post-title

Cakomo Kazanova ilə Don Juanın fərqi


Stefan Sveyqin Cakomo Kazanova haqqında yazdığı əsəri oxudum. Sveyq o yazıçılardandır ki, demək olar, qələmindən zəif əsər çıxmayıb. O, öz peşakarlığından həzz ala-ala, dövrün ab-havasın; ustalıqla təsvir edərək, oxucuların hisslərini qıcıqlandıraraq, portretini yaratdığı şəxsi istədiyi kimi təqdim edə bilir. Sveyq öz ustalığı, peşəkarlığı sayəsində müqəddəsi əclaf, əclafı müqəddəs kimi təqdim etməyi bacarır. Qələm bir əjdaha yazıçının əlindədir və bu əjdaha qardaş özü bilər, kimi yaxşı, kimi də pis qələmə verər. Sveyqin şəxslər haqqında yazdığı əsərlərə, bu əsərlərdəki hadisələrə bir mənbə kimi istinad etmək doğru deyil. Hərçənd, onun şəxslər haqqında əsərlərinə mənbə kimi istinad edərək, ordakı hadisələri bir tarixi faxt kimi təqdim edənlər də olur. 

Məşhur avanturist, məşhur arvadbaz Cakomo Kazanova zaman adlı amansız dəyirmanda üyüdülüb, başqaları kimi bir ovuc torpağa çevrilməli olduğu halda, ölümsüzlərin arasına, yaradıcı şəxsiyyətlər panteonuna girmişdir. Əsl sənət adamları, həyatının böyük bir hissəsini tənhalıq içərisində, özüylə yaradıcı proses arasındakı dueldə keçirir. Bir sənətçi çox vaxt yaşamaq fürsətini qaçırdığı şeyləri təsvir edər.

Həqiqətən də, sənət adamının faciəsi bundadı. Həyatı geniş diapazonda və şəhvətlə tanımaq üçün yaradıldığı və bunu etməkdən ötrü alışıb-yandığı halda, öz işinə, vəzifəsinə bağlı qalmaq, qoyduğu öhdəliklərə boyun əymək, dünyanın dustağı olmaq məcburiyyətindədi. Özlərini sorğu-sualsız zövqün, əyləncənin ağuşuna atanların isə həyatlarının müxtəlif hadisələri üzərində işləyib, onlara bir forma vermək gücü yoxdur. Halbuki, sənətçi həyatının ən kiçik hadisəsini belə əbədiləşdirməyi bacarır.

Sveyqin təbirincə desək, birinin şərabı yoxdur, o birisinin isə qədəhi. Bizim folklorda bu kimi vəziyyəti izah edən çox əla bir misal var. Misalda deyilir: qurban olduğum həvəsi mənə verir, penisi Suleymana. Bir növ atın qabağına ət, itin qabağına ot qoyur. Əlbəttə, misalda vəziyyət daha aydın, daha konkret ifadə olunub, sadəcə məcburiyyət qarşısında qalıb, camatın ana-bacısını nəzərə alıb, misalı adam içinə çıxarılası hala gətirdim. Buna görə də, misal təəssüf ki, öz koloritini xeyli itirməli oldu.

Həyat prinsipi hər zaman başqalarının hesabına yaşamaq olan Kazanova zövqünün ən kiçik qırıntısını, yuxusunun bir saatını, kefinin bir dəqiqəsini ölümsüzlük tanrısına qurban verməmişdir. Ancaq qapılar onun üzünə bağlandığı, qadınlar ona lağ etdiyi, gücünü itirdiyi, dişlərinin töküldüyü, tək-tənha qaldığı, Nuh əyyamından qalma təlxəyə çevrildiyi, podaqra xəstəliyindən əziyyət çəkdiyi zaman qalmaqallı, təhlükəli, abırsız, dəlilik və gicbəsərliklərlə dolu keçmiş həyatının yerinə qoymağa bir şey axtarmış, qələmə sığınmış, şeytani bir yaddaşla yaşadıqlarını yazmağa başlamışdır.

