Erkin Qədirli: \"Adam o qədər bəsit həqiqətlər uğrunda mübarizə aparır ki...\" - Müsahibə
REAL Hərəkatının idarə heyyətinin üzvü, hüquqş&uum…
Bir neçə il öncə Azərbaycan ədəbiyyatında yeni nəsil yazarlarla, klassiklər arasında tez-tez polemika yaşanırdı. Bu isə ədəbiyyatın inkişafı və mütaliə mexanizminə yaxşı mənada təsir edirdi. Son illər isə süküt hökm sürür. Daha əvvəlki canlı situasiya demək olar ki, yoxdur. “Regionnews.az” bu barədə tanınmış şair Rasim Qaraca ilə söhbətləşib. Müsahibəni təqdim edirik.
“Ədəbiyyat cəbhəsində sakitlikdir”
- Rasim bəy, ədəbiyyatda sakitlik hökm sürür. Əvvəl yenə postmodernizmlə, klassika arasında çılğın müzakirlər gedirdi. Noldu birdən-birə hər şey sükuta qərq oldu?
- Haqlısız, hər şey sükuta qərq olub. Sanki artıq sükut Azərbaycan yazarının xassəsinə çevrilib. Təkcə ədəbiyyatda deyil, ictimai həyatın bütün sahələrinə dərin sakitlik, depressiya hakimdir. Azad olmayan, uzaqdan komanda ilə idarə olunan cəmiyyətik, ictimai rəydən, ənənəvi qəliblərdən, adətlərdən asılı olan konformist insanlarıq. Bizim dəyişməyimiz, mədəni insanlara çevrilməyimniz haqqında çox da ürəkaçan şeylər fikirləşmirəm.
- Postmodernizm demişkən, həqiqətən, bu cəryan Azərbaycan ədəbiyyatında varmı? Sanki təkrarçılıq da çılpaqlaşıb və hətta kütləviləşməyibmi?
- Bizdə postmodern də var, sürrealizm də, demokratiya da, ancaq hamısı milli qazanda bişib – nəzarətə alınıb, burnuna halqa taxılaraq idarəolunan şəklə salınıb. Necə ki ölkədə əgər dövlət işində işləməsən kreditə mal götürə bilmirsənsə, postmodernizmdən də dövlət işində işləmək tələb olunur.
““Xalq şairi” adını verən xalq deyil, hökumətdir”
- Xalq şairi adı hələ də müzakirə obyektidir. Biri deyir bu ad lazım deyil, biri deyir haqqıdı. Səngiməyən bu ad məsələsinə bəlkə siz də haçansa münasibət bildirmisiz. Məsələn elə deyək Musa Yaqub, Ramiz Rövşən... bunlara o ad lazım idi?
- Əsl xalq şairlərinə, xalqın sevgisini qazanmış şairlərə bu ad əlbəttə ki, lazım deyil. “Xalq şairi” adını verən xalq deyil, hökumətdir, bu adı verərkən şairin çiyninə əlini qoyur və sən mənim malımsan deyir, bir mənada şairin talantını öz fəaliyyətinin nəticəsi sayır. Şair də bu nikahdan məmnundursa nədən olmasın. Müzakirəyə nə gərək var?
- Günlərin biri günü mətbuatdan xəbəriniz oldu ki, sizə də Xalq şairi adını verdilər. Münasibətiniz necə olar.
- Bu sualınız rəsmən həqarətdir. Buna ehtimal verməniz belə ayıb…
- Şeirləriniz yayqın deyil bunu etiraf edək. Amma yayqın olmayan şeirləriniz gözəldi, təmizdi. Heç narahatlıq keçirirsinizmi ki, niyə mən Vahid Əziz kimi şeir yazıb, müğənnilərə vermədim, çal-çağır qurulmadı şeirlərimdə?
