post-title

Mario Varqas Lyosa – “Gənc yazıçıya məktublar”

"Düşüncələrdə, xüsusən istedadlı adamların düşüncələrində təzahür tapan həyat qətiyyən onu təsvir edən, yaxud oxuyan və qiymətləndirən insanların yaşadıqları həyat deyil. O, bütünlüklə və tam mənada xəyali həyatdır. Belə bir həyatı məhz buna görə uydurmaq lazım gəlib ki, onu gerçəkdən yaşamaq heç cür mümkün olmayıb. Bu səbəbdən yazıçı o həyatı şərti və tamamilə fərdi olaraq yaşamağı qərara alıb. Bədii uydurma - arxasında böyük həqiqət gizlənən yalandır".

 
Nobel mükafatçısı Lyosa haqqında yazını və onun əsərini sizlərə təqdim edirik. 
 
Müasir Latın Amerikası ədəbiyyatının öncül novator yazıçılarından olan perulu nasir Mario Varqas Lyosa 28 mart 1936-cı ildə Arekipdə doğulub. Leonsio Prado hərbi məktəbində, daha sonra San-Markos paytaxt universitetində təhsil alıb. 1958-ci ildə Madrid Universitetinin təqaüdünü qazanaraq, uzun müddətə Avropa və Amerikaya gedib. Doqquz ildən sonra R.Qalyeqos adına beynəlxalq mükafata layiq görülən Varqas Lyosa yazıçının ictimai həyatla sıx bağlılığı mövzusunda məşhur nitqini söyləyib. Daha sonralar öz fikirlərini həyata keçirmək üçün Peruda 1990-cı ildə keçirilən prezident seçkisrində namizəd kimi iştirak edib və məğlubiyyətə uğrayıb. 
 
Varqas Lyosanın 1963-cü ildə yazdığı ilk romanı "Şəhər və köpəklər" Limada onun kitablarının nümayişkaranə yandırılması ilə nəticələnən qalmaqala səbəb olub. Leonsio Prado hərbi məktəbinin "gerçək tarixçəsi"ndə əks etdirilən əcaib xüsusiyyətlər Perunun bütün hərbçi zümrəsini istehza hədəfinə çevirib. "Yaşıl ev" romanının əsas mövzuları olan zorakılıq və özgələşmə eyni vaxtda beş kəsişən süjet xəttiylə inkişaf etdirilir. Yazıçı burada genişləndirilmiş montaj texnikasından, hadisələrin zaman və məkanının ani əvəzlənmələrindən, çox müxtəlif nöqtələrdən yanaşma üsulundan istifadə edir. "Küçüklər" hekayəsində "əsl kişi mühiti"nə düşən axta oğlanın başına gələnlər təsvir olunur. "Kilsədə söhbət" romanı M.Odrianın diktaturası zamanında Peru cəmiyyətinə xas olan naqislikləri ortaya çıxarır. "Palomino Moleronu kim öldürüb?" detektiv povestində gənc bir müğənninin qətli həqiqətin və ədalətin qarışıq sərhədlərinin aydınlaşdırılması üçün zəmin rolu oynayır. 
 
Varqas Lyosa "Kapitan Pantaleon və xeyirxah əməllər rotası", "Xuliya xala və cızmaqaraçı", "Məhşər savaşı" və başqa romanların, eləcə də Floberin yaradıcılığı haqda tədqiqatın müəllifidir.
 
(Tərcüməçidən)
 
 
Soliter haqqında pritça
(«Gənc yazıçıya məktublar»dan)
 
Əziz dostum!
 
Məktubunuz məni dərindən təsirləndirdi. Onda bir vaxtlar diktator Odrianın hökmranlıq etdiyi Limada yaşadığım illəri, yeniyetməlik vaxtlarımı gördüm. Mən bir vaxt yazıçı olmağı odlu bir istəklə arzulayır, ancaq bundan ötrü nə etməyin, nədən başlamağın vacibliyini yaxşı anlamırdım. Daxilimdən gələn və məni inadla əhvalatlar qurmağa sövq edən meylləri cilovlamağın yolunu bilmirdim. Qibləgah saydığım Folknerin, Heminqueyin, Malronun, Dos Passosun, Kamü və Sartrın əsərləri məni valeh etdiyi kimi, öz yazdıqlarımın da oxucuların qəlbini fəth etməsini istəyirdim.
 
