"Qanun"dan yeni kitab
İstedadlı skripkaçı, yaxşı boksçu, mahir…
Höteylə
söhbətimizə davam edək. Daha doğrusu, o Ekkermanla və onu yoluxmağa gələn bəzi
yoldaşlarla dərdləşsin, biz dinləyək. Şübhəsiz ki, aparılan söhbət əsnasında
yaranan mühakimələrə ara-sıra etiraz etmək olar və bu vacibdi, fəqət onun
“Faust”nu, “Şeir və həqiqət”ini, “Vilhelm Meyster”ini, “Şərq-Qərb divanı”nı, təbiət
fəlsəfəsiylə bağlı araşdırmalarını və
onlar vasitəsiylə sərgiləyən zəkavi aydınlığını, olimpik mövqeyini
xatırlayanda, istər-istəməz dinləməyə üstünlük verirsən.
Höte
evində qoruduğu qravüra kolleksiyasından əla saydığı əsərləri seçib gənc
Ekkermana göstərir. Onun zövqünü, rəng-biçim seçimini, sənətdən həzzalma şəklini,
təməldən orijinal və mükəmməl əsərlər əsasında formalaşdırmağa çalışır ki, gələcəkdə
sənət əsərlərini qiymətləndirəndə bəlli kriteriyaya söykənsin, çaşıb
dolaşmasın, həqiqi istedadı qiymətləndirə bilsin. Örnəyi, ona alman mənzərə rəssamı
Filip Peter Roosun (1655-1706), qoyunları, keçiləri rəsm etdiyi əsəri göstərərək
söyləyir ki, Roos otyeyən, mülayim heyvanların varlığını instinktiv olaraq
duyduğu və buna görə də onları çəkməkdən yorulmadığı üçün, öz sahəsindən
yayınmadığı üçün belə xoşagələn əsərlər meydana gətirməyi, sənətini təkmilləşdirməyi
bacardı. Buraya Hötenin mövzuyla bağlı düşüncələrindən bir neçəsini olduğu kimi
qeyd etməyin yeri var: “Nə zaman bu rəsmdəki
heyvanlara baxsam, həmişə qorxu duyuram. Məhdud zəkaları, təmbəl, yuxulu, əsnər
görünüşləri məni də oxşar hala gətirir; adam heyvan olmaqdan qorxur və rəssamın
da onlardan biri olduğuna inanmağa başlayırsan. İstənilən halda, bir rəssamın
bu heyvanların iç dünyalarını, onların daxili aləmini zahiri görünüşləriylə
birgə bu cür gerçəkçi bir üslubla təsvir edəcək dərəcədə düşünüb, hiss edə bilməsi
olduqca heyrətləndiricidi. Öz naturasına uyğun mövzularla işləyərsə, böyük bir
istedadın nələrə qadir olacağını bu rəsmlər sayəsində görürük...Başqalarını təqlid
edən sənətçi öz işini tez bir zamanda bitirməyi ön planda tutur və işləməkdən
xoşlanmır. Gerçək bir sənətçinin ən böyük xoşbəxtliyi isə düşündüklərini ifadə
etdiyi anda hiss etdiyi xoşbəxtlikdir. Roos, keçilərinin, qoyunlarının tüklərini
və dərilərini yorulmadan rəsm edərkən, bezginliyin nə olduğunu bilməzdi, bu rəsmlərə
baxarkən hiss edirik ki, o işləməkdən böyük xoşbəxtlik duyurmuş və işini tez
zamanda bitirmək barədə düşünüb xiffət çəkməzmiş. Məhdud istedada sahib sənətçilərə
bu cür bir çalışma tərzi, bu cür bir sənət ehtirası kifayət etməz, onlar işləyərkən
sürəkli olaraq mənfəət, qazanacaqları
pul barədə düşünərlər. Belə dünyəvi məqsədlər və seçimlərlə isə heç bir zaman
önəmli sənət əsərləri ortaya çıxarmaq olmaz.”
