post-title

Düşünməyin ağrıları

2016-ci ildə Çikaqo Universitetinin yeni qəbul olan tələbələrə göndərdiyi məktub qızğın müzakirə obyektinə çevrildi. Məktub tələbələri universitetə qəbul olunmaqları münasibəti ilə təbriklə başlayırdı. 

Universitet həyatının intellektual macəra olması vurğulanırdı. Heç bir təzyiq və senzuraya məruz qalmadan tələbələrin fikirlərini və ideyalarını sərbəst şəkildə, yazılı və şifahi olaraq ifadə etməsinə qarantiya verilirdi. Bu hissəyə qədər hər şey şablona uyğun görünürdü. Ta ki, məktubun üçüncü abzasına qədər. Həmin abzasda universitet “tətikləyicilər üçün xəbərdarlıqları” (trigger warnings) dəstəkləmədiyini və “güvənli məkanların” (safe space) təmin olunmayacağını bildirirdi. Məktub qısa zamanda ABŞ gündəmini işğal edə bildi. Akademiklərdən siyasətçilərə qədər fərqli çevrələrdə müzakirə olundu.

 Mövzunu davam etdirməzdən öncə yuxarıda qeyd olunan terminlərin mənasını açmaq lazım gələcək. Zorakılıq və təzyiqlə üzləşmiş kəslər yaşadıqları travmadan uzun illər yaxa qurtara bilmirlər. Məsələn, cinsi istismara məruz qalmış biri gözləmədən təcavüzlə bağlı video ilə qarşılaşsa, özündən asılı olmayaraq şok vəziyyətinə düşə bilər. Bu qəbildən faktorlar post-travmatik şokları tətikləmək potensialına malikdir. Ona görə də bir çox universitet belə həssas mövzuların müzakirəsindən qabaq professorlardan psixoloji tətikləyicilərin mövcudluğu ilə bağlı xəbərdarlıq etməyi tələb edir. Tətikləyicilərə həssas olanlar “güvənli məkanlarda” öyrənməyi üstün tuturlar. Bu məkanlarda onların həssaslığı nəzərə alınaraq bəzi mövzuların üzərində ya ümumiyyətlə heç durulmur və ya ötəri tədris olunur.

Lakin hansı mövzuların tətikləyici mahiyyət daşıya biləcəyi tam olaraq məlum deyil. Bəzi təhsil qurumları, irqi və dini söyüş, təhqir və zorakılıq ehtiva edən əsərləri bu siyahıya əlavə edirlər. Bəzən bu sıraya sosial-iqtisadi səpkidən “asan olmayan” mövzular da əlavə olunur. Bu siyahını tələbələrin ideologiyalarını sorğulayan bütün əks fikirlərlə genişlətmək təşəbbüsləri də az deyil. 

Müasir universitet həyatı millennial adlanan nəslin istək və tələblərinə uyğunlaşmağa çalışır. 2000-ci illərdə doğulan bu nəsil, mahiyyətindən asılı olmayaraq onların ideologiyalarını (təhqir etmədən) sorğulayan hər şeydən narahat olurlar. Bu nəsil xoş sözlərlə və çətinə salmayan əks arqumentlərlə “bəzənmiş” intellektual debat mühiti tələb edir. Fikir cəngəlliyində onları tərs tərəfə yıxan və emosialarını tarıma çəkən bütün əks baxışlar millennialların güvənini təhdid edir. Bu nəsil onları daim xoş hisslərə qərq edəcək və ideologiyalarına əks olmayacaq “güvənli məkanlar” axtarır. 
CNN-in məşhur şərhçisi, yazıçı Van Jones elə bu yaxınlarda Çikaqo Universitetindəki çıxışında tələbələri bu səhv tendensiyadan çəkinməyə çağırırdı:

“Bizdən cəngəlliklərə səki salmağı gözləməyin, zəhmət çəkib uzunboğaz çəkmə geyinin! Bizdən idman zalını ağırlıqlardan təmizləməyi tələb etməyin, çünki elə məhz həmin ağırlıqlara görə idman zalı mövcuddur. Güvənli məkanlar tələb etməyin, əksinə, lazım olsa hər gün fikri və emosional olaraq çətinə düşün. Bu sizi möhkəm edəcək və fikirlərinizə qarşı yönəlmiş əks arqumentlərə cavab verə bilmək əzmi və bacarığı qazandıracaq!”

İqtisadçılar arasında belə bir zarafat var – Çikaqo Universitetində seminarda ilk təqdimat slaydını keçə bilmək böyük uğurdur. Yəni təqdimdatçılar hələ mövzuya giriş olan ilk fikirlərinə görə gərgin intellektual sınaqla üzləşirlər. Seminar fasilələrində gənc tədqiqatçıların üzlərini sərin suyla yuyaraq şokdan çıxmağa çalışmalarını görmək elə də nadir hal deyil. İntellektual mübarizə komfort zonasında və yə güvənli məkanlarda aparıla biləcək qədər asan deyil. Görünür bütün bunları nəzərə alaraq Çikaqo Universiteti gərgin intellektual mühitindən güzəştə getmək istəmir. 