- Əvvəl belə bir arzum vardı, şeirlərimə mahnı bəstələnsin və ya aktyorların dilindən səslənərək daha geniş kütləyə çatsın. Ancaq nəyə görəsə tanrı məni belə pis şeylərdən qoruyub, “görünür mənimlə bağlı nəsə bir niyyəti var”(FMD). Bir şey də var ki, şeirlərim qısadır və ya məzmun olaraq mahnıya uyğun gəlmir… Hətta bu da deyil, indi səviyyəli bəstəkarlar yoxdur, üstəlik gərək alver edəsən, mahnını kiməsə satasan, bir sürü şair ruhunu küsdürən məqam var bu məsələdə. Axı, ümumən şeir yazmanın bir feliyyət olaraq nəidisinə baxsaq, onun çox fərdi, gizlin, kütlə ilə əlaqəsi olmayan bir nəsnə olduğunu görərik. Məncə şeiri özün üçün yazmalısan, başqalarının xoşuna gəlmək üçün yazanda ortaya çıxan nədirsə onun adı şeir olmur adətən.
- Şeir belə gizlin, mübhəm qalsa yaxşıdı?
- Şeir gizlin olmasın. Belə demək səmimi olmaz. Sonunda biz şeirlərimizi kitablaşdırır, yüksək tirajla çap edirik, demək onun kütləyə çatmasını istəyirik. Lakin kitab sonrakı mərhələdir, şeir yazıldığı anda onu kütləyə hesablamaq yanlşdır məncə. Bu, şairin ictimai rəydən asılılığına gətirib çıxarır, şeirin isə ölümünə. Şöhrətə çatmış şairlərin artıq əvvəlki kimi yaza bilməmələrinin səbəbi budur böyük ehtimal. Nə cürsə şöhrətlə aranda məsafə saxlamalısan, hər kəs öz bildiyi kimi bunu etməlidir. Əks halda faciə qaçılmazdır.
-Məsələn, siz bunu necə edirsiz?
- Daşıya biləcəyimdən artıq şöhrət mənə lazım deyil. Sadəcə ona can atmıram. Şöhrətə haram pul kimi baxıram, sovrulub gedəcək və sənə əzabı qalacaq.
“Aqşin üçün bu artıq gecdir, özünü şöhrət küləyinə qapdırdı”
- Aqşin Yenisey bir müsahibəsində deyir ki, mən istəmirəm məni kütləvi şəkildə camaat oxusun, məni başa düşən bir oxucu olsun, təklikdə oxusun. Mən də razıyam bununla. İndi o ağıllı, sentimental oxucunu tapmaq asandı?
- Aqşin üçün bu artıq gecdir, özünü şöhrət küləyinə qapdırdı, bundan sonra onun həyatdakı gerçək poetika ilə təması çox çətin olacaq... Oxucu isə hər zaman var, dəyərli söz itmir, yaddaşlarda qalır, bəzən əsl dəyərinin bilinməsi üçün 10 illərlə zamana ehtiyac olur. Yaradıcılıq uzun vədəli prosesdir, yaxşı əsər gec yetişən meyvə kimidir, tələsmək, zamanı qabaqlamaq, ağacdan zorla meyvə almaq doğru deyil. Bəzi çiçəklər 25, 50 ildə bir dəfə açılır. Himalay dağlarında bitən Narilatha adlı bir ağac var, məsələn, 20 ildə bir dəfə çiçəkləyir. Məncə şairlər, başqa incəsənət sahəsinin adamları sənətə bu cür, yüksək tənəffüslə yanaşmalıdır.
- Rasim bəy, əbədiyyət haqqında narahatlığınız nədi? Neruda, Nazim Hikmət, Müşfiq də görəsən düşünüb ki, o yazır, amma xalq şeir oxumur?
