post-title

Görünməz fəlsəfə oyunu

Yaşadığımız dövrdə müsəlman dünyasında, xüsusəndə Yaxın Şərqdə gedən mövcud proseslər dünyaya öz ağır təsirini göstərməyə bilməzdi. Bu ərazidə tarixin ən faciəvi tamaşası sərgilənir desəm yanılmaram. Avropaya qədər gedib çıxan terror hadisələri, etnik azlıqlar üzərində qətliamlar və qətliamlara məruz qalanların böyük köç prosesi, ən əsasda islam adına aparılan mübarizə və bu mübarizənin məntiqi nəticəsi kimi bəşər dünyasında anti-islam əhval ruhiyyəsinin artması.

 
 
Hətta qeyd etdiyim sonuncu səbəb nəticə əlaqəsinin əziyyətini çoxunun bildiyi kimi bizim millət də çəkir. Belə ki, yüzlərlə gəncin gözdə görünməyən, çoxuna tanış olmayan islamın təkfirci qoluna mənsub alimlərinin cihad fətvasına səs verib Suriyaya, İraqa gedib orada həlak olması neçə-neçə valideynin gözünü yaşlı qoydu. 
 
Bütün bu hadisələr dəfələrlə tənqid olunsa da, dövlət səviyyəsində mübarizə aparılsa da, bunların qarşısını almaq üçün tədbirlər görülsə də, yenə də Suriyada, İraqda soydaşlarımızın ölüm xəbərlərini eşitməkdəyik. Sual olunur bunun qarşısı nə vaxt alınacaq? Əminliklə deyə bilərəm ki, heç vaxt. Çünki bütün Şərq ölkəsində olduğu kimi bizim ölkəmizdə də fəlsəfə sahəsi və fəlsəfi şüur suquta uğradılıb. Bu acı reallıqla əminəm ki, çoxumuz razılaşırıq. Az əvvəl yaxın şərqə toxunmuşdum, lakin səbəbini göstərmədim. Bəli hal hazırda nə qədər bunu qəbul etməsək də, bu həqiqətdir ki, bu proseslər fələsəfənin ən ağır və həssas hissəsindən istifadə olunaraq həyata keçirilir. Bu “inkari inkar” qanunu üzərində bərqərar olub. Düzdür, iqtisadi səbəblər əsas kimi götürülür. Lakin bu səbəblərin ortaya qoyulması üçün vəsilənin də olması vacibdir, ki həmin vəsilədə az əvvəl qeyd etdiyim qanundur. Gələk bu qanunun mahiyyətinə.
 
Ötən əsrin ortalarından etibarən kommunist əhval ruhiyyəsi suquta uğramağa başlayandan sonra, dünyadakı boşluğu ona tam əks mövqe olan islam dini tutmağa başladı. Xüsusəndə İran islam inqilabı bu istiqamətdə mühüm hadisə oldu və ərəb dünyasında daima müxalifətçiliyi ilə seçilən şiəlik məzhəbinin (cəfəri, zeydi kimi təriqətləri) dövlət səviyyəsində dəstək almasına gətirib çıxartdı. Hətta bir sıra əhli sünnə əqidəli antiimperialist ruhlu müsəlmanlar da İrana rəğbət bəsləməyə başladılar. Elə bu rəğbətin məhsulu kimi inkarçılıq (təkfir) inkişaf etməyə başladı. Bir tərəfdən kasıb təbəqənin hamisi kimi görünən anti-qərb şiə ruhaniyyəsi, digər tərəfdən isə öz zənginliyi ilə xalqını məhz Qərblə münasibətlər nəticəsində varlı etməyə calışan əhli sünnə (sələf) şeyxləri. Sonuncuların tələbələri isə Sovetlərin suqutundan bir necə il sonra ölkəmizə ayaq basmağa başladı. Bu iki bir birinə zidd olan təbəqənin üzvləri arasındakı mübarizə tələbələrinə də ötürüldü. Düzdür ilk əvvəllər hadisələr sxolostik mübahisələr ətrafında cərəyan edirdi. Əgər şiəlik islam kəlamında batiniliyə əsas verib, məntiqi əsas götürürdüsə, sələf əqidəsi nə məntiq, nə də batini möminliyi qəbul edirdi. Bu mübahisə halı eynən orta əsrlərdə yaşamış Əl Qəzali və ibn Rüşd dialoqlarını xatırladırdı. Daha sonra mövcud sxolostik mübahisələr ilahiyyat tarixi üzərində cərəyan etməyə başladı, əgər sələf əqidəsi islam xəlifələrini və alimlərini mötəbər hesab edirdisə, şiəlik bu sifətlərin hamısını əhli beyt nümayəndələrində görürdü. Mövcud tarixi şəxsiyyətlər üzərində bütləşmələr müsəlmanların bir birini inkar etməsilə nəticələndi. Eynən məşhur sosioloq Əli Şəriətinin dediyi kimi “dinə qarşı din” metodu işə düşdü. Bu metodla da gördüyümüz kimi iki islami qütb arasında gərgin mübarizə getməkdədir və bu mübarizədə dünyanın böyük gücləri də öz aralarında haqq hesab çürütməkdədirlər. Ölən isə yenə müsəlman yenə şərqli və yenə də cücərməsinə az da olsa ümid olan fəlsəfi düşüncədir. Həqiqətən də ölkədə maarifləndirmə prosesində fəlsəfənin özündən istifadə olunmadığı müddət ərzində bizlər Yaxın Şərqin uzaq ellərində soydaşlarımızın ölüm xəbərini çox eşidəcəyik. Amma reallıq odur ki, bugün ölkəmizdə fəlsəfənin faydasını və mahiyyətini dərk edən çox az aydın mövcuddur.
 
Tural Metesoy
 
Kultura.az
 
Yuxarı