Halbuki, öyrənmək tərəf edir insanı. Bəzən tərəfsizlik də bir tərəf olur və seçimi labüd edir. Fikri cərəyanlar və məktəblər beləcə ərsəyə gəlir. Və təbii olaraq da elmi müzakirə və debatlar. İntellektual mübarizə mühiti sözsüz ki təhqirdən uzaq olmalıdır. Amma qar dənəcikləri kimi hər şeydən incinmək gələcək naminə heç nə vəd etmir. Tətikləyicilər üçün xəbərdarlıqlar mahiyyət etibarı ilə faydalı görünsə də, istər onların tam sərhədlərinin qeyri-müəyyənliyi, istərsə də bəzən onların insan əqlinin aşmalı olduğu bütün çətinliklərə şamil edilməsi praktikada problemlər yaradır. Öyrənmək intellektual çətinliklərdən azad deyil və proses adətən emosional olur. Həyatının ən şən keçməli illərini bir məqalənin ərsəyə gətirilməsinə həsr edən elm adamından tədqiqat prosesi ilə bağlı məlumat almaq istəsəniz, yəqin ki, sizə ilk olaraq yaşadığı ruhi sarsıntılardan danışacaq. Əksər hallarda intellektual məhsullar mühakimə-hipotez-isbat-praktika düzxəttli ardıcıllığı ilə getmir. Praktikadakı gözlənilməyən nəticələr geri qayıdıb mühakimə və hipotezləri yenidən saf-çürük etmək ehtiyacı yaradır. Bəzən bir neçə ay üzərində işlədiyiniz nəzəri çərçivəni tamamilə tərk edib yenisini ərsəyə gətirmək lazım gəlir. 

Kanadalı psixoloq Jordan Peterson hər vəchlə intellektual fəaliyyətin emosiyalardan və gərginliklərdən xali ola bilməyəcəyini ifadə edir. Məsələn, Peterson tələbələrinə ilk növbədə tarixi düzgün oxumağı məsləhət görür. Onun təbirincə Nasizmin tarixini öyrənmək özünü oxuduğun hadisələrdəki tipik faşist kimi görməklə mümkündür. Çoxumuz həmin dövrü öyrənəndə proseslərə Şindler gözü ilə baxırıq. Bəlkə də instinktiv olaraq özümüzü hekayələrdəki yaxşı insanlarla assosasiya edirik. Halbuki, Faşist Almaniyasında Şindler olmaq ehtimalı bəlkə də yüz mində bir ehtimalla mümkündür. Yəni, elə siz də mən də nasistlərin cəmiyyətində doğulsaydıq 99% ehtimalla Hitlerə salam verəcək və Gestaponun fəaliyyətini müxtəlif bəhanələrlə dəstəkləyəcəkdik. Bilirəm, bu yazdıqlarım ağır ittihamdır, əziz oxucunu belə bir mənəvi yük altında qoymaq düzgün deyil. Amma bu da bir faktdır ki, o dövrdə istənilən bir fərdin Şindler olması ehtimalı sıfıra yaxın idi. Və mənim faktlara inancım insanın xislətinə olan etibarımdan daha böyükdür. 

Keçmişini öyrənmək istəyən hər kəs “qəhrəmanlıq səlnaməsi” ilə qarşılaşmaq istər. Amma gerçəklik budur ki, tarix qəbilə təfəkkürlü insanlar və onların törətdikləri vəhşiliklərlə doludur. Əcdadının parlaq olmayan portretini görmək həm də mənəvi bir diskomfortdur – ki çoxları bu diskomfortdan azad olmaq üçün bəlkə də qeyri-ixtiyarı olaraq pafosa üz tutur. Keçmişin yücəldilməsi “xəstəliyi”-nin kökündə eyni zamanda gerçəklə üzləşməyin psixoloji sarsıntılarından uzaq durmaq istəyi də var. 

İctimai müzakirələrin intellektual və emosional “xərcləri” var. İntellektual debatın tərəflərini dəstəkləyən kütlələr hər zaman hisslərlə hərəkət edir. Misal üçün ateist-dindar debatında hər iki tərəfin azarkeş kütləsi emosional davranışlar sərgiləyə bilər. Bu məqamda demokrat olmağı təbliğ etmək kifayət deyil. Çünki, demokratik baxış könüllülük prinsipi ilə davam etdirilə bilinməyəcək qədər çətindir. Demokratik olmaq instinktiv deyil, insan təbiətinə ziddir – sonradan “kəşf olunmuş” bir keyfiyyətdir. İnsan təbiətən demokrat ola bilməz – onun xəmiri buna uyğun deyil. Odur ki, kütlədən demokratik olmağı gözləmək insan təbiətini bilməməyin yaratdığı illuziadır. Demokratiya güzəştdir və insan çoz az hallarda könüllü olaraq güzəştə gedir. İctimai normalar və qanunla tələb olunmadıqca, məqamı yetişdikdə hər bir fərd istər şəxsi istərsə də ideoloji mənafeyi baxımından demokratiyadan üz döndərə bilər. 

İctimai titulları qəbul etmək avtomatik olaraq ictimai müzakirənin obyekti olmağa da razılıq verməkdir. Fikirlərini publikaya açmaq komfort zonasını tərk etməyi labüd edir. Özünə qəhrəman seçmək həmin qəhrəmana yönələcək tənqidlərə də dözümlülük tələb edir. Fikri azarkeş kütləsi qazanmaq həmin kütləni təhqir və digər vəhşiliklərdən çəkindirməyə çağırmaq məsuliyyəti də yaradır. 

Samir Hüseynov
Kultura.az

Yuxarı