- İndi adını çəkdiyiniz şairlərin zamanı deyil, artıq əbədiyyət anlayışı əvvəlki mənasını itirib. Mənim nəzərimcə sənət əsəri gələcəyə indekslənməməlidir, çünki artıq bildiyimiz mənada gələcək yoxdur. Şair (sənət adamı) həyatı daha dərindən hiss edən, bunu özünə fəaliyyət sahəsi seçən insandır və məncə onları maraqlı edən də budur – bu qısa filmdə, həyat adlanan nəsnədə, kim daha çox şeyin fərqinə vardı, bir ömürdə kim 2 ömür, 3 ömür, 5 ömür yaşadı, hadisənin fərqinə kim vardı? Yoxsa, bizim ədəbiyyatda olduğu kimi, söz oynatmaqla dəyər yaratmaq sənətin ən ucuz yoludur, gerçəkliyin özünü deyil, onun kəfini insanlara sunmaqdır.
- Ara-sıra şeirləriniz çap olunur. İrihəcimli nəsr yazmaq barədə düşünürsünüz?
-Mən sənətdə minimalizmin tərəfindəyəm, az sözlə çox şey ifadə etməyin. Hekayələrimə diqqət etsəniz hər biri bir roman ola biləcək hadisələrdir. Belə də ki, “Zülmətdə Alatoran” nisbətən iri həcmli avtobioqrafik romandır.
- AYB-də qurultay olması gözlənilir, vaxt məlum olmasa da. Anar müəllimin sədrliyə namizəd ola bilər. Bir çox tanınmış imzalar Anar müəllimin sədr olmasının tərəfdarıdır.
- AYB və Anar söhbətlərini özüm üçün bağlamışam, tarixi əsərlərə də marağım yoxdur, Şeyx Nəsrullah kimi ölü diriltmək mərəzinə də bulaşmamağa çalışıram.
- Sizi həvəsləndirən, oxumağa meylinizi artıran əsərlər barədə istərdik danışasınız?
- Son vaxtlar, hətta son illər yalnız dokumental əsərlər oxumağa həvəsim var, bioqrafiyalar maraqlıdır mənə və bəyəndiyim kitabları da öz nəşriyyatımda buraxmağa çalışıram. Yayınladığımız kitablardan: Roald Amundsenin “Mənim həyatım”, “Cənub qütbü” Tur Heyerdalın “Kon Tiki səyahəti”, “Ra ekspedisiyası”, Frithof Nansenin “Fram gəmisində Şimala doğru”, Salome Zurabişvilinin “Mənim Gürcüstanım”, Ben Qurionun bioqrafiyası, İnqmar Berqmanın “Sehirli fənər”, Eduard Limonovun “Bu mənəm Ediçka”, Nəsib Bəy Yusifbəylimin bioqrafiyası və s. əsərlər əsasən sevdiyim kitablar olduğu üçün meydana gəlib. Hal-hazırda oxuduğum kitablar: Herbert Uels “Bioqrafiya təcrübəsi” (1000 səhifədn artıqdır, çap etməmiz imkanszdır), Henri Millerin “Həyatımın kitablar”, Karl Xaqelin “Mənim əmək yolum” və s.
- Xarici səfəriniz necə keçdi, bildiyim qədəri ilə bu səfər yerli və xarici naşirlərin bir araya gəlməsi idi. Necə düşünürsünüz, bu görüşlər Azərbaycan kitabçılğına yeni nəfəs gətirə bilirmi?
- Nəşriyyatların 6-cı İstanbul görüşməsi dünya səviyyəsində mötəbər tədbir hesab olunur. Hal-hazırda Türkiyə höküməti İstanbulu dünyanın kitab mərkəzi etmək kimi böyük bir ideyanı gerçəkləşdirmək məqsədiylə bu sahəyə böyük yatırımlar edir. Azərbaycan naşirləri üçün də burada böyük imkanlar mövcuddur. Təsadüfi deyil ki, bu ilki tədbirdə Azərbaycan xüsusi statusda idi, qonaq ölkə kimi iştirak edirdi və 15 nəşriyyatla qatılmışdı. Fellowship İstanbul görüşmələri Azərbaycan yazıçılarının xaricə açılması üçün yaxşı imkanlar vəd edir.
Söhbətləşdi: Ruzbeh Məmməd, Bəsti Məmməd