post-title

Qarabağ və ədalətsizlik

İndiki zəmanədə müharibə etmək artıq barbarlıq hesab edilir. Saysız filmlərin, kitabların sayəsində, savaşların əlində tar-mar qalan Suriya kimi ölkələrdə baş verənlərin dünyaya canlı göstərilməsi nəticəsində, müharibə anlayışı artıq bütün romantikasını itirib.

Nə qədər haqlı olursan ol, əgər müharibə etsən, qloballaşaraq artıq balaca bir kəndə çevrilən dünyada hamı sənin müharibəyə başladığını görəcək və müharibəni qəbuledilməz hesab edən sivil insanlar səni aqressor kimi qələmə verib mühakimə edəcəklər. Haqlı olsan belə, haqsız vəziyyətə düşəcəksən. Üstəlik də, kiçik ölkəsən, səni cəzalandırmaq üçün pusquda dayanan əjdahaların əlinə bəhanə vermiş olacaqsan. Qarabağ problemi bəlkə də vaxtında güc yoluyla həll oluna bilərdi, indi isə artıq gecdir, qatar çıxıb gedib...

İndiki zəmanədə normal insandan gözlənilən, normal insanın da özündən gözlədiyi budur ki, o, müharibəyə, militarizmə, qanın axıdılmasına qarşı olmalıdır. O, əlinə silah götürüb müharibəyə getməkdənsə, adam öldürməkdənsə, bir şəxsiyyət kimi özünü realizə etməli, yaşayıb dünya zövqlərini dadmalı, əqlən və mənən özünü inkişaf etdirməli, mərhəmətli olmalı, problemləri dialoq və müzakirə kimi sivil yollarla həll etməlidir. 

Amma Azərbaycanda normal insan olmaq biraz çətindir, müharibə əleyhinə danışsan, sülhdən dəm vursan, üzərinə heç də haqsız görünməyən çətin suallar yağacaq:

“Ermənistan Azərbaycanın qanuni ərazilərini işğal edib, 30 ilə yaxındır ki, işğalda saxlayır. Nəinki iddia etdiyi Dağlıq Qarabağ ərazisini, hətta ətraf rayonları da qaytarmaq istəmir. Qaytarmaq bir tərəfə, dinləmək, başa düşmək, ortaq məxrəcə gəlmək təkliflərini belə rədd edir. Tarixlə zəhərlənmiş, kollektiv psixozdan əziyyət çəkən, amma həm də xaricdə çox güclü dəstəyi olan bu rəqib hər yerdə azərbaycanlıları provokasiyaya çəkməyi, ləkələməyi, gözdən salmağı, alçaltmağı qarşısına məqsəd qoyub. Bu rəqiblə necə sülhdən danışmaq olar? Ümumiyyətlə, işğala məruz qalan sənsənsə, necə sülhdən danışa, aşkar ədalətsizliyə necə göz yuma bilərsən?”

Hər dəfə Azərbaycanla Ermənistan arasında silahlı gərginlik yaşananda, ən böyük əziyyəti normal düşüncəli azərbaycanlılar yaşayır. Sülhdən danışsan, hamı səni əzik adlandıracaq, küyə gedib müharibə ritorikasına qoşulsan, ən azı öz vicdanın səni imtahana çəkəcək: “Başqalarını müharibəyə səsləyərkən, özün müharibəyə getməyə hazırsanmı? Güllə atmağa, insan öldürməyə, zorakılıq törətməyə vicdanın yol verərmi? İnsan öldürsən, ömrün boyu bunun travmasını yaşamayacaqsanmı?”

Dilemma qarşısında qalırsan. Amma bu dilemmanın bir həll yolu da var. İş orasındadır ki, əgər sən müharibəyə qarşısansa, bu o, demək deyil ki, ədalətsizliyə qarşı çıxmamalısan. Sən müharibəyə qarşı ola-ola, sülhdən danışa-danışa ədalətsizliyə qarşı çıxa, ədalətsizliyin aradan qaldırılmasına töhvə verə bilərsən. Müharibələrin kökündə həmişə ədalətsizlik dayanır. Müharibəni doğuran, aktual qalmasına səbəb olan ədalətsizliyə qarşı çıxmalısan ki, problem həll olunsun.

Xarici ölkələrin birində Ermənistanın ədalətsiz işğalına etiraz edən bir azərbaycanlı qızın əlində tutduğu bir şüar gözümə sataşdı. Qarşı tərəfdə toplaşan erməni kütləsinə ünvanlanan şüarda ingiliscə “Uşaqlarınıza nifrət etməməyi öyrədin” yazılmışdı. Çox güclü bir mesaj idi bu, problemin əsas səbəblərindən birini açıqlayırdı: nifrəti.

