Birləşmiş Millətlər Təşkilatının Nyu-York Qərargahında 20 sentyabr 2014-cü ildə təşkil olunmuş KişiQadınÜçün kampaniyasına həsr olunmuş xüsusi tədbirdə çıxış edən BMT-nin Qadınlar üzrə Xoşməramlı Səfiri Emma Vatsonun nitqi
Gender bərabərliyi sizə də aiddir
Zati aliləri cənab BMT Baş Katibi, Baş Assambleyanın Prezidenti, “BMT Qadınlar”ın İcraçı Direktoru və seçilmiş qonaqlar!
Bugün biz KişiQadınÜçün [red. http://www.heforshe.org] adlanan xüsusi kampaniyaya başlayırıq.
Mən sizə müraciət edirəm, çünki sizin köməyinizə ehtiyacım var. Biz gender bərabərsizliyinə son qoymaq istəyirik və bunu etmək üçün hər kəsin bu işə cəlb olunması lazımdır.
Bu, BMT-də bu qəbildən olan ilk kampaniyadır: biz dəyişikliyi təbliğ etmək üçün mümkün qədər çox sayda kişiləri və oğlanları cəlb etmək və hərəkətə keçmək istəyirik. Və biz yalnız bu barədə danışmaqla kifayətlənmək istəmirik, onun reallaşmasını təmin etmək istəyirik.
Mən, altı ay əvvəl BMT-nin Qadınlar üzrə Xoşməramlı Səfiri təyin olunmuşam və feminizm haqqında nə qədər çox danışsam, o qədər çox başa düşdüm ki, qadınların hüquqları üçün mübarizə aparmaq tez-tez kişilərə nifrət etməklə sinonim məna daşıyıb. Əmin olduğum bir şey var ki, buna son qoyulmalıdır.
Qeyd etmək lazımdır ki, feminizmin tərifi “qadınların və kişilərin bərabər hüquqlara və imkanlara malik olmasına inamdır. Bu, cinslərin siyasi, iqtisadi və sosial bərabərliyi haqqında klassik nəzəriyyədir.”
Mən gender əsaslı fikirləri uzun müddət əvvəl sorğulamağa başladım, səkkiz yaşım olanda valideynlərimiz üçün qurduğumuz oyunları idarə etmək istədiyim üçün məni "avtoritar" adlandırdıqlarında – lakin oğlanları adlandırmadıqlarında çaşmışdım.
14 yaşım olanda medianın müəyyən elementləri tərəfindən cinsi ayrı-seçkiliyə məruz qalmağa başladım.
15 yaşım olanda qız dostlarım idman komandalarından çıxmağa başladılar, çünki “əzələli” görünmək istəmirdilər.
18 yaşım olanda mənim oğlan dostlarım öz hisslərini ifadə edə bilmirdilər.
Mən qərara gəldim ki, mən feministəm və bu mənə dolaşıqlıq kimi görünmürdü. Lakin son araşdırmalarım mənə göstərdi ki, feminizm sevilməyən sözə çevrilib. Qadınlar özlərini feminist adlandırmaq istəmirlər.
Görünür, mən o qadınların cərgəsindəyəm ki, onların fikirləri olduqca kəskin, olduqca aqressiv, təcridedici, kişilərə qarşı və hətta xoşagəlməz qəbul edilir.
Nə üçün bu söz bu qədər narahatedici olub?
Mən Britaniyadanam və düşünürəm ki, bir qadın kimi kişi həmkarlarımla eyni maaşı almağım doğrudur. Mən düşünürəm ki, öz bədənim haqqında qərar verə bilməyim doğrudur. Mən düşünürəm ki, qadınların mənim adımdan mənim həyatıma təsir edəcək siyasətə və qərarlara cəlb olunması doğrudur. Mən düşünürəm ki, cəmiyyətdə kişilərlə eyni hörmətə layiq görülməyim doğrudur. Lakin təəssüflə deyə bilərəm ki, dünyada bütün qadınların bu hüquqlara malik ola bildiyi ölkə yoxdur.
Dünyada heç bir ölkə gender bərabərliyinə artıq nail olduğunu deyə bilmir.
Mən bu hüquqları insan hüquqları hesab edirəm, lakin mən bəxti gətirmişlərdənəm. Mənim həyatda həqiqi üstünlüklərim olub, çünki valideynlərim qız doğulduğum üçün məni daha az sevməyiblər. Mənim oxuduğum məktəb qız olduğum üçün məni məhdudlaşdırmayıb. Müəllimlərim bir gün uşaq dünyaya gətirə bilərəm deyə daha az uğur qazanacağımı düşünməyiblər.
Həyatıma təsir edən bu şəxslər bugün məni mən edən gender bərabərliyi səfirləridir. Bəlkə də onlar bunu bilmirdilər, lakin onlar bugün dünyanı dəyişən qeyri-ixtiyari feministlərdir. Və bizim belələrinin daha çox olmasına ehtiyacımız var.
Və siz hələ də bu sözə nifrət edirsinizsə, vacib olan söz deyil, onun arxasında olan ideyadır, ambisiyadır. Çünki qadınların hamısına mənim malik olduğum hüquqlar verilməyib. Əslində, statistikaya görə olduqca az qadının belə imkanları var.
1995-ci ildə Hillari Klinton Pekində qadın hüquqları haqqında özünün məşhur çıxışını etdi. Kədərlidir ki, onun dəyişmək istədiyi çox şey hələ də bugünün reallığıdır.