Yuxarıda Sveyqin şəxslər haqqında yazdığı əsərlərə, bu əsərlərdəki hadisələrə, təsvirlərə bir tarixi fakt kimi istinad etməyin səhv olduğunu yazmışdıq. Bunu nəzərə almağınızı xahiş etməklə bərabər, Sveyqin yaratdığı Kazanova portreti ilə sizləri yaxından tanış etmək istərdim.

Sveyqin yaratdığı Kazanova portreti

Rahat mövqelərdə yer tutmaq fürsəti Kazanovanın əlinə yüz dəfə keçmişdir, amma ən cəlbedici mövqe belə onu tutduğu yoldan döndərə bilməz. Ona milyonlar, vəzifələr verin, qəbul etməyəcək, hər zaman öz təbiətinə qayıdacaq. Kazanova heç də çirkabdan çıxmış bir adam deyil. Qanuni bir şəkildə dünyaya gəlmişdir. Anası opera səhnələrində uğur qazanmış bir müğənnidir. Bütün qohumlarının vəkil, keşiş kimi sərfəli peşələri olmuşdur.

Kazanovanın kəlləsi o qədər sürətlə işləyirdi ki, bir il hər hansı bir sahədə iradə və səbrlə çalışsaydı, həmin sahənin peşəkarı ola bilərdi, amma bir işi tam olaraq yerinə yetirmək onun təbiətinə ziddir. O hec bir sahəyə konkret sahib olmaq istəmir, hərşeyşünas kimi görünmək ona bəs edir. Görünüşü adamları aldadır. Həyat lüğətində əxlaq, utanmaq, abır-həya sözü olmayan Kazanovaya aldatmaq hər şeydən çox zövq verməkdədir. Adamlara hər hansı bir yarımçıq qabiliyyəti müstəsna bir istedad, allah vergisi kimi göstərmək üçün o qədər də dərin biliyə ehtiyac olmadığını yaxşı bilir.

Onun qabiliyyətləri hər hansı bir istiqamətdə, hər hansı bir sahədə tam olaraq gərçəkləşsəydi, ortaya müstəsna nəticələr çıxardı. Amma Kazanova bu qabilliyyətlərini, sürətlə işləyən kəlləsini ötəri şeylər üçün geninə-boluna istismar etmişdir. Hər şey ola biləcəyi halda, hec nə olmamağı, sərsəriliyi, avaraçılığı hər hansı sənətə birdəfəlik bağlanmaqdan, oturuşmuş həyatdan daha üstün tutmuşdur. Onun əsl sənəti heç bir sənətə sahib olmamaq, bütün elmləri, bütün işləri səthi şəkildə mənimsəmək idi. (Anri Barbüsün “Atəş” romanını oxuyarkən çox energetik bir cümləyə rast gəlmişdim. Romanda müəllif bir adamı təsvir edir və onun hərəkətlərinə bir cümləylə gözəl qiymət verir: On trudilsa cto bı ne truditsa. S. B)

Kazanova başqalarının onun haqqında nə düşündüklərini vecinə almır, ətrafdakılara soyuqqanlı bir münasibət göstərir, bir yandan da insanlara necə təsir buraxdığını bilmək üçün yırtıcı baxışlarla sağa-sola boylanır. Hər hansı bir peşəyə birdəfəlik bağlanmış dürüst insanlar ona gülünc görünür. Heç bir uniforma ona cəlbedici gəlmir. Kazanovanın yer üzündə vəzifə və məsuliyyət qədər nifrət etdiyi başqa bir şey yoxdur. Heç bir qadın onu qolları arasında tuta bilməz. Hər hansı peşənin monotonluğu içərisində çürüyüb qalmaqdansa, həyatını təhlükələrə atmağı üstün tutur. Onun heyranlıq oyadan yaşamaq sənəti xüsusi bir müsbət gücdən deyil, heç bir əxlaq kriteriyasının olmamasından qaynaqlanır.

