post-title

Azərbaycan gəncliyi - Reallıqlar və perspektivlər

Bu gün Azərbaycan gəncliyi həm inkşafdadır həm də ki, tənəzzülə doğru irəliləyir. Paradoksal səslənsə də, belədir. Bu gün məktəbi bitirmiş gənclərimiz ya universitetə daxil olur, ya da ki, əsgərliyə yollanır. Əslində o qədər də sadə deyil. Yəni göründüyü kimi deyil. Bu gün orta məktəbi qurtarmış gənclər üçün bu iki alternativdən başqa yol yoxdur. Universitetə daxil olanlar arasında 90% gənclər kor-koranə həyat tərzi sürür. Çayxana, mənasız qlamur həyat və s.

 

 
 
 
Bu iki misaldan da göründüyü kimi bu gün Azərbaycan gəncliyində reallıqlar bundan ibarətdir. Yəni təhsil, səhiyyə, işsizlik, mənzil və daha nələr nələr.
Və gənclər başlayır öz dünyalarını yaratmağa. Faiz nisbəti ilə, bir çoxu səhv yol seçir. Sadəcə az hissəsi çərçivələri qırır. Günümüzdə, Azərbaycanda çox mənasız və xoşagəlməz gənclik formalaşır. Buna da kaloritlər deyirlər. Yadıma bir qısa əhvalat gəlir. Başa düşəcəksiniz nə demək istədiyimi...
 
Yadıma gəlir, bir dəfə dostlarla zəngləşdik. Şəhərdə, bir kafedə oturub bir az istirahət etmək istəyirdik. Birinci mən çatmışdım. 3 oğlan oturmuşdu. Nəzakətlə məni çağırdılar. Xülasə, söhbət belədir ki, dostları qəzaya düşüb və pul lazımdır. Çölə çıxanda bir qrup da bunlar kimi yaxınlaşıb içəridə «hesabın çatmadığını» dedilər. Gülüncdür və ən əsası bunlar bizim gənclərdir. Bir neçə dəqiqədən sonra birləşib bir yerdə oturdular. Biz də yandakı masada əyləşdik. bunlar azmış kimi siqaret filan istəyir, ilişirdilər. Axırda da məlum olduğu kimi «söhbət» oldu.
 
Bunun səbəbi məncə gənclərin öz beyinləri, ağılları ilə yox, onlardan əvvəlki nəslin “doldurma” fikirləri ilə hərəkət etmələridir. Yəni gənclər necə görmüşdülərsə, elə də hərəkət edirlər. Əlbəttə ki, bu yolverilməzdir. Bizdən əvvəlki nəslin yaşadığı zaman, mühit, şərait tamam fərqli olub və bu da gənclərin səhv yolda olduğunu göstərir. Hazırda ölkəmizdə Avropaya inteqrasiya prosesi gedir və belə gənclər müasir düşüncəli gənclərlə fikir ayrılığına düşür, bu da gəncliyin parçalanması deməkdir. Bu özünü indi göstərməsə də gələcəkdə mütləq cəmiyyətə, ələlxüsus da cəmiyyətin ən vacib hissəsi olan gəncliyə öz ziyanlarını göstərəcək.
 
Biz hələ də başa düşmürük, daha doğrusu başa düşürük amma qəbul etmək istəmirik ki, belə yaşamaq mümkün deyil, bu mentalitetlə olmaz. Milli mənəvi dəyərlər, mentalitet insanlara bədbəxtlik gətirir, qeyri-səmimilik gətirir. Mən inanmıram ki, yuxarıda göstərdiyim gənclər qəzet oxusun, gündəlik mətbuatı izləsin. İnternetdən isə yalnız oyunlar oynamaq üçün istifadə edirlər. Çərçivələri qırıb, nə isə bir işlə məşğul olmaq lazımdır. Nə qədər «razborka» olar ? Niyə gülünc işlərlə məşğul oluruq? Niyə yararlı bir işlə məşğul olmuruq? Misal olaraq kitab oxumaq. Demə ki, «dərs deyil oxuyucam nə olacaq?». Aç, oxu, dərk elə. Danışığında, fikirlərində, dünyagörüşündə... Bir sözlə, hər şeydə dəyişiklik görəcəksən.
 
Düzdür mentalitet elə birinci problemdir, uşağın doğulmasından başlayır. Bizdə uşaq niyə dünyaya gəlir? Avropalılara gülürük ki, 18 yaşına çatan kimi uşağa "deyirlər" ki, get başını saxla, müstəqil ol. Məgər Azərbaycanda uşağı dünyaya gətirirlər ki, cəmiyyətə layiqli fərd versinlər? Yox, "valideyinə baxmaq", "nəvə sahibi olmaq", "xəstələnəndə bir stəkan su verənim olsun" prinsipi ilə eqoizm üzərində qurulur, yəni biz övlad sahibi oluruq ki, "bizə baxsın, adımızı batırmasın, biz dediyimiz sahəni seçsin, biz təsəvvür etdiyimiz kimi yaşasın, ixtisas seçsin, evlənsin, ərə getsin" və s. Azərbaycanda uşaq valideyinin eqoizminin nəticəsidir. 
 
Bütün bunlar, hamısı bir yerdə xalqın səmimiyyətsizliyinə gətirib çıxarır. İndi siz deyin mənə, günün böyük hissəsini çayxanada, internet kafelərdə keçirən gənclik yaxşıdır, yoxsa xalqını düşünən və bu yolda azadlığını tələb edən gənclik?
 
Kənan Abbasov
 
Kultura.Az
 
Yuxarı