post-title

ABŞ möcüzəsi - İnsanlara etibar edin

1974-cü il. ABŞ Ali Məhkəməsinin qərarından sonra bütün ölkənin diqqəti prezident Richard Nixon`a yönəlib.

 

Ali Məhkəmə Prezident əleyhinə qərar çıxarıb və Prezident bunu faktiki olaraq, icra etməyə də bilər, amma bu halda amerikalıların dişləri-dırnaqları ilə qurduqları 200 illik sistem hörmətdən düşər və bu tarixi nailiyyət heç olardı. Amma Nikson 8 saatlıq intizardan sonra Ali Məhkəmənin qərarını icra edəcəyini söylədi.

Bu, məşhur "Watergate" ("Uoterqeyt") işidir. Prezidentin "Watergate" otelinə edilən basqın cinayətinə aidiyyatı iddia olunurdu və demokratların dinlənildiyi 64 kaset ondan tələb olunurdu. Prezident kasetləri verdi və ardınca da könüllü istefaya getdi. Burada söhbət istefa verən şəxsin vəzifəsinin yüksək olmasından getmir, məsələ ABŞ demokratiyası adlı bir sistemin tarixi uğurlarındadır.
 
Dünyanın ən unikal dövlətlərindən biri olan ABŞ nə qədər ziddiyyətli olsa da, ən çox nümunə göstərilən dövlətdir. Çünki amerikalılar kimi yaşamaq əksəriyyətin arzusudur. Bəs niyə məhz Birləşmiş Ştatlar? Niyə Latın Amerika ölkələri başda gəlməklə onu nümunə götürən digər dövlətlər nəinki bu uğura nail ola bilmir, heç yaxınlaşa da bilmirlər?
 
Bir müddət öncə Melvin İ. Urofsky`nin tərtib etdiyi (mətnləri toplamaqla yanaşı hər mətn barədə qısa məlumat da yazıb) "ABŞ demokratiyası haqqında əsas mətnlər" kitabını oxuyub bitirdim. Kitabdan öyrəndim ki, ABŞ dövləti hələ yaranmamışdan orada yaşayan əhali hüququ yaratmağa başlayıb. "Dövlət öncə yaranıb, yoxsa hüquq?" kimi "toyuq-yumurta" mübahisəsində hüququn öncə yarandığını əslində amerikalılar çoxdan sübut ediblər. Onlar eyni zamanda sübut ediblər ki, əvvəlcə hüququ yaratmaqla dövləti yaradarkən də ictimai müqavilə nəzəriyyəsini tətbiq edib əla nəticəyə nail olmaq olar.
 
Birinci abzasda qoyduğum suallara cavab kimi qalın kitabları tutacaq qədər əsər yazmaq olar, ona görə də mən bu yazıda cəmi bir neçə məsələni qeyd edəcəyəm.
 
Amerikalıların bəzi xüsusiyyətləri var ki, onlar heç vaxt dəyişmir. Bu, onların puritan təbiətləri, çoxmillətliliyi, yaxud başqa hansısa xüsusiyyətinin əsasında formalaşa bilər, amma əsas odur ki, onlar formalaşıb. Məsələn, amerikalılar fərddirlər və fərdi azadlığı hər şeydən üstün tuturlar. Onlar dövləti məhz yaradana qədər artıq 160 ildən çox idi ki, oralarda yaşayırdılar. Ona görə də dövləti insanın tələbatını təmin etmək üçün vasitə olaraq könüllü yaradıblar. İstibdad rejimlərində isə insanlar dövlətin tələbatlarını təmin etmək üçün xammal kimi götürülür. Bu 180 dərəcəlik fərq ABŞ-ın unikal təbiətini müəyyən edir.
 
Amerikalılar dövləti bir fabrik tikdikləri kimi, bir məhsul istehsal etdikləri kimi yaradıblar və indi də dövlət idarəetməsində əhalinin iştirakı sanki gündəlik fəaliyyətin bərabərhüquqlu tərkib hissəsi kimi baş verir.
 
ABŞ yarananda Avropada aristokratiya hökmran idi, dövlət idarəsi ayrıca fəaliyyət sahəsi və yalnız xüsusi adamların işi hesab olunurdu. Buna görə də avropalılar dövlət işlərinin həllində bərabər iştirak edə bilmir, xalq dövlətə, eləcə də dövlət xalqa görə cavabdeh olmurdu. ABŞ-da isə dövlət inkişafın təbii nəticəsi kimi meydana gəldiyindən təkmilləşməsi də zamanla oldu. Ona görə də onlar heç vaxt iddia etmirlər ki, mükəmməldirlər. Hətta prezident səviyyəsində də dəfələrlə qeyd olunub ki, "ABŞ ideal deyil, lakin inanırıq ki, ideala doğru düzgün yolda gedirik".
 