Onun sağlam orqanizmini nə qədər araşdırsaq da, vicdan deyilən bir şeyin ən kiçik qırıntısına belə rast gələ bilmərik. Kazanovanın çevikliyinin sirri bununla açıqlana bilər. Bu adamın yalnız şəhvəti vardır, ruhu yoxdur. Heç bir mənəvi bağlılığı, mənəvi məsuliyyəti olmadığı üçün əxlaq qaydalarının yükünü daşıyan digər insanlardan daha yüksək tepmli həyat yaşaya bilmişdir. Bu adam cəmiyyətin qəliblərinə, Avropa əxlaqının vərdiş olunmuş qaydalarına boyun əyməz. Başqalarına müqəddəs görünən şeylərin onun gözündə bir qara qəpiklik qiyməti yoxdur. Ciblərini harda yaxşı doldura, qadınları ən asan harda tovlaya, adamları ən asan harda aldada, həyatın dadını harda rahat çıxara bilirsə, ora onun vətənidir.

Ayağına dolaşan, əl-qol açmasına mane olan hər şeyi, şərəfi, namusu, abır-həyanı, sədaqəti gülərək kənara tullaya bilər. Hər hansı bir din, hər hansı təriqət ona kiçik bir mənfəət gətirəcəksə həmin dini, həmin təriqəti mənimsəyər, qəlbində isə bu dinlərə, təriqətlərə lağ edər. O dünyaya inanmayan, “həyat qısadır, ondan faydalanaq, onsuz da vaxtı çatanda o dünyanın nə olduğunu öyrənəcəyik” deyən bir adamın din nəyinə lazımdır?

Kazanovanın həyat fəlsəfəsi rahat şəkildə bir qoz qabığının içinə sığışa bilər; yaşamaq, qayğısız yaşamaq, o biri dünya, cəhənnəm-cənnət haqqında fikirləşməmək, sadəlövh sənət adamları kimi öləndən sonra şöhrət qazanmağı düşünərərək özünü gülünc vəziyyətə salmamaq, düşüncələrin, ideyaların həyatımızın axarını pozmasına imkan verməmək, doğrudurmu, səhvdirmi, fərqli ola bilərdimi, ya belə olmalıdırmı suallarını yaxına buraxmamaq, yaradanın işinə qarışmamaq, bütün baş verən hadisələrin məsuliyyətini yaradanın ayağına yazmaq...

Çünki başqalarını çox düşünən adam özünü yaddan çıxarır. Öz arzuları üçün yaşayan bir insan digər insanların taleyinə biganə qalmaq məcburiyyətindədi. Kazanova bax bu cür yaşamışdır. Hətta gözlərini açıb maraqla sağa-sola baxdığı zaman bunu yalnız əylənmək və faydalana biləcəyi bir şeyi gözdən qaçırmamaq üçün etmişdir. Həyatı boyunca heç bir zaman ulduzlu göyə romantik bir baxışla baxmamışdır, təbiətin böyüklüyü, səssizliyi onu maraqlandırmamış, təbiətin təmənnasız mənzərələri heç bir zaman onu təsirləndirməmişdir.

Avropanın ən mənzərəli yerlərində dolaşan, rus çöllərinə qədər gəzən bu adamın xatirələrində təbiətin təmənnasız gözəlliyi qarşısında duyulan heyranlığı ifadə edən bir cümlə belə yoxdur. Çünki Kazanova bizi kainata bağayan vasitədən-ruhdan tamamilə məhrumdur. Sübh çağı, üzərinə şeh düşmüş, səhər günəşinin rəngarəng işıqları altında alışıb-yanan tarlalar və cəmənliklər Kazanova üçün heyvanların dolaşdığı, ağalarının cibi dolsun deyə kəndlilərin qan-tər içində işlədiyi yerdən başqa bir şey deyildir. Qoruqlar, xiyabanlar, parklar onu ancaq qadınla könül əyləndirə biləcəyi bir məkan olaraq maraqlandırır. Çiçəklər isə yalnız bir simvol olaraq qadınlara hədiyyə verildiyi üçün lazımdır.

O, incəsənəti duyğuları oyandıran, eşq oyunlarında işini asanlaşdıran bir vasitə kimi görür. Ciddiliyə heç bir ehtiyac yoxdur. Şeytani və dahiyanə fikirlər ancaq başı darda olan zaman ağlına gələr. Mənəviyyatdan məhrum insan olduğuna görə öz daxili məhvolmasının qarşısını almaq üçün arası kəsilmədən zahiri hadisələrlə başını qatmaq məcburiyyətindədi. Daxilən yaradıcı adam olmadığına görə, o fasiləsiz olaraq həyat materialını kənardan əldə etməlidir. Təki yalqız qalmasın. Əgər biz Kazanovanı başını qatacaq bir oyuncağı olmadığı zaman gözdən keçirsək, səssizliyin onun üçün öldürücü, “Dantenin yazmağa unutduğu cəhənnəm”ə çevrildiyini görərik.

