəcə dinlərə yox, hər cür ideyaya  mövhumatla bağlanan beyin nəzərdə tutulur. Dindar beyin özündən  fərqli hər kəsi təhlükə kimi görür, özü kimi düşünməyənləri düzgün yolda saymır. Dindar beyin fanatikləşir. Fanatiklərin də cilovu Volterin deyimi ilə desək, fırıldaqçıların əlində olur. Dindar beyin baş kəsməyə, qan tökməyə, az yaşlı qız uşaqlarına meyl etməyə, rüşvət alıb zəkat verməyə özündə izahat tapa bilir. 
 
Dini təriqətlər keyfiyyətdən çox kəmiyyətə fikir verirlərsə, dindar ürəklərdənsə, dindar beyinlər yaratmağa çalışırlarsa, düzgün yolda deyillər, təhlükəlidirlər.  Dövlət nədir, necə olmalıdır, sualları  fəlsəfədə qoyulmuş, dövlət idarəçiliyi, dövlət institutları məsələləri öz həllini fəlsəfi beyinlərlə tapmışdır. Platon, Aristotel, Siseron, Hobbs, Russo, Spinoza və s. Bu məsələlər dindar beyinlər üçün yaddır. Əgər kimlərsə dini dövlət işinə qarışdırmaq, dini dövlətlə qarşı-qarşıya gətirməyə çalışarsa, mövhumatla fəlsəfə nümunəsində gördüyümüz kimi dinə ziyan vurar.
 
Qarşımızda İran nümunəsi var. Yaxın illərdə Türkiyədə biz bunun şahidi oluruq. Dindar beyin hakim, prokuror, polis, deputat və s. olaraq təslimiyyət anlayışı ilə təriqətdən gələn əmiri yerinə yetirərək dövləti qeyri işlək vəziyyətə sala bilər. Təriqətlərin dövlətə müdaxiləsi Osmanlı zamanından olmuş, Osmanlı sultanları təriqətlərlə problemlər yaşamışdır. Yenə də köklü dövlətçilik ənənəsi bu işlərə müqavimət göstərə bilmiş, çox zaman insanların beynini dövlət işləri üçün uyğun hala gətirə bilmişdir. Görünən də odur ki, Türkiyədə uzun müddətdə də olsa dövlətçilik təriqətçiliyə qalib gələcəkdir. Bütün bunları nəzərə alaraq, dövlət ya təriqət, fəlsəfi yoxsa dindar  beyin qarşıdurmasında öz yolumuzu dəqiq aydınlaşdırmalı, bir  fərd kimi yetişərkən və qərar verərkən bunlara istinad etməliyik. Bəşəriyyətin mədəni inkişafını saxlamaq olmaz. Özümüz dəyişməsək belə, gələcək nəsillərdən bunları məhrum etməyə haqqımız yoxdur.
 
Aqşin İbişov
 
Kultura.az
Yuxarı