post-title

Qeyri-ictimai nəqliyyat

Azərbaycan idarəçilik sistemi elə qurulub ku, hökumət mənafeyi dövlət mənafeyindən, məmurun şəxsi mənafeyi isə hər şeydən üstündür. Buna görə Azərbaycan hökuməti ən elementar məsələni belə adam kimi həll edə bilmir.

 
Tutaq ki, bizdə "ictimai nəqliyyat" doğrudan da ictimai ola bilmir. Çünki bizdə məmurlar marşrutdan pul qazanır.
 
İctimai nəqliyyat o deməkdir ki, sürücü daşıdığı sərnişindən asılı olmayaraq hökumətdən maaş alır. Amma bizdə ictimai nəqliyyatın da ictimai hissəsi atılıb kənara, olub kapitalist-məmur-olliqarx nəqliyyatı, özü də vəhşi kapitalizmin klassikasına dönüb, elə bil əyani vasitədir. Sürücülər bir abbası üstündə ölüm dirim savaşına girişir, çünki bundan şəxsi qazancları asılıdır. Sonra da həmin o küçələrdə camaatın üstündən keçib bir abbası uğrunda savaşa girənlər, hamısı yığdıqları pulu aparıb verirlər qlavnı kapitalistə.
 
Əsl kapitalist ölkələrində isə vəziyyət başqadır, yəni ictimai nəqliyyat adına uyğun olaraq ictimaidir, yəni, dövlətindir. Əksər yerlərdə ondan xeyr götürmürlər, əksinə bələdiyyə ona pul qoyur. Bələdiyyəni xalq seçdiyi üçün, o da nəqliyyatın keyfiyyətini artırmağa məcburdur ki, xalq gələn dəfə onu bir də seçsin.
 
Bizdə isə bələdiyyəni xalq seçmir, olliqarx-kapitalist-məmur təyin edir. Ona görə də sürücücü xalqa yox, məmura borcludur, xalqı əzib məmurun haqqını çatdırır.
 
Bəzi kapitalist ölkələrində isə hətta havayı, müftə ictimai nəqliyyat da var, həm də deyəsən bu tendensiyaya çevrilir. Kapitalistlər kommunizm qururlar, imkan olan yerdə:)
 
Yazmışdım sizə ki, Boston aeroportundan şəhərə nəqliyyat havayıdır. Bu yaxınlarda Şimali Karolina Çapel Hill universitetindən çağırmışdılar, gedə bilmədim. Bir həmkar dostum getdi, gələndə dedi ki, Çapell Hill şəhərində ictimai nəqliyyat tamamilə müftə imiş.
 
Avropada da bəzi yerlərdə bu var. Misal üçün, idmançısını bizim şotumuza Azərbaycana göndərən Estoniyanın paytaxtı Tallinn şəhərində də camaat ictimai nəqliyyatdan havayı istifadə edir. Neftləri yoxdur amma liberal iqtisadiyyatları, liberal siyasətləri və icad etdikləri Skype-ları var.
 
Korrupsioner hökumətin bəzi darğaları deyirlər ki, bizdə sürücünün gəliri yığdığı abbasılardan asılı olmazsa, ümumiyyətlə dayanacaqda zadda saxlamaz, yaşlı adamları mindirməyə hövsələsi çatmaz və sairə. Bu çox bəsit yanaşmadır.
 
Hər şey idarəçiliyin günahıdır, camaatın deyil. Sistem hətta insanlar arasında münasibətlərə də təsir edir.
 
Əgər ölkədə qanunun keşikçisi olan polis, məhkəmə tam əksinə qanunun birinci düşmənidirsə, camaatdan növbədə dayanmağı gözləmək, sürücüdən yol hərəkəti qaydasını pozmamağı tələb etmək gülüncdür.
 
Sürücü bilir ki, QAİ-nin pulu qanunu pozmaqdan, yəni rüşvət almaqdan çıxır. İndi əgər sürücü görürsə ki, qanunun keşiyində durmalı olan polis əksinə onu pozmaqla pul qazanır, sürücü də ona baxıb işini "necə görməyi öyrənir". Polis nəfəri də rəisindən, o nazirindən, o da öz növbəsində prezidentindən öyrənir, gör götür dünyasıdır.
 