Həyatın gərginliyi dayandığı anda süni bir gərginlik yaratmaqdan ötrü o qumara girişir. Çünki qumar süni şəkildə təhlükə, bir bardaq suda fırtınalar yaradır, alın yazısını sürətləndirir.

XXX

Sveyqin Kazanova haqqında yazdığı əsərdə Kazanova ilə Don Juanın müqayisəsi, qadın ürəyi ilə qidalanan iki məşhur adam arasındakı ortaya qoyduqu fərqlər çox maraqlıdır. Kazanovanın Sveyq tərəfindən yaradılmış protretinə yaxından baxdıq. Indi isə gəlin Sveyqin təqdimatında iki məşhur rəqibin, Cakomo Kazanova ilə Don Juanın arasındakı fərqlə tanış olaq. Bütün bu söhbətlərin ədəbiyyat söhbəti olduğunu yaddan çıxarmayaq. Kazanovanın məşhurlaşmasında əsasən onun öz yazdıqları, Don Juanın əfsanələşməsində isə başqalarının yazdıqları əsərlər həlledici rol oynamışdır. Bəlkə də buna görə Don Juan bir obraz olaraq Kazanovadan daha məşhurdur, daha çox tanınır. Don Juan nəinki Kazanovadan hətta Bayronun, Molyerin özündən də məşhurdur.

Cakomo Kazanova ilə Don Juanın müqayisəsi.

Xeyli sahələrdə diletant olan Kazanova yalnız eşq oyunlarında zirvəyə çatmış, usta olduğunu təsdiq etmişdir. O dolaşıq şeirlər, darıxdırıcı fəlsəfi traktaktlar yazır, skripkada bir az cüyüldətməyi bacarır, söhbətlərində isə dərinə getmir, ensiklopedik məlumatlardan istifadə edir. Onun yalnız eşq məsələsində şübhəsiz bir dahi olduğu görünməkdədir. Adətən xəsis olan təbiət görünməmiş bir səxavətlə sanki qadınları sevindirmək məqsədi ilə Kazanovanın timsalında əsl kişi nümunəsini yaratmışdır.

Qərəz, bu kişi ağına-bozuna baxmadan, göydə uçan demir, yerdə qaçan demir, üzən demir, sürünən demir, məməli demir, məməsiz demir, nəfəs alan, sifəti olan dişi cinsinə mənsub nə canlı varmışsa, onlara yorulmadan sevginin ali riyaziyyatını öyrədirmiş. Kazanova tanımadığı bir qadınla keçirəcəyi bir saat üçün hər cür dəlilik etməyə hazırdır. Bir qadını arzu etdiyi zaman heç bir qüvvə onu saxlaya bilməz, heç bir maneədən qorxmaz. Kazanova tərəfindən sevilmək üçün qadının xüsusi bir gözəlliyə sahib olmasına ehtiyac yoxdur, qarşı cinsdən biri olmaq bəs edir. Onun kolleksiyası insanı rahatsız edəcək dərəcədə rəngarəngdir, əcaibliyin və pozğunluğun dərinliklərinə qədər uzanır. Seçmək nədir bilməz. Yaşla, görünüşlə bağlı heç bir maneə tanımaz. Bu şəhvət düşkünü üçün qadının hansı təbəqədən olmasının heç bir fərqi yoxdu.

Kazanovanın sevgi macəralarından danışarkən onu XVIII əsrin təmtəraqlı, adamın ağzın sulandıran erotik qravürlərindəki, erotik fiqurlarındakı kimi təsvir etməməliyik. Özümüzdə güc tapıb, onun sevgi mecaralarının exlaqsızlıqla rəzilliyin bir qarşığı olduğunu söyləmək cəsarətini göstərməliyik. Kazanova yorulmur, heç kimi əldən buraxmaq istəmir, hər cür anormallıq , bədəni skeletdən artıq bir şey olmayanlar, qocalar, “işləməkdən” əldən düşmüşlər, istifadə müddəti çoxdan bitmişlər belə onun şəhvətinin oyanmasına bəs edir.

