post-title

Hakim Gənclik və hakimiyyət gəncliyi

Bu yaxınlarda əlimə bir kitab keçib, dövlətin gənclər siyasəti ilə bağlı layihələr, qanunlar, fərmanlardan ibarət qalın bir kitabdı, ancaq olduqca ağrılıdır ki, bu kitabda yazılanların çox az bir qismi praktikada bəhrəsini görür, yararlana bilən gənclərin böyük bir qismi isə hökümət yönümlü QHT-lərin üzvləri olur.

 
Sanki ölkədə hər şey, hər bir avantaj, hər bir işıq yolu sadəcə hökümət yönümlü insanlara xüsusilə də gənclərə ünvanlanıb. Bu cür QHT-lərin olduqca işıqlı, geniş ofisləri olur, onların təşkil etdiyi layihələrin böyük bir qismi “dövlətin QHT-lərə dəstək fondu” tərəfindən təsdiqlənir, xüsusi məbləğlər ayırılır, üzvləri bir başa hökümət orqanları, Gənclər və İdman nazirliyi tərəfindən xarici ölkələrə treninqlərə, təlimlərə göndərilir. Müxalif yönümlü təşkilat və QHT-lərin isə ya ofisi olmaz ya da olsa da bir balaca, qaranlıq, uzaq bir yer olar. Layihələri ya senzuradan keçməz keçsə də təşlikat tərəfindən ayrılan məbləğ bir xeyli azaldılar, yarı yolda da çox zaman bir əngəl çıxar. 
 
2014-cü ilin başlaması ilə əlaqədar “gənclər fondu” tərəfindən onlarla gəncə mükafatlar verildi, ancaq həmin gənclərin içində bir nəfər də olsun müxalif yönümlü gənc yox idi. 
 
Məgər yoxdurmu müxalif düşərgənin içində ixtisası üzrə peşəkarlaşmış, neçə dil bilən, intellektual, işgüzar gənclər? Təbii ki var, həm də onlarla belə gənc var. Hansı ki, yüksək ballarla unversitetə qəbul olmuş, eyni əzmlə unversiteti fərqlənmə diplomları ilə bitirmiş, bir çox dünya unversitetlərində uğurla təhsil almış gənclər. Təhsil aldıqları istisası olduqca mükəmməl bilən, hətta təhsillərini bitirdikdən sonra belə dayanmayan, həmin ixtisas üzrə davamlı araşdırmalar apararaq bilikləri ni genişləndirən bu gənclər məhz müxalifyönümlü olduqları üçün özlərinə uzun müddət iş tapa bilmirlər, tapsalar da ölkədə baş verən sosial narazılıqlar səbəbi ilə  fəaliyyətləri artdıqca iş yerlərindən uzaqlaşdırılırlar. 
 
Düşünmürəm ki, rejim bu gəncləri tanımır, tanıyırlar, onların neçə savadlı, necə cəsarətli, ağıllı, işgüzar, iradəli olduqlarını bilirlər. Elə onların işə götürülməməyinin, işdən çıxarılmağının səbəbi də məhz onların sahib olduğu bu üstün keyfiyyətlərdir. Elə indi ona yaxın savadlı gəncin həbsdə olması da buna bir daha sübutdur. Rejim bu gəncləri çox yaxşı tanıyır, onların savadı, düşüncəsi, fikirləri və fəaliyyəti ilə bacarmayacaqlarını çox yaxşı bilirlər, bilirlər ki, bu gənclər dayanmır, öz bildiklərini prosesə yeni qoşulan gənclərlə də bölüşürlər. Rejim bu gənclərin böyük  bir ideoloji prosesin düşünən beyni olduğunu çox yaxşı bilir, ona görə də bu beyinləri həbsə salaraq dörd divar içində korşaltmaq, inkişafdan saxlamaq istəyir, ancaq bu işıqlı gənclər orda da boş dayanmır, kitablar oxuyur, fərdi inkişaflarını davam etdirirlər.
 
Maraqlı orasındadır ki, haqsızlıq təkcə müxalifyönümlü gənclərə qarşı baş vermir, bir çox ixtisas növü ilə məşqul olan, olduqca fərqli maraqları olan gənclər var ki, yetərli diqqətin yoxluğundan əziyyət çəkirlər. Xüsusilə elmi və ədəbi, yaradıcı sahələrlə məğul olan gənclər lazım olan diqqət və marağı görmürlər. Elmin bir çox fərqli və bu günümüz üçün lazımlı sahələri ilə məşğul olan gənclərin öz praktik imkanlarını genişləndirmək üçün xüsusi ayrılmış laboratoriyalar, təcrübə otaqları yoxdur. Bir sözlə Gənc alimlərin bütün maddi qayğılardan təcrid olunaraq sadəcə öz elmi araşdırmaları ilə məşğul ola biləcəkləri münbit şərait yox dərəcəsindədir. 
 
Və ya yaradıcı sahə dövlətin marağında deyil. İndiki Hakimiyyəti qətiyyən maraqlandırmır ki, niyə məsələn, Kaan festivalına keyfiyyətli film göndərə bilmirik, niyə rejissorlar sadəcə kommersiya ruhlu filmlər çəkirlər. Kino sahəsinə büdcədən qətiyyən ciddi bir məbləğ ayrılmır. Gənc və istedadlı yazarların nələr yazdıqları araşdırılmır. Rejim qətiyyən maraqlı deyil ki, bəlkə ölkədə həqiqətən ciddi bir yazar var və onun yazdıqları dünya oxucusuna çıxarıla biləcək gücdədir. 
 
Hakimiyyət yalnız idmançı gənclərə yüksək şərait yaradır, onların inkişafı və sahələri üzrə irəliləməsi üçün olduqca geniş imkanlar yaradılır, idmanın hər sahəsi üzrə iri-iri olimpiya mərkəzləri, idmançılar üçün xüsusi güzəştlər və sairə.
 
Ancaq olduqca qəribədir ki, bütün bu xərclənilən məbləğlər çox zaman öz bəhrəsini də görmür, məsələn, bütün bu həngamənin qarşılığında gərək hər idman sahəsi üzrə olimpiyadalara göndərə biləcəyimiz ən azı bir idmançımız olsun, ancaq bu il Soçidə keçirilməkdə olan Qış İdman Olimpiadasına bir nəfər də olsun yerli idmançı göndərə bilmədik. Görün nə qədər müxtəlif və maraqlı idman sahəsi diqqətdən kənarda qalıb.Deməli idmana ayrılan diqqət və məbləğ də korkoranədir, bu rejimin gənclərə yönəlik düşünülmüş heç bir siyasəti yoxdur.
 
Aygül Qurbanova
Cümhuriyyət qəzeti
Yuxarı