Dəfələrlə ağlıma gəlmişdi ki, onlardan hansısa birinə (o zaman hələ hamısı sağ idi) məktub yazıb, yazıçı olmağın yolları barədə məsləhət alım. Amma hər dəfə də bir qərara gələ bilmirdim, ya da ola bilsin, iş görmək həvəsimi öldürən bədbinlik mənə mane olurdu. Düşünürdüm ki, onlardan heç birinin məktubuma cavab verməyi özünə sığışdırmayacağı əvvəlcədən məlumdursa, daha niyə yazım? Ədəbiyyatın əksəriyyət üçün az qala heç bir əhəmiyyət kəsb etmədiyi, bu zavallı sənətin ictimai həyatın keşməkeşləri içərisində, demək olar ki, xəlvəti bir məşğuliyyətə çevrildiyi ölkələrdə gənc istedadları adətən elə bu ovqat məhvə aparır.
 
Məktubunuzdan görürəm ki, belə bir keyidici qorxu hissi sizə yaddır. Əgər siz həqiqətən bu cür riskli işə girişmək fikrindəsinizsə və ondan yalnız gözəl nəticələr umursunuzsa - məktubunuzda bu haqda bircə kəlmə yazmasanız da, əminəm ki, umursunuz - bunun özü yaxşı bir başlanğıcdır. Mən sizə yalnız izafi xəyallar qurmamağı, asan müvəffəqiyyətə ümid bəsləməməyi məsləhət görərdim. Məni düz başa düşün. Sizin uğur qazanmağa tam mənada imkanınız var! Niyə də olmasın?! Ancaq hadisələrin başqa məcraya yönəlməsinə də hazır olun. İnadkarlıq göstərib, yazmağa və çap olunmağa başlayan hər kəs çox tezliklə anlayır ki, mükafatlar, oxucu rəğbəti, yüksək tiraj, nüfuz qazanmağın cəmiyyətdə hansısa xüsusi, əlahiddə qaydaları var. Bütün nailiyyətlərin onlara hamıdan çox layiq olanlardan heyrətamiz və anlaşılmaz bir tərsliklə yan keçdiyinə, əksinə, daha az layiqlilərin başına yağış kimi yağdığına tez-tez rast gəlinir. Başqa cür desək, əgər müvəffəqiyyət sizdən ötrü əsas stimuldursa, arzuların heç də həmişə gerçəkləşmədiyinə hazır olmaq lazımdır.
 
Ümumiyyətlə, yaradıcılığın yalnız tək-tük yazıçıya gətirdiyi şöhrətin gözqamaşdırıcı parıltısı ilə, maddi təminatla əsl ədəbiyyatı qarışdırmaq olmaz. Bunlar fərqli şeylərdir. Burada əsas meyar, yəqin ki, belədir: ədəbi istedadla doğulmuş insan üçün özünü reallaşdırmaq imkanı ən ali mükafatdır və üstəlik, müvəffəqiyyət qazanacağı halda əldə edəcəyi hər şeydən daha artıq arzuolunandır. Ədəbi istedadın digər cəhətləri mənim üçün "yeddi möhür arxasında gizlənən" sirr olsa da, yazıçının öz ruhu ilə hiss etdiyinə qəti əminəm.
 
Bəli, yazıçının seçdiyi məşğuliyyət onun əvvəllər özünü sınadığı və gələcəkdə yiyələnə biləcəyi peşələrin ən yaxşısıdır. Çünki yaradıcılıq sayəsində nə kimi ictimai, siyasi və maddi fayda əldə edəcəyindən asılı olmayaraq, yazmaq ondan ötrü ən əlverişli həyat tərzidir. Təbii ki, bu baxımdan istedad, mənim təsəvvürümdə, ən vacib şərtdir. Onsuz sizi həyəcanlandıran mövzu ətrafında - yazıçı olmağın yolları haqda söhbəti davam etdirməyə dəyməz.
 