Amma bu şəhvət düşkünün bir özəlliyi vardır. Onun şəhvəti kənara daşmır. Bütün əxlaqsızlıqlarını və pozğunluqlarını qadınlar dünyasında gərçəkləşdirir. Kazanova qeyd-şərtsiz özünü qadınların ixtiyarına verməyi bacarır. Hansı təbəqədən, hansı yaşda olursa-olsun, qadınları xoşbəxt görmək Kazanova üçün həzzin ən yüksək mərtəbəsidir. Onun kimi birinin təmtəraqlı sözlər söyləməyə ehtiyacı yoxdu. Bu ustadan heç bir şey öyrənilə bilməz. Onun sirri istəklərinin səmimiliyində, ehtirasının təbiiliyində və ibtidailiyindədir.

Kazanovnın qadınlarla əlaqəsi həqiqətən dürüstdür. Nə qədər acnacaqlı olsa da qadınla münasibətdə yalan adətən yüksək duyğuların işə qarışmasıyla başlayır. Yüksək duyğular işə qarışdığı zaman yalan meydan sulayır, bu da keçici münasibətlərimizin əbədi davam edəcəyi illüziyasının yaranmasına səbəb olur. Qadınla münasibətdə heç vaxt bədənin sərhədlərini aşmayan Kazanova üçün sözünün üstündə durmaq asandır. Boş vədlər verib, qadınların hisslərini qıcıqlandırmadığına görə onların özünü bədbəxt hiss etmələrinə də yol verməz.

Bu adam qadınları açıq bir şəkildə arzu etməklə, məgər onlara qarşı ehtiraslı romantiklərdən, böyük aşiqlərdən daha səmimi və daha yaxşı davranmamışdırmı? Hötenin və Bayronun ardında bir sürü ürəyindən yaralanmış qadın olduğu halda, Kazanova qadınlara demək olar heç bir zərər verməmiş, daxili tarazlıqlarını pozmamış, fəlakətə səbəb olmamışdır. Onun qadınları şəhvətdən başqa bir şey olmayan məcaradan itkisiz çıxaraq, intihar etmədən, ümidsizliyə qapılmadan asanlıqla gündəlik adi həyatlarına dönürlər.

O, yandırıb-yaxmadan fəth edir. Onun eşqi ruhun həssas hissələrinə toxunmadığı üçün qorxunc sarsıntılar ortaya çıxmır. Bir eşq oyuncusu olaraq şeytani əməllərdən uzaq olduğuna görə, faciə qəhramanı olmamışdır. Hissləri qıcıqlandıraraq sevgini ilahiləşdirməmişdir. Onu ehtiraslandıran avam bir kəndlinin də qadınlarda gözlə görə biləcəyi aydın və sadə olan cinsi ünsürlərdir. Kazanova onların yalnız bədənlərindən həzz almış, yalnız ətləriylə təmasda olmuşdur.

Incəsənət adi bir şəhvət düşkünü ilə əsl aşiq arasındakı fərqi həyatın özündən daha yaxşı göstərir. Hər şeyi əldə edib, heç bir şeyi tutub saxlamayanla, çox az bir şeyi eldə edib keçici anı əbədiləşdirən iki insan arasındakı fərqi incəsənətin sayəsində daha yaxşı görmüş oluruq. Hissiyatlı olması səbəbindən Stendalın yetimçə bir sevgisi Kazanovanın üç min gecəsindən daha çox mənəvi substansiyaya malikdi. Bəşəriyyət hər zaman ümumi bir hadisəni tək bir adamın üstünə yükləyərək, onu əfsanələşdirərək əbədiyaşar bir tip yaratmaq məcburiyyətində qalmışdır. Beləliklə, hər zaman əldə olunan rekorda diqqət edən, mənəvi gücə nadir hallarda qiymət verən dünyamız Cakomo Kazanovanı eşq sahəsində qazanılan zəfərlərin simvoluna çevirmişdir.