Sistem adam kimi qurulsa, sürücü ilə sərnişinin də bir-birinə hörməti yaranacaq. Bu bir aksiomadır. Yəni hər şeyin günahı YAP-dadır, onun rüşvətxor, oğru xəmirində, mahiyyətindədir.
 
O gün işdən çıxıram dayanacağa getmək üçün. Burada avtobus qrafiklə işləyir, yəni siz internetdə də avtobusun dayanacağa nə vaxt gələcəyini öyrənə bilərsiniz. Avtobusların içində də həmin qrafiklər broşura şəklində var, havayıdır, götürə bilərsiniz. Hər dayanacağın da öz nömrəsi var. Dispetçerə zəng edib, filan nömrəli dayanacağa filan nömrəli avtobusun nə vaxt gələcəyini də soruşa bilərsiniz.
 
Mən də bilirdim, amma işdə bir-iki dəqiqə ləngidiyimdən ehtimal var idi ki, çatmayım. Fəqət növbəti avtobus da 20 dəqiqə sonra gələcəyindən, fikirləşdim cəhənnəm çatmaram, gözləyərəm. Nə isə, dayanacağa hardasa 50 metr qalmış gördüm avtobus dayanıb, qaçmağa başladım. Amma avtobus tərpənib, işqforu keçib döndü. Bu dəm sürücü mənim qaçdığımı görüb əli ilə qabaqda durub məni gözləyəcəyini başa saldı. Pulu bir abbasıdan çıxmır. Yəni mənim verəcəyim yol pulunun onun gəlirinə aidiyyəti yoxdur. Sırf insanlıq səbəbilə saxladı.
 
Fikirləşdim ki, bizdə iki variant var. Ya sürücü 20 qəpiyə görə gözləyəcək, ya da nəzarətçilərdən qorxusu səbəbilə saxlamayacaq.
 
Sistem insanın iradə azadlığını, bu iradənin insani dəyərlərlə əlaqəsini kəsib. Halbuki həmin sürücü həmin o sistemdən kənar, yəni işdən kənar vaxtı qonşusunda, dostunda, tanışında onun insani yardımına ehtiyacı olan hər hansı bir hadisəyə rast gəlsə, qibtəolunası təəşəbbüs, insanpərvərlik və fədakarkıq göstərər. Amma sistem iş vaxtı onun bütün bu xüsusiyyətlərini əlindən alıb.
 
Hə, bir də bilirsiniz ağlıma nə gəldi. Avtobus dayanıb məni gözləyəndə arxasında 3-4 maşın dayanmalı oldu, hamısı da görür ki, avtobus məni gözləyir. İndi bizdə o 3-4 maşın siqnal verib orada bir vay-şüvən qopartmışdılar, tumanlarını başlarına keçirtmişdilər ki, gəl görəsən. Siqnal səsləri, "sür" nərələri və sairə. İndi inanın ki, bu da sistemin günahıdır. Çünki həmin o siqnal verənlər, "sür" qışqıranların xeylisi sükan arxasından kənar olan vaxtı normal, canıyanan, ailəcanlə insanlardır. Yəni elə ki, sükan arxasında oldular, yol-hərəkəti sistemi onları tamamilə dəyişdirir. Sistemi isə dediyim kimi o günə qoyan əslində onun qaydasına-qanununa nəzarət eləməli olandır. Yəni, polisi, QAİ-sidir. Sistem o vaxt düzələr ki, QAİ-haramla, rüşvətlə pul qazanmağı dayandırar. QAİ-nin rüşvət almaması üçün, rəisinin, nazirinin, ondan yuxarı olanın də belə olması lazımdır. Təəssüf ki, belə deyillər və təpki gəlməzsə, olmaq fikirləri də yoxdur.
 
Altay Göyüşov (ABŞ)
https://www.facebook.com/altaygoyushov
Yuxarı