İstedad nəsə mistik, dumanlı və hədsiz dərəcədə fərdi məfhumdur. Onu rasional şəkildə, bəzən dini məzmun daşıyan, hədsiz təkəbbür gətirən mifləri bir kənara qoyaraq izah etmək cəhdləri istisna deyil. İstedadı bütün bunlarla romantiklər əhatə ediblər. Onlar yazıçının şəxsində Tanrı tərəfindən seçilmiş, fövqəltəbii qüvvələrin nişan verdiyi, qismətinə ilahi kəlamları qələmə almaq düşən bir varlıq görürdülər. O kəlamların işığında insan ruhu ali gözəlliklə qovuşmaq və ölməzlik qazanmaq mərtəbəsinə qədər yüksəlməli idi. Bu gün ədəbi istedad haqqında belə ibarələrlə fikir yürütməyə artıq heç kəs cürət eləməz. Hərçənd ki, dövrümüzdən irəli gələn ifadə tərzi o qədər də ali səviyyədə deyil və tale haqqında təsəvvürlərlə bağlılığı zəifdir. Burada söhbət hansısa mənşəyi bilinməyən meyldən gedir. Bu meyl hər kəsi, istər kişi olsun, istər də qadın, həyatını sonadək nə vaxtsa bir dəfə buyurulduğu işə həsr etmək məcburiyyəti qarşısında qoyur. Hətta demək olar, insanı bu səmtə nəsə yönəldir və o birdən anlayır ki, özünü məhz bu yolla, misal üçün əhvalatlar düzüb-qoşmaqla reallaşdırmağa məhkumdur. Anlayır ki, bununla alın yazısını gerçəyə çevirə, təbiətdən payına düşən ən yaxşı cəhətlərdən bəhrələnə, həyatını əbəs yerə yaşamadığına əminlik qazana bilər. İnsanın elə ana bətninə düşdüyü andan hazır bir taleyə yiyə durduğuna inanmaq çətindir. Mən inanmıram ki, hələ dünyaya gəlməyən məxluqlarda məhz təsadüfün, yaxud şıltaq ilahi qüvvənin hökmü ilə nə qədərsə istedad və ya hansı miqdardasa istedadsızlıq, yaxud müəyyən bir işə qarşı meyl, ya da nifrət yarana bilər.
 
İstedadın insanın genlərindən süzülüb gələn, taleyin bəxş etdiyi anlayış olmasına inanmasam da, əminəm ki, intizam və inadkarlıq bəzən düha formalaşdırmağa qadirdir. Ən nəhayət, mən bu qənaətdəyəm ki, ədəbi "təyinat"ı yalnız sərbəst seçimin öhdəsinə heç cür buraxmaq olmaz. Sözsüz, seçim də öz rolunu oynayır. Amma bu, ikinci mərhələnin işidir. Əvvəlcə ya anadangəlmə, ya da uşaqlıqdamı, erkən gənclikdəmi formalaşan meyl özünü göstərməlidir. Sonra şüurlu seçim onu möhkəmləndirməlidir. Məncə, əgər yanılmıramsa, çox tez - hələ uşaq ikən, yaxud da yeniyetməlik dövründə surətlər, hadisələr, özünün yaşadığından tamam fərqli bir dünya uydurmağa həvəs göstərən insanların bu meylini ədəbi istedadın ilkin göstəricisi saymaq olar.
 
Öz-özlüyündə aydın məsələdir ki, təxəyyülün qanadlarında buludların arxasındakı ənginliklərə uçaraq, ətraf aləmdən, gerçək həyatdan kənarlaşmaq cəhdi ilə yazıçılıq arasında dərin bir uçurum var. Bu uçurumdan bəşər övladlarının böyük əksəriyyəti adlaya bilmir. Yazıçılıq, sözün köməyi ilə yeni dünyalar yaratmaq yalnız tək-tük adama nəsib olur. Bunlar isə özünün əzəli meylinin üstünə iradəsini, əzmini də əlavə etməyi bacaranlardır. Sartrın "seçim" adlandırdığı da elə budur. Başqa sözlə, hansısa məqamda insan yazıçı olmağı qət edir, özünü bu keyfiyyətdə tanıyır, yaxud özünə belə bir tale seçir və həyatını elə tərzdə qurur ki, əvvəllər beyninin hansısa gizli nöqtəsində yeni həyat və fərqli dünya barədə düşüncələr halında dayanan meyli yazılı şəkildə, sözlə ifadə edə bilsin. Bəli, məhz bu andan əsl həyəcan başlayır: təkcə yeni reallıqlar uydurmağa yox, həm də onları kağız üzərində maddiləşdirməyə hazır olub-olmadığınızı düşünmək sizə çətin və gərgin bir dövr yaşadır. Əgər elə qərara gəlirsinizsə ki, artıq buna hazırsınız, bu çox ciddi addımdır. Özlüyündə bu da sizin üçün hansısa təminat rolu oynamır. Ancaq yazıçı olmağa, bütün həyatını beynindən keçənlərin maddiləşməsinə sərf etməyə qərar vermək yazıçılığa başlamağın yeganə mümkün üsuludur.
 