Alman yazarlarının ədəbi mətnə abstrakt, uzun
və dağınıq fəlsəfələmələr daxil etməyinə yüngülvari tənqidlə yanaşır;
yaşayıb-yazarkən işin praktik yönlərinə fokuslanan yerli yazarları isə ən
yaxşılar hesab edir. Şilleri örnək göstərərək deyir ki, onun üslubu, fəlsəfə
etmədiyi təqdirdə, ən təsirli və möhtəşəm üslub kimi təzahür edir. İngilis
yazarlarının seçkin cəhətlərinə dair bunları vurğulayir: xitabət istedadına,
praktikliyə malikdilər, gerçəklə barışıqdılar, məhz buna görə də yaxşı yazırlar
( Burada adam, əsrlər sonra gəlib, bəşər övladının ənənəvi illüziyalarının bəzilərini
dağıdanlardan birini- Darvini xatırlayır. Darvin insanın digər heyvanlarla
qohumluğunu vurğulayaraq əsassız, əsassız saymamalı olsaq da, əndazəsiz insan
lovğalığını sındırmalı oldu. Əlində bəlli isbatlarla, səyahətə çıxdığı Biql gəmisindən
yorğun-ağrın halda düşüb gələrək, yenidən söylədi ki, biz də heyvanlardan
biriyik, özümüzü aşırı dərəcədə xüsusiləşdirməyə gərək yoxdu. Deməli, gerçəklə
barışıq olmağa meyilliydi Darvin. Bəlkə də burada Hötenin vurğuladığı ingilis ədəbi
ənənəsinin ona olan təsiri sezilə bilər, nə bilmək olar).
Fransızların
üslubu onların ümumi xarakterini əks etdirir. Sosial insanlar olduqlarından
oxucuları əsla unutmur, onları inandırmaqdan ötrü sadə olmağa diqqət edirlər.
Oxucu xoşlansın deyə də mətnin zərafətini canlı saxlayırlar. Ümumənsə, “bir
yazarın üslubu onun daxili dünyasının sadiq surətidir”, deyir Höte. Sadə,
anlaşıqlı, zərif yazmaq istəyənin gərək öncə daxili dünyasında, xarakterində bu
cəhətlər olsun, mürəkkəb, qarmaqarışıq yazanlarınsa fərdi xarakteri də
ehtişama, dəbdəbəyə meyilli olur. Bu yerdə Höte, aralarındakı ilıq münasibətin
sonralar pozulmasına rəğmən, ona heyranlıq duyan başqa bir Alman filosofuna
düşüncə baxımından bir azca da yaxınlaşır. Həmin filosof söz sənətinin üslubları
barədə danışarkən belə bənzətmə xəyal etmişdi: “ Əgər bir insan gözəl görünüşlü və zövqlü olduğuna əmindisə, uyğun şəraitə
düşən kimi, demək olar, məmnuniyyətlə çılpaq gəzər, geyimini qədim insanlarınki
kimi açıq-saçıq edərdi. Buna bənzər olaraq, düşüncələrinin gözəlliyinə, zənginliyinə,
gerçəkliyinə əmin olan bir yazarın fikirləri də həmişə ən təbii, hiyləsiz,
aydın şəkildə ifadə ediləcəkdir, o, mümkün olduqca çalışacaq ki, öz tənhalığını
yüngülləşdirməkdən ötrü fikirlərini dünyada onunkuna oxşar tənhalıq duyğusu
keçirən digər fərdlərə yetirə bilsin. Bunun əksinə, ruhi yoxsulluq, mənəvi
qarışıqlıq və sünilik isə özünü ifadə edərkən təmtəraqlı, anlaşılmaz, ibarəli,
dumanlı sözlərə bürünəcəkdir ki, bu ağırçəkili və mürəkkəb ifadələrin altında
özünün xırda, əhəmiyyətsiz, biçarə və bayağı fikirlərini gizlədə bilsin. Necə
ki, çirkinliyinin fərqində olan bir insan, onu gizlətmək istəyəndə, onda
olmayan möhtəşəm gözəlliyi paltarların zahiri dəyəriylə əvəzləməyə və
fiqurasının eybəcərliyini, düşkünlüyünü varvarsayağı bəzəklərlə, lələklərlə,
büzmələrlə, güləbətinlərlə, mantiyalarla maskalamaya çalışır. Əgər belə insan
bayıra çılpaq çıxmalı olsaydı, necə pərt hala düşəcəyini təxmin etmək olur. Ona
bənzər həmin müəllifi, kitabının təmtəraqlı dumanını seyrəldərək, cövhərindəki
xırda məzmunu göstərməyə məcbur etsəydilər əgər, o da oxşar pərtliyi yaşayardı
”.
