Knut Hamsun: “Cənub ulduzu”nun kapitanı- Reyersen
Hekayə “Cənub ulduzu”nun ka…
Lev Tolstoyun 140 il əvvəl
yazdığı “Anna Karenina” romanını əlinə götürməyə qorxursan. Kitabın Azərbaycanca
tərcüməsinin həcmi 855 səhifədir. Bir cümləlik tvitlər, feysbuk postları
dövründə bu romanı oxumağa sərf olunan zaman insanın gözünə əbədiyyət qədər uzun
görünə bilər, amma çarə yoxdur, oxumalısan, çünki deyirlər “Anna Karenina” elə bir
əsərdir ki, bu dünyanı onu oxumadan tərk etmək böyük bir günah sayıla bilər.
Romanın bəlkə də yarısı Konstantin Levinə həsr olunub. Levinin isə Lev Tolstoyun alter-eqosu olduğu şübhə doğurmur (Lev-Levin). Levi ömrünün sonunacan məşğul edən suallar romanda Levini də məşğul edir: Levin bilmir Tanrıya inansın, ya inanmasın, özünü öldürsün, ya öldürməsin, evlənsin, ya evlənməsin, insanları sevsin, ya sevməsin: o bu qəbildən olan irili-xırdalı suallar qarşısında çaş-baş qalıb və romanın əhəmiyyətli bir qisminə Levinin sualları saçılıb.
Əsərdə Levindən başqa digər kişi qəhrəmanların – Aleksey Vronskinin, Stepan Arkadiçin (roman elə onun əhvalatı ilə başlayır), Aleksey Aleksandroviçin, Sergey Koznışevin, Nikolay Levinin – nəqlinə də geniş yer verilib. Ümumiyyətlə, Tolstoyun yaradıcılığında kişinin özünü tərbiyə etməsi, bunun gərəkliliyi mövzusu əsas istiqamətlərdən biridir. “Sergi ata”, “İvan İliçin ölümü”, “Dirilmə”, “Hərb və sülh”də biz bunu parlaq şəkildə görmüşük. “Anna Karenina” da hər nə qədər çoxları tərəfindən qadın mövzusunda yazılan bir əsər kimi tanınsa da, o, yenə də əsas etibarilə kişinin özünütərbiyəsi haqqındadır – bir tərəfdə öz ehtiraslarını cilovlamayan, bu barədə heç düşünməməklə özünü və başqalarını bədbəxt edən Aleksey Vronski var, digər tərəfdə isə özünü cilovlamağa çalışan, bunun uğrunda mübarizə aparan Konstantin Levin.
***
“Son zamanlar Annanın getdikcə daha tez-tez düşdüyü bu qısqanclıq hissləri Vronskini dəhşətə gətirirdi. Vronski bilirdi ki, bu qısqanclığın səbəbi Annanın ona olan sevgisidir, lakin bununla belə, nə qədər bunu gizləməyə çalışsa da, yenə bu hisslər onu Annaya qarşı soyudurdu. Dəfələrlə o öz-özünə deyirdi ki, Annanın məhəbbəti onun üçün xoşbəxtlikdir; və budur, Anna həyatda hər şeyi məhəbbətdən üstün tutan bir qadın kimi onu sevir, amma buna baxmayaraq, Vronski Annanın arxasınca Moskvaya gəldiyi zamanlara nisbətən indi xoşbəxtlikdən daha çox uzaq idi. O vaxt Vronski özünü bədbəxt hiss edirdi, lakin xoşbəxtlik hələ qabaqdaydı; indisə o hiss edirdi ki, ən yaxşı xoşbəxtlik anları artıq arxada qalıb. O, Vronskinin ilk zamanlar gördüyü Anna deyildi. Həm mənəvi, həm fiziki cəhətdən dəyişilib xarab olmuşdu. Anna indi şişmişdi, enlənmişdi və indi aktrisa barədə danışarkən onun üzü kin və qəzəbdən eybəcər hala düşmüşdü. Vronski indi Annaya qopardığı bir çiçəyi soldurmuş və onu gözəlliyinə görə qoparıb məhv etdikdən sonra indi solğun çiçəkdə əvvəlki gözəlliyi güclə tanıyan bir adam kimi baxırdı. Lakin buna baxmayaraq, o hiss edirdi ki, hələ məhəbbəti güclü olan zamanlarda əgər çox istəsəydi, bu məhəbbəti ürəyindən çıxarıb ata bilərdi, amma indi, Annaya qarşı sevgi duymadığını zənn etdiyi bu dəqiqədə o bilirdi ki, Annayla onun arasındakı bağları qırmaq mümkün deyildir”.