Surətlər və əhvalatlar uydurmağa erkən meyl nədən yaranır? Mənim nəzərimdə, bu sualın bircə cavabı var: bu, üsyankarlığın bir formasıdır. Əminəm ki, gerçəklikdəkindən fərqli həyat uydurmağa bütün varlığı ilə aludə olan kəs bu yolla ətraf aləmə mənfi münasibətini, onu öz arzu və xəyallarındakı dünya ilə əvəzləmək istəyini ifadə edir. Əks təqdirdə, öz həyatından və ətrafındakı gerçəklikdən ruhən məmnun olan insan ani şəkildə ötüb keçən, qarabasmanı xatırladan bir ilğımlar dünyası qurmağa nə üçün vaxt sərf etməlidir?!
 
Əlbəttə, insanın fərqli həyat və müxtəlif adamlar təsvir etməklə gerçəkliyə qarşı etirazını bildirməsinin minlərlə səbəbi ola bilər. Bu səbəblərin həm xeyirxah, həm də alçaq, həm nəcib, həm də rəzil, həm mürəkkəb, həm də primitiv olması mümkündür. Mənim qənaətimə görə, hadisələr uydurmaq və yazmaqla ifadə edilən və gerçək həyata qarşı yönələn etirazların xarakteri, demək olar ki, heç bir əhəmiyyət daşımır. Vacib məsələ etirazın nə dərəcədə kəskin olması və insanda onu bu cür həyat tərzi keçirməyə sövq edən coşqunluq yaratmasıdır. Don Kixotun yel dəyirmanları ilə döyüşməsinə bənzəyən bu həyat tərzinin mahiyyətində real dünyanın və canlı həyatın təxəyyüldəki aləmlə xəyali əvəzlənməsi dayanır. Belə olan halda, subyektivcəsinə həllini tapan bu məsələ gerçək tarixə əsaslanmasa da, real dünyaya, yəni canlı insanlara əhəmiyyətli dərəcədə təsir göstərir. Gerçəkliklə belə formada mübarizə aparmaq ədəbiyyatın və ədəbi məsələnin gizli mahiyyətini təşkil edir, bu və ya digər dövr haqqında yeganə şəhadətnamənin formalaşmasına təkan verir.
 
Düşüncələrdə, xüsusən istedadlı adamların düşüncələrində təzahür tapan həyat qətiyyən onu təsvir edən, yaxud oxuyan və qiymətləndirən insanların yaşadıqları həyat deyil. O, bütünlüklə və tam mənada xəyali həyatdır. Belə bir həyatı məhz buna görə uydurmaq lazım gəlib ki, onu gerçəkdən yaşamaq heç cür mümkün olmayıb. Bu səbəbdən yazıçı o həyatı şərti və tamamilə fərdi olaraq yaşamağı qərara alıb. Bədii uydurma - arxasında böyük həqiqət gizlənən yalandır. Bu, heç zaman mövcud olmayan, lakin bütün dövrlərdə insanların arzuladıqları və uydurmağa məcbur olduqları həyatdır. Bu, tarixin portretindən daha çox, onun tərsinə gərünən maskasıdır. Belə formada üsyankarlıq, əlbəttə ki, büsbütün şərtidir. Əsər yazanların çoxu özləriylə bağlı bu məqamı hiss etmirlər. Güman ki, onlar özlərinin yaradıcılığa, fantaziyalara bu cür meyllərinin təbiət etibarilə nə dərəcədə təhlükəli olduğunu bilsələr, heyrətə gələr və qorxardılar. Çünki adi həyatda qətiyyən özlərini ətraf aləmin təməlini sarsıdan şəxslər hesab etmirlər. Digər tərəfdən, onların üsyankarlığı elə də təhlükəli xarakter daşımır. Axı, real həyatın xəyali, uydurma dünya ilə qarşı-qarşıya qoyulmasının nə ziyanı ola bilər? Bu cür rəqabətdə təhlükəli nə var ki? İlk baxışda, heç nə. Söhbət oyundan gedir, axı. Oyunlar isə adətən müəyyən sərhədləri aşıb, real həyata qarışmayınca təhlükə törətmir. Məsələn, Don Kixot, yaxud Madam Bovari təxəyyüllə real həyat arasındakı fərqləri inadkarlıqla yox etməyə, həyatı məhz ədəbiyyatdakı formada görməyə çalışanda hadisə faciəvi şəkil alır. Bu isə dərin məyusluqla nəticələnir. Özü də, ədəbi oyun heç də ziyansız deyil. Ədəbiyyat - gerçək həyatdan daxilən narazı olmağın məhsuludur. Ancaq bədii təxəyyül də öz növbəsində həyəcan və narazılıq oyadır. Hər hansı kitabı, misal üçün, Servantesin və ya Floberin bayaq işarə vurduğum romanlarını oxuyarkən içərisində böyük bir "əsər yaşayan" adam real həyata dönəndə onun nöqsanlarını və cansıxıcılığını daha ağrılı qəbul edir. Çünki o, zəngin təxəyyüllə təmas sayəsində gerçək dünyanın, canlı həyatın yazıçıların təqdim etdiyindən qat-qat qüsurlu olduğunu anlayır. 
 