Yeri gəlmişkən,
istəyən sənətsevər, hansısa ədəbi, fəlsəfi mətni, hansısa sənət, yaxud
kinematoqrafiya əsərini qiymətləndirərkən bu maraqlı analizi kriteriya kimi
götürə bilər.
Bu
fikirlərin mizantrop müəllifindən fərqli olaraq Höte sosial həyatında xeyli
ünsiyyətcil sayılardı (Həmin filosof, Kantla Höteni alman kültürünün bir-birini
tamamlayan iki kültür dahisi kimi qiymətləndirirdi. Kant onun nəzərincə xalis əql
insanı, hətta əxlaqı da ağılla isbatlamağa cəhd edən rasionalist bir zahid,
Hötesə şəhvətsevər, sevib-sevilən, gülümsər, tez-tez əqlin otayına aşıb özünü təbiətin
stixiyasına, duyğular selinə buraxan qüvvətli bir şairiydi və filosof düşünürdü
ki, alman kültürü, gələcəkdə də öz irmaqlarını bu iki nəhrdən çıxaracağı təqdirdə,
öz böyüklüyünü, zənginliyini qoruyacaqdı. Sözügedən filosofu Hötenin özüylə də
müqayisələndirib uyğunlaşdırmaq olar. Özü təməllicə insansevməz, asosial,
acıqlı, qızğın, dalaşqandı, fəqət təklikdə tez-tez şənlənərdi. Hötesə təməllicə
insansevər, həyatsevər, aləmə açıq, sosial baxımdan özgüvənlidi, fəqət təklikdə
tez-tez həyatın bütov halına, ətrafı bürüyən iztiraba dair qüssələr içində
boğulur. Həyatları və yaradıcılıqları boyunca bəzən həmin filosof Hötenin mənəvi
dalğasına girir, bəzən Höte onunkuna). “Anadangəlmə təbii cəhətlərimiz bizi
ictimaiyyət içində bu və ya digər uyğunsuz davranışa sürükləyə bilər, ancaq
onları nizamlayıb, tərbiyələndirməyə heç bir köməyi olmayacaqsa, aldığımız təhsil
nəyə yarayar ki?” deyibən, Ekkermana məsləhət verir ki, insanların ona
uyğunlaşacağını gözləməsin, əksinə, özü onlara öyrəniləsi, araşdırılası fərd
kimi yanaşsın. Belə davransa, qarşısına çıxan hər kəslə ünsiyyət yarada,
çeşidli xarakterləri tanıya və sosial yaşamda ehtiyac duyulan bacarıqları özündə
yaradıb tərbiyələndirə bilər. Çünki, həyatımız boyunca ən müxtəlif, bir-birinə
zidd xarakterlərlə baş edəsi olacayıq, bununçün özümüzə hakim olmağı öyrənib, tərbiyələnməliyik.
Və bu söhbətin sonunda çəkingən, qapalı həyata meyilli “əcaib bir Xristian”
olan Ekkermanı, “bu fəaliyyəti
alındırmaqda zənn etdiyinizdən də böyük imkanlara sahibsiniz, bu işin başqa çarəsi
yoxdu, əngin dünyaya açılmanız gərəkir, ancaq yenə də ürəyiniz necə istərsə, elə
davranın” sözləriylə ruhlandırmağı unutmur.
Ekkermanın
Hötesi məsləhətlə qalmır, ruhun incə, gizlənmiş yönlərini sezməyə, dəyərləndirməyə,
onun sahibini həvəsləndirməyə, həyata yönəlik sevgiylə təchiz etməyə də ürəklə
can atır.
