post-title

Dil işğalı

Sözün düzü “Soma” faciəsinə azərbaycanlılar tərəfindən göstərilən münasibət mənim üçün gözlənilməz olsa da, xoş hislər yaratdı.

                                         
Əvvəlcə sosial şəbəkələrdə bu faciə təəssüflə anıldı, profil şəkilləri dəyişdirilib faciə qurbanlarına həsr olundu, xəbər saytları xəbərləri çeşidlədi, söhbət gəlib parlament nümayəndələrinin öz şəxsi maaşlarını “Soma” faciəsində ölənlərin ailəsinə  bağışlamasına çatanda sanki mənə şillə vurub ayıltdılar ki, hər şey saxtadır, görüntüdür, ucuz şoudur. 
 
Dünyanın harasında olmasından asılı olmayaraq hər bir insanın faciəsindən doğan kədəri paylaşmaq alqışlanmalıdır. Amma Yaponyada nüvə qəzası, İranda - Cənubi Azərbaycanda iki il əvvəl güclü zərzələ zamanı, böyük itkilərə səbəb olan müxtəlif sunamilər, təyyarə qəzaları zamanı gözümüz harada idi? Deyək ki, çox uzağa getdim. Samurayların adası, Hind okeanının sahilindəki xalqları uzaqdır bizə, görməməzlik edib İrandakı həmvətənlərimizi də qoyağ kənara. Bəs hər gün öz əqidəsinə görə mitinqlərdə döyülən, şərlənərək həbs olunan, hər gün xəbər saytlarında tirajlanan, telekanallarda beyinlərə zorla yeridilən beş – on manat söhbətlərinə görə bir – birini biçaqlayan cavanlarımızı da görə bilmirik ? Məgər öz uşaqlarını ölkəsində oxutdura bilməyib, xarici ölkələrin təhsil mərkəzlərində elm öyrənməyə göndərib, bunu ölkənin inkişafı kimi qələmə verən xalq əsl faciəsin yaşamırmı? Parlament deputatları öz maaşlarını faciədə zərərçəkənlərə verib “xeyriyyəçilik” etməzdən  əvvəl, ya sonra adi bir həkim müayinəsi üçün ölkədən qırağa çıxmalı olan, pul qazanmaq üçün Rusiyanın bazarlarına üz tutan insanlara kömək edə bilməzlərmi? Kömək etmək bir yana, axı bu onların işləridir. Bir millət vəkili nəyə görə öz millətini qoyub, digər millətin halına yanmalıdır? Məgər bizdə problemlər azdırmı?
 
                                                         *****
 
Hər şey illər əvvəl türk serialları və musiqilərinin ölkə teleməkanına yol açması ilə başladı. “Qurdlar vadisi” serialı yayımlanmağa başlayanda məktəbli uşaqların xasiyyəti, davranışı dəyişdi. Özlərini bu serialın baş qəhramanlarına bənzətdilər. Bekarçılığın son həddində olan cavanlar bu serialı yamsıladıqları videoları çəkib böyük iş gördüklərini düşündülər. Yaşlı insanlar siyasətə bu serial üstündən qiymət verdi.
 
Qadınlar isə digər seriallara maraq salıb baxmağa başlayanda türk dilini azərbaycan dilinə qarışdırıb danışdılar. Hətta elə rusdilli qızlar vardı ki , onlardan da artıq türk dilində sözlər eşitmək olurdu.
 
Amma bu hələ başlanğıc idi. Serial bumundan sonra ölkədə bütün kinoların azərbaycan dilinə tərcümə olunması haqqında qərar çıxandan sonra türk kanallarına maraq daha da böyüdü. Bu da ölkədəki siyasi problemlərə qiymət verməkdən çəkinən, amma Türkiyədəki siyasi proseslərə əsl politoloq kimi qiymət verən insanları ortaya çıxardı.
 
Artıq Türkiyədə olan seçki, mitinq, faciə və digər kütləvi hadisələr ölkəmizdə yaşanmış kimidir. Amma öz problemlərimiz kənarda qalıb, toxunulmur, üstündən keçirlər, elə təəsurat yaranır ki, elə bu cür də olmalıdır.
 
Əslində bu marağın əsl səbəbkarı olaraq Aztv kimi kanalları göstərmək  olar. İnternetdən istifadə etməyən kütlənin  böyük bir hissəsi önəmli xəbərlərdən kənarda qaldığını anladığından bir növ dil xüsusiyyətləri cəhətdən daha yaxın olan türk xəbərlərinə üz tutur ki, daha çox informasiyaya sahiblənsin. Amma zaman keçdikcə ağılları Türkiyənin müxtəlif ictimai proseslərinə qatışır. Yəni ölkədə futbol olmadığını görən futbol azərkeşi bezib türk futboluna baxmalı olur, siyasətdə ən adi fikirləri bildirməkdən çəkinən vətəndaş bütün aqresyasını Ərdoğanı söyməklə boşaldır, Azərbaycan dilinə bərbad tərcümə olunan kitapları oxumaq istəməyən, ingilis dilini öyrənməkdə tənbəllik edən insanların əsas ümüd yeri türk dilində olan kitablardı. 
 
Bir növ Türkiyə öz dili ilə birlikdə həm də ölkəmizin siyasi, idman və ədəbii bölmələrini də “işğal” edib və gələcəkdə türk mətbuatından ölkəmiz barədə səslənən hər hansısa bir xəbər Azərbaycanda böyük dəyişikliklər edərsə, heç təəccüblənməyin.
 
Rahim Sali
Kultura.az
Yuxarı