Real aləmdən, gözəl bədii əsərlərin təsiriylə yaranan bu cür narazılıq müəyyən şəraitdə mövcud hakimiyyətə, quruluşa və ideologiyaya qarşı qiyama çevrilə bilər. İspan inkvizisiyası elə bu səbəbdən romanlara inamsız yanaşır və onları sərt senzuraya məruz qoyurdu. Bu azmış kimi, müstəsna tədbir olaraq, 300 il ərzində Amerikadakı müstəmləkələrdə romanların qadağan edilməsinə də əl atıldı. Nəyə görə? Ona görə ki, bu "ölçü-biçisiz uydurmalar"ın hinduları Allaha itaətdən yayındıracağı güman olunurdu. Dinin hakim olduğu istənilən cəmiyyətin əsas qayğısı isə məhz bu hala yol verməməkdir. Təkcə inkvizisiya yox, öz təbəələrinin yaşayışını nəzarət altına almağa can atan hər bir hakimiyyət, istənilən rejim ədəbiyyata bu cür inamsız yanaşır, onu senzura vasitəsilə diqqətdə saxlayır. İnsafən, onlar haqlıdır. Bu məşğuliyyət, yəni əhvalatlar uydurmaq peşəsi üzdə zərərsiz görünsə də, azadlığın və ona istər dünyəvi, istərsə də dini mahiyyətdə qənim kəsilənlərə qarşı üsyanın ifadə vasitəsidir. Məhz bu səbəbdən istənilən formalı diktatura - faşizm, kommunizm, "islam vəhdət" rejimləri, Afrikaya, yaxud Latın Amerikasına xas hərbi hökumətlər hər zaman ədəbiyyata senzuranın mütilik köynəyini geyindirməklə onu nəzarətdə saxlamağa cəhd göstəriblər.
 
Bu ümumi mühakimələr bizi konkret olaraq Sizinlə bağlı məqamdan yayındırdı. Gəlin, yenidən Sizin üzərinizə qayıdaq. Tutaq ki, Siz ruhunuzda nəsə bir meyl hiss elədiniz, əzm və iradə nümayiş etdirərək, ədəbiyyat üçün yaşamağa qərar verdiniz. Bəs, sonrası necə olsun? Sizin ədəbiyyatı özünüz üçün taleyüklü işə çevirmək qərarınız ona sədaqətlə xidmət etməyə, əslində onun qulu olmağa tam hazırlıq anlamı daşımalıdır. Fikrimi daha aydın ifadə etmək üçün deyim ki, bu halda Siz, müəyyən mənada, XIX əsrin kübar qadınlarını xatırlatmış olursunuz. Həmin qadınlar kökəlməkdən o dərəcədə qorxurdular ki, bədənlərinin incəliyini qorumaq üçün özlərini soliter udmağa məcbur edirdilər. İçərisində bu dəhşətli paraziti gəzdirən bir adamla ünsiyyətiniz olubmu? Mən beləsinə rast gəlmişəm və Sizi inandırım ki, ondan sonra məndə həmin kübar xanımların qəhrəman adlanmağa, gözəllik cəfakeşləri sayılmağa layiq olduqları qənaəti yaranıb.
 