Qoy, Hötenin,
yazının birinci hissəsində bəhs edilən ingilis ədəbiyyatı sevgisini alovlandıranlar
arasına Oliver Qoldsmit, Henri Fildinq, Şekspir də əlavə edilsin: “ Lord Bayronla, Tomas Morla, Valter Skottla dəyər
yarışına girəcək üç yazı qəhrəmanını
Almaniyanın harasında tapa bilərik indi?”
Höte, yeri
gəlsə vətəninin müəyyən cəhətlərinə tənqidi yanaşar, ancaq onu kimsənin yanında
aşağılamaz. Örnəyi, evinə qonaq çağırdığı ingilis zabiti Cənab H. ilə ingilis və
almanlar arasındakı münasibətlərdən söz
açarkən, almanların bu mənada əlli il öndə olduğunu, ingilis dili və ədəbiyyatıyla
əlli ildən artıqdır məşğul olduğunu, ingilis yazıçılarını, həyat tərzini yaxşı
bildiyini, yabançılara xas olan üstün özəllikləri görüb mənimsəmək qabiliyyətinin
almanlarından ruhundan doğduğunu vurğulayır və
Cənab H-nın, almancanı yaxşı başa düşməyi öyrənsə də, dərin mədəni
mövzularda özünü ifadə etməkdə çətinlik çəkdiyini bildirən sözlərinə bu cümləylə
qarşılıq verir: “elənçi qeyri-sıravi
mövzular barədə öz dilimizdə söhbət etmək bizim özümüz üçün də çətin olur. Qoy,
bu da sizə təsəlli olsun”.
Göründüyü
kimi Hötenin nəzakəti aşıb-daşmağına davam edir.
Arada
söhbət qadın şairlərə gəlib çıxır. Saray müşaviri Rehbein, qadınların şeir
yazmağını düşüncə baxımından cinsi stimul
kimi xarakterizə edəndə Höte gülür və
mükəmməl rəsmlər çəkən, fəqət evlənməklə bu həvəslərindən uzaqlaşıb uşaqlarıyla
məşğul olmağa başlayan xanımları xatırlayır. Lakin buna rəğmən, ən azından möhtəşəm
şeirlər müəllifi olan bircə şairəylə- Teresa von Yakob adlı güclü qızla yetərlənib
nikbinliyi qorumağı təklif edir (O dövrün ədəbiyyat jurnalı olan “Kunst und Altertum”da həmin şairənin
şeirlərinin dəyəri barədə məqalə də yazır).
Az sonra
Höte və qadınlar mövzusuna yenidən qayıdacağam.
Müəllifini
xatırlamadığım bir kəlamda deyilir ki, yazıçılar o nəsnələri görməmişdən,
duymamışdan, adlandırmamışdan öncə heç kim onları görmürdü, duymurdu, adlandıra
bilmirdi. Bəlkə bir az irrasional düşüncə sayıla bilər, hərçənd cövhərində gerçəklik
payı sezilir. Almaniyada dövri olaraq nəşr olunan ilk ədəbi jurnal “Der Deutsche
Merkur”un naşırı, şair və nasir Kristof Martin Vilandın, Almaniyanın yüksək təbəqəsinin
düşüncə və danışıq üslubuna göstərdiyi böyük təsirdən söhbət düşəndə bu kəlam
yada düşdü. Bir düşünər-yazar yetişir, əsərlər yazır, jurnal çıxarır, doğma
dilini zənginləşdirməyə can atır və yüksək təbəqə yazı üslubunu, danışıq tərzini,
dolayısıyla düşünüş fəaliyyətini bu kültürlə təməlləndirir, onu oxuyub öyrənir.
