post-title

Tibetdə Fransız Qadın

Fransalı yazıçı, anarxist, səyyah, , musiqiçi, feminist, şərq mədəniyyəti üzrə qabacıl tədqiqatçı, şərqin ilk qadın qurusu (sanksrit dilində “müəllim “ və ya “ustad” anlamını verir), Tibetin qadağan olunmuş şəhərinə girən ilk qadın səyyah- Aleksandra Deyvid-Nil.

 
 
17 yaşından səyahətlərə çıxan, iyirmi yaşında ezoterizm ilə tanış olan (ezoterizm: bir mövzuda dərin bilik və sirrlərin savadı olmayanlardan gizlədilərək, bir ustad tərəfindən sadəcə savadı olanlanlara inisiator təsir ilə ötürülməsi. ),  şərq mədəniyyətini gənc yaşlarında kəşf edən, səyahətləri üçün lazımi pulu operada ifa etməklə qazanan, 40 yaşında Himalay dağlarında bir mağaraya çəkilən,  əvvəl lama (lama: Tibet buddizmində ustadlar üçün istifadə olunan söz) sonra quru adını alan, övladlığa götürdüyü oğlu ilə üç min kilometr piyada yol getdikdən sonra Tibete qanunsuz şəkildə girən, bir ara Nis yaxınlarında samton dzong (meditasiya qalası) adlı bir ev tikdirib orada yaşayan, müqəddəs Himalay dağlarını bir daha görmək üçün 80 yaşında Alp dağlarına çıxan azad ruhlu bir qadın. 
 
Həyatını bir əfsanə kimi yaşamış bu əsrarəngiz qadın haqda oxuduqda bir çox insanın onu tanımalı, həyat hekayəsini, fəlsəfəsini bilməli olduğunu düşündüm. Viktor Hüqo ilə çox yaxın dost olan atası, Aleksandra haqda “qızımın dərisi ağ olsa da, ruhu sarıdır” sözlərini demişdir. Ruhu sarışın olan bu qadının azadlığa və ruhçuluq anlayışana düşkünlüyü ona macəra dolu bir həyata aparmışdır. 
 
Tibet əsrlər boyunca bütün dünya üçün sirli və gizli bir yer olmuşdur. Hündür dağlar arasında yerləşən bu məkanı günümüzə qədər çox az sayda əcnəbi sərhədi keçərək görə bilmişdir. 
 
Bu əcnəbilərdən biri də Aleksandra Deyvid-Nil adlı fransız qadını olmuşdur. Tək başına Çini, Hindistanı və Tibeti gəzən bu xanım buddizm dinini araşdırmış, bununla bağlı kitablar, məqalələr yazmış, qədim buddist kitablarını toplamış və sonunda özü də buddist olmuşdur. 
 
Deyvid-Nil hər zaman miskin bir uşaqlıq keçirdiyini və bu miskinlikdən sadəcə səyahət və macəralarla bağlı kitablar oxuyaraq yaxa qurtardığını söyləmişdir. O, dəfələrlə məktəbdən qaçmış, hətta 16 yaşı olanda ailəsindən xəbərsiz təkbaşına İngiltərəyə getmişdir. 
 
İllərlə opera müğənnisi kimi çalışsa da, 1903-cü ildə jurnalist kimi fəaliyyətə başlayaraq fransız və İngilis qəzetləri üçün Asiya ölkələri və Buddizm ilə bağlı məqalələr yazmışdır. Deyvid-Nilin evliliyi də çox qeyri-adi, özünəməxsus bir şəkildə olmuşdur . Belə ki, 37 yaşındaykən Filip-Franses Nil adlı sevdiyi kişi ilə ailə quran Aleksandra, həyat yoldaşı  ilə evliliklərinin beşinci günündən başqa şəhərlərə köçərək bir daha birlikdə yaşamamışdılar. Buna baxmayaraq Filip-Franses ömrünün sonuna kimi onu dəstəkləmiş, Aleksandra isə ərinə səyahətləri ilə bağlı yüzlərlə məktub yazmışdır. 
 
Bütün Avropanı, Şimalı Afrikanı səyahət etsə də,  Aleksandranın əsl səyahəti 1911-ci ildə buddizmi öyrənmək üçün Hindistana getdikdən sonra başlamışdır. Bütün Hindistani gəzsə də, Aleksandranın tək məqsədi Tibeti görmək idi. Bu məqsədinə çatmaq üçün o, aylarla bir mağarada yaşayaraq buddizm dinini araşdırmağa davam etmiş və tibet dilini öyrənmişdir. Aleksandra onunla birlikdə səyahət etməsi üçün övladlıq olaraq 15 yaşlı bir oğlan uşağı da götürmüşdür. 
Həyatının növbəti yeddi ilində uzaq Çin ərazilərinə səyahət etmişdir. Həmin illərdə Çində vətəndaş müharibəsi olduğundan, o, tez-tez həyatını təhlükəyə atmış, atla qızmar səhralardan, qum burulğanlarından, yağışlı, qarlı, soyuq temperaturlu ərazilərdən keçərək minlərlə kilometr yol səyahət etmişdir. 
 
56 yaşında olarkən Deyvid-Nil dərisini qaraldıb, köhnə bir dilənçi paltarı geyib, sadəcə bel çantası ilə isti səhralar və qarlı dağlardan keçərək Tibet sərhəddinə yaxınlaşmışdır. Tibet dilini çox gözəl bildiyindən Aleksandra sərhəddi keçə bilmişdir. Məşhur Lhasa şəhərinə gəlib çatsa da heç kim onun avropalı olduğunu bilməmişdir (o dövrdə avropalıların Tibetə daxil olması qadağan idi). Tibetdə çox ağır günlər yaşasa da, hətta bir dəfə xəstəlikdən ölümlə üz-üzə gəlsə də o, heç vaxt öz məqsədindən dönməmişdir. Səyahətlərinin ən təhlükəlisini yaşasa da, Tibetdə buddizmi ilə bağlı kifayət qədər məlumat toplayaraq öz məqsədinə çatmış oldu.
 
1925-ci ildə Fransaya qayıdan Aleksandra illər boyunca öz araşdırmaları və macəralarını qələmə alaraq, qədim Tibet kitablarını tərcümə etmişdir. 66 yaşındaykən o, yenidən Çinə və Tibet ərazisinə daxil olaraq on il orada yaşamışdır. 1944-cü ildə İkinci Dünya Müharibəsi bu uzaq ərazilərə də gəlib çıxdığından, Deyvid-Nil 76 yaşında günlərlə piyada yol gedərək, bəzən ac və susuz qalsa da getmək istədiyi yerə çata bilmişdir. 101 illik yaşamı boyunca yazmağa və tərcümələr etməyə davam etmiş bu əfsanəvi qadın 1969-cu ildə vəfat etmişdir.
 
Əksər səyyahlar sadəcə yeni yerlər kəşf etmək və yeni ölkələr tanımaq üçün səyahət etsələr də, Deyvid-Nilin tək məqsədi buddizmi araşdırmaq idi. O, hər zaman həyatında ön dəyərli şeyin azadlığı olduğunu demiş və bu dəyər  sayəsində təhlükəli, bir o qədər də həyəcanlı amma ən əsası azad bir həyat sürə bilmişdir. 
 
Hazırladı: Nuranə Bəşirzadə 
 
Kultura.az
Yuxarı