Cəfər Cabbarlının "Oqtay Eloğlu" əsəri barədə
1899-cu ildə yoxsul bir ailədə doğulmasına …
Bu günlərdə yazıçı-publisist Seymur Baycan mədəniyyət və turizm naziri Əbülfəs Qarayevə açıq məktub yazdı. Əslində, bu məktub bir hadisə idi. Mədəniyyət adamının mədəniyyət nazirini mat qoyduğu hadisə. Bildiyimə görə, nazir bu məktuba cavab vermədi. Baxmayaraq, müəllif ona olduqca konkret bir xahişlə müraciət edib.
Müraciətdə deyilir: “Cənab nazir, bu məktubu sizə yazmağımın tək səbəbi o deyil ki, siz mədəniyyət və turizm nazirisiniz. Yox. Bəli, siz demokratik bir ölkədə çox yaxşı, işgüzar, nəyə daha çox qiymət verməyi bacaran bir nazir olardınız. Mən sizi başa düşürəm. Ümumi ab-havaya boyun əyməyə, uyğunlaşmağa, vəziyyətin diktə etdiyi şərtlərə itaət etməyə məcbursunuz. Başqa cür mümkün deyil. Başqa cür mümkün olsaydı, siz mədəniyyət və turizm naziri vəzifəsini daşıya bilməzdiniz. Siz bu hakimiyyətin nazirisiniz. Sizdən kömək ummaq, diqqət gözləmək sadəlövhlük olardı. Hər şey sizə məlumdur. Lakin hər şey sizə məlum olduğu halda, çəkilən xətlərdən kənara bir addım da ata bilməzsiniz. Bu, qəti qadağandır. Məktubu məhz sizə ünvanlamağın səbəbi başqadır. Siz, böyük bəstəkar Qara Qarayevin qardaşı oğlusunuz. Əgər peşəkarlıqdan söhbət gedirsə, Qara Qarayev Azərbaycan xalqının yetişdirdiyi ən böyük şəxsiyyətdir. Bunu dəfələrlə müsahibələrimdə, yazılarımda qeyd etmişəm. Qara Qarayev ən peşəkar azərbaycanlıdır. Siz nə qədər də pis, başdan-başa korrupsiya bataqlığında boğulan hakimiyyətin naziri olsanız da, inanıram ki, damarlarınızda axan qanda kitaba, teatra, kinoya bir qram hörmət hissini qoruyub saxlamısınız. Mən sizdən villa, maşın, kurorta təyinat istəmirəm. May ayında Bakıda keçiriləcək “Eurovision”“” mahnı yarışmasının final konsertinə satılmış dörd biletin pulunu mənə verin. Hekayələr yazmaq istəyirəm. Beynimdə hazırdır. Sadəcə, bir müddət təcrid olunub kağıza köçürmək lazımdır. Bu isə maddi təminat tələb edir. May ayında Bakıda keçiriləcək “Eurovision”“ mahnı yarışmasının final konsertinə satılmış dörd biletin pulu mənim təcrid olunub hekayə yazmağıma bəs edir...”“.
Bu sətirləri oxuyanda bəlkə də kimlərsə güldü, məktubu yumor kimi qarşıladı. Ya da fikirləşdi ki, müəllif əl açıb pul istəyir. Amma inanıram ki, azacıq səmimiyyəti olan istənilən şəxs bu açıq məktubun ifadə etdiyi acı reallıqdan kədərləndi, qovruldu, yandı. Seymur Baycanın məktubu çox təsirli bir şəkildə bəyan edir ki, böyük festivallarla, beynəlxalq tədbirlərlə öyünən Azərbaycan dövlətinin hansı ağır reallıqları var. Göstərir ki, Avropa miqyaslı mədəniyyət tədbiri ilə fəxr edən, bunun üçün yüz milyonlar xərcləyən dövlətin mədəniyyət adamı ehtiyac içindədir, hətta bircə bilet alıb həmin konsertdə iştirak edə bilmir.
Nəinki mədəniyyət adamı, mədəniyyət adamı olmayan əksəriyyət də buna imkansızdır. Bəs kimin üçündür bizim yamsıladığımız bu mədəniyyət, xaricdən alıb ifası ilə qələbə qazandığımız mahnı? Kimə lazımdır bu inkişaf təqlidi? Bizim insanın həyatı dəyişmirsə, bu göylə gedən mədəniyyətin faydası nədir?
Adi söhbətlərdə bir deyim var. Çox real həyat problemlərinin üstündən keçib, yüksək dərəcəli, böyük miqyaslı hadisələrdən danışanda baxırsan ki, kimsə sənə deyir: yerə en, yerə, həyatın özünə. Fəlsəfədə isə bəzi fikir adamları haqqında deyirlər ki, o, fəlsəfəni göydən yerə endirdi. Məsələn, Sokrat haqqında yazırlar ki, o, fəlsəfəni kosmosdan şəhərlərə, meydanlara, evlərə, insanların yanına endirdi. Oxşar sözlərlə bəzən şairlərə, ədiblərə də üz tuturlar.
Seymur çoxlarının özünə sıxışdırıb deyə bilməyəcəyi reallıqlarla ölkəmizdəki durumu ifadə etdi. Şişirtmədən, artırmadan, özünü qəhrəmana oxşatmadan, həm də çox böyük səmimiyyətlə.
Seymur reallığı öz yazıçı üslubuna uyğun olaraq və tarixdə qala biləcək bir mətnlə ifadə edib. Həm də ayağı yerə möhkəm dəyən bir mətnlə: “Cənab nazir! Ədəbiyyata qayğı göstərən iş adamları yoxdur. Kitabımız məhdud tirajla nəşr olunur. Ciddi müsabiqələr keçirilmir. Televiziyalar təlxəkliyin, hoqqabazlığın, kəndirbazlığın təbliğatı ilə məşğuldur. Çıxılmaz bir vəziyyət yaranıb. Mövcud hakimiyyətin siyasətini dəstəkləməyən, bu hakimiyyətin bütün əməllərinə əl çalmayan adamlar ağır həyat imtahanı verməkdədirlər. Sizin ayrı-seçkiliyinizi anlamağa çalışsaq da, bizə düşməncəsinə münasibətin səbəblərini anlamaqda çətinlik çəkirik. Biz bu ölkənin vətəndaşlarıyıq. Heç bir cinayət törətməmişik. Neft ölkəsində yaşayan bir insan olaraq hər addımda alçaldığımızın, ən adi məişət qayğısının qarşısında aciz qaldığımızın fərqindəyik!””.
İndi heç bir nazir bu məktuba cavab verə bilməz. “Evrovision”“ haqda doyunca və ürəkdən danışa bilərlər, amma bu ölkədəki mədəniyyət adamının adi məişət qayğısından söz aça bilməzlər. Mən isə istədim ki, bu məktuba cavab verim, onunla bağlı danışım: Seymur bəy, əsl mədəniyyət elə sənin məktubundur. Bu məktubda bizim inanılmaz məcralara axan həyatımızı əsl sənətkarlıqla təsvir edirsən. Gözlərə həqiqət kimi görünən yalanları öz dililə danışdırırsan.
Azadliq.info