Zəruri haşiyə: Sveyqin bu cümlələrini oxuyanda istər istəməz Fizulinin məşhur misraları adamın yadına düşür :

Məndə Məcnundan füzün aşiqlik istedadı var,
Aşiqi-sadiq mənəm, Məcnunun ancaq adı var

Sveyqin həyatının qadınlarla bağlı hissəsi haqqında məlumatlı deyiləm. Bəzən həyat haqqında zəngin biliklərə malik, qadınları dərindən tanıyan kişilər mağmun vəziyyətə düşürlər, heç bir uğura imza ata bilmirlər. Belə şeylər olur. Nece deyərlər, sən istəməklə deyil, gərək ziyarət də istəsin.

Kazanovanın hamıda həsəd oyadan heykəli öz postamentini başqa bir əfsanəvi adamın heykəli ilə paylaşmaq məcburiyyətindədir. Onun heykəlinin yanında daha aristokrat bir ailədən gələn, davranışları daha şeytani olan rəqibi Don Juanın da heykəli yer almaqdadır. Qadınları yoldan çıxartmaqda ustalaşmış bu iki adam arasındakı qarşıdurmaya çox diqqət verilmşdir. Leonardo da Vinci ilə Mikelancelo, Tolstoy ilə Dostoyevski, Platon il Aristotel arasındakı mənəvi qarşıdurma bu günə qədər necə bitib- tükənməyən bir arşdırma mövzusu olmuşsa (çünki hər gələn nəsil bu qarşıdurmaları yenidən gözdən keçirməkdədir) bu iki adam arasındakı qarşıdurma da eyni şəkildə araşdırma mövzusu olmuşdur.

Ikisi də eyni hədəfə vurduqları halda, davranış formaları baxımından tamamilə başqa- başqa insanlardır. Azad və qayğısız yaşamağı bacaran, heç bir prinsip və qadağa tanımayan Kazanovanın əksinə olaraq , Don Juan möhkəm tellərlə bir kasta içərisində həbs olunmuşdur, üsyan etdiyi zaman belə emosional baxımdan bir katolikdir, fərqində olmadan kilsə qaydalarına riayət etməkdədir. Don Juan, iblis cinsindən hesab etdiyi qadınların heç birinin saflığına və təmizliyinə inanmır. Don Juana gorə qadınlardakı ən qüsursuz xeyirxahlıq belə, bir illüziyadan və içərisindəki ilanı gizlətmək üçün taxılan maskadan başqa bir şey deyildir.

O, bu maskanı yırtmaq, guya yaxınlarına düşmək olmaz kimi nazlanan, ərlərinə zahirən sadiq olan bu xəyalpərəst iblislərin istisnasız olaraq hamısının yataqa atıla biləcəyini özünə, dünyaya, Tanrıya sübut etmək istəyir. Bu qəzəbli qadın ovçusunun öz təcrübələrini dayanmadan tərkrar etməyə sövq edən, bax, sadəcə budur. O heç bir zaman heç bir qadına ürəkdən bağlılıq duymayıb. Onu şeytani bir şəkildə qadınlara doğru itələyən güc, ibtidai nifrət və kindir. Bu sadist ruhlu insan yalnız qadını yaralamaq, alçatmaq, xəcalətli bir vəziyyətdə buraxmaq istəyir. Yaraladığı hər qadının sonra düşəcəyi ümidsiz vəziyyəti düşünərək həzz alır.

Gənc bir qızı yoldan çıxarıb təmizliyini yox edən, bir rahibənin şərəfini ayaqlar altına atan bu sadist ruhlu adamı Kazanova kimi bir fahişənin evində və ya fahişəxanada düşünmək mümkün deyildir. Şeytan, Don Juanı öz əməllərini həyata keçirmək üçün ən təsirli vasitələrlə silahlandırmışdı; var-dövlət, gənclik, əsl-nəcabət, yaraşıq və buz kimi duyğusuzluq.