1960-cı illərin əvvəllərində Parisdə mənim dəyərli bir dostum vardı. Xose Mariya adlı gənc bir ispan həm rəssam, həm də kino adamıydı. O, dediyim xəstəlikdən əziyyət çəkirdi. İş burasındadır ki, orqanizmə daxil olan soliter sanki onunla vəhdət halına gəlir, onun hesabına qidalanır, böyüyür və möhkəmlənir. Soliteri yuva saldığı və rahatca yaşadığı bədəndən çıxarmaq müşkül işdir. Xose Mariya az qala fasiləsiz yeyir, xüsusən süd içir, buna baxmayaraq, durmadan arıqlayırdı. O, bütün qidaları orqanizmindəki paraziti doyurmaq üçün qəbul edirdi. Əks təqdirdə, ağrıları dözülməz həddə çatırdı. Yeyib-içdiklərinin yazığın özünə heç bir xeyri dəymir, onlardan bir ləzzət ala bilmirdi. Bir dəfə biz Monparnasdakı balaca bir kafedə söhbətləşərkən Xose Mariyanın dilə gətirdiyi bir etiraf məni sarsıtdı: "Biz səninlə tez-tez bir yerdə oluruq. Kinoya, sərgilərə gedirik, kitab dükanlarını dolaşır, siyasət, ədəbiyyat, kino haqqında, ortaq dostlarımız barədə söhbətləşirik. Sən bütün bunları özünün zövq almağın üçün edirsən. Mən isə yox. Mən ondan - soliterdən ötrü çalışıram. Hər halda, məndə belə bir hissiyyat yaranıb ki, indi özüm üçün yox, içərimdə yuva salıb məni öz quluna çevirən o həşərat üçün yaşayıram".
 
O vaxtdan yazıçı həyatını Xose Mariyanın vəziyyətilə müqayisə etmək xoşuma gəlir. Ədəbiyyat - vaxt keçirmək vasitəsi, idman və ya rahatlıq gətirən əyləncəli oyun deyil. Ədəbiyyatla daimi məşğul olmaq gərəkdir. O, təkcə insanın oturub yazdığı saatlara yox, bütövlükdə həyatın özünə nüfuz edir. Ədəbiyyat bütün digər işləri öz təsir dairəsinə salır, insan bədənindəki iri soliter kimi, yazıçının həyatını "yeyir". Flober deyir ki, ədəbiyyat - həyat tərzidir. Başqa sözlə desək, bu gözəl və hökmlü sənəti seçən adam yaşamaq üçün yazmır, əksinə yazmaq üçün yaşayır.
 
Ancaq sonralar mənə məlum oldu ki, yazmaq həvəsini soliterlə müqayisə etmək heç də orijinal deyilmiş. Mən bunu lap yenicə, Folknerin ustadı, "Zaman və çay haqqında", "Öz evinə nəzər sal, Mələk" kimi nəhəng romanların müəllifi Tomas Vulfu oxuyarkən bilmişəm. O, özünün yazıçılığa münasibətini insan bədənində yuva salmış qurdu misal gətirməklə ifadə edir: "Neyləməli, məhrəm, anlaşılmaz və unudulmaqda olan uşaqlıq arzusu həmişəlik məhv oldu. Qurd mənim ürəyimə girdi və orada qıvrılıb qaldı. Neyləyim, mənim ruhum, yaddaşım onun azuqəsinə çevrildi. Bilirəm ki, nəhayətdə öz alovum özümü bürüdü. Bəli, məni - çılğın və ramolunmaz arzuların caynaqları ilə didilən bir adamı öz odum yandırdı. Qısası, mən anladım ki, beynimdəmi, ürəyimdəmi, yaddaşımdamı, hardasa işıq saçan bir hüceyrə artıq heç zaman sönməyəcək. Gecə və gündüz, yuxuda da, ayıq vaxtımda da o hüceyrə işıq saçacaq. Qurd öz yemini alacaq və o işıq da elə hey parlayacaq. Heç bir əyləncənin, yeyib-içməyin, səyahətlərin, qadınların onu söndürməyə gücü çatmayacaq. Bu səbəbdən də artıq heç vaxt, ölüm həyatımı sonsuz, zülmət qaranlığa qərq etməyincə, mən ondan qurtula bilməyəcəyəm. Mən anladım ki, nəhayət, əsl yazıçı olmuşam. Dərk elədim ki, yazıçı həyatı yaşayan adamın başına nələr gəlir".
 
