post-title

Gerçək ədəbsizlik haqda

“Sözü at, yiyəsi götürər”

(Azərbaycan ata sözü)

Teleradio Şurasının müdiri Nuşirəvan müəllim hansısa aparıcının ədəbsizlik üzündən işdən çıxarılmasına münasibət bildirib, deyir, televiziya işçiləri efirdən kənarda da öz davranışlarına fikir versinlər. Bu, doğrudan vacib söhbətdir, çünki haqqında söz açılan aparıcı ədəbsiz hərəkəti verilişində yox, efirdən kənarda eləyibmiş. Kim isə bunu çəkib, yayıbdır. Əgər sizdə maraq yarandısa (təbii, başa düşürəm - bu dəqiqə xeyli oxucu maraqdan partlayır), Google-da axtarmağa ehtiyac yoxdur, həmin aparıcı qadının ədəbsizliyi bir əlini yumruq kimi tutub o biri əlini onun üstündən şappıldatmaqdan ibarət idi. Bəlkə də hansısa xalqın arasında bu, “işlər əladır” mənasını verir, ancaq bizdə söyüş kimi baxırlar. Belə işarələr çoxdur dünyada. Misal üçün, amerikalılar iki barmağını “o” hərfi formada tutub “o key”, yəni, “yaxşı, əla” işarəsini bildirirsə, eyni işarəni hansısa müsəlman dövlətində birinə göstərsən adamın başını qibləyə kəsərlər.

Sözümün canı odur ki, şəxsən mən o aparıcının belə mənasız söhbətə görə işdən çıxarılmasını pisləyirəm. Ona qalsa bizim efirdən bundan min dəfə ədəbsiz hərəkətlər göstəriblər, ancaq cəzalanan yoxdur. O cümlədən, efirdə yalan danışmaq, yaltaqlıq eləmək daha ağır nəticələr doğuran ədəbsizliklər deyilmi? Millətə bunun hansı daha çox ziyan vurur?

Sözgəlişi, bizim millətdə hansısa üzdə olan, dekorativ, səviyyəsiz söhbətlərdən incimək xasiyyəti vardır. Bu dəqiqə bir aktyorun vurub şikəst elədiyi məktəb direktoru palatadan canlı yayıma qoşulmaqdadır. Aktyor deyir məni söydü, vurdum. Deməli, bunun aktyor olaraq səviyyəsi küçədə təkər qaldıran avtoş qaqaşlardan uzağa getməyibdir. Bəs sənin incəsənət duyumun, mədəniyyətin harda qaldı? Əvvəldən yox imiş. Məntiqlə, sabah bunu oynadığı filmdə də söysələr tərəf-müqabilini yortar.

Yenə qeyd edirəm: söyüş korrupsiyadır. Rüşvətxorluqdur. Yaltaqlıqdır. Yalandır. Saxtakarlıq etmək, yetimin çörəyinə bais olmaqdır. Monopoliyadır. Bunlara əsəbləşmək yerinə “mənə dedi sənin var-yoxunu filan edərəm” söhbətinə incimək millətin təfəkkür etibariylə uşaq qalmasından, mağaradan çıxmadığından xəbər verir. Freydi bu məsələnin alt qatını açmağa çağırsaq, yəqin ki, burada sosial-siyasi, mədəni-mənəvi impotensiyanın izlərini tapardı. Çünki hərəkət, əməl olmayanda, qadağalar cəmiyyətində söz oyunları önə çıxır. “Nə ilə, Alış?” lətifəsindəki kimi. Bilənlər bilməyənlərə danışsın, mən Nuşirəvan müəllimin qəzəb qılınclarından qorxuram. Daha doğrusu, Əflatun müəllimin qara siyahısından. Bizim “Orxan Pamuk” da yoldaş Amaşovdur, onun da öz “Qara kitab”ı var. Qırx arşın quyuya düşən qayıdır, buna düşən yox.

Söyüş torpağını, vətəninin bir parçasını itirməkdir. Amma biz buna 30 ildir elə qəşəng dözürük ki. Hələ axmaq bir ata sözünü də əlimizdə bayraq eləmişik: qılınc yarası sağalırmış, söz yarası sağalmırmış. Bah. Başımız buna necə qarışıbsa, indi xəstəxanalarda dırnaqtutan yarasını da müalicə edə bilmirlər. Vacib deyil axı, niyə eləsinlər? Vacib olan söz yarasını sağaltmaqdır. Maşallah, ölkə də söz yarası almış milyonlarla camaatla doludur. Yaman ürəyi yuxa millətdir.

Teleaparıcının cəzalanması temasına qayıtsaq, mən Nuşirəvan müəllimin “efirdən kənar davranış” söhbətini bir az anlamadım. Belə çıxır bizdə aparıcıların ev-eşiyində, toyda-yasda necə aparması da şuranın səlahiyyətlərinə daxildir. Əla vəziyyətdir. Verilişlərin məzmunu, camaatın durumunu, ölkədəki vəziyyəti necə əks etdirməsi səni qətiyyən maraqlandırmasın, yalnız aparıcıların davranışına fikir ver. Hətta lazımdır aparıcıların hamamında kamera quraşdırıb paltarda çimdiklərinə nəzarət edilsin.

Bəlkə də var, biz bilmirik. (Musavat.com)

Zamin Hacı
Yuxarı