post-title

Biz necə azad ola bilərik?

Bu gün Azərbaycanda yaşayan əhalinin böyük qismini gənclik təşkil edir. Onlar yetərincə əlverişli mühitlə, şəraitlə təmin olunublarmı? Əlbəttə ki, cavab müsbət deyil. Xüsusən də gənclərə istər dövlətin, istərsə də mentalitetin təzyiqlərini nəzərə alsaq, məsələ tam aydın olar.

 

Azərbaycan gəncini Qərbdəki yaşıdlarından fərqləndirən cəhət də məhz azad fəaliyyət mühitinin olmamasıdır. Çünki, bizi daim qara kölgə kimi izləyən bu mental dəyərlər, bizə dinc hərəkət etmə imkanı tanımır. Bunun üçün də məhz bu tabu ilk növbədə qırılmalıdır. Azadlığımız savadlanmadan keçir. Özüm də vaxtilə tələbə olmuşam. Müşahidələrim onu deməyə əsas verir ki, Azərbaycanda bir tələbə, əsla oxumağa meylli deyil. Əlbəttə bunun obyektiv və subyektiv səbəbləri vardır. Lakin yüksək təhsil almış bir gəncin gələcəkdə böyük uğurlara nail olmaq şansı daha çoxdur. Buna dair bir neçə misal da çəkmək olar.

Bu yaxınlarda eşitdiyim bir hadisə məni bu yazını yazmağa vadar etdi. Məlumdur ki, həm Bakı kəndlərində, həm bir sıra regionlarımızda qızların orta məktəbin aşağı siniflərindən çıxarılaraq evdə oturdulmaları adi hala çevrilmişdir. Məsələn, Nardaranda belə bir fikir var ki, bir qızın təhsil alması onun yalnız ad və soyadını yazmağı bacarması üçün lazım ola bilər. Çünki nikahın bağlanması zamanı bu lazımlı olur. Başqa heç bir səbəbə görə, ona təhsil lazım deyil. Belə aşağılıq nümunələr çoxdur. Amma mənim eşitdiyim hadisə bundan da iyrəncdir. Deməli bir nəfər öz qızına orta məktəbdə təhsil almasına imkan yaradıb və onun IV qrupdakı tibb ixtisaslarına hazırlaşmasına razı olub. Amma dövlət tərəfindən təhsil haqlarının artırılmasından sonra bu fikrindən daşınıb. Düşünüb ki, bir qız üçün ildə 2500 manat verməyə dəyərmi? Onsuz da oxuyub qurtarandan sonra çıxıb ərə gedəcək. Ən yaxşısı, onu xərci az olan pedaqoji istiqamətə yönəltməkdir. Öz dediyinə görə “bu pulu elə oğluma ayıraram da”. Qeyd edim ki, həmin adamın maddi durumu yetərli qədərdir və ildə 2500 manat ödəmək onun üçün heç nədir. Yenə imkanı aşağı olsa idi, anlamaq olardı. Haşiyə çıxıb demək istərdim ki, həmin insan dindardır. İnandığı dinə görə isə, övladlar arasında ayrı-seçkilik etmək böyük günahdır. Buna dair hədislər də mövcuddur.

Bu necə məntiqdir? İnsanın övladları arasında qız və oğlan deyib fərq qoyması necə izah oluna bilər?  Bu gün gənclər olaraq, qarşımızda duran ən vacib məsələ, bizi daim sıxan adət-ənənələrdən qurtulmaqdır. Bunun da yeganə yolu savadlanmaqdır. Çalışmalıyıq ki, ali məktəblərə daxil olaq və keyfiyyətli təhsil alaq. Dövlətin ali təhsil müəssisələrində keyfiyyətdən söhbət belə gedə bilməz. Öz üzərimizdə işləmək məcburiyyətindəyik. Bu istiqamətdə əsas yük qızların üzərinə düşür. Əgər onlar ailə basqılarından qurtulmaq istəyirlərsə, onda təhsil almalıdırlar, daha tələbə ola-ola ərə getmək barədə düşünməməlidirlər. Etiraf edək ki, əksər qızlarımız imkanlı ər arzusundadırlar, bu yolla bütün problemlərinin həll olunacağını düşünürlər. Lakin bu, onları heç vaxt azad etməyəcək. Əgər azadlıq istəyirsinizsə, onda iqtisadi cəhətdən təmin olunmalısınız. Bunun yolu da şübhəsiz ki, təhsildən keçir. Heç kimdən asılı olmadan, öz ayaqlarınız üzərində dayanmalısınız. Yadıma bir hadisə də düşdü. Yaxın qohumlarımdan bir qız Amerikada aldığı təhsil səyəsində indi kifayət qədər yüksək maaşlı bir işdə işləyir. Ən əsası isə, heç kimdən asılı deyil. Heç kim də ona nəyi necə etməyi deyə, göstəriş verə bilməz. Çünki öz hərəkətlərində sərbəstdir.

Əgər gənclik həyatda azad və sərbəst yaşamaq istəyirsə ilk öncə stereotipləri qırmaq üçün keyfiyyətli təhsil almalıdır. Qışqırmaqla, hay-küy salmaqla heç kim heç kimə azadlıq verən deyil. Onu özün qazanmalısan. Hər nə qədər özünü “azadam” deyə aldatsan da, əgər şəhərə getmək üçün evdə valideynindən pul alırsansa, özünü azad hesab edə bilməzsən. Sabah valideynin də haqqı var deməyə ki, filan yerə getmə yaxud filan hərəkəti etmə.

Əlbəttə ki, hər kəs əylənmək, gəzib-dolanmaq istəyir. Bunlar normaldır. Party-lər, pub-lardakı əyləncələrin də öz yeri var. Amma unutmaq lazım deyil ki, həyat təkcə əyləncədən ibarət deyil. Gerçək azadlıq istəyirsinizsə, mentalitetin zəncirlərini qırmaq arzunuz varsa, ilk öncə öz fərdi azadlığınızdan başlamalısınız. İqtisadi cəhətdən təmin olunmaq üçünsə, vaxtında və keyfiyyətli təhsil almaq lazımdır. Bizim xilasımız da təhsilli gənclərin sayəsində olacaqdır. Bu hakimiyyətlə mübarizə aparmağımız üçün bizim sağlam və savadlı gəncliyə ehtiyacımız var. Sonda fikrimi şairin gözəl sözləri ilə bitirmək istərdim: “Orda bir yol var, uzaqda, O yol bizim yolumuzdur. Dönməsək də, varmasaq da, o yol bizim yolumuzdur!”

Nicat Quluzadə

Kultura.Az

Yuxarı