Romanda daha bir bədbəxt kişi obrazı var. Bu, Anna Kareninanın əri Aleksey Karenindir. Yetim böyüyən bu insan hər şeyə təkbaşına çalışıb-çabalayaraq çatıb, o, yüksək vəzifə tutan tanınmış və savadlı bir dövlət xadimidir. Getdiyi hər yerdə lütfkarlıqla qarşılanır. Lakin o həqiqətləri görməməyi, illuziyalarla yaşamağı üstün tutan biridir, çünki həqiqətlər ağırdır. Arvadının ona xəyanət etdiyi faş olanda belə, o özünü aldatmaqda davam edir, cəmiyyətin fikrini hədsiz çox qiymətləndirdiyindən və öz mənafeyinə çox aludə olduğundan o, ürəyində təpər tapıb arvadıya məsələni yoluna qoya bilmir, nə vəziyyəti qəbullana, nə də ondan boşana bilir. Axırda özünü aldatması ona baha başa gəlir, mənən çökür, başını o dərəcədə itirir ki, təsəllini dini cəhalətdə tapır, karyeradakı yüksəlişi dayanır və o, cəmiyyətin rişxəndinə tuş gəlir.
“O, kübar aləmdə artıq bir çoxlarının onun arvadına çəp baxdığını görmək istəmir və görmürdü və Betsinin yaşadığı, eyni zamanda Vronskinin polkunun düşərgəsinə yaxın olan Sarskoye yaylağına köçmək barəsində arvadının xüsusilə təkid etdiyini anlamaq istəmir və anlamırdı. O, bu barədə düşünməyi özünə rəva görmür və düşünmürdü; lakin bununla birlikdə o, qəlbinin dərinliyində bunu heç vaxt öz-özünə demədən və buna aid nəinki heç bir sübutu, hətta şübhəsi belə olmadan qəti olaraq bilirdi ki, o artıq arvadı tərəfindən aldadılmış bir ərdir və buna görə də özünü olduqca bədbəxt hiss edirdi.
Arvadıyla səkkizillik xoşbəxt həyatı boyunca Aleksey Aleksandroviç ərinə
xəyanət edən başqa arvadlara və aldadılmış ərlərə baxaraq dəfələrlə öz-özünə
demişdi: “Buna necə yol verirlər? Bu eybəcər vəziyyətə nə üçün son qoymurlar?”
Lakin indi bəla onun başına endikdə o, bu vəziyyətə son qoymaq haqqında nəinki
düşünmür, hətta bu vəziyyəti anlamaq belə istəmirdi, ona görə anlamaq istəmirdi
ki, bu olduqca dəhşətli və həddindən artıq qeyri-təbii bir vəziyyət idi”.
“Anna Karenina”da cəmi bir neçə səhifədə epizodik olaraq görünən bir kişi obrazı var. Mənə elə gəlir ki, bu kişi obrazı özünün bu qalın cildli əsərdəki kiçicik roluna baxmayaraq, ən əhəmiyyətli fiqurlardan biridir. Serpuxovskoy adlı bu adamı Vronski uşaqlıqdan bəri həyatdakı əsas rəqiblərindən biri sayır. Vronski ona həsəd aparır, çünki o, ona olan ümidləri doğrultmayıb, parlaq gələcəyini keçici ehtiraslara qurban verib, Serpuxovskoy isə eyni start nöqtəsində başlamalarına baxmayaraq, onu çoxdan qabaqlayıb və hər cəhətdən ondan üstündür. Bununla belə, Serpuxovskoy həm də ona bir rəqib kimi yox, dost kimi davranır. Onun başıbəlalı məhəbbətindən xəbərdar olan Serpuxovskoy çətin anında Vronskiyə öz yardımını təklif edir və öz gələcəyini qurban verməməyi məsləhət görür.
- Əgər qadının cəmiyyətdəki vəziyyəti möhkəmdirsə, bu
daha pisdir. Bu eynilə nəinki yükü əlinlə aparmaq, hətta bu yükü başqasının əlindən
çəkib almaq kimi bir şeydir.
- Sən heç vaxt sevməmisən, - Vronski Anna haqqında
düşünərək, gözlərini irəliyə dikib sakitcə dedi.
- Ola bilər. Lakin sən mənim dediklərimi yadında saxla. Bir də bunu bil ki, bütün qadınlar kişilərdən daha çox maddiyatçıdırlar. Biz məhəbbətdən nəsə nəhəng bir şey düzəldirik, onlarsa həmişə praktiki, maddi şeyləri düşünürlər”.