Amerikalıların onların inkişafının unikallığını təmin edən ən əsas xüsusiyyətlərindən biri isə onların təbiiliyə riayət etmələridir. Nəyinsə vaxtı deyilsə, deməli qanunvericilik səviyyəsində süni olaraq tətbiq olunmamalıdır. Ona görə ABŞ qanunvericiləri belə süniliklərə getmirlər ki, onlar rotasiya qaydasında yenilənir və məhz təbiiliyin tərəfdarı olan xalq arasından çıxırlar. Aristokratik və digər qeyri-demokratik idarəçiliklərdə isə xalqdan uzaqlaşma labüddür.
 
Birləşmiş Ştatların tarixində indiki, bəzən isə elə həmin dövr üçün də utancverici məqamlar var. ABŞ-da qanunvericliyin mənbələrindən biri Ali Məhkəmə qərarlarıdır və məhkəmə hakimiyyəti Konstitusiya və qanunlara şərh vermək səlahiyyəti olan yeganə hakimiyyət qoludur. 1857-ci ildə Ali Məhkəmə "Dred Skott Sendforda qarşı" işdə qəbul etdiyi qərarda qaradərililəri insanların xüsusi növü, ömürlük ABŞ vətəndaşı ola bilməyəcək və kölə olmalı olan varlıqlar hesab etmişdir. O dövrdə ABŞ cəmiyyətinin təbii inkişafının nəticəsi olaraq bu qərar meydana çıxmışdır. Bəli, biabırçı qərardır və bunun rüsvayçılıq olduğu sonralar bu qərar ləğv edilərkən, Ali Məhkəmənin özü tərəfindən də elan edilmişdir. Amma Ali Məhkəmə hakimləri köhnə qərarları ləğv edəndə adətən qeyd edirlər ki, "biz də o dövrdə olsa idik, yəqin elə davranardıq". Dövlət idarəçiliyi o qədər cəmiyyətlə qarşılıqlı əlaqədədir ki, heç bir süniliyə yol verilmir.
 
Yaxud ABŞ-da insan hüquqlarının məhdudlaşdırıldığı "Qırmızı qorxu" illəri olub və bu dövrlərdə Ali Məhkəmə daxil olmaqla bir sıra dövlət orqanları indi ayıb hesab olunası qərarlar veriblər.
 
Bunlar təbii inkişafın tələbləridir. Səhv etmək olar, sadəcə həmin səhv inkişaf etmək uğrunda mübarizədə yol verilən "protokol qaydası" kimi bir şey olmalıdır.
 
Məsələn, Azərbaycan Cümhuriyyəti 1918-ci ildə qadınlara seçki hüquqları verdi. Amma qadınlar Cümhuriyyət dövründə bu hüquqlarından heç istifadə edə bilmədilər. Çünki o hüquqa Azərbaycanda tələbat yox idi. O hüquq uğrunda qadınlar və başqaları mübarizə aparmamışdılar.
 
ABŞ isə 1920-ci ildə qadınlara seçki hüquqları verdi, o zamana qədər isə Amerika qadınlarının və feministlərinin möhtəşəm mübarizə tarixi artıq yazılmışdı. Onlar hüquqlarını haqq etmişdilər.
 
Yaxud qaradərililər tədricən cəmiyyətdə ağlarla bərabərhüquqlu oldular və bu proses indi də davam edir, əsasən 1980-lərdə başa çatsa da. Mənə həmişə qəribə gəlmişdi ki, niyə Amerikada demokratiyaya zidliyini, irqi ayrıseçkiliyin biabırçı hüquq pozuntusu olduğunu anlayaraq, rasizmi aradan qaldırmırlar. Kitabı oxuyandan sonra anladım ki, hüquqlar verilmir, alınır, döyüşərək, mübarizə apararaq, bəzən qan tökülərək alınır və bu zaman hüquqlar həqiqi sahiblərinə qismət olur, onu haqq edənlərə. ABŞ Vətəndaş Müharibəsində hər iki tərəf Konstitusiyaya əsaslanırdı, baxmayaraq ki, tələbləri kardinal olaraq bir-birindən fərqlənirdi. Çünki onlar Konstitusiyanı və oradakı hüquqları qazanmaq uğrunda döyüşmüşdülər, mübarizə aparmışdılar və asanlıqla bundan əl çəkən deyildilər, nə hərəkət etsələr də, bunun, öz qazancları olan qanunlarına zidd olmamasına çalışırdılar.
 