Lakin mənim ən çox diqqətimi çəkən o oldu ki, auditoriyanın 30 faizindən az hissəsi kişilərdən ibarət idi. Əgər kişilərin yalnız yarısı dəvət olunursa və ya müzakirədə həvəslə iştirak etmək istəyirsə, biz dünyada dəyişikliyə necə nail ola bilərik?
Kişilər! Mən bu imkandan istifadə edərək sizin rəsmi dəvətinizi genişləndirmək istəyirəm. Gender bərabərliyi sizə də aiddir.
Çünki bugünə kimi, mənim atamın valideyn kimi rolu cəmiyyət tərəfindən daha az qiymətləndirilir, baxmayaraq ki, bir uşaq kimi mənim onun mövcudluğuna anamınkı qədər ehtiyacım var.
Mən, psixi xəstəliklərdən əziyyət çəkən, lakin "kişi" kimi görünməməkdən qorxaraq kömək üçün müraciət etməyən gənc kişilərlə qarşılaşmışam - əslində, Böyük Britaniyada intihar 20-49 yaş arasında olan kişilərin ən böyük killeridir; və yol qəzaları, xərçəng və ürək xəstəkliklərini kölgədə qoyur. Mən, kişi uğuru deyilən təhrif edilmiş hiss ilə zəif və özünə inamı olmayan kişilər görmüşəm. Kişilər də gender bərabərliyindən faydalana bilmirlər.
Biz kişilərin gender stereotiplərinin əsiri olması haqqında tez-tez danışmırıq, lakin mən görürəm ki, onlar bunun əsiridirlər və kişilər bu stereotiplərdən azad olarlarsa, təbii nəticə kimi vəziyyət qadınlar üçün də dəyişəcək.
Əgər kişilər qəbul edilmək üçün aqressiv davranmalı olmasalar, qadınlar müti olmağa vadar olmayacaqlar. Əgər kişilər nəzarət etməli olmasalar, qadınlar nəzarət edilməli olmayacaqlar.
Həm kişilər, həm də qadınlar hassas olmaqdan çəkinməməlidirlər. Həm kişilər, həm də qadınlar güclü olmaqdan çəkinməməlidirlər... Artıq biz hamımız genderə iki bir-birinə qarşı olan ideya kimi baxmağı dayandırmalıyıq.
Əgər bir-birimizi olmadıqlarımıza görə deyil və kim olduğumuza görə xarakterizə etməyə başlasaq, hamımız daha azad ola bilərik və KişiQadınÜçün kampaniyası da bu haqdadır. Azadlıq haqqındadır.
Mən kişilərin bu vəzifəni öhdələrinə götürmələrini istəyirəm. Çünki onların qız övladları, bacıları və anaları önyarğıdan azad olsunlar, həmçinin onların oğullarının da həssas və insani olmaq imkanları olsun – imtina etdikləri hissələrini geri tələb edə və bununla daha tam və daha doğru özlərinə qayıda bilsinlər.
Siz yəqin fikirləşirsiniz ki, bu “Harry Potter” qızı kimdir? Və o, BMT-nin tribunasında nə edir? Bu, yaxşı sualdır və mənə inanın ki, mən də özüm-özümə eyni sualı verirdim. Yalnız onu bilirəm ki, bu problem məni narahat edir. Və mən onu yaxşılaşdırmaq istəyirəm.
Gördüklərim əsasında və bu imkanın mənə verildiyinə görə nə isə demək lazım olduğunu öz vəzifəm hesab edirəm. İngilis dövlət xadimi Edmund Burk deyib: “Şərin qalib gəlməsi üçün yaxşı kişilərin və yaxşı qadınların heç nə etməməsi kifayət edir.”
Bu çıxış üçün cəsarətsizlik və tərəddüd anlarında, öz-özümə bərk-bərk təkrar edirdim, əgər mən etməsəm, kim edəcək? Əgər indi etməsəm, nə vaxt edəcəm? Sizə imkanlar təqdim edilərkən, oxşar tərəddüdləriniz olarsa, ümid edirəm ki bu sözlər yardımçınız olacaq.
Çünki reallıq odur ki, əgər biz heç nə etməsək, qadınların eyni işə görə kişilərlə eyni əmək haqqı alması üçün daha bir 75 il, mənə görə isə, yüz il lazım olacaq, növbəti 16 ildə 15,5 milyon afrikalı qız uşaq ikən evləndiriləcəklər. Və hazırkı templə 2086-cı ilə kimi Afrikada ucqar ərazilərdə yaşayan qızların hamısı orta təhsil ala bilməyəcəklər.
Əgər siz bərabərliyə inanırsınızsa, daha əvvəl qeyd etdiyim qeyri-ixtiyari feministlərdən biri ola bilərsiniz.
Və buna görə mən sizi alqışlayıram.
Biz birləşdirici söz üçün mübarizə aparırıq, lakin yaxşı xəbər odur ki, bizim birləşdirici hərəkatımız var. Bu, KişiQadınÜçün kampaniyasıdır. Mən sizi irəli addım ataraq səsinizi yüksəltməyə və özünüzə “əgər mən etməsəm, kim edəcək? Əgər indi etməsəm, nə vaxt edəcəm?” sualını verməyə çağırıram.
Təşəkkür edirəm.
Tərcümə etdi: Könül Kərimova
Kultura.az