post-title

“Qırmızı Papaq” haqqında nağıl

Bir gün anası Qırmızı Papağı meşənin o biri tərəfində yaşayan nənəsinə piroq aparmağa göndərdi. Yolda qızcığaz canavarla rastlaşdı. Sual: hansı ana qızını canavarlar gəzişən meşədən keçməyə yollayardı? Niyə özü də qızı ilə bərabər getmədi? və ya piroqu özü aparmadı?

 
 
Erik Bernin “İnsanların oynadıqları oyunlar, oyun oynayan insanlar“ kitabından 
 
Biri vardı, biri yoxdu, Qırmızı Papaq adlı bir qız vardı. Bir gün anası ona nənəsi üçün piroq və bir qab yağ aparmağı tapşırır. Yol meşənin içindən keçdiyindən  qızcığaz  canavarla qarşılaşır. Canavar üçün bundan gözəl şans ola bilməzdi. O, Qırmızı Papağı inandırır ki, meşədə gəzişsin, günəşdə bir qədər isinsin və nənəsi üçün gül-çiçək toplasın. Qızın başı meşədə əylənməyə qarışarkən, canavar nənənin yanına yollanır və yaşlı ledini yeyir. Nəhayət, Qırmızı Papaq nənənin evinə gəlib çıxır. Nənəni yeyib, onun qiyafəsinə bürünmüş canavar, qızçığazdan xahiş edir ki, çarpayıda, ona yaxın əyləşsin. Tezliklə qız şübhələnir ki, qarşısındakı əsl yaşlı ledi deyil. Canavar Qırmızı Papağı da yeyir, lakin görünür, yaxşı çeynəmir. Elə bu andaca ovçu gəlir, canavarın qarnını yarıb Qırmızı Papağı və nənəsini xilas edir. 
 
Başqa versiyalara inansaq, Qırmızı Papaq kömək üçün çığırarkən ovçu səs eşidir, canavarın qızı yeməyə hazırlaşdığı anda özünü yetirir və balta ilə onu öldürür.
 
Yenə də qarşımızda insan oğurluğu səhnəsi canlanır.
 
Güclü heyvan qızcığazı aldadadıb başını qatır. Canavar uşaqları yeməyi sevir, ancaq qarnını qızla doyurmaq istəyərkən, mədəsinə daşlar dolur (bəzi versiyalarda ovçu canavarın qarnına daşlar doldurur-tərcüməçi). Bir  “Marslı“–nın nöqteyi-nəzərincə hekayə bir sıra maraqlı suallar doğurur. Heç vaxt rastlamasa da, danışan canavar da daxil olmaqla bütün hekayəni doğru qəbul edir, bu haqda düşünərkən ona maraqlı gəlir: “Bütün bunlar nə məna verə bilər?” və “Başlarına bu kimi hadisə gələn insanlar necə birisidirlər?”
 
Marslı nöqteyi-nəzərincə Qırmızı Papaq haqqında nağıl
 
... Bir gün anası Qırmızı Papağı meşənin o biri tərəfində yaşayan nənəsinə piroq aparmağa göndərdi. Yolda qızcığaz canavarla rastlaşdı. Sual: hansı ana qızını canavarlar gəzişən meşədən keçməyə yollayardı? Niyə özü də qızı ilə bərabər getmədi? və ya piroqu  özü aparmadı? Əgər nənə elə köməksiz haldadırsa, niyə qızı onu meşənin kənarlarında tənha yaşamağa imkan verir? Yox əgər, qızcığaz tək getməli idisə, niyə anası ona yolda dayanıb canavarlarla danışmağı qadağan etmədi? Hekayədən bəlli olur ki, Qırmızı Papaq onu gözləyən təhlükədən xəbərdar olunmamışdı. Gerçək həyatda heç bir ana bu qədər laqeyid olmazdı, ona görə də belə bir təəssürat yaranır ki, sanki ana qızını gözləyən təhlükə ilə qətiyyən maraqlanmırdı və o, qızından yaxa qurtarmaq istəyirdi. 
 
