post-title

Beşinci boyut

Hələ məktəb illərinin sonlarında təxminən 2006-2007-ci illərdə həm özümün həm də cəmiyyətin bir çox fərdləri tərəfindən ən sevimli və izlənilən kallardan biri Türkiyənin “S” tv (samanyolu) kimi tanınan kanalı idi.

 
Bu kanal özünün yayımladığı verlişlər, çəkdiyi seriallar ilə digər tv kanallardan fərqlənirdi. Burada dünyəvilikdən daha çox dini yaşam tərzi modern həyat şəraitinə uyğunlaşdırılıb çox gözəl mənzərə halında insanların beyinlərinə rahatca yeridilirdi bir sözlə həqiqi və səmimi olmayan hər şey tam əks tərzdə nümayiş etdirilirdi. Bu isə başa düşüləndir. Çünki Türkiyənin ən populyar kanalları cərgəsində gedən  “S” tv kanalı ölkənin ən güclü islami cərəyanı olan “nurculuq” təriqətinin birbaşa maliyyələşdirilməsilə  fəaliyyət  göstərir və kiçik bir tədqiqat aparan hər bir savadlı insana məlum ola bilər ki, bu kanalın çəkdiyi hər bir serial və yayımladığı bir çox verlişlər “nurculuq” təriqətinin banisi Bədiüzzaman Səid Nursinin ideya və əsərləri əsasında ərsəyə gətirilir.
 
Bu ideyalar əsasında çəkilən seriallardan biri də  vaxtikən ölkəmizdə də xüsusi seyirci kütləsinə malik  olan  “Beşinci boyut” adlı serial idi. Bu serialın sujet xətti Saleh adlı mömin və saf ürəkli kəndlinin “Kipr” müharibəsinə gedərək  “şəhid” olmasından və “şəhid” olmasına baxmayaraq  yenidən  dünyaya qayıdıb maddi həyatda bir metafizik qüvvə kimi cəmiyyət proseslərində fəal iştirakından,  məzlum halda olan insanlara yardım etməsindən bəhs edir sözün qısası müsəlman Şərq dünyasında 1 eradan çox mövcud olan xilaskar metafizik qüvvənin mövcudluğuna inam sadə insanların təfəkkürlərinə yeridilir.
 
Serialın qısaca təhlilindən aydın olur ki,  burada  savad cəhətdən o qədər də kamil olmayan  həm Türkiyə, həm də Azərbaycanın sadə dindar  müsəlman kütləsində  öz mistikliyi və süstlüyü ilə secilən bir metafizik-idealist düşüncə tərzini təfəkkürlərə hopdurub möhkəmlətməkdir. Çünki hər bir şəxsə ictimai həyatda aktiv təsiredici metafizik varlıq ideyasını aşılamaq o deməkdir ki, bu varlığa inandırılıb aldadılmış şəxsdə nəinki ictimai həyatda fəaliyyətsizlik duyulur üstəlik həmin şəxslərdə olan- qalan ümüdli dünyəvi xəyallar da məhv olur.
 
Beşınci boyut kimi süstlüyü insanlarda sekulyarlıq duyğularını məhv edən necə- necə serialların movcudluğu və onların kəmiyyətlərinin durmadan artması praktiki olaraq hal-hazır ki, Türkiyə Respublikasının ictimai- siyası mühitindəki sekulyarlıqla- teokratik düşüncə arasındakı  mübarizənin yaratdığı xaosdan da görmək olar. Düzdür artıq “S” tv kimi kanalların Azərbaycan tele arenasındakı fəaliyyəti dayandırılıb, Türkiyədəki “nurculuqla” bağlı son hadisələrlə əlaqədar ölkəmizin təhsil sahəsində “nurcu” məktəbləri  onların əlindən alınıb ki, bu da həqiqətən tərifə layiq addımdır. Lakin işlər bununla da bitmiş sayılmır çünki müxtəlif vasitələrlə ölkəmizdə xarici dini təsirlər xüsusəndə bir çox mədəni dəyərlərimizin oxşar olduğu Türkiyə kimi ölkədən gələn  zahirdə modern və reform olunmuş kimi göstərilib lakin düşüncə azadlığını  daraldan və süstlüyü aşılayan “nurculuq”  kimi təriqətlər  hələdə mövcudluğunu saxlayır. Bunun da tək çıxış yolu yaşlı və cavan ziyalıların göstərdiyi kimi daha tez təsir altına düşən yeniyetmələr, gənclər arasında  maarifçilik fəaliyyəti aparmaqdır.. Çünki təhsili mükəmməl olmayan kəslərə çox rahatlıqla  peşəkar ilahiyyatcılar tərəfindən “Beşinci boyut” kimi ideyalar aşılana bilər. Bütün bunlar isə 100 ilə yaxın sekulyar dövlətcilik ənənəsini şübhə altına almaq deməkdir
 
Tural Metesoy
Kultura.az
Yuxarı