Uğursuz müqayisə obyektləri olsa da, situasiyaları müqayisə etsək, görərik ki, Azərbaycanda demokratik seçkilərin, insan hüquqlarının, ümumiyyətlə Konstitusiyanın insanların vecinə olmaması məhz bununla əlaqədardır. Onlar belə seçki, hüquqlar, Konstitusiya uğrunda mübarizə aparmayıblar, döyüşməyiblər, qədrini bilmirlər. Əlbəttə, bu, o demək deyil ki, Azərbaycan xalqı və digər üçüncü dünya dövlətləri demokratiyaya layiq deyillər, əksinə ABŞ təcrübəsi göstərir ki, quldarlığı tətbiq edəcək, hinduları qıracaq qədər inkişafdan geri qalan kütlə də demokratiyaya layiqdir, sadəcə insanlara imkan vermək lazımdır ki, özlərini idarə edə, hüquqları uğrunda mübarizə apara və bu mübarizənin gedişində hüquqlarını qazana bilsinlər.
 
Bu dəmir məntiq və güclü prinsip ABŞ-nın tarixi möhkəmliyini təmin edib. ABŞ-da hər şeyi fərd əldə etdiyindən fərdin hüquqları hər şeyin fövqündədir, çünki yeganə mənbə fərdlər sayılır. ABŞ prezidenti (1901-1909) Theoder Rooseveltin "Əgər vətənin təhlükəsizliyi yalnız insan azadlığının qurban verilməsi hesabına təmin oluna bilərsə, mənə belə vətən lazım deyil" sözü sübut edir ki, amerikalılar əsrlər boyu damla-damla yığdıqları bu möhtəşəm dövlətlərini, vətənlərini də fərdin hüquqlarından aşağı tuturlar.
 
Kitabı oxuduqca anladım ki, "masonlar", "yeraltı idarəetmə", "bir neçə kapitalistin ABŞ dövlətindən yüksəkdə durması" kimi konspirativ ideyalar sayıqlamalardan başqa bir şey deyil.
 
ABŞ dünyanın gəncliyidir - yaranandan bəri belə gedir. Çünki onlar hər şeyi layiqli şəkildə qazanmaqla məşğul olmağı üstün tuturlar, dövlət tərəfindən verilən süni qanunlarla qazanmağı yox.
 
Orda qanunlar insanları məcbur etmir, insanlar qanunları və qanunvericiləri məcbur edir.
 
Ona görə də ABŞ çılğındır, əksər şeylərin ilkin təcrübəsini tətbiq edir, çünki daim yenilikçi, öz əməyinə hörmət edən "gənclər"dir. ABŞ adətlərdən, ənənələrdən, quru qanunlardan əvvəl 1960-cı ildə John Kennedy Cənublu baptistlərə müraciətində qeyd etdiyi kimi İNSANLARA ETİBAR ETMƏYİ üstün tutur.
 
ABŞ bütün təbiiliyi ilə sübut edir ki, insanların hələ ki yarada bildiyi ən mükəmməl sistem ABŞ sistemidir. Bəli, çox mənfilikləri var, problemlərlə və ziddiyyətlərlə doludur, Jimmy Carter`dən başqa daxildə tətbiq edilən insan hüquqlarının aliliyi prinsipini xarici siyasətdə də tətbiq etməyə çağıran prezidentləri olmayıb.
 
Amma bütün bu ziddiyyətləri, ədalətsizlikləri ilə birgə ABŞ insan övladının yarada bildiyi hələ ki, ən işlək və proqressiv mexanizmdir. Bu işləkliyin əsas səbəbi isə yenə fərdilikdir. Amerikalılar fərd olaraq bu tarixi inkişaf prosesində iştirak edirlər bunun üçün onları məcbur etməyə ehtiyac yoxdur. Ona görə də Nixon 1974-cü ildə adi amerikalı kimi rəftar etməli idi, etdi də.
 
P.S. Amerikanın adi vətəndaşlarının da Nikson kimi davranacağına inamım özüm orda olarkən qarşılaşdığım bəzi mənzərələrə görə möhkəmlənib. Bu barədə bu yazıdan oxuya bilərsiniz.
 
Zaur Qurbanlı
Kultura.Az
Yuxarı