Kazanovanın qocalığı

Çox kədərli təsir bağışladı. Hadisələr əslində necə olub, Kazanova əslində necə adam imiş, onun haqqında nələr uydurulub, yazdığı xatirələrə nələr ələvələr olunub, bunları kənara qoyaq. Sveyq Kazanovanın qocalığını çox kədərli təsvir etmişdir. Sveyq Kazanovanın qocalığını nəzərdə tutaraq yazır : “Bir zamanlar, bütün canlılar içərisində ən canlısı olduğu halda, kimsə bu qədər ölü olmamışdı”.

Ümumiyyətlə, qocalmaq axmaq bir şeydi. Bir qoca qohumum vardı. Daima təzyiqdən şikayət edər, onu yeyə bilmirəm, bunu yeyə bilmirəm deyərək ətrafdakıların zəhləsini tökərdi. Onun təzyiqdən şikayətləri, hərəkətləri, bəzi yeməkləri yeyə bilməməsi mənə nazlanmaq, ərköyünlük etmək kimi görünürdü. Ay ötdü, il dolandı, çox sular axdı, iş elə gətirdi ki, məndə də təzyiq yarandı. Təzyiqin necə axmaq şey olduğunu öz canımda hiss edəndən sonra artıq ölüb getmiş, dünyasını dəyişmiş qohumumun o vaxt necə əziyyət çəkdiyini, bir vaxtlar onun haqqında necə ədalətsiz düşündüyümü başa düşdüm.

Gəncliyin ən aldadıcı xüsusiyyətlərindən biri odur ki, insan heç cürə özünü qoca kimi təsəvvür edə bilmir. Qocalmaq ağrılı bir prosesdir. Əfsanənin qocalması isə çəkiləsi dərd deyil. Koroğlu dastanını oxuyarkən Koroğlunun qocalması məni çox kədərləndirmişdi. Dəlilərin hərəsi bir tərəfə dağılıb, əvvəlki şadlıqdan, çal-çağırdan, səs-küydən əsər-əlamət qalmayıb, tüfəng çıxıb, qılınc daha əvvəlki kimi bir işə yaramır...Bütün adi adamların qocalığı bir-birinə bənzəyir, əfsanələrin qocalmağı isə başqa başqa cürə olur.

Sürətlə köhnələn şedevrlər

Sveyqin Kazanova haqqında yazdığı əsəri oxuyandan sonra Federiko Fellininin Kazanova haqqında çəkdiyi filmə baxmaq qərarına gəldim. Bilmək istəyirdim Fellini Kazanovanı necə görürmüş, onu necə hiss edirmiş? Filmə baxdım. Üstündən iki-üç gün keçəndən sonra bir məclisdə film haqqında danışırdım. Dayandığım yerdə yox. Necə oldusa, bu film haqqında danışmağa şərait yarandı. Kazanova haqqında film Fellininin uğurlu filmlərindən sayılmır. Amma nədənsə mənə elə gəldi ki, Fellininin bu filmdə nə demək istədiyini başa düşdüm.

Ozan dili yüyrək olar. Növbəti məclisdə gənclərdən biri Fellininin Kazanova haqqında filminə axıra qədər baxa bilmədiyini, filmin ona maraqsız gəldiyini dedi. Əlbəttə, bir adamın xoşuna gələn film mütləq hamının xoşuna gəlməli deyil. Bu yazının yazılma səbəbi başqadır. Keçmişi heç də ilahiləşdirmək istəmirəm. “Həqiqi sənət, həqiqi sənətkarlar yalnız keçmişdə olub” demək heç də düzgün deyil. Sadəcə, hər şey sürətlə dəyişir...

Aprel ayının sonları, may ayının əvvəlində məktəbdəki ciddi ab-hava yavaş-yavaş əriyir, müəllimlərlə şagirdlər arasında daha yumşaq münasibət əmələ gəlirdi. Təbiət, yazın gəlişi də öz sözünü deyirdi. Zəng çalınanda yuxarı və aşağı sinif şagirdləri məktəbin böyük həyətinə yayılırdı. Bu vaxtlar – aprelin sonu, mayın əvvəllərində məktəbə bir fotoqraf gəlirdi. Şagirdlərin şəkillərini çəkirdi. Kim kimi özünə yaxın, münasib bilirdisə, onunla şəkil çəkdirirdi. İki-iki, üç-üç, dəstəylə, siniflə birlikdə. Tək şəkil çəkdirənlər də olurdu.