Və yüksək təbəqənin bəhrələnib yaratdığı həmin mədəni model sonralar yavaş-yavaş,
istər-istəməz, zaman-zaman xalqın mənəvi varlığına işləyir..” Özünü doğru düzgün ifadə etmək qabiliyyəti
kiçik görüləsi, önəmsiz bir şey deyildir...Pis olana pis desəm, bundan nə
qazanaram ki?” söyləyən Hötenin kiçildici, aşağılayıcı, pisləyici tövrə
mehr salmayıb, həmişə yüksəldici, ucaldıcı nəsnə və yaşantılarla maraqlanmağı ərdəm
sayması bütün əsər boyunca hiss olunur.
Qlobal
istilənmə, ekoloji çirklənmə, dünyəvi kapitalizm, nüvə silahlarıyla bağlı təhdidlər
çağında, iqtisadi-sosial baxımdan nə dərəcədə inkişaf etməyindən asılı
olmayaraq, modern sivilizasiya daxilində mövcud olan hər ölkənin vətəndaşlarının
zatən artıq dünya vətəndaşı sayılmalı olduğunu düşünürəm. Vətəndaş özü bundan xəbərsiz
ola bilər, fəqət yuxarıdakı dünyəvi və obyektiv təhdidlər onu, necə deyərlər, avtomatik
dünya vətəndaşına çevirir. Biz Avropa, Yapon, Koreya, Amerikan filmlərini,
seriallarını izləyirik, bir çox insan o regionlarda istifadə edilən avtomobilləri,
maddi əşyaları arzulayır, əldə etməyə çalışır və əldə etdikdən sonra da elə
orada yaşayan insanlar sayağı istifadə etməyi bacarırlar.
Bu
baxımdan, ədəbiyyata, sənətə, fəlsəfəyə maraq duyduğum ilkin dönəmlərdən indiyədək,
qarşımda, “nəyə görə bizdə filan cür ədəbi əsərlər yoxdur, kinolar çəkilmir?”
kimi suallar demək olar heç zaman yaranmayıb. Ara-sıra bu tip suallar
qeyri-ixtiyari şəkildə və zəif toxunuşla özünü hiss etdirsə də, vəziyyətin səbəblərini
özümçün müəyyən qədər aydınlaşdırdığımı düşündüyüm üçün, onları ciddi və
narahatedici problem kimi görmək meylim oyanmayıb. Həmişə düşünmüşəm ki, əgər
Azərbaycanda yaxşı sənət əsəri, elmi-fəlsəfi mətn yoxdusa (yaxud azdısa), bəşəriyyətin,
oxumağa, baxmağa, dinləməyə uzun bir ömrün yetməyəcəyi əngin kültür xəzinəsindən
bəhrələnmək istənilən halda bu boşluğu
doldurmağa kifayət edər. Uzaq bir məmləkətdə yaşayan hansısa bir
avropalı sənətkarın filminə tamaşa edirsən, mütəəssir olursan, hətta gözlərin
dolur. Bu digər məqamlardan başqa daha nəyin göstəricisidir? Səninlə, həmin
filmi, ssenarini düşünüb xəyal edən və çəkən rejissor, müəllif arasında duyğusal
baxımdan, bilinc işləyişi baxımından xüsusi və kəskin fərqlərin olmadığının
göstəricisidir. O, görür, hiss edir, ifadə edir, sən onun ifadəsini izləyir və
kövrəlirsən, sevinc, qorxu yaxud sevgi duyursan. Yabançı və səndən çox-çox
uzaqlarda yaşayan həmin müəllifi hiss edirsən. İkiniz də Homo Sapienssiniz (yaxud
bir-birinə xeyli yaxın iki növün nümayəndəsi. Əksi olsaydı, onu bu qədər dərindən
duya bilməzdin). O, həyatın bir parçasından duyğulanır, sonra səni
duyğulandırmaq istəyir və duyğulandırır. Nə qədər xoş və dəyərli! Demək, nə baş
verdi? Hipokampus, amiqdala və talamusla neokorteks arasındakı bilgi-duyğu
gediş-gəlişi (yaxud alış-verişi) təmin olundu və içimiz mənəvi baxımdan
dolğunlaşdı. Dünyəvi kültür o qədər zəngin və çoxcəhətlidir ki, adam beş insan
ömrü boyunca baxsa, oxusa , eşitsə belə, bitirib sonlandıra bilməz. Hərçənd
Homo Sapiens təmin olmaq üçün yaranmayıb, burası da aydın, ziddiyyətli, mürəkkəb
məsələdir. Və söz yox ki, insanın öz vətənində yaşayan yaradıcı fərdlərin
yaratdığı dərin və gözəl əsərlər hər zaman onu daha çox şərəfləndirər, ruhuna
rahatlıq və təsəlli gətirər.