Zənnimcə, yalnız özünü ədəbiyyatın ixtiyarına verən, bütün vaxtını, enerjisini bu işə sərf etməyi qərara alan kəslər əsl yazıçı olmağa və özünə şöhrət gətirən əsərlər yazmağa qadirdir. İstedad da bir başqa cür, anlaşılmaz məfhumdur. Dahilik anadangəlmə deyil. Hər halda, nasirlər arasında beləsinə rast gəlinmir. Şairlər və musiqiçilər içərisində dahiliyi erkən yaşda, sanki qəflətən özünü göstərənlər var. Buna klassik nümunələr kimi Rembo və Motsartı göstərmək olar. Yazıçılıq isə uzun illər müntəzəm və gərgin əmək tələb edir. Roman ustaları tez yetişmir. Bütün böyük və dəyərli roman ustaları əvvəlcə şagird-yazıçılar olublar. Onların istedadı tədricən, iradə və öz sənətinə inam sayəsində inkişaf edib. Yenicə yazmağa başlayan hər bir qələm adamı, hələ çox gənc ikən dahi şair kimi tanınan Rembodan daha çox, istedadını zərrə-zərrə cilalayan yazıçılardan nümunə götürməlidir.
 
Əgər bu mövzu ilə, bədii istedadın inkişafıyla maraqlanırsınızsa, Sizə Floberin geniş yazışmalarını, xüsusən şedevr romanı olan "Madam Bovari"ni qələmə aldığı 1850-54-cü illərdə Luiza Kol adlı məşuqəsinə göndərdiyi məktubları oxumağı məsləhət görürəm. Yazmağa başladığım ilk vaxtlarda həmin yazışmalar mənim əməlli-başlı karıma gəlib. Flober özü çox bədbin, məktubları isə bəşəriyyətə ünvanlanan lənətlərlə dolu olsa da, onun ədəbiyyata sevgisi sonsuzdur. Buna görə də Flober özünün ali missiyasına lap fanatik kimi yanaşıb, gecə-gündüz bütün gücünü yaradıcılığa sərf edib və özünə qarşı hədsiz dərəcədə tələbkar olub. Bu tələbkarlığın sayəsində də o, hətta öz imkanlarından da irəliyə gedərək, erkən yaradıcılığındakı məhdudiyyətləri aradan qaldırıb. Həmin məhdudiyyətlər onun kobud ritorikliyi, o dövrə xas romantizmə əsir olması ilə seçilən ilkin yazılarında dərhal nəzərə çarpır. Sonradan Flober "Madam Bovari" və "Hisslərin tərbiyəsi" kimi romanlar yazdı. Bu əsərlər isə yeni dövrün ilk romanları sayıla bilər.
 
Bu məktubun məzmunu ilə əlaqədar daha bir kitabı Sizə məsləhət görməyə cürət edirəm. Söhət tamam başqa bir yazıçıdan - amerikalı Uilyam Berrouzdan gedir. Mən onun "Narkoman" romanını nəzərdə tuturam. Berrouz bir roman ustası kimi məndə qətiyyən maraq oyatmır. Onun təcrübə mahiyyəti daşıyan, psixologizmə hədsiz aludəçiliklə qələmə aldığı əhvalatlar hər zaman məni dəhşətli dərəcədə darıxdırıb və gərək ki, mən o yazıların heç birini sonadək oxuya bilməmişəm. Ancaq birinci kitabı - avtobioqrafik məzmunlu "Narkoman" romanı onu xoşbəxt köləyə, öz həvəsinin könüllü quluna çevirib. Həmin əsərdə o, necə narkomana çevrilməsindən və narkotiklərdən asılılığın təbii meyl olmaqla bərabər, həm də sərbəst seçim sayıla bilməsindən bəhs edir. Bu roman, mənim nəzərimdə, bədii yaradıcılığın dəqiq və həqiqətəuyğun ifadəsi, yazıçının öz peşəsindən asılılığının təsviridir.
 
Dostum, bu məktub, əsas məziyyəti yığcamlıq olan, epistolyar janrın ölçülərindən kənara çıxdığı üçün mən artıq Sizinlə vidalaşmalıyam.
Sizi bağrıma basıram!
 
Tərcüməçi: Seyfəddin Hüseynli
Yuxarı