Bundan əlavə, Qırmızı Papaqdan savayı ikinci belə axmaq qız tapılmaz! Necə ola bilər, qarşında canavar gözləri, qulaqları, pəncələri, dişləri görəsən və hələ də düşünəsən ki, bu sənin nənəndir? Niyə həmin dəqiqə qaçıb uzaqlaşmadı ki? Yaxşı bəs sonra canavarın qarnını daşla doldurarkən o, kim idi? İstənilən halda, hər hansı bir xeyirxah qız canavarla danışdıqdan sonra gül toplamazdı, ağlına gələrdi ki: “o, mənim nənəmi yeməyə hazırlaşır, tezcə kömək çağırmaq lazımdır”.
 
Hətta nənə və ovçu da şübhədən kənarda qalmırlar. Əgər hadisəyə real insanların iştirak etdiyi dram kimi baxıb qiymətləndirsək, hərənin öz ssenarisi olduğunu, hətta onların bir-birilə necə nizamlı şəkildə  birləşdiyini görərik (bir marslı nöqteyi-nəzərincə)
 
1. Ana, görünür, öz qızından “bədbəxt hadisə” vasitəsilə yaxa qurtarmağa çalışır, hekayənin axırında desin ki, “Dəhşətli deyilmi?! Meşənin içindən də keçmək mümkün deyil! Hər hansı bir canavar....“
 
2. Canavar isə dovşan və ya başqa heyvancıqlarla qidalanmaq əvəzinə, böyük iddialara sahibdir. O, başa düşə bilərdi ki, bu işin axırı pis qurtara bilər və bu gedişlə başına iş açaçaq. Yəqin gəncliyində Nitşedən oxuyubmuş (əgər danışa və yaxalıq taxa bilirdisə niyə də kitab oxuya bilməsin?). Canavarın şüarı: “Təhlükələrlə yaşa və şanlı öl!“
 
3. Nənə tənha yaşayır və qapını kilidləmir. Çox güman, yaxınlarıyla yaşasaydı heç vaxt baş verməsi mümkün olmayan hansısa maraqlı hadisənin olacağına ümid edir. Bəlkə də buna görədir ki, onlarla birlikdə və ya onların qonşuluğunda yaşamaq istəmirmiş. Belə kiçik yaşda nəvəsi olduğuna görə, deyəsən nənə də bir qədər gənc qadındır. Əgər belədirsə, niyə də özünə macəra axtarmasın?
 
4. Ovçu- görünür, bu həmin o, xilaskardır, hansı ki, məğlub etdiyi rəqibi kiçik, sevimli varlığın əli ilə cəzalandırır. Qarşımızda yeniyetmə ssenarisi dayanır.
 
5. Qırmızı Papaq canavara onu bir daha harada görə biləcəyi haqda məlumat verir, hətta onun yatağına girir. Açıq-aydın canavarla oynayır. Və bu oyun onun üçün uğurla sona çatır.
 
 
Bu nağılda hər bir qəhrəman nəyin bahasına olursa olsun hərəkətə meyillidir. Əgər nəticəni olduğu kimi belə götürsək, o zaman hər şey tamamdır- intriqa bədbəxt canavarın başında çatlayır, onu kələkbəz rolunda oynamağa məcbur ediblər-  kimi gəldi aldada bilən, qızcığazı yem kimi istifadə edən. Bu zaman süjetin mənəvi cəhəti ola bilsin ki, azyaşlı qızların canavarlar dolaşan meşələrdən uzaq durması deyil. Məhz odur ki, canavarlar məsum görünən kiçik yaşlı qızlardan və onların nənələrindən uzaq durmalıdırlar. Uzun sözün qısası, canavar meşədə yalqız gəzib-dolaşmamalıdır. Bu təqdirdə daha bir maraqlı sual qalxır: qızını nənəsigilə göndərən ana, bütün gün nə edirdi? Əgər oxucu bu analizdə sinizm görürsə, o zaman Qırmızı Papağı gerçək həyatda təsəvvür etməyi təklif edirik. Həlledici cavab sualdadır: belə anası və bu cür həyat təcrübəsi olan Qırmızı Papaq böyüyəndə kim olacaq?
 
Tərcümə etdi: Aygün Qurbanlı
Kultura.az
Yuxarı