Höte,
oxşar mövzuyla bağlı düşüncələrini bölüşərkən, ədəbiyyatın, sənətin, ənənəvi
kültür baxımından bir-birindən fərqli və məsafəcə uzaq olan ölkələrin
insanlarını yaxınlaşdırmaqda, doğmalaşdırmaqda necə böyük imkana və gücə malik
olduğunu adama yenidən xatırladır.
“Dünya heç dəyişmir. Bir xalqın başqa xalqlar
kimi yaşadığı, sevdiyi, hiss etdiyi şeylər təkrarlanıb durur, belədisə, nəyə
görə bir şair də digərləri kimi yazmasın? Yaşanan hadisələr eynidisə, nə üçün
şeirlərin də mövzuları eyni olmasın?”, söyləyən Höte, dostu professor
Reimerin, “bax, duyğuların və yaşamın məhz
bu cür bənzərliyi, digər xalqların, millətlərin şeirlərini də anlayacaq durumda
olmağımıza imkan yaradır. Əgər belə olmasaydı, yabançı millətlərin şeirlərində
nədən bəhs edildiyini heç cürə anlamazdıq” sözləriylə razılaşdığını
bildirir.
Höteni
çox sevən və onun haqqında ədəbi-bioqrafik kitab yazan bir müəllifin dediyinə
görə, Hötenin gənclik illərinin Almaniyasında eşq hər şeydən ucaymış. Alman
xanım yazıçısı Varnhagen von Rahel (1771-1833) bu dövr barədə söylərmiş: “O zamanlar bir eşq dini vardı ki, qəlbdən gələn
hər səmimi duyğu həmin dində müqəddəs bilinərdi.” Sevmək ən təbii istək
sayılarmış. Əgər mənəvi həyatında bu qədər yüksəlmisənsə, duyğularını gizli
saxlamaq, onları üzə çıxarmaqdan qorxmaq doğru seçim olardımı? Saxtakarlıqdan
xilas olmuş eşq bütün ürəkləri dirildib çiçəkləndirirmiş və eşqin yaratdığı
yeni əxlaqi kəlam buymuş: Eşq hər şeyi təmizləyər!
Dönəmin
bu Eros enerjisinə bürünən Hötenin ilk eşqi aşağı təbəqədən olan, Qretxen olan
incə bir qızıymış. Ancaq, “Üzərimdə ən
sürəkli təsirini saxlayan ilk qadın o idi” dediyi bu qıza duyduğu sevgi
platonik səviyyədə qalır.
Leypziqdə
onu özünə heyran buraxan xanım isə iyirmi bir yaşlı Katçen oldu. Hötenin bu
yaşında sevdiyi xanımlar nə çox gözəl, nə çox zəkiymişlər. Fəqət nazlıymışlar, ruhi
məlahət saçarmışlar. On doqquz yaşlı
Höte, ona ilk sevgi xoşbəxtliyini yaşadan bu gənc xanıma, ehtiraslı xatirələrdən
yaranmış bu misraları həsr edir:
“ Necə lətif bir qüvvət, gör, onu canlandırır!
Onu daima yeni bir gözəllik sarıyır. O,
qüsursuzdur.
Yeganə günahi isə, budur, məni sevməyi.
Atəşin və sayğıyla, ayaqlarına düşürəm,
Ehtiraslar içində köksünə atılıram.”
Ümid
edirəm oxucu, şəhvətlə sayğının, on doqquz yaşlı gəncin dərin həssaslığı sayəsində
bir-birinə qarışdığı bu misraların tərcüməsindəki naqisliyi şair olmayışıma
bağışlayar.
(Ardı ola bilər)
Kultura.az