Bizimkilər indiyəcən erməniləri Metsamor Atom Elektrik Stansiyasını vurmaqla təhdid edib özünü cəncələ salmaqdansa, kütləvi səfərbərlik şousu yaratmaqdansa, erməni bayrağını tapdalayan yerdə şəkil çəkməkdənsə, "Fucuk Armaniye mazə" deməkdənsə, “Uşaqlarınıza nifrət etməməyi öyrədin” deyən qızın strategiyasından daha geniş formada istifadə etsəydilər, daha təsirli bir iş görmüş olardılar. “Hava yaman soyuqdur, ermənilər toyuqdur”  kimi təbliğat aparmaqdansa, erməni ziyalılarına, özlərini normal kimi qələmə verən insanlarına, həmçinin “dünya ictimaiyyəti”nə səbirlə, ağılla, bacarıqla sual verməyi bacarsaydıq, bəlkə də onları mat edə bilərdik. Amma sual verməyi bacarmaq üçün bizdə vizyon çatışmır. Həmçinin biz sual verən kimi, özümüz cavabını verə bilməyəcəyimiz suallarla üzləşirik. O suallardan da biri budur ki, vətəndaşlarına ədalətsizlik edildiyini iddia edən bir hökumət bəs özü niyə öz vətəndaşlarına ədalətsiz davranır? 

Beləcə, Qarabağ problemi Ermənistanın işğalçı siyasəti, böyük dövlətlərin bizi yola verməyi qədər, Azərbaycanın öz daxilində də baş verən ədalətsizliklər nəticəsində aktuallığını saxlayır.  Bir ölkə üçün ərazi itirmək faciədir, amma o faciədən daha böyük faciə ərazi itirməyə, ərazinin işğalda qalmasına rəvac verən şərtləri yaratmaq və bu şərtlərin qalmasında israr etməkdir.

Əgər öz ölkəndə korrupsiya, monopoliya tüğyan edirsə; bir ovuc zənginlə milyonlarla yoxsul arasında uçurum yaranıbsa; məhkəmə və parlament başda olmaqla, dövlət təsisatları işlək deyilsə; seçib-seçilmək, ifadə və mətbuat azadlıqları yoxdursa; zorakılıq institutlaşıbsa; insan hüquqlarına məhəl qoyulmursa; mülkiyyət toxunulmazlığı yoxdursa; fürsət bərabərliyi mövcud deyilsə; ümumən, Azərbaycan bu cür ən təməl məsələlərdə dünya ölkələri arasında həmişə ən axırıncı pillələrdə qərarlaşırsa, bir ölkə kimi imici rəqibin imicindən qat-qat aşağıdırsa, o zaman kimdən və nə üçün Qarabağ probleminin həll olunacağını gözləyir?

Azərbaycanlıların qüruruna toxunan təkcə Qarabağ problemi deyil, həm də hökumətdəkilərin onlarla alçaldıcı formada rəftar etməsidir. Bu, Qarabağ məsələsində qarşı tərəfin elədiyindən heç də daha kiçik ədalətsizlik deyil, hətta bəlkə ondan daha böyük ədalətsizlikdir. Sənə özününkü qənim kəsilibsə, başqasından nə umasan?

Əlqərəz, Azərbaycanda bu illər ərzində dövlət və cəmiyyət miqyasında daha effektli strateji  yanaşmalardan istifadə edilsəydi, ölkənin imici, xalqın güzəranı yaxşılaşdırılsaydı, insanlarda özünəhörmət doğuran şərtlər təmin olunsaydı, təhsilin səviyyəsi qaldırılsaydı, özünü ifadə etməyi, sual verməyi bacaran nəsil yetişsəydi,  ölkə Qarabağ problemində çox daha əlverişli mövqedə ola bilərdi. Bunlar olmadı, əksinə daha çox ədalətsizliklər törədildi, nəticədə də problem sıfır nöqtəsində ilişib qalıb və yerindən tərpənmək bilmir.

Beləcə, Qarabağ problemi xaricdən və daxildən qaynaqlanan çoxsaylı ədalətsizliklərin doğurduğu bir müşgülə çevrilib. Ədalətsizlikləri sülhlə, danışıqla, dialoqla da aradan qaldırmaq olardı - əgər ədalətsizlikləri görəcək gözlər, dərk edəcək ağıl və həll etməkçün hərəkətə keçəcək iradə olsaydı...

Cavid Ramazanov

Azlogos.eu

 

 

 

Yuxarı