Serpuxovskoy ilə Vronski arasındakı bu söhbət Vronski üçün hələ zərərin yarısından qayıtmağın mümkün olduğu bir vaxtda baş tutur. Vronski bu zaman hələ özünü və Annanı xilas edə bilərdi. Serpuxovskoy söhbətləri zamanı Vronskidən dəfələrlə Peterburqa onun yanına gəlməsini xahiş edir, Vronski söz verir, amma getmir.
Bir də onlar Vronski və Anna üçün hər şeyin gec olduğu bir vaxtda rastlaşırlar. Vronski Annanın bütün kübar aləmin toplaşdığı teatr tamaşasına getməyinin qarşısını ala bilmir. Axırda özü də məcbur qalıb gec də olsa tamaşaya gedir. Serpuxovskoy ona yanında yer göstərir, gülümsəyərək geyimi haqqında eyhamlı bir neçə kəlmə deyir:
- Hə, mən evə qayıdan kimi frak geyindim, - deyə Vronski
gülümsəyərək cavab verdi və binoklunu yavaş-yavaş çıxartdı.
- Etiraf edirəm ki, bu geyimdə sənə paxıllığım tutur.
Mən xaricdən qayıdıb bunları taxdıqda, - o, ekselbantlarını göstərərək dedi, -
öz azadlığıma heyfim gəlir.
Serpuxovskoy Vronskinin hərbçilik fəaliyyətinin
üstündən çoxdan xətt çəkmişdi, lakin onun xətrini əvvəlki kimi çox istəyirdi və
indi onunla xüsusilə nəzakətliydi.
- Heyif ki, birinci pərdəyə gecikdin”.
Bu məqamda Vronski qulağını ondan çəkmədən binoklu ilə lojaları gözdən keçirməyə başlayır və birazdan lojaların birində oturan Annanın ictimai şəkildə rüsvay edilməsini dəhşət içərisində seyr edir.
Bundan bir müddət sonra Anna intihar etməklə məşuqundan ağır qisas alır. Həyat isə davam edir, romanda bu, Levinin həyat qayğılarının uzun-uzadı təsviriylə öz əksini tapır.
***
Bir çoxları “Anna
Karenina”nı roman janrının zirvəsi hesab edir. Tolstoy bu əsəri haqqında “Mənim
ilk həqiqi romanım” deyib. Dostoyevski isə romanı oxuduqdan sonra, o qədər mütəəssir
olub ki, Tolstoyu “Sənətin tanrısı” adlandırıb.
“Anna Karenina” ən çox
ekranlaşdırılan romanlardan biridir. İlk ekran əsəri 1911-ci ildə Tolstoyun
ölümündən qısa müddət sonra ortaya çıxıb. 15 dəqiqəlik bu film səssiz olub.
Bunun ardınca SSRİ-də, ABŞ-da, Fransada, Britaniyada, İtaliyada, Argentinada və
digər ölkələrdə romanın ssenarisi əsasında filmlər və seriallar çəkilib. Əsərin
ən uğurlu ekranizasiyası isə 1967-ci ildə sovet rejissoru Aleksandr Zarxinin çəkdiyi
versiya hesab edilir. Filmi SSRİ-də 40 milyondan çox insan izləyib. Sonuncu dəfə
“Anna Karenina” film versiyasında 2012-ci ildə izləyicilərə təqdim edilib.
Filmdə Kira Naytli, Cud Lav, Aaron Teylor-Conson kimi Hollivud ulduzları rol
alıblar. Bu versiyanı ortabab kimi qiymətləndirmək olar.
“Anna Karenina”nı indiyəcən qadın ruhu haqqında yazılmış ən yaxşı roman hesab edənlər var. Amma bu azdır, roman həm də kişilər haqqındadır, kişiləri başa düşmək istəyən qadınlar onu oxuya bilərlər.
İlk dəfə kitab halında roman 1878-ci ildə nəşr olunub. O dövrdən bu yana çox şey dəyişib, amma çox şey də dəyişməyib. Dəyişməyən və daimi aktual qalan məsələlərdən biri də insanın - xüsusilə kişinin, çünki güc onun əlindədir - özünü tərbiyə etməsi və dağıdıcılığını cilovlamasıdır. Bunu etməyəndə, qəza və bədbəxtlik qaçılmaz olur, Anna Karenina özünü qatarın altına atır.
Cavid Ramazanlı
Azlogos.eu