Yuxarı sinif şagirdləri fotoqrafdan istədikləri qızın şəklini istəyirdilər, yazığın zəhləsini tökürdülər. O da heç bir qızın şəklini heç bir oğlana vermirdi. Bir dəfə aldanıb, hansısa qızın şəklini hansısa oğlana vermişdi, qızın qohumları da söhbətdən xəbər tutmuşdular, fotoqrafı döymüşdülər. Oğlanlar fotoqrafı nə qədər dilə tuturdularsa, xeyri olmurdu. Fotoqraf onların yalvarışlarına məhəl qoymurdu. O vaxtlar elə sırtıq oğlanlar vardı ki, gedib şərəf lövhəsindən qız şəkli oğurlayırdılar. Belə bir absurd vəziyyət. Belə, çox gülməli.

İndi gəl, acınacaqlı olduğu qədər gülməli, gülməli olduğu qədər də acınacaqlı olan bu vəziyyəti əlində telefon doğulan, hər an şəkil çəkdirmək imkanı olan gəncə təsvir et, görüm, necə tesvir edirsən. O istəsə, gündə yüz şəkil çəkdirib silər. Hansısa bir qızın şəklini əldə etmək onun üçün problem deyil. Hələ mən o vaxt əks cinslə ünsiyyətə girməyin çətinliyi, bu gün ünsiyyətə girməyin necə asan olması haqqında paralellər aparmaq istəmirəm. Daha doğrusu, bu paraleli aparmaqda məna görmürəm. Son iyirmi ildə həyatımızda o qədər dəyişikliklər baş verib ki, adam bəzən danışarkən özü özündən şübhələnir. Hərdən adama elə gelir ki, sən iyirmi il əvvəlin söhbətin eləmirsən, hardasa bir əsr, iki əsr əvvəl baş vermiş hadisələr haqqında danışırsan. Bu mənada mənə öz həqiqi yaşımı müəyyən etmək olduqca çətindir və gələcək haqqında düşünmək belə istəmirəm.

Ötənlərdə kafedə oturmuşdum. Kafeyə fotoqraf girdi. Məndən iki masa aralıda bir dəstə qız oturmuşdu. Yeyib-içib, şənlənirdilər. Qaqqıldaşırdılar. Fotoqraf qızlara yaxınlaşdı. Dedi ki, şəkil çəkdirmək istəmirsiniz? Qızlar xorla yox dedilər. Bir kobudu isə telefonunu qaldırıb fotoqrafa göstərdi. Yəni şəkil çəkdirmək istəsək, əlimizdə telefonumuz var. Nə qədər istəsək, şəkil çəkdirərik. Qızın fotoqrafa qarşı etdiyi bu kobud hərəkət mənə pis təsir etdi. Telefonun var, lap yaxşı. Onsuz da sənəti ölməkdə olan bir adama bunu əyani olaraq göstərmək, onu incitmək nə dərəcədə doğrudur?

Qırx il, əlli il, altmış il öncə çəkilmiş filmlər lap şedevr olsalar belə, bu günün gənclərinə sönük, darıxdırıcı görünür. Onlar köhnə filmlərə baxanda darıxırlar. Heç kimi buna görə qınamaq olmaz. Yüksək tempə, effektlərə alışmış bu adamlar köhnə filmlərə baxanda necə darıxmasınlar? Bunu dəfələrlə müşahidə etdiyimdən, artıq köhnə filmləri özümdən yaşca balacalara tövsiyyə etmirəm. Heç kimi əziyyətə salmaq, zorla yükləmək lazım deyil. Darıxırlarsa, qoy darıxsınlar. Köhnə şedevrlərə baxarkən darıxmaq da onların haqqıdı. Yəqin bu köhnə filmlərə bir müddətdən sonra yalnız sənətlə məşğul olan, sənətlə ciddi maraqlanan adamlar baxacaqlar.

Həyat belədir. Nələrsə yaranır, nələrsə məhv olub, gedir. Bundan özümüzə faciə düzəltsək, çox çətin olar. Ən yaxşısı, hər şeyi olduğu kimi qəbul etməkdir.

Seymur Baycan

